"Adın şərəflidir sənin..."  

 

 

GÜLYANIN GÜLÜŞLƏRİ... VƏ QƏLƏBƏSİ

 

"İstintaq" filminin son səhnələrinin birində maraqlı bir epizod var: Seyfi gecədən xeyli keçmiş çox yorğun, heysiz halda evə gəlir, birbaşa mətbəxə keçir, masanın arxasında əyləşir və bilmir nə eləsin - arvadının onun üçün masanın üstünə qoyduğu yeməyi yesin, ya çay içsin, yoxsa gedib yatsın...

 

Elə bu məqamda onun arvadı Gülya da (Şəfiqə Məmmədova) yuxudan ayılıb mətbəxdə peyda olur, gəlib ərinin yanında oturur və bir neçə gözlənilən replikadan sonra yorğunluqdan oturduğu yerdəcə gözləri yumulan ərinə deyir:

 

- Bir bax, gör nəyə oxşayırsan?

 

Seyfi qəfildən başını kəskin şəkildə qaldırıb üzündə qəribə ifadə ilə soruşur:

 

- Nəyə?    

 

Gülya cavab əvəzinə Seyfinin üzündəki ifadəyə gülməyə başlayır və Seyfi də başını çantası arxasında gizlədə-gizlədə hər dəfə əcaib bir qiyafədə zühur etməklə komik tryuklar göstərir, Gülyanı daha ürəkdən gülməyə təhrik edir.

 

Gülya gülə-gülə deyingən ev xanımından əvvəlcə sevən qadına,.. sonra sevən gənc qıza,.. son nəhayətdə isə, deyərdim ki, şıltaq bir qızcığaza çevrilir.

 

 

 

Soruşa bilərsiniz ki, bu epizodda onun haqqında bu qədər müfəssəl danışmağa rəvac verən nə var axı?

 

Bu sualın dəqiq cavabını yalnız buna qədərki Gülyanı göz önünə gətirdikdən, əri Seyfi ilə münasibətlərini yada  saldıqdan sonra cavab vermək olar.

 

İş burasındadır ki, Gülya bütün süjet boyu əri ilə əks qütbdə dayanan, onun yaşam, düşüncə paradiqmalarını bəyənməyən və ilk baxışdan praqmatik istəklərin diktəsi ilə yaşaya-yaşaya ərindən də məhz bunu tələb edən qadındır və bu epizod olmasaydı, o, yadımızda elə bu cür də qalacaqdı. Hərçənd Gülyanın deyingənliyini, ideal müstəntiq olan ərindən narazılığını birmənalı şəkildə qiymətləndirmək də olmur. O da "hamı necə, mən də elə" prinsipi ilə mövcud imkanlardan istifadə etməyə, yeni mənzil, mebel almağa can atır, ailəsinin rahatlığı üçün çalışır və bu mənada ailə qayğıları ilə bağlı arvadının ona ünvanladığı suallara yalnız "Bilmirəm" cavabını verən ərindən daha real və təbii təsir bağışlayır.

 

Gülya ərini öz vəzifə səlahiyyətlərindən heç olmasa ailəsinin ən zəruri ehtiyaclarını ödəmək naminə yararlanmağa çağırır və buna görə də ictimai borcunu ailə mənafeyindən üstün tutan əri ilə daim gizli və açıq şəkildə konfliktdədir. Bu, bəlkə də digər millətlərin, xalqların ailələri üçün də tipik bir konflikdir. Amma filmdə bu konflikt məhz Azərbaycan mentalitetinə, əxlaq və ailə modelinə uyğun həll olunur - bezmiş Gülya bir gün ərinə "Bağışla, mən artıq sənin kimi əfəl ərlə yaşaya bilmərəm, mənə daha praqmatik ər lazımdır" - deyib pərdələri bağlamır, əri "əfəl" də olsa, son anda, son məqamda məhz onun şərəf və ləyaqətini gözləyən, ona tabe olan qadın olaraq qalır. Həmin o son epizodlardakı səmimi uşaq gülüşləri də məhz bu anda dil açıb danışır, məhz bu anın təntənəsini əks etdirir, Azərbaycan qadınının dünyanın bir çox millətlərinin qadınlarında olmayan ən vacib xüsusiyyətlərindən birini - "qadın bir dəfə və həmişəlik sevər"  həqiqətinə əsaslanan ailə, ər sədaqətini nümayiş etdirir - nə olsun ki mənzil dardır, yaşamaq çətindir!

 

Gülya təmtaraqlı, parıltılı həyata, zahiri bər-bəzəyə yox, öz içindən gələn səmimi hisslərə, gülüşlərə təslim olur və deməli, ilk növbədə özünə qalib gələrək meydanı qalib Azərbaycan qadını kimi tərk edir!

 

"ƏSMƏR" DƏRSİ...

 

Azərbaycanlıların psixologiyasında kök salıb müəyyən mənada onların azadlığını məhdudlaşdıran düşüncə modellərindən biri də "Başqaları buna nə deyər, ətrafdakılar mənim barəmdə nə fikirləşər", "Hamı necə, mən də elə" diskursudur. Bizim bir çox filmlərdə zaman-zaman bu düşüncə şablonunun əsirinə çevrilib ondan əziyyət çəkən müxtəlif xarakterli obrazlarla qarşılaşırıq. Bu gün onlardan biri - Anarın ssenarisi əsasında Arif Babayevin çəkdiyi "Gün keçdi" filmindəki Əsmər (Leyla Şıxlinskaya) barədə danışacam.

 

Filmin əvvəlində müxtəlif dünyagörüşə, zövqə malik adamlar İçərişəhərin gələcək taleyi ilə bağlı fikir bölüşürlər və həmin polemika zamanı Oqtayın (Həsən Məmmədov) İçərişəhəri Bakının yaddaşı və iç dünyası kimi qoruyub saxlamağın vacibliyi barədə söylədiyi fikirləri onun həmkarlarından biri aşağıdaki arqumentlə təkzib etməyə çalışır: "Keçmişə qapanıb, onunla yaşamaq olmaz,  gələcəyi fikirləşmək lazımdır".

 

 

 

Bütün film boyu açıq qalan bu məsələ az sonra artıq şəhərin yox,  nsanın keçmişi, bu günü və gələcəyi problemi ilə paralelləşdirilir: Oqtayın yeniyetməlik dostu, vaxtilə onu sevən, hal-hazırda isə Moskvada diplomat əri ilə "şad-xürrəm" ömür sürən Əsmər guya Oqtayın ad gününü təbrik etmək üçün bir günlüyə Bakıya gəlir və onun bu gəlişi ilə İçərişəhərin adındakı leksik-frazeoloji məna insan, onun taleyi, gizli duyğuları, hissləri, xatirələri, mübhəm düşüncələri ilə bağlı yeni çalarlar qazanır. İçərişəhər Bakının iç dünyası olduğu kimi, hər bir insanın da yalnız özünə bəlli olan öz mübhəm  dünyası var; İçərişəhər zamanın yaddaşı olduğu kimi, insanın içində artıq yaddaşa çevrilmiş  zaman və məkan mövcuddur. İnsanın hər bir əməli, yaşadığı günlər və bununla bağlı xatirələri konkret zaman və məkana bağlıdır. Elə Əsmərin əri Camaldan gizlin Bakıya gəlməkdə əsas məqsədi də - ömrünün ən şirin, ən xoş günlərinə - uşaqlıq, yeniyetməlik çağlarına qayıtmaq, doğulub boya-başa çatdığı, sakinləri az qala bir ailənin  üzvü kimi yaşayan İçərişəhəri görməkdir. Başqa sözlə, o, keçmişdə qalanları, ötüb keçənləri yenidən yaşamaq, yaddaşındakı zaman və məkana Oqtayla birlikdə səyahət etmək istəyir. Lakin bu, keçmişini ona unutdurmaq, doğma məkandan, insanlardan uzaqlaşdırmaq üçün əri Camalın onun istəkləri yolunda yaratdığı maneələrin, əngəllərin üstündən sadəcə olaraq boylanmaq cəhdindən başqa bir şey deyil. Əsmərin axtardığı məkanı tapmaq, həsrətində olduğu zamana qovuşmaq cəhdi təkcə ona görə baş tutmur ki, ötənləri geri qaytarmaq mümkün deyil, həm də ona görə ki, Camalın yaratdığı komfort "həbsxana" Əsmərin indisini və gələcəyini də əlindən almışdır - "kamikadze"lik təkcə geriyə aparan yolların bağlanması deyil, həm də gələcəksizlikdir.

 

Əsmərin keçmişə səyahət istəyinin bir motivi də vaxtilə Oqtaya bəslədiyi sevginin istisinə qızınmaq, sevmədiyi, lakin qonşuluqda yaşayan ağbirçək qadınların məsləhəti ilə ərə getdiyi diplomat ərindən görmədiyi sevginin yerini heç olmasa bununla doldurmaqdır. Və Əsmər heç özü də bilmədən ömür yolunu, gələcək həyatını ürəyinin hökmü ilə özü yox, ətrafındakı adamların rəyi əsasında, kənardan təklif olunan variantlardan biri kimi "seçən" neçə-neçə azərbaycanlı xanımın ümumiləşdirilmiş obrazına çevrilir. Məlum olur ki, zahirən yarlı-yaraşıqlı bu xanım əslində, fərəhsiz bir ömür yaşayır. Hətta ona ürək-dirək vermək istəyən Oqtayın "Sən də xoşbəxt olacaqsan, Əsmər" təsəllisini "Kim sənə dedi ki, mən xoşbəxt deyiləm? Mən çox xoşnəxtəm" - deyə top-tüfənglə qarşılayanda belə onun səsindəki titrəyiş, gözlərindəki kədər ayrı şey deyir.

 

İnsan başqalarının yox, öz ürəyinin dediyi kimi yaşamalı, öz seçimini edəndə məhz bu şansa güvənməlidir. Daxili, mənəvi azadlığın ilk şərti elə budur. Əks təqdirdə insan xoşbəxt adam roluna girib nə qədər canfəşanlıq etsə də, özünü xoşbəxt insanlara bənzətsə də, ÖZÜ olmur.

 

Dünyanın ən böyük dərdlərindən biri - sevmədiyin adamla yaşamaq dərdidir. Belə bir dərd isə ya azadlığı zorla əlindən alınan, yəni mənəvi əsarətə məruz qalan, ya da öz azadlığını nəyə isə qurban verən insanlara nəsib olur. Əsmər də məhz sonuncuların uğursuz taleyini simvolizə edən bir obrazdır. O, yaraşıqlıdır, geyiminin dəbindən, saç düzümündən tutmuş jestlərinə qədər xoşbəxt, aristokrat xanıma bənzəyir (daha doğrusu, bu rolu oynayır), amma gözlərinin dibinə çökmüş kədəri, fərəhsiz, sevgisiz həyatın acısını heç cür gizləyə, maskalaya bilmir. O, təskinlik üçün heç olmasa keçmişə səyahət etmək, xatirələrin istisi ilə özünü ovutmaq istəyir, lakin uçulub sökülmüş evləri, attıq mövcud olmayan küçələri kimi, keçmiş də yoxdur, illüziyadır. Buna görə də keçmişlə bugünün toqquşmasından yaranan paradoks onu çaşdırır və filmin müəllifləri Əsmərin aqibətini obrazlı şəkildə əks etdirmək üçün "durna çırağı" metaforasından uğurla istifadə edirlər. Qədim zamanlarda durnaların öz yollarını azmamaları üçün yandırılan bu çıraq ömrün dolaylarında məhz öz səhvi ucbatından azıb qalmış Əsmərin ciddi-cəhdlə maskalamağa çalışdığı aqibətinə ironiyalı bir baxış sərgiləyir.

 

Əsmər öz taleyi ilə barışdığına görə sevgisiz bir həyat yaşamağa məhkumdur və o, öz uğursuz  taleyinə də məhz azərbaycanlı qadınların davranış etiketinə xas münasibət nümunəsi göstərir, Moskvadan xeyli uzaqda - Bakıda sevmədiyi ərinin şərəf və ləyaqətini gözləyir, arxadan yaxınlaşıb onu öpmək istəyən Oqtaya etiraz edir.

 

Hətta sevmədiyin ərin şərəf və ləyaqətini gözləmək, uca tutmaq dünənə qədər Azərbaycan xanımlarının dəyanətinin göstəricisi idi. Məişətini fərqli ailə-məhəbbət paradiqmaları üzərində quran bir çox xalqların bir vaxtlar əksər hallarda həsəd etdikləri bu düşüncə və davranış modeli çox təəssüflər olsun ki, tədricən yaşlı, "köhnə" adamların Qərb əxlaq modellərinə meyl edən gənclərə danışdıqları nağıllara çevrilir.

 

Amma sağ olsun Əsmər ki, bütün mənəvi sıxıntılara baxmayaraq, özünü mənəvi cəhətdən ölmüş adama bənzətsə də, bu nağıla arxa çevirmədi...

 

(Ardı var)

 

 

Əlisəfdər HÜSEYNOV

 

525-ci qəzet.- 2022.- 25 fevral.- S.12.