Dul qadının tənhalığı  

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Şahın ailəsi də heç də nümunə sayıla bilməzdi. Onun uşaqlıq dostu, sonra şah mühafizəsinin başçısı və SAVAK-ın rəisinin müavini işləmiş Hüseyn Fərdust özünün ingilis dilində nəşr olunan iri həcmli kitabında şahın əkiz bacısı xanım Əşrəfin əxlaqsızlığından, erməni deputatı Palançiyanla eşq macərası arzusunda olduğundan və təklifi qəbul etmədiyindən Palançiyanın uçduğu təyyarənin partladılması və qumarbazlarla yaxınlıq etməklə hər axşam şahın onlara xeyli uduzduğu puldan faydalandığı kimi iyrənc misallar gətirir.

 

İran şah rejimi isə xudahafizləşsə də, müharibəni, güzəştə getməklə razılaşıb, başa çatdırsa da, sonralar heç də az təsirli olmayan və ona ağır iqtisadi zərbələr vuran problemləri yaşamalı oldu. ABŞ İrana olduqca sərt sanksiyalar tətbiq etdi, bunları yalnız Kubaya və Şimalı Koreyaya münasibətdəki ağır təzyiqlərlə müqayisə etmək olar. İran öz neftini də dünya bazarında sərbəst qaydada satmağa çətinlik çəkir, sanksiyalar ölkəni iflic vəziyyətinə salmaq kimi rəhmsiz tətbiq edilən cəza xarakteri daşıyır. ABŞ İranı nüvə silahına yiyələnmək cəhdində ittiham edir və İsrail isə bu cəhdlərin qarşısını almaq üçün terror hərəkətlərindən və diversiyalar tətbiq etməkdən də çəkinmir.

 

Münbit torpaqlarına, əlverişli iqliminə görə, həm də Yerin təkinin zənginliyinə görə İranın iqtisadi inkişafı üçün geniş imkanlar mövcuddur. Lakin sanksiyalar ölkənin inkişafına əngəl törədib, onu xeyli məhdudlaşdırır, böyük sərvəti hesab etdiyi neftdən də qonşuluqdakı ərəb ölkələri kimi istədiyi tək faydalana bilmir.

 

Redaktor Ruhiyyənin İran barədə belə geniş məlumata malik olmasından xəbərsiz idi. Bəzi tərcüməçilər əcnəbi dildən əsər tərcümə etdikləri halda, həmin ölkə və ya orada yaşayan xalq haqqında ən adi biliklərə yiyələnmədiklərindən, etnoqrafiyaya belə bələd olmadıqlarından bağışlanmaz səhvə yol verirlər. Makaonu Havay adalarında axtarır, İndoneziya ən iri müsəlman dövləti kimi tanındığından onun Bali adası əhalisinin katolik olduğunu bilmir, Hindistanın Qoa ştatında əhalinin donuz əti yeməsi fikrini də qəbul etmirlər. Pakistanın Lahor şəhərində şiə müsəlmanların imam Hüseynin qətlə yetirildiyi günü kişi cinsindən olanların özünə işgəncə verməklə, bədənlərinə ağır xəsarət yetirdiklərini eşitdikdə, bunu yalnız guya sünnilərə qarşı üsyan əlaməti kimi qəbul etməklə səhvə yol verirlər.

 

Redaktor qız Ruhiyyə ilə vidalaşmaq istəmirdi, bu tərcüməçinin etdiyi olduqca maraqlı söhbətlərin şahidi olduqda, inanmırdı ki, belə bir intellekt sahibinin heç ali təhsili də yoxdur.

 

Ruhiyyə evə tələsdi, çünki tərcüməni sürətləndirmək lazım idi, lakin bu, işin keyfiyyətinə təsir göstərməməli idi. Yəqin, Hüseyn sağ olsaydı, onu belə zəhmətə qatlaşmasına razı olmazdı, ailə büdcəsinin belə qazanc hesabına mədaxilinin artmasını, onu qane etməyən bir yol kimi heç də qəbul etməzdi. O, hər şeyi Hüseynin nöqteyi-nəzəri ilə ölçür, öz hərəkətlərinə, başladığı hər bir işə ərinin rakursundan baxmağa çalışırdı. Yusif müəllim Ruhiyyənin özünü belə iztiraba salmasının səbəbini, Hüseyni nəhəng simvola çevirməkdə görürdü. Az qala mərhum ərini işıq sürətinə bərabər hesab edirdi. Hüseynin xatirəsinin onu addımbaşı təqib etməsindən əlavə, həm də ona yaradıcılıq sindromu hakim kəsilmişdi.

 

Yaradıcı işini dini ibadət səviyyəsinə qaldırmışdı, guya xırda bir səhvə yol versə, bu, bağışlanmayacaqdı, onu rahat buraxmayacaqdı. O, tərcümələri ilə ad qazanmalıydı, bu adı çoxları tanımalı və ona hörmətlə yanaşmalı idi. Hələlik bu adı, şöhrəti qazanmaq üçün ağır əziyyətlərə qatlaşmalı idi. Bəzi görkəmli yazıçılar bir qəhrəmanının hesabına tanındığı kimi, Ruhiyyə isə öz uğurlu tərcümələri ilə ədəbiyyat aləminə daxil olmağı, arzuladığı şöhrət haləsini ağır zəhməti ilə qazanmaqda görürdü. O, tək deyildi, Hüseynin ruhu da onun apardığı bu mübarizəyə qoşulmuşdu. Həm də o, hər bir uğurlu və ya uğursuzluğu üçün ərinin xatirəsi qarşısında məsuliyyət daşıyırdı. Elə bil ki, üzmək bilməyən adam kimi Hüseyn ona yaradıcılıq timsalındakı dəryada üzməyi öyrədirdi, həm də dalğalar onu batıranda, xilasının da məsuliyyətini daşıyırdı. Bir sözlə, Hüseynin obrazı öz gur işığı ilə onu rahat buraxmırdı, hər an arvadından hesabat tələb edirdi. Ruhiyyə isə ağır imtahana öyrənmədiyindən bəzən çaş-baş qalır, çox məsələlərdə diletantlığına görə özünə nifrət edirdi. Beləliklə, o, çox sevdiyi bir insanla həm də mübarizə aparırdı, öləndən sonra onun hegemonluq xüsusiyyətlərindən əziyyət çəkirdi, sağlığında isə o, heç də belə deyildi, arvadının büdrəmələrini, səhvlərini də bağışlamağı bacarırdı.

 

Ruhiyyənin jurnalistlə görüşü

 

Üç aydan sonra o, iki əsərin tərcüməsini başa çatdırıb, televiziya kanalına və nəşriyyata təhvil verdi. Hər iki ünvandan gözləmədiyi halda tərifli rəylər aldı. Nəşriyyatın direktoru elektron məktubunda tərcümənin keyfiyyətini tərifləyir, Azərbaycan dilində orijinalın koloritini saxlamaq cəhdlərinin uğurlu həllindən razı qaldığını bildirirdi. Romanın tərcüməsinin dilindəki poetika süjetin və qəhrəmanların canlı alınmasında böyük rol oynamışdır. Fars dilindəki incəliklər, idiomlar tərcümədə itməyə məruz qalmamış, əksinə, yeni ifadə vasitələrində öz canlı əksini tapmışdı.

 

Televiziya kanalı da göndərdiyi məktubda tərcüməçinin film üzərindəki işini tərifləyir, dialoqların başqa dildə öz təravətini itirməməsindən öz razılıqlarını bildirirdi. Filmin dublyaj rejissoru materialın keyfiyyətli olduğunu, cəlb edilən aktyorların da dil, ümumiyyətlə, ədəbi üslubdan razı qaldıqlarını çatdırmışdı.

 

Hər iki mənbə yeni tərcüməçi və onun işi haqqındakı rəylərini, incəsənət məsələlərinin geniş işıqlandırması ilə böyük maraq yaratmağa qadir olmuş çoxsəhifəli qəzetdə yeni tərcüməçi kimi meydana çıxan Ruhiyyə Səfərlinin uğurlu işindən geniş söhbət açılmışdı və nəşriyyat tərəfindən fars romançısının əsərinin yaxınlarda işıq üzü görəcəyi xəbəri verilirdi. Həmin qəzetin jurnalisti Ruhiyyəyə zəng edib, xoş rəylər münasibəti ilə onu təbrik etdikdən sonra, onunla görüşmək mümkün olsa,müsahibəgötürmək istədiyini bildirdi. Ruhiyyə onu evinə dəvət etdi.

 

Jurnalist qız redaksiyada məhsuldar işçilərdən biri hesab olunurdu. Görkəmli yazıçılardan və incəsənət xadimlərdən götürdüyü müsahibələryanaşma tərzinin yeniliyinə, həmsöhbətini polemikaya cəlb etmək xüsusiyyətinə görə fərqləndiyindən, oxucular tərəfindən də laqeydliklə qarşılanmırdı.

 

Ruhiyyə görüşəndə qiyabi də olsa onu tanıdığını bildirdi və yazılarına diqqət verdiyini də gizlətmədi. Buna cavab olaraq qız dedi ki, mənim başlıca meyarım qərəzsizlik, obyektivlikdir. Mən elə bilirəm ki, qədim Roma tarixçisi Tatsit özündən asılı olmayaraq biz jurnalistlərə qiymətini itirməyən nəsihət vermişdir və biz onun vəsiyyətinə sadiqlik nümayiş etdirsək, özümüzə də hörmət qazanmış olarıq.

 

Ruhiyyə dedi:

 

- Əlbəttə, qəzəbsiz və qərəzsiz olmaq olduqca mühüm məsələdir, ondan təkcə iki nəfər - müsahibə götürülən və müsahibə götürən deyil, bütün cəmiyyət, ən azı oxucular kütləsi qazanır. Lakin jurnalistin müstəqilliklə öyünməsini də mən xoşa gələn hal hesab etmirəm. Jurnalistika heç də çoxlarının dediyi, inandığı kimi dördüncü hakimiyyət deyildir. Monteskye kimi dahi, hakimiyyəti üç qola böləndə, yəqin ki, dördüncünü yaddan çıxarmaz, ona cəmiyyət miqyasında hansısa bir yer verərdi. Lakin hakimiyyətin bu qolu haqqında "Qanunların ruhu haqqında" dahiyanə əsərdə bir söz, işarə belə yoxdur. Axı o, ədəbiyyata, mətbuata heç də biganə adam deyildi. Gündəlik həyatı əks etdirən, təsvir edən vasitənin necə böyük əhəmiyyət daşıdığına biganə qala bilməzdi. Əslində,jurnalistikanın vəzifəsi hansısa bir hakimiyyətə xidmət etmək, qulluq göstərməkdir, istər bu, idarə edən hakimiyyət olsun, istərsə də ona müxalif olan qüvvə. Çünki müasir həyatda informasiya çox güclü resurs hesab olunur. Və ondan istifadə də çox mühüm əhəmiyyət daşıyır. Təkcə jurnalistika, mətbuat deyil, yazıçılar da müəyyən siyasi-ictimai yükü daşımalı olur, hansısa bir cəbhəyə xidmət etmələri ilə seçilirlər. Ümumiyyətlə götürdükdə, meydana çıxan mədəniyyətlər bir andaca siyasiləşir və siyasi-ictimai tapşırığı yerinə yetirməyi özünün başlıca vəzifəsi hesab edir. Marksistlər düzgün deyirdilər ki, cəmiyyətdə yaşayıb, onun təsirindən azad olmaq mümkün deyildir. Yazıçı hakimiyyətə qulluq göstərməsə, kitabının satılması ilə öz ailəsini dolandıra bilməz.

 

Jurnalist qız etiraz şəklində dedi ki, fikirləriniz mübahisə xarakterli olsa da, maraqlıdır, bizim peşə sahiblərinin ağır yük altında olduğunu başa düşdüyünüzü göstərir. Sonra o, əsas məqsədinə keçdi və dedi ki, şəxsi araşdırmam nəticəsində mən belə bir qənaətə gəlmişəm ki, sizə mərhum ərinizin böyük təsiri olmuşdur və vəfatından sonra də sizin düşüncələriniz üzərindəki dominantlığını davam etdirir. Bu, həqiqətənmi belədirmi ki, siz onun hakimiyyətindən azad ola bilmirsiniz, yoxsa buna heç cəhd də etmək istəmirsiniz? Axı təbiət insanı həyata gətirəndə, həm də ona azadlıq bəxş edir, ərinizə sədaqət adı altında siz öz şəxsi azadlığınızı ona qurban vermisinizmi və ya bunu öz fədakarlığınız kimi qəbul edirsiniz? Axı o dünyada məskunlaşanların heç biri bütün məsələlərdə ən yaxın adamına ya kömək əli uzatmaq iqtidarında deyildir, ya da onun keçmiş məsləhətləri də zaman keçdikcə eroziyaya uğrayır, öz əvvəlki dəyərini itirməyə, aşınmaya məruz qalır. Onun ruhu, görünür, sizə təkcə təsir göstərmir, sizin əl-qolunuzu bağlamaqla, mənliyinizi əzir, sıxılmış limona göndərir, siz isə buna adi hal kimi yanaşır, öz çıxılmaz vəziyyətinizlə razılaşırsınız. Belə çıxır ki, onun ruhu özü diri olarkən göstərdiyi təsirlərdən daha güclü və qüdrətlidir və siz də bu ruh qarşısında itaət etməyinizlə razılaşırsınız.

 

Ruhiyyə jurnalistin belə kəskin ifadələr işlətməsindən narazı qalsa da, bunu büruzə vermək istəmədi, çünki bu cavan qız həm də onun evində qonaq idi. Ona görə də təmkinini pozmadan dedi:

 

- Mən, ərimin ölümündən xeyli vaxt keçsə də, onu ölü kimi təsəvvür edə bilmirəm, o, mənim üçün diridir, sovet şairi kimi dirilərdən diri desəm, onu yersiz təkrar etməkdə məni qınayarsınız. Sağlığında olduğu vaxt özü mənə necə təsir göstərirdisə, indi də ruhunun təsiri ondan zəif deyildir, bəlkə də, güclüdür. Ruh haqqında çox və həm də müxtəlif fikirlər vardır. Xahiş edirəm sizə deyəcəklərimi Türkmənbaşının "Ruhnamə"sinin iddiaları ilə qarışıq salmayasınız. Son vaxtlar bu fenomenlə məşğul olan alimlər sübut etmişlər ki, ruh "biokompyuter"dən başqa bir şey deyildir və o, özündə informasiyanı saxlayır. İnsan ruhu baş beyninin hüceyrələrinin mikroskopik borucuqlarında məskən salmışdır. Ölüm vaxtı mikroborucuqlarda məlumatlar əvvəlki kimi qalır. Ölüm dərin yuxuya bənzəyir, alimlər güman edirlər ki, insan beyni hələ məlum olmayan informasiyanı əvvəlcədən duya və qəbul edə bilər. Bu məsələnin tədqiqi tərəfidir, bəlkə də, ruh haqqında indi məlum olmayan çox şeylər gələcəkdə elmə agah olacaqdır. Əgər insan süni intellekti, hətta robotlarda intuisiya bacarığını yarada bilirsə, özündə yaranan və ölümdən sonra da mövcudluğunu saxlayan ruhu da daha geniş tədqiq etməlidir. Yüksək dəyərə və daha dərin axtarışlara layiq olan təbabətin hətta veterinariyadan geri qalması, insanın öz həyatını, sağlamlığını lazımınca qiymətləndirməməsi əlaməti ola bilər. Əgər son vaxtlar bəşəriyyətə fəlakət gətirən koronavirus pandemiyasına əlac tapılmırsa, kiçik bir xilas vasitəsi hesab edilənlər maska taxmaqla və vaksinasiya ilə məhdudlaşırsa, bu, tibb elminin və tədqiqatlarının dərin böhranda olmasından xəbər verir. XXI əsrin "Qara ölümün" tüğyan etdiyi XIV əsrə çevrilməsi yalnız təəssüf hissləri doğurmaqla kifayətlənməyib, əsl fəlakət düşüncələri doğura bilər.

 

(Ardı var)

Telman ORUCOV

 

525-ci qəzet.- 2022.- 26 fevral.- S.22.