Professor Səlahəddin Xəlilovun yaradıcılığına həsr olunmuş beynəlxalq simpozium keçirilib

 

Fevralın 18-də İstanbulda Azərbaycan filosofu, professor Səlahəddin Xəlilovun fəlsəfi yaradıcılığına həsr olunmuş beynəlxalq simpozium keçirilib. Türkiyənin nüfuzlu fəlsəfə jurnalı - "Öznə" dərgisinin təşəbbüsü ilə keçirilən onlayn simpoziumda Türk düşüncə aləminin tanınmış simaları həmçinin, görkəmli elm adamları və gənc alimlər də çıxış ediblər.

Məruzəçilər professor Səlahəddin Xəlilovun milli düşüncə ənənələri əsasında irəli sürdüyü yeni fəlsəfi ideyalardan, onun Şərq və Qərb fəlsəfi fikir üslublarını bir araya gətirmək, bu sintezdən yeni, daha təməlli bir fəlsəfi sistem yaratmaq istiqamətindəki fəaliyyətindən bəhs ediblər.

 

Prof. Dr. Erdinc Yazıcı (Türkiyə):

 

- Müasir düşüncə sistemində dini, fəlsəfi, siyasi və sosioloji bilgilərin əlaqələndirilməsində Türk filosoflarının da xidməti böyükdür. Tanınmış Türk fikir adamı Prof. Dr. Süleyman Hayrı Bolayın yeddicildlik "Türk düşüncə tarixi" kitabında fəsillərin biri də professor Səlahəddin Xəlilova həsr olunub. Mən TRT Avaz-da "Türk düşüncəsi" proqramının aparıcısı qismində həmin kitab haqqında bir veriliş hazırladım və müəllif Süleyman Hayrı Bolayla bərabər, Səlahəddin hocanı da dəvət etdim. O verilişdə də Türk düşüncə ənənələri üzərində müasir fəlsəfi terminoloji ilə yazılmış yeni bir fəlsəfi sistemə ehtiyac olduğu qeyd edildi. Bu sahədə görülməli olan ilk işlərdən biri də Doğu və Batı fəlsəfələrinin müqayisəli-komporotiv analizi, Türk düşüncə tərzinin və milli dəyərlər sisteminin, milli folklorun fəlsəfi baxış açısından yenidən dəyərləndirilməsidir.

 

 

 

Prof. Dr. Aleksandr Çumakov (Rusiya):

 

- Son illərdə mən qloballaşmanın sosioloji, iqtisadi, mədəni-mənəvi aspektlərini və bu tərəflər arasında qarşılıqlı əlaqəni araşdırıram. Bütün bu aspektlərin öyrənilməsi prosesində fəlsəfi fikrin yeri və rolu var. Redaktoru olduğum "Qlobalistika" jurnalında da fəlsəfi yanaşmaya xüsusi önəm veririk. Hələ aspirantlıq illərindən, 40 ildən çoxdur ki, tanıdığım professor Səlahəddin Xəlilov da Qloballaşma şəraitində fəlsəfənin yeni vəzifələrinə dair araşdırma aparır. Mən onu qloballaşma və sivilizasiyanın qarşılıqlı müqayisə və analiizi sahəsində görkəmli mütəxəssis kimi tanıyıram. Hələ 20 il öncə - əvvəl Moskvada, sonralar isə Amerikada çıxan "Qlobalistika" ensiklopediyasında Şərq və Qərb mövzularının müəllifi azərbaycanlı filosof Səlahəddin Xəlilov idi. Mən Rusiyanın məşhur filosofları - akademik V.S.Styopinin, akademik V.Lektorskinin, akademik A.Hüseynovun Azərbaycan filosofu Xəlilovun əsərləri haqqında necə yüksək fikirdə olduqlarının şahidi olmuşam.

 

 

 

Prof. Dr. Yıldız Urmanbetova (Qırğızıstan):

 

- Mənim mövzum "Səlahəddin Xəlilovun məhəbbət fəlsəfəsi və müasir dünya" adlanır. Prof. Dr. S.Xəlilovun təlimində "məhəbbət" fenomeni üç əsas aspektdə nəzərdən keçirilir: qnoseoloji, aksioloji və praktik aspektlər. "Məhəbbət və intellekt" kitabının müəllifi göstərir ki, insanın bu iki ali dəyəri ilk yaxınlaşmada qarşılaşdırılsa da, real həyatda onların sadəcə biri ilə yaşamaq mümkün deyil: reallıq bu qütblərin müəyyən nisbəti qatışığını, sintezini, bir-birini tamamlamasını tələb edir.

 

Qərbdə dövlətçilik şüuru, milli təəssübkeşlik və vətən hissi də intellekt süzgəcindən keçərək formalaşıb. İntellekt isə hər şeyi öz yerinə qoyduğundan, hissləri tənzimetdiyindən Qərbdə insanın əməli də, hissi də ictimai normalar çərçivəsində inkişaf edib.Məhəbbət daha çox intellektual təsirə məruz qalıb və sosiallaşıb.

 

 

 

Dos. Dr. Mustafa Günay (Türkiyə):

 

- Mən professor Səlahəddin Xəlilovun Türk dünyasında fəlsəfi araşdırmaları əlaqələndirmək sahəsində fəaliyyətini çox yüksək dəyərləndirirəm. Əslində, mənim rəhbərlik etdiyim "Öznə" dərgisi də çoxdandır ki, təkcə Türkiyədə deyil, bütün dünyada fəlsəfənin əsas tendensiyalarını izləmək və ortaq fəlsəfi dəyərləri daha da inkişaf etdirmək istiqamətində iş aparır. Biz dünya fəlsəfə klassiklərinin irsini öyrənmək, təhlil etməklə yanaşı, müasir problemlərə də klassiklərin nöqteyi-nəzəri ilə müqayisəli şəkildə cavab axtarmağa çalışırıq. Əlamətdar haldır ki, bizim jurnal dünyanın məşhur filosofları - Platon, Aristotel, Hegel, Haydeger kimi simalarla yanaşı, bir xüsusi nömrə də Azərbaycan filosofu Səlahəddin Xəlilovun yaradıcılığına həsr etmişdir.

 

 

 

Dos. Dr. Fahri Atasoy (Türkiyə):

 

- Çağdaş azərbaycanlı Türk filosofu Səlahəddin Xəlilov insanlığın gəlişmə mərhələlərini fəlsəfi zəmində təhlil edir. Dünyada insanlığa qatqı saxlayan, bilik və mədəniyyət sərgiləyən dönəmlər və toplumlar var. Bilgi və mədəniyyətin yetişməsində ilk mərkəz, Xəlilova görə, Şərq olmuşdur. Sonra zaman-zaman sivilizasiyanın sükanı əldən ələ keçmiş, gah Şərq, gah da Qərb aparıcı mövqe tutmuşdur. P.Sorokində isə supermədəniyyət termini istifadə olunur və hansı dövrdə hansı mədəniyyətin önə çıxması məsələsi vurğulanır. S.Xəlilovun mədəniyyət təlimi bir tərəfdən, Toynbi, digər tərəfdən də Sorokin təlimləri ilə ortaq məqamlara malik olsa da, mahiyyətcə hər ikisindən fərqlidir və ən başlıcası, mədəniyyətin dövrləşməsində Türk mədəniyyətinin xüsusi, sintetik mahiyyəti önə çəkilir.

 

 

 

Prof. Dr. Ləvənd Bayraqdar (Türkiyə):

 

- Səlahəddin müəllimlə keçirilən toplantılarda kəndisinin daima onun çox ciddi sualları olmuşdur. Bunların başında "Bu gün bizim bir türk dünyası fəlsəfəmiz varmı" sualı durur. S.Xəlilova görə, bizim fəlsəfəmiz sanki orta çağda qalırmışdır. Bugünkü toplantı eyni zamanda bunu da göstərir ki, bizim hazırda bir fəlsəfəmizin olması şərtdir. Çünki fikir birliyi olmadan fəaliyyət birliyi də ola bilməz. Və nə xoş ki, önümüzdə Səlahəddin müəllim kimi bütün bu sualları özünə hədəf seçmiş, bütün milli dəyərlərimizi toparlamış, bir mədəniyyət konsepti ətrafında bütünləşdirmiş mütəfəkkirlərimiz var.

 

 

 

Prof. Dr. Niqina Şermuhamedova (Özbəkistan):

 

- Yetmiş yaş elə bir yaşdır ki, insan müdrikləşir və klassik fəlsəfi təlimlərlə birgə həyatın fəlsəfəsini də mənimsəmiş olur. Biz Səlahəddin Xəlilovun yaradıcılığında məhz müdrikliklə nəzəri fəlsəfənin sintezini görürük, o, Şərq hikmətini, Türkün dünyaya baxışını, milli düşüncə ənənələrini elmi-fəlsəfi sistem halına salır. Amma gəncliyində S. Xəlilov daha çox elmin metodologiyası, elmşünaslıq məsələləri ilə məşğul olmuş, daha sonra "elm və mənəviyyat", "sivilizasiya və mədəniyyət" sahəsində çox dəyərli tədqiqatlar aparmış və ancaq yaşının yetişkin vaxtlarında özünün də, fəlsəfənin də özünüdərk problemləri ilə məşğul olmuşdur.

 

 

 

Prof. Dr. Şahlar Əsgərov (Azərbaycan):

 

- Çox şadam ki, mən bu məclisdə iştirak edirəm. Səlahəddin hocamızın şərəfinə simpozium-konfrans təşkil edilmişdir. Səlahəddin müəllimlə biz qırx ildir ki, bir yerdə yol gedirik. Mənim üçün Səlahəddin müəllim dəyərli bir alimdir, imanlı bir alimdir, alim həyatı yaşayan bir alimdir. Alim həyatı yaşayan alim, yəni onun mənəviyyatı, mədəniyyəti alimliyi ilə üst-üstə düşür.

 

Səlahəddin müəllimin baza təhsili fizikdir, amma sonra o, daha vacib olan fəlsəfi düşüncəyə üstünlük verdi, ömrünü fəlsəfəyə həsr etdi və eyni zamanda fəlsəfə çırağını Azərbaycanda yandırıb insanlara fəlsəfənin dəyərini başa saldı. Səlahəddin müəllim gözəl təhsil qurucusudur, gözəl bir universitet yaratmışdı. Bu yaxınlarda mənim dostlarımdan biri dedi ki, o, Azərbaycanda Harvardı qururdu…

 

 

 

Prof. Dr. Məsud Əfəndiyev (Almaniya):

 

- Bu simpoziumun beynəlxalq miqyasda olduğunu nəzərə alaraq, mən ingiliscə danışacam. Mənə elə gəlir ki, burda bir məqsəd də Səlahəddin müəllimin fəlsəfi görüşlərini dünyaya çatdırmaq olmalıdır.

 

Mənim çıxışım Əbu Turxan haqqındadır. Onun hikmət dünyası ilə mən ilk dəfə Almaniyada çıxmış kitabdan, alman dilində tanış olmuşam. Amma bu gün bu simpoziumun beynəlxalq miqyasını və xarici qonaqların iştirakını nəzərə alaraq, ingilis dilində danışmaq istəyirəm. Həm də Əbu Turxan haqqında: o, çox gəncdir, cəmi 23 yaşı var, amma artıq dünyada məşhurdur; həm də ağsaçlı, müdrik bir qoca kimi. Hikmət həmişə qocadır, çünki bir xalqın min illər ərzində toplanmış fikir xəzinəsindən qidalanır. Həm də gəncdir, çünki gənc nəslin həyat yoluna işıq salır.

 

 

 

Rəşad Məcid (Azərbaycan):

 

- Hər şeydən öncə, təşkilatçılara, "Öznə" dərgisinə təşəkkür edirəm ki, bizim hörmətli alimimizin yubileyi münasibətilə belə bir beynəlxalq konfrans təşkil edib. Burada Səlahəddin müəllimin fəlsəfi və elmi baxışları barədə danışıldı. Mən əsasən onun ədəbi-bədii publisistikası, mətbuat, poeziya, ədəbiyyatla münasibətləri barədə bir neçə kəlmə demək istəyirəm. Əvvəla, onu deyim ki, Səlahəddin müəllim media üçün həmişə maraqlı bir insan olub, öz fərqli düşüncəsi, dərin fikirləri sadə ifadə etməsi ilə seçilib. Buna görə də Səlahəddin müəllim mədəniyyət, ədəbiyyat, fəlsəfəyə maraq göstərən medianın həmişə diqqət mərkəzində olub. Eyni zamanda, o da medianın fəaliyyətinə həssas yanaşıb. Bizim qəzetdə iyirmi ilə yaxındır ki, Səlahəddin müəllimin yazıları çap olunur və bu yazıların bir qismi mətbuatda, televiziyada mədəni-mənəvi dəyərlərin təhlilinə həsr olunub. Müəllimi Xudu Məmmədov haqqında, Cavad Heyət haqqında yazıları onun həm də mədəni səviyyəsinin, mənəvi minnətdarlıq duyğusunun göstəricisidir. Səlahəddin müəllimin "525-ci qəzet"də poeziya ilə bağlı tez-tez məqalələri çap olunur. Onun poeziya ilə fəlsəfənin yaxınlığı, poeziyada fəlsəfi məqamlarla bağlı fərqli baxışını ortaya qoyan, Hüseyn Cavidin, Səməd Vurğunun, habelə müasir şairlərin yaradıcılığı ilə bağlı fikirləri həmişə maraqla qarşılanıb.

 

 

 

Dr. Füzuli Məcidli (Qazaxıstan, UTA):

 

- Mən professor Səlahəddin Xəlilovun elmi fikirləri, fəlsəfi ideyaları haqqında danışmayacağam: bu barədə hocalarımız kifayət qədər ətraflı danışdılar.

 

Səlahəddin müəllim hər zaman ortaq Türk fəlsəfi fikrinin formalaşmasına çalışıb. Mən Türk dünyasının inteqrasiyasına xidmət göstərən UTA-da çalışıram, amma təəssüf ki, biz hələ də bu inteqrasiyanın təməli olan fəlsəfi düşüncənin formalaşması ilə bağlı genişmiqyaslı iş apara bilmirik. İnteqrasiyanın təməlində düşüncə dayanır. Akçuralının məşhur "Dildə, fikirdə, işdə birlik" fikri əslində fəlsəfədə birlik alanıdır. Bu baxımdan, UTA rəhbərliyi adından Səlahəddin müəllimə təşəkkür edirəm. Elmi Şurasının bu gün aldığımız qərarı ilə hörmətli hocamız Səlahəddin Xəlilov Türk dünyasında egitim və bilim alanında fəaliyyətindən, milli fəlsəfi fikrin, oluşdurulmasındakı xidmətlərindən dolayı Uluslararası Türk Akademiyasının altın madalyası ilə təltif edilmişdir.

 

 

 

Dr. Sənail Özkan (Türkiyə):

 

- Əgər qısaca və iki cümləylə söyləmək lazım gəlirsə, deməliyəm ki. Səlahəddin bəy Türk fəlsəfəsini yüksək bir səviyyəyə daşımaq üçün canla-başla çalışan əsl bir Türk fikri adamıdır. O, milli fəlsəfi fikrimizi bir hörümçək kimi, öz içərisində hazırladığı iplə hörür. Amma bu işə hamımızın qatılmağımız lazımdır.

 

Əgər məndən soruşsanız ki, Səlahəddin bəyin gördüyü işi bir cümlə ilə necə anlada bilərəm, deyərəm ki, o, Doğu ilə Batı arasında bir fikir körpüsü salır. Səlahəddin Xəlilov insan oğlunun ulaşa biləcəyi ən yüksək səviyyədə bir şəxsiyyətdir. Səlahəddin bəyin qranit bir xarakter sahibi, bir şəxsiyyət olduğunu özəlliklə vurğulamaq istəyirəm.

 

 

 

Prof. Dr. Tahirə Allahyarova (Azərbaycan):

 

- Mən Səlahəddin Xəlilovu Azərbaycan üçün, Türk dünyası və bütün İslam coğrafiyasının fəlsəfəsi üçün bir fenomen, hadisə hesab edirəm. Biz çox şadıq ki, Azərbaycanda Şərq ensiklopedik zəka sahiblərinə xas bir şəkildə fəlsəfənin bütün sahələrini ələ alan, təhlil edən, davamçılar yetişdirən, bir hikmət dünyası - Əbu Turxan Akademiyası yaradan bir şəxsiyyətimiz var. Biz buna çox şadıq, yenə deyirəm, bu gün bir daha əmin olduq ki, professor Səlahəddin Xəlilov kimi Azərbaycan fəlsəfi dilini və terminologiyasını inkişaf etdirən, Şərq və Qərb fəlsəfi fikirlərinin müqayisəsi kontekstində bizə öz fəlsəfəmiz olduğunu anladan bir  şəxsiyyət var.

 

525-ci qəzet.- 2022.- 26 fevral.- S.18;19.