Əhməd Kabaklı və Azərbaycan ədəbiyyatı
(Əvvəli ötən şənbə
sayımızda)
Azərbaycan ədəbiyyatına dair geniş biliklərə
malik olan professor Əhməd Kabaklı ədəbiyyat
tariximizin hər mərhələsinin ana xətlərini və
tanınmış sənətkarlarının
yaradıcılıq özünəməxsusluğunu elmi cəhətdən
əsasən düzgün müəyyən etmişdir. Bu baxımdan Əhməd
Kabaklı orta əsrlər Azərbaycan ədəbiyyatının
daha dolğun mənzərəsini canlandırmaq
üçün Qazi Bürhanəddin, İmadəddin Nəsimi
və Məhəmməd Füzuli ilə yanaşı, Şah
İsmayıl Xətainin də həyatı və
yaradıcılığına həsr edilmiş
portret-oçerki "Türk ədəbiyyatı"
çoxcildliyinə daxil etmişdir.
Müşahidələr göstərir ki, Əhməd
Kabaklı Şah İsmayıl Xətai haqqında müəyyən
araşdırmalar aparmış və əsərlərini
oxuyub təhlil etmişdir. Şah İsmayıl Xətainin
şeirlərindəki sadəlik və aydınlığı
Yunus Əmrənin və İmadəddin Nəsiminin şeirləri
ilə müqayisə etməsi, onun xalq şeiri ənənəsinə
üstünlük verməsini diqqət mərkəzinə
çəkməsi, hətta məzhəb təbliğatına
həsr edilmiş şeirlərindən söz açması
Əhməd Kabaklının bu hökmdar-şairin
yaradıcılığına bələd olduğunu
nümayiş etdirir. Qısa şəkildə
Şah İsmayıl - Yavuz Səlim çəkişmələrinə
nəzər salan Əhməd Kabaklı qardaş türk
xalqları arasında qarşıdurmaların əleyhinə
olduğu üçün məsələnin üzərində
xüsusi olaraq dayanmamağı məqsədəuyğun
saymışdır. Şeirlərindən
verilmiş seçmələr Şah İsmayıl Xətainin
fərqli bir şair kimi təqdim edilməsinə şərait
yaradır.
"Türk
ədəbiyyatı" çoxcildliyinin ikinci cildində orta
əsrlər Azərbaycan ədəbiyyatı tarixində az məlum olan Mustafa Kadı Darir
(Gözsüz) adlı bir şair haqqında da məlumat
verilmişdir. Əhməd Kabaklının
araşdırmalarından məlum olur ki, XIV əsrdə
yaşayıb-yaratmış Kadı Darir əsasən ərəb
dilindən türk dilinə tərcümələrlə məşğul
olmuşdur. Əbül Həsən Əhməd
Abdillahi Bekiri adlı ərəb şairinin Məhəmməd
Peyğəmbərin həyatından bəhs edən məsnəvisinin
Azərbaycan türkcəsinə tərcüməsindən
ibarət olan geniş həcmə malik "Kitabi-Siyeri Nəbi"
əsəri Kadı Dariri istedadlı qələm sahibi kimi
tanıtmışdır. Vahidi adlı bir müəllifin
3 cildlik "Fütuhuş Şam" adlı bir əsərini
də tərcümə edən Kadı Darir islam tarixi
üçün əhəmiyyətli olan "Yüz hədis
tərcüməsi"ni də meydana qoymuşdur. Bütün bunlardan başqa, o, Yusif və Züleyxa
süjeti əsasında orijinal bir əsər də yazaraq bu ənənəvi
mövzunu özünəməxsus motivlərlə zənginləşdirilmişdir.
Əslən Ərzurumdan olan Mustafa Kadı Daririn tərcümələrində
və orijinal əsərlərində yaradıcı şəkildə
"Kitabi-Dədə Qorqud" eposunun dili və
üslubuna istinad edilmişdir.
Əhməd Kabaklının əsərlərində
XIII əsr Azərbaycan şairi İzzəddin Həsənoğludan
qısa şəkildə söz açılmış və
onun "Apardı könlümü bir xoş canfəza dilbər"...
misrası ilə başlayan qəzəlindən bir parça
oxuculara çatdırılmışdır. Azərbaycan ədəbiyyatının
bütün genişliyi ilə təqdim olunmasına xidmət
edir. Eyni zamanda, onun tədqiqatçılarında
orta əsr Azərbaycan ədəbiyyatından Həbibi
haqqında da müəyyən məlumatlar vardır.
Əhməd Kabaklı Azərbaycan ədəbiyyatından
bəhs edərkən bütün dövrlərdə ədəbiyyatımızda
şifahi xalq ədəbiyyatı ənənəsinin əsas
amillərdən biri olduğunu xüsusi olaraq
vurğulamışdır. Şifahi xalq ədəbiyyatından
Aşıq Ələsgər, Aşıq Şenlik və Xəstə
Qasımının adlarını çəkməsi və
yeri gəldikcə onların haqqında qısa məlumatlar
verməsi orta əsr folklorunun bir qədər də geniş
şəkildə təqdim edilməsinə xidmət edir.
Əhməd Kabaklının XVIII əsr Azərbaycan ədəbiyyatından
Molla Pənah Vaqif haqqında nisbətən geniş məlumatları
çatdırması ədəbiyyatdakı folklor motivlərinin
daha canlı şəkildə çatdırılmasına
imkan yaradır. "XX yüz ilə qədər Azərbaycan ədəbiyyatı"
icmalında Əhməd Kabaklı Molla Pənah Vaqifin "Azərbaycanda
çox sevilən" bir şair kimi qəbul edildiyini
vurğulayaraq, onun "xalq şeiri ilə Divan lisanını
ustalıqla birləşdirən" novator baxışlara
malik şair olduğunu nəzərə
çatdırmışdır. Əhməd
Kabaklının Molla Pənah Vaqifin ədəbiyyatın
inkişafındakı xidmətləri barəsindəki
mülahizələri Azərbaycan ədəbiyyatşünaslıq
elminin bu barədəki qənaətləri ilə səsləşir.
Professor Əhməd Kabaklının "Türk ədəbiyyatı"
kitabında Azərbaycan ədəbiyyatında xüsusi yeri və
mühüm xidmətləri olan Mirzə Fətəli Axundzadəyə
geniş portret-oçerk ayrılmışdır. Əslində
Mirzə Fətəli Axundzadə oçerki həm də
ümumilikdə XIX əsr Azərbaycan ədəbiyyatı və
ictimai fikri haqqında icmaldan ibarətdir. Müəllif
istər-istəməz Mirzə Fətəli Axundzadənin ədəbiyyatdakı,
maarifçilik hərəkatındakı və ictimai-siyasi həyatdakı
yerini və mövqeyini izah etmək üçün XIX əsrin
ədəbi-tarixi hadisələrindən danışmalı
olmuşdur. O, doğru olaraq bu qənaətə gəlmişdir
ki, Çar Rusiyasının Azərbaycanı işğal etməsi,
feodal bəylərin intiyazlarının əlindən
alınması, kapitalist münasibətlərinin meydana gəlməsi
kimi hadisələrin ictimai-mədəni mühitə təsirinin
doğurduğu şərait yeni tipli ədəbiyyatın
yaranması prosesini sürətləndirmişdir. Əhməd
Kabaklı bu dalğanın işığında meydana
çıxmış ilk tanınmış maarifçi
ziyalıların: Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi
Vazeh, İsmayıl bəy Qutqaşınlı, professor Mirzə
Kazım bəy kimi yazıçıların və elm xadimlərinin
formalaşdırdığı yeni ictimai-mədəni
mühitin Mirzə Fətəli Axundzadə kimi böyük
bir dühanı meydana çıxarmasını elmi şəkildə
şərh etmişdir. Mirzə Fətəli Axundzadənin Azərbaycan
ədəbiyyatının inkişafı yollarındakı xidmətləri
Əhməd Kabaklı tərəfindən bütün
yönləri ilə aşağıdakı kimi şərh
olunmuşdur: "Axundzadə həm bir sosial reformçu, həm
də ədəbiyyat öncülüdür... İlk
türkcə teatro oyunları (dram əsərləri -
İ.H.) yazan kişidir. "Yusif
şah" adlı ("Aldanmış və kəvakib" povesti
nəzərdə tutulur - İ.H.). Qərb
üslubunda ilk hekayəni də Fətəli bəy
yazmışdır. Dram əsərləri
"Təmsilat" adlı altında basılmış
altı komediyadan oluşur. ...İran
teatrının doğuşuna öncüllük edən bu
oyunlar, eyni zamanda, Azərbaycan xalq dili ilə yazılmış
gözəl örnəklərdir. Molyeri və
Nikolay Qoqolu yaxşı tanıyan Mirzənin bu əsərləri
o zamankı türk xalqının həyatından
alınmış canlı tiplər və səhnələrlə
doludur.
Eyni zamanda, ...Əlifba devriminin
yapılmasını... həyata keçirməyə
çalışan Mirzə Fətəli bu sahədə də
özündən sonrakı gənclərə... ilham
vermişdir".
Belə obyektiv elmi qənaətlərlə
yanaşı, Əhməd Kabaklının Mirzə Fətəli
Axundzadənin ölkədə ruslaşma siyasətinə xidmət
göstərməsinə dair fikirləri obyektiv deyildir. Mirzə Fətəli
Axundzadə Qafqaz Canişinliyindəki rəsmi vəzifəsi
ilə əlaqədar olaraq Çar Rusiyası mundiri geyincə
də, o, bütün qəlbi və imkanları ilə mənsub
olduğu xalqın ictimai-mədəni gerilikdən xilas
olmasına və Azərbaycan ədəbiyyatının Qərb
modelində inkişafın etməsinə
çalışmışdır. Bu cəhətdən
Mirzə Fətəli Axundzadənin həyata keçirdiyi ədəbi-mədəni
tədbirlər Türkiyədə Tənzimat hərəkatı
nümayəndələrinin fəaliyyətlərin ilə
üst-üstə düşür. Ona
görə də Əhməd Kabaklının Mirzə Fətəli
Axundzadənin gerçəkləşdirdiyi yeniliklərə
görə Tənzimat hərəkatının lideri Şinasi
ilə müqayisə etməsi tam yerinə düşür.
Fikrimizcə, Əhməd Kabaklının, Mirzə Fətəli
Axundzadənin milliləşmə və Avropalaşma
konsepsiyasını tam olaraq görə bilməməsi onun bu
böyük tarixi şəxsiyyətin fəaliyyətinə
kitabın yazıldığı XX əsrin altmış-yetmişinci
illərində Türkiyədə cərəyan edən
solçuluğa qarşı antisovet siyasətinin təsiri ilə
yanaşmasından irəli gəlmişdir. Əlində
Mirzə Fətəli Axundzadə, onun dövrü və
müasirləri haqqında kifayət materialın olmaması
da Əhməd Kabaklının daha ətraflı tədqiqat
aparmasına imkan verməmişdir.
Professor Əhməd Kabaklı Azərbaycanda 1905-1920-ci
illər arasında yaranmış ədəbiyyatı
xarakterinə görə "milli ədəbiyyat" kimi qiymətləndirmişdir. O, doğru olaraq
müşahidə etmişdir ki, Azərbaycan ədəbi-maarifçi
mühitində XIX əsrdən başlanan gerilik əleyhinə
qarşı mübarizə XX əsrin əvvəllərində
milli-mənəvi oyanış uğrunda hərəkata
çevrilmişdir. Milli oyanış dövrünün
xarakterizə edilməsində 1905-ci il Rusiya burjua
inqilabının, Türkiyədə və İrandakı Məşrutə
inqilablarının, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
qurulmasının təsirini və əhəmiyyətini
düzgün dəyərləndirən Əhməd Kabaklı
milli ədəbiyyatın təzahürlərini də obyektiv
şəkildə qiymətləndirmişdir. Bundan başqa, XX
əsrin əvvəllərində Azərbaycanda Namik Kamal,
Əbdulhaq Hamid, Ziya Paşa, Tofiq Fikrət, Mehmet Akif Ərsoy
və başqaları kimi türk şairlərinin
yaradıcılığına böyük marağın
olması da milli ruhlu ədəbiyyatın əsas
qaynaqlarından biri kimi nəzərə
çatdırılmışdır. Eyni zamanda, İsmayıl
bəy Qaspirallının "Tərcüman" qəzetinin
və onun "dildə, fikirdə, işdə birlik"
ideyasının da xüsusi əhəmiyyətinə
işıq salan Əhməd Kabaklı XX əsrin əvvəllərində
Azərbaycan milli mətbuatının böyük sürətlə
inkişaf etməsini də "milli ədəbiyyat"
dövrünün əsas hərəkətverici qüvvəsi
kimi təhlildən keçirmişdir. Azərbaycanın
neft milyonçularının, yəni milli burjuaziyanın ədəbiyyatın,
təhsilin və mədəniyyətin inkişafına
göstərdiyi maliyyə dəstəyini də Əhməd
Kabaklı ümumi ədəbi və ictimai-mədəni tərəqqi
üçün vacib faktorlardan biri hesab etmişdir. O, nəticə
olaraq milli ədəbiyyatın Azərbaycanı müstəqilliyə
aparan əsas cərəyan olduğunu da haqlı olaraq nəzərə
çarpdırmışdır. Əhməd Kabaklı XX əsrin
əvvəllərinin demokratik ictimai-siyasi və mili ədəbi-mədəni
hərəkatının yetişdirib meydana
çıxardığı yazıçı və şairlərin
sırasında Əhməd Cavad, Mirzə Ələkbər
Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid və Üzeyir
Hacıbəylinin adlarını xüsusi olaraq qeyd
etmişdir. Göründüyü kimi, burada XX əsrin əvvəllərində
yaşayıb-yaratmış Cəlil Məmmədquluzadə və
digər mollanəsrəddinçilərin adlarının
olmaması da, Əhməd Kabaklının "Türk ədəbiyyatı"
kitabının üzərində
çalışdığı illərdə Türkiyədə
Azərbaycan ədəbiyyatına dair məlumat
qıtlığının hansı səviyyədə
olduğunu təsəvvür etməyə imkan verir.
Bununla belə, Əhməd Kabaklının milli ədəbiyyat
dövrü Azərbaycan ədəbiyyatı mərhələsindən
Mirzə Ələkbər Sabir və Əhməd Cavad
haqqında portret-oçerklər verməsi mövcud
boşluğu müəyyən dərəcədə doldurur. Professor Məcid Doğrunun
Mirzə Ələkbər Sabirin 1975-ci ildə Ankarada kitab
halında çap etdirdiyi şeirləri, Mir Cəlal və
Firudin Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı"
kitabı ilə tanış olduğu üçün Əhməd
Kabaklı bu mollanəsrəddinçi şair haqqında bir qədər
geniş məlumata və dəqiq elmi təsəvvürə
malik olmuşdur. "Türk ədəbiyyatı"
kitabında Sabirin sənət dünyası və hədəfləri
aşağıdakı mülahizələrdə çox
doğru olaraq ümumiləşdirilmiş şəkildə
ifadə edilmişdir: "Dövrün gerçək
şairi olan Sabir Azərbaycanın və türklüyün o
zamankı bütün dərdləri və məsələlərini
öz baxımından ələ alaraq, həcvin və
karikaturanın aynasına yerləşdirmişdir".
Əhməd Cavad haqqında da Əhməd Kabaklı
obyektiv elmi qənaəti ilə diqqəti cəlb edir. Hətta
Əhməd Kabaklı Azərbaycan tədqiqatlarında olmayan
Əhməd Cavadın 1912-ci ildə Türkiyəyə gəlib
Trakiyada vuruşması, 1915-ci ildə Sarıqamış
şəhidlərini anmaq üçün Karsa gələrək
ehtiramını ifadə etməsi və sair kimi Anadolu mənbələrindən
alıb elmi dövriyyəyə daxil etdiyi digər faktlar
Əhməd Cavadşünaslığı zənginləşdirən
qiymətli məlumatlardır. Əhməd
Kabaklının Əhməd Cavadın
"Çırpınırdı Qara dəniz" şeirinin
"Türkiyədə milli marş kimi söylənən"
qiymətli poetik örnək kimi dəyərləndirməsi
bu gün də qardaş ölkədə hər kəs tərəfindən
etiraf olunan gerçəkliyin ifadəsidir. Əhməd
Kabaklının Azərbaycanın Dövlət Himninin müəllifi
Əhməd Cavadlı Türkiyədə istiqlal marşını
yaratmış Mehmet Akif Ərsoyla müqayisə etməsi və
onu "sanki heca vəznində yazmış bir Mehmet Akifi
andıran" şair adlandırması elmi cəhətdən
əhəmiyyətli müqayisələrdir.
"Türk ədəbiyyatı" çoxcildliyinin
Anadolu şairlərinə həsr edilmiş
dördüncü cildində XX əsr Azərbaycan şairləri
haqqında yığcam icmallar və portret-oçerklər
özünə yer almışdır. Əhməd
Kabaklının Sovet dövrü çərçivəsində
türk xalqları ədəbiyyatını yalnız Azərbaycan
şeiri əsasında təqdim etməsi digər türk
xalqları ədəbiyyatlarından material əldə etməyin
çətinliklərindən başqa, həm də görkəmli
alimin xalqımıza və ədəbiyyatımıza bəslədiyi
xüsusi ehtiramın elmi təzahürüdür. Əhməd Kabaklının Azərbaycan Sovet ədəbiyyatını
ideya-məzmununa görə mərhələlərə
ayıraraq dövrləşdirməsi nəzəri cəhətdən
də əhəmiyyətli məsələdir. Sovet dövrü Azərbaycan ədəbiyyatının
1920-1955-ci illər dövrünü "kommunist rejimi
dövrü ədəbiyyatı" kimi səciyyələndirsə
də, həmin tarixi mərhələdə mövcud siyasi
sistemin hakim ideologiyası şəraitində yaradılan və
mümkün olduqca xalqın milli maraqlarına xidmət edən
ədəbiyyatdan bəhs etməsi onun bu dövrün ədəbi
prosesinə diqqətlə nüfuz etməsinin göstəricisidir.
Buna görədir ki, o, Səməd Vurğun, Süleyman
Rüstəm, Mikayıl Müşfiq, Rəsul Rza, Mikayıl
Rzaquluzadə, Zeynal Xəlil, Osman Sarıvəlli və
başqaları kimi şairləri "qaranlıq dövr"
adlandırdığı bu mərhələnin
işıqlı sənətkarları olaraq təqdim
etmişdir. Həmin dövrdə yaşayıb-yaratmış
Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl
Müşfiq haqqında ayrıca portret-oçerklər təqdim
etməsi və bu şairlərin seçilmiş şeirlərini
oxuculara çatdırması Türkiyə ictimaiyyətində
Sovet dövründə də Azərbaycanda milli ədəbiyyatın
yaradıldığına inam yaratmağa xidmət edir.
Əhməd Kabaklının Xalq şairi Səməd
Vurğunun "Azərbaycan türk xalqına aid dini, milli,
tarixi duyğuları çox təmsil etdiyini" önə
çəkməsi böyük sənətkarın
yaradıcılığının təməl şərtlərinin
elmi şəkildə ifadə edilməsi deməkdir. Lakin Səməd Vurğunun əsasən "parti
dönəmi şairi", "kommunist partiyası
proqramını, hətta propaqandasını uyğulayan
şair" kimi qələmə verilməsi, fikrimizcə, ilk
növbədə onun yaşadığı dövrün
siyasi-ideoloji tələblərini lazımınca nəzərə
almadan irəli sürülmüş mülahizələrdir.
İkincisi isə bu yanlış qənaət Səməd
Vurğun haqqında Türkiyədə çap olunmuş mənbələrdə
getmiş fikirlərin olduğu kimi qəbul edilməsindən
irəli gəlmişdir. Doğrudur, Sovet
hakimiyyəti illərində, xüsusən, XX əsrin
altmışıncı illərinə qədər Azərbaycanda
yaşayıb-yaratmış digər şairlər kimi Səməd
Vurğun da sosializm quruluşu ideallarını tərənnüm
edən şeirlər yazmışdır. Lakin
bu, Səməd Vurğun yaradıcılığının
müəyyən bir hissəsini təşkil etmişdir.
Bu qəbildən olan əsərlər çox
hallarda yazıçı və şairlərin və o
cümlədən də, Səməd Vurğunun siyasi rejimdən
özünü qorumaq poetik örnəklərdir. Xalq şairi Səməd Vurğun bu gün də zəmanəmizin
ən böyük vətənpərvər şairlərindən
biri kimi təqdir edilir, sevilir və öyrənilir. Əhməd Kabaklının "Türk ədəbiyyatı"
kitabına "Vətən" adı ilə daxil etdiyi
"Azərbaycan" şeiri ölkəmiz haqqında son
yüz ildə yazılmış ən yaxşı şeir
kimi qəbul olunur.
"Türk ədəbiyyatı" çoxcildliyində
Süleyman Rüstəmin yaradıcılığının əsas
qayəsi düzgün dəyərləndirilmişdir. Əhməd Kabaklı xalq
şairinin kommunist partiyası, Sovet hakimiyyəti
haqqındakı şeirlərini bir kənara qoyaraq, onun
"uca idealların peşində" olan əsərlərindəki
vətən sevdasının və məhəbbət motivlərinin
aparıcı mövqedə olduğunu göstərmişdir:
"Rüstəm yalnız milli insani mövzularda və uca
eşq məsələlərindən yazmaqla qalmır, eyni
zamanda, şeirin... düyünlü sözlərə
ehtiyacı olmadığını, həqiqətin
açıq yazılması gərəkliyini irəli
sürür... Süleyman Rüstəm beləliklə,
mərd bir dastan səsi ilə yanaşı, eşq, sevda, məmləkət
şeirləri də söyləmişdir".
Professor Əhməd Kabaklının
araşdırmalarında Mikayıl Müşfiqin
yaradıcılıq idealları da onun tərcümeyi-halından
və şeirlərinin təhlilindən
çıxarılmış yekun qənaətlər kimi
müəyyən olunur. "Sovet - Stalin zalım rejiminin 31 yaşında şəhid
etdiyi Mikayıl Müşfiq Azərbaycanın kommunist dönəmindəki
üstün dəyərdə "gənclik və gözəllik
şairi" sayılmaqdadır... Müşfiq
on ilə sığan şair ömrü ilə müqayisədə
inanılmayacaq qədər çox əsərlər
yazmış və tərcümələr etmişdir.
Onu anladanlar romantik hisslərə... Hüseyn Cavidə və
onun ustadı Tofiq Fikrətə
bağlılığını dilə gətirirlər...
Müşfiqin "Yenə o bağ olaydı" şeiri əslində
poema olub, Azərbaycan folklor və türkülərindən
ilham alınaraq yazılmışdır". Kitabda
verilmiş "Yenə o bağ olaydı" şeiri
Mikayıl Müşfiq portret-oçerkini tamamlayır. Bu obyektiv elmi yanaşma XX əsrin ortalarında
Türkiyədə Sovet dövrü Azərbaycan ədəbiyyatının
əsasən Sovet ideologiyasına xidmət göstərən ədəbiyyat
kimi inkar olunması dalğasına ayıq-sayıq, gerçək
münasibət bəsləməyin konkret əyani təzahürüdür.
XX əsrin
ikinci yarısında, daha konkret desək, 1955-1990-cı illərdə
yaranan ədəbiyyatı Əhməd Kabaklı
"çağdaş Azərbaycan ədəbiyyatı" adı
ilə təhlil edib qiymətləndirmişdir. Şübhəsiz
ki, bu məqamda o, haqlı olaraq qeyd edilən mərhələnin
başlanğıcını Sovet dövlətinin
başçısı İosif Stalinin vəfatından,
xüsusən, 1956-cı ildə şəxsiyyətə pərəstişin
aradan qaldırılmasına həsr edilmiş kommunist
partiyasının XX qurultayından sonrakı dövrlə əlaqələndirmişdir.
Həmin tarixi mərhələnin 1990-cı ilə,
yəni Azərbaycanda dövlət müstəqilliyinin
qurulmasına qədər davam etməsinin müəyyən
edilməsi Azərbaycan ədəbiyyatşünaslıq
elminin dövrləşmə prinsipləri ilə səsləşir.
Bu tarixi mərhələnin özünəməxsusluqları
haqqında Əhməd Kabaklının
aşağıdakı müşahidələri və elmi
mülahizələri təkcə Türkiyə cəmiyyəti
üçün deyil, Azərbaycan elmi-ədəbi mühiti
üçün də əhəmiyyətlidir:
"Bütün Azərbaycan ədəbiyyatında bəlkə
də haqqında ən çox yazılan, söylənilən
tema Vətən, yurd, torpaq sevgisidir. Bunu ana dilinə
olan eşq dərəcəsindəki iftixar və
bağlılıq təqib edir. Azəri şair və
yazıçıları ana dilinə sayqılı və
mühafizəkar (qoruyucu) davranmışlar... Yəni
azərilərin dillərinə ehtiramları fransız,
ingilis, alman və sair kimi mədəni ölkələrin
ziyalılarının öz dillərinə
baxışları kimidir. Bu üzdən
kommunist rejiminə rəğmən, azəri türkcəsi əsla
yoxsullaşmamış, gözəlliyini, ifadə zənginliyini
mühafizə etmişdir. Bu sayədə
Azərbaycan dili, şeiri və kültürü kommunizm kimi
qorxunc bir əsarət və kültür
düşmanlığının təqiblərindən ən
az zərərlə qurtara bilmişdir".
"Türk
ədəbiyyatı" çoxcildliyində
çağdaş Azərbaycan ədəbiyyatı mərhələsini
təmsil edən Balaş Azəroğlu, Qasım Qasımzadə,
İslam Səfərli, Əli Tudə, Hüseyn Arif, Nəbi Xəzri,
Bəxtiyar Vahabzadə, Mədinə Gülgün, Söhrab
Tahir, Qabil, Hökumə Billuri, Nəriman Həsənzadə,
Məmməd Araz, Əli Kərim, Cabir Novruz, Hüseyn Razi,
Tofiq Bayram, Kəmalə, Məmməd İsmayıl, Sabir
Rüstəmxanlı və başqaları kimi şairlərin
adlarının qeyd edilməsi Əhməd Kabaklının ədəbiyyatımıza
dair məlumatlarının miqyasını təsəvvür
etməyə imkan verir. O, milli istiqlal uğrunda mübarizə
və müstəqillik dövrü Azərbaycan ədəbiyyatından
Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif və Məmməd
Aslanın həyatı və
yaradıcılığını portret-oçerk səviyyəsində
təqdim etmişdir. Nəbi Xəzrinin "Azərbaycan
şeirinin əsas temaları içində... yurduna gözəlləmələr
yazan, ...Xəzər dənizini ən
çox sevən şairlərdən olan, ...eşq, təbiət,
hüzn şeirləri yazmağa üstünlük verən
şair" kimi tanıdılması sənətkarın
yaradıcılığının əsas qayəsini ifadə
edir. Hüseyn Arifin "xalq şeiri ənənəsi
üstündə qurulmuş şeirlərində təbiətə
yeni sevda baxışları gətirən usta bir şair"
hesab edilməsi də onun əsərlərinin özünəməxsusluğu
ilə üst-üstə düşür.
Müşahidələr göstərir ki, professor
Əhməd Kabaklı çağdaş Azərbaycan
poeziyasından Xalq şairi Bəxtiyar Vahabzadənin şəxsiyyətinə
və sənətinə xüsusi rəğbət bəsləmişdir. O, Bəxtiyar Vahabzadənin
yaradıcılığına Məhəmmədhüseyn
Şəhriyarla birlikdə "yalnız Azərbaycanın
deyil, türk dünyasının da üstün şairlərindən
biri" kimi yüksək qiymət vermişdir. Bəxtiyar
Vahabzadə ilə Əhməd Kabaklının şəxsi
münasibətləri və dostluğu Azərbaycan-Türkiyə
əlaqələrinin daha da inkişaf etdirilərək
möhkəmləndirilməsinə xidmət edən əhəmiyyətli
ədəbi-ictimai hadisədir. Əhməd Kabaklı -
Əhməd Şemide və Bəxtiyar Vahabzadə məslək
dostluğu isə, məqaləmizin əvvəlində
dediyimiz kimi, həm də Sovet hakimiyyətinin ən zor dönəmlərində
Azərbaycan ədəbiyyatının Anadolu türklərinə
və Almaniya türk icmasına çatdırılmasına və
təbliğinə, eyni zamanda, Türkiyə
yazıçı və şairlərinin əsərlərinin
Azərbaycana gətirilib yayılmasına şərait
yaratmışdır. Ədəbiyyatımızın
böyük dostu Əhməd Şemedinin Bəxtiyar Vahabzadənin
həyatı, yaradıcılığı və mücadiləsi
haqqında yazdığı məqalələrin Türkiyədə
professor Əhməd Kabaklının redaktoru olduğu
"Türk ədəbiyyatı" jurnalında çap
olunması və həmin dərginin Anadolu elləri ilə
yanaşı, türk dünyasında və Henrix Heynenin vətənində
yayılması Azərbaycan ədəbiyyatının,
xüsusən də Azərbaycanın vətəndaş
şairinin əsərlərinin SSRİ-nin dəmir pərdəsini
aşıb, dünyada tanıdılmasına yol
açmışdır. Əhməd Kabaklının
"çağımızın Namiq Kamalı" hesab etdiyi
Bəxtiyar Vahabzadənin milli mücadiləsi və vətəndaşlıq
poeziyası haqqındakı aşağıdakı fikirləri
Azərbaycan şairinin yaradıcılığının
şah damarlarını diqqət mərkəzinə çəkir:
"Vahabzadə şeirlə düşüncə söyləməyə,
qüdrətli söz deməyə, kəskin tənqid
yazmağa və şeirlə mücadilə etməyə
meyllidir. Çağımızın şərtləri
içində onu bir Namiq Kamal anlayış və heybətində
görə bilirik.
Hürriyyətinə
əl qoyularaq əzilmiş, igid ziyalıları qətliama
uğramış, ...həm də bolşeviklərin əsarəti
altında inləmiş Azərbaycan diyarının oğlu
olan Vahabzadə böyük və həyəcanlı
misraları ilə Azadlıq arayanların, hürriyyət
aşiqlərinin, sərbəstlik həsrəti çəkənlərin
başında gəlməkdədir. ...Bu qızğın həsrəti
yaşayan Bəxtiyar Vahabzadə ...şeirlərində
azadlıq ideyasını bir mücadilə üslubu halına
qoymuşdur".
"Türk
ədəbiyyatı" kitabında Əhməd Kabaklı Bəxtiyar
Vahabzadənin "Muğam" poemasının geniş elmi təhlilini
vermiş, əsərdən bir parçanı
"Azadlıq uğrunda",
"Vətən torpağı", "Mənim anam" və
sair şeirləri ilə birlikdə oxuculara təqdim
etmişdir.
Çağdaş
Azərbaycan ədəbiyyatından Məmməd Aslanın həyatı
və yaradıcılığını da portret-oçerk
vasitəsilə türk oxucusuna çatdıran Əhməd
Kabaklı onun xalq ədəbiyyatı üstündə
köklənmiş yaradıcılıq özünəməxsusluğunu
göstərmək üçün "əli sazlı bir
xalq şairi olmayıb, Türkiyədəki Əbdürrahim
Koç, Qul Ozan və Atilla kimi aşıq şeiri tərzində
yazan ziyalı şairlər arasında yer alan"
sənətkar kimi səciyyələndirmişdir. "Türk ədəbiyyatı" kitabının
dördüncü cildində Məmməd Aslanın Azərbaycanın
milli azadlıq mücadiləsində xüsusi
möhürü olan qanlı Sovet ordusunun Bakıda qətliam
törətdiyi gecənin sabahı günü
yazdığı "Ağla qərənfil, ağla"
şeirinin tam mətni çap olunmuşdur. Bundan
başqa, Türkidə yaşayıb-yaratmış Qul
Ozanın Məmməd Aslana ithaf etdiyi "Durnalar"
şeirinin və Məmməd Aslanın da şair həmkarına
həsr etdiyi "Bir dolu badə kimi" şeirinin oxuculara
çatdırılması ədəbiyyatlarımızın
qardaşlığının əhəmiyyətli bir örnəyidir.
Ümumiyyətlə,
Əhməd Kabaklı orta əsrlərdən başlayaraq XXI əsrin
hüdudlarına qədər həmişə Azərbaycan ədəbiyyatını
Güney ədəbiyyatı ilə birlikdə tədqiqata cəlb
etmiş, zamana və məkana görə fərqli xüsusiyyətlərini
göstərsə də, eyni xalqın ədəbiyyatı
olduğu üçün vəhdətdə təqdim etməyi
zəruri saymışdır.
O,
Güney Azərbaycan ədəbiyyatından Məhəmmədhüseyn
Şəhriyarın yaradıcılığına
heyranlıqla yanaşmış və "Türk ədəbiyyatı"
kitabında ən geniş həcmə malik portret-oçerklərdən
birini ustad sənətkara həsr etmişdir. Təxminən
30 səhifədən ibarət olan həmin portret
yazısında Əhməd Kabaklı böyük Azərbaycan
şairinin mükəmməl bir həyat hekayəsini və sənət
taleyini əks etdirmişdir. O, "Zəmanəsinin
Hafizi" kimi şöhrət qazanmış, Şəhriyarı
türk dünyası ədəbiyyatının qüdrətli
yaradıcıları olan Füzuli, Əlişir Nəvai,
Tofiq Fikrət, Mehmet Akif Ərsoy və Mirzə Ələkbər
Sabirlə müqayisə ediləcək böyük sənətkarların
cərgəsində görmüşdür. Əhməd
Kabaklı bu fikirdə idi ki, türk dilini "anaların
oxuduğu laylay dili kimisi qəbul edən Şəhriyar
"Heydərbabaya salam" poeması ilə XX əsrin ikinci
yarısının mürəkkəb ictimai-siyasi mühitində "özünü və türkcəni
xilas etmişdir". Onun "Heydərbabaya
salam" poemasını "türk dilinin şah əsər
dastanı" adlandırması obrazlı olduğu qədər
nəzəri baxımdan da yeni və əhəmiyyətlidir.
Əhməd Kabaklının "Heydərbabaya
salam" poemasını dövrünün ədəbi hadisəsi
hesab etməsi də elmi cəhətdən əsaslandırılmış
obyektiv qənaətdir. "Türk ədəbiyyatı"
kitabında "Heydərbabaya salam"ın elmi təhlili, bu
poemadan verilmiş parçalar və açıklamalar Məhəmmədhüseyn
Şəhriyarın türk dünyası ədəbiyyatındakı
yerini, rolunu və mövqeyini aydın şəkildə ifadə
edir.
Güneydən Bulud Qaraçohurlu Səhəndin həyatı
və yaradıcılığı haqqında da "Türk ədəbiyyatı"
dərsliyi səviyyəsində ilk dəfə Əhməd
Kabaklı yazmışdır. Beləliklə,
Əhməd Kabaklı ən qədim dövrlərdən XXI əsrə
qədərki Azərbaycan ədəbiyyatının mükəmməl
bir elmi salnaməsini yaratmışdır. Türkiyədə
müxtəlif dərsliklərdə, tədqiqat əsərlərində
və antologiyalarda Azərbaycan ədəbiyyatının
ayrı-ayrı inkişaf mərhələlərindən və
ya bir çox görkəmli yazıçı və şairlərdən
bəhs edilsə də, ilk dəfə olaraq professor Əhməd
Kabaklının "Türk ədəbiyyatı"
çoxcildliyində Azərbaycan ədəbiyyatının
bütün əsas dövrlərindən və həmin
dövrləri təmsil edən tanınmış sənətkarlarından
ardıcıl və sistemli şəkildə söz
açılmışdır. Buna görə
də professor Əhməd Kabaklının tədqiqatları
çoxəsrlik Azərbaycan ədəbiyyatı haqqında əsasən
tam və ümumiləşdirilmiş elmi təsəvvür
yarada bilir. "Türk ədəbiyyatı"
çoxcildlik nəşrində verilmiş digər icmallar və
portret-oçerklər kimi, Azərbaycan ədəbiyyatına
həsr olunmuş tədqiqatların da yüksək professional
səviyyədə yazılması qardaş ölkədə ədəbiyyatımızla
sadəcə tanışlıq üçün yox, həm də
obyektiv təsəvvür əldə etmək baxımından
da əhəmiyyətlidir. Ona görə də tərcümeyi-hal
göstəricilərindəki bəzi faktların və rəqəmlərin
bir daha redaktə şəklində dəqiqləşdirilməsinə,
ayrı-ayrı sənətkarların həyatı və
yaradıcılığına ideoloji cəhətdən
yanaşmaların səbəblərinin
aydınlaşdırılmasına ehtiyac olsa da, "Türk ədəbiyyatı"
çoxcildliyindəki Azərbaycan ədəbiyyatı
araşdırmaları qardaş Türkiyədə ədəbiyyatımızı
xronoloji ardıcıllıqla və əsas yaradıcı
simaları ilə birlikdə tanıtmaq və təbliğ etmək
baxımından böyük əhəmiyyətə malikdir. Ona görə də hesab edirik ki, professor Əhməd
Kabaklının Azərbaycan ədəbiyyatı tədqiqatlarının
Türkiyədə ayrıca kitab halında nəşr edilməsi
bu sahədə mövcud olan boşluğu doldura bilər.
Görkəmli bir türk ədəbiyyatşünasının
Azərbaycan ədəbiyyatının
tarixi inkişaf yoluna, ayrı-ayrı tanınmış ədəbi
simalarının yaradıcılığına dair
baxışlarını öyrənmək baxımından əhəmiyyətli
olduğuna görə Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu Əhməd Kabaklının Azərbaycan ədəbiyyatına
həsr edilmiş məqalələrini ayrıca kitab
halında nəşr etməyi nəzərdə tutur.
Professor Əhməd Kabaklı XX əsrin
doxsanıncı illərində iki dəfə Azərbaycanda
olmuş, ölkəmizin ziyalıları ilə
görüşmüş və radio üçün
müsahibə vermişdir. O, hələ 1983-cü ildə Xalq
yazıçısı Anarın senarisi əsasında çəkilmiş
"Dədə Qorqud" filminə baxmış və
xoş təəssüratlarını aşağıdakı
kimi Türkiyə ictimaiyyətinə
çatdırmışdır: "Televiziyada "Dədə
Qorqud"u Azərbaycanda yaradılmış film kimi seyr etdik.
Hər şeydən öncə, bu filmi yaradan azəri
qardaşlarımıza təşəkkürümüz var. Nədən?
Ən azı bizim görəcəyimiz işi gördükləri
üçün və bizə "Dədə Qorqud" kimi
bir dastanımızın var olduğunu
xatırlatdıqları üçün, soyumuzun fəzilətlərini,
igidliklərini, mərasimlərini, Allaha və dövlətə
hörmətlərini, yalana nifrətlərini,
cihadlarını, təmiz eşqlərini bir müqəddəs
əfsanə mühiti içində bizə
anlatdıqları üçün".
Azərbaycan
Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda 13 dekabr 2021-ci il tarixdə "Türk ədəbiyyatı
Vəqfi və Azərbaycan" mövzusunda keçirilmiş
elmi konfrans professor Əhməd Kabaklının çətin
şəraitdə Azərbaycanla qurduğu əlaqələrin
yaşadılmasına və davam etdirilməsinə xidmət
edir.
"Türk
ədəbiyyatı" kitabında Azərbaycan əsilli
Türkiyə şairi Yavuz Bülənd Bakilərin "Azərbaycan
ürəyimdə şah damardır" və "Qarabağ
həsrəti" şeirlərinin tam mətninin oxuculara
çatdırılması bu çoxcildlikdəki Azərbaycan
mövzusunu tamamlayır. "Türk ədəbiyyatı"
kitabında verilmiş "Azərbaycan ürəyimdə
şah damardır" şeiri Türkiyədə ölkəmiz
haqqında yazılmış ən yaxşı şeirlərdən
biri və onun müəllifi olan Yavuz Bülənd Bakilərin
Azərbaycan sevdasının kamil poetik ifadəsi olmaqdan
başqa, həm də Əhməd Kabaklının da
xalqımıza bəslədiyi yüksək ehtiramın da əyani
təzahürüdür. Ölkəmizdə müstəqil
dövlətçilik dövrünün başlanğıc
illərinin məsuliyyətli və həyəcanlı
anlarında yazılmış, Xalq şairi Bəxtiyar Vahabzadəyə
ithaf olunmuş "Azərbaycan ürəyimdə şah
damardır" şeiri professor Əhməd Kabaklının
çoxcildlik "Türk ədəbiyyatı"
kitabındakı Azərbaycan tədqiqatlarının ritmi və
qayəsinin görkəmli
türk aliminin müstəqilliyimizin sabahına bəslədiyi
ümidləri və inamının ümumiləşdirilmiş
yekunu kimi səslənir:
Azərbaycan:
Dədəm Qorqud saflığı...
Mübarək dilimi süd kimi sağar.
Bəzən
rüzgar olur iliklərimdə,
Bəzən yağmur kimi üstümə yağar.
Götür
məni Araz! Al məni Xəzər,
Türkü
Türkdən başqa indi kim anlar?
Yaram dərin,
mərhəmim yox, vaxtım dar...
Bir dastan
yazan kimi yaz məni Anar!
- Duy məni
Bəxtiyar! Duy məni Şahmar! -
İndi
Azərbaycanda mövsüm bahardır!
Amma türküləri yenə başdan-başa əfkardır.
Sinəmə
yağan qardır, boynu bükük birdiyardır,
Vardır...
Ağzı
köpürən atlar üstünə inamım vardır,
Azərbaycan - ürəyimdə bir şahdamardır.
Ümumiyyətlə,
"Əhməd Kabaklı və Azərbaycan ədəbiyyatı"
mövzusu sanballı bir elmi tədqiqatın mövzusu ola bilər.
15-18 fevral 2022-ci il
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2022.- 26 fevral.- S.16-17;19.