Seyidağa Mövsümlü: peşəkarlıq,
fədakarlıq və unudulmazlıq
"Bu, xalqın tarixidir. Biz bunu etməliyik.
Sabah gələcək nəsil bizdən soruşanda ki, siz nə
etmisiniz, ay yoldaş operatorlar, onda biz bu sənədlərlə,
bu filmlərlə onlara əyan edəcəyik
atalarının, babalarının necə
vuruşduğunu..."
Dünyanın hər yerində, hər küncündə
gündə yüzlərlə hadisə baş verir. Hazırda
texnologiyanın, mətbu vasitələrin, informasiya
ötürücülərinin, sosial şəbəkələrin
artdığı və bu qədər fəal olduğu zamanda
belə onların hamısından xəbər tutmağa
çatdırmırıq. Bir də düşünək
25-30 il öncəni. Cəmi 1 və ya 2
televiziya kanalının olduğu, avadanlıqların köhnə,
zəif zamanında, sosial şəbəkələrin hələ
icad edilmədiyi, hər adamın cibində "telefon"
adlı mini diktofon, kamera, fotoaparat gəzdirmədiyi vaxtlarda həm
dünyada, həm də Azərbaycanda o qədər vacib, əhəmiyyətli
hadisələr baş verirdi ki, onları mütləq çəkmək,
yaymaq, gələcək nəsillər üçün
saxlamaq lazım idi. Məsələn, əvvəldəki
sitatın müəllifi, Azərbaycanın ilk hərbi
teleoperatoru Seyidağa Mövsümlünün məhdud
imkanlarla gördüyü böyük işlər kimi. Həmin cümlələri o, Qarabağ müharibəsini
çəkən zaman qırğının, faciənin
ortasında deyib.
Əvvəlcə
qısa tanışlıq: S.Mövsümlü xalq hərəkatını,
20 Yanvar faciəsini, Xocalı soyqırımını,
bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır.
O,
1954-cü il avqustun 1-də Ucar rayonunda
doğulub. 1969-cu ildə Bakı Dəmir Yolu
Texnikumuna daxil olsa da, ürəyindəki operatorluq sevgisiylə
televiziya sahəsinə üz tutub. 1970-ci ildə Azərbaycan Dövlət
Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində
əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci
ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib.
Moskvada təhsilini uğurla başa vurub
Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət
Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam
etdirib. Tamaşaçıların dövlət
televiziyasından sevə-sevə izlədikləri "Adı
sənin, dadı mənim", "Kökdən
düşmüş piano", "Bağışla" (3
hissəli), "Göz həkimi" "Gülüş
sanatoriyası", "Pəncərədə
işıq" və digər televiziya
tamaşalarının, sənədli filmlərin operatoru olub.
Xalqımız onu daha çox 1988-ci ildən başlayan
xalq hərəkatından tanıyır. 1988-ci ilin dekabrın 5-dən
6-na keçən gecə o, "Azərbaycanfilm"
kinostudiyasının kinooperatoru Nizami Abbas və rejissor Zaur Məhərrəmovla
birgə "Abşeron" mehmanxanasının damına qoyulmuş kameralarla Azadlıq
meydanında baş verən
hadisələri də çəkib.
1988-ci ildən başlayaraq ermənilərin törətdikləri
cinayətləri videolentə çəkmək
üçün Qarabağın bütün rayonlarında,
Naxçıvan və digər bölgələrimizdə
olub. Dövlət televiziyasında çalışan
vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin
yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk
könüllülərindən olub. Bu
batalyonda erməni işğalçılarına qarşı
aparılan əməliyyatlarda qəhrəmancasına
döyüşüb. İki dəfə
yaralanıb. Ömrünün sonuna kimi də
bu yaralardan əziyyət çəkib.
Uzun illər
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
olmuş şair Ramiz Duyğunun, general Zaur
Rzyevin təklifi ilə 19 fevral 1992-ci ildən Nazirliyin mətbuat
mərkəzində operator kimi işə başlayır. 2002-ci ilə qədər Müdafiə Nazirliyində
müxtəlif vəzifələrdə
çalışıb. 2002-ci ildən ordudan tərxis
olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya
və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə
qayıdıb.
Milli
Ordunun 100 illik yubileyinə bircə gün qalmış -
2018-ci ilin 25 iyununda Azərbaycanın ilk hərbi operatoru, ilk hərbi
stringeri, polkovnik-leytenant Seydağa Mövsümlü
dünyasını dəyişib. O, Milli Ordunun 100 illik yubiley
günündə - iyunun 26-da torpağa tapşırılıb.
Buzovnaya
qaçış... "Qara Yanvar"ın xilası...
S.Mövsümlü
xalq hərəkatından sonra 1990-cı il
20 Yanvar faciəsini də çox böyük çətinliklər,
əngəllər aşaraq kameranın lentinə
köçürməyi bacarmışdı. Hətta
televiziyanın enerji bloku partladıldığından nə
baş verdiyindən məlumatsız xalqa bu hadisələrin
efir vasitəsilə çatdırılmasında onun
böyük rolu olub. Radionun enerji bloku
partladılmadığından efirə çıxmaq
mümkün imiş. O, operator assisenti Azər Muradovla
efirə çıxır və "Mayak"ın
dalğası ilə bu qanlı hadisə haqqında məlumatı ictimaiyyətə
çatdırır. Bu, fədakar operatora
azadlığı bahasına başa gəlir. Belə ki, S.Mövsümlü və digərləri
məhz bu hərəkətlərinə görə silahlı
əsgərlər tərəfindən həbs edilirlər.
Yanvarın 21-də Azərbaycan Ali Sovetinin
qapılarında dayanan əli silahlı rus əsgərləri
fövqəladə sessiyasını çəkməyə
imkan vermirlər. Seyidağa Xalq artisti Zeynəb Xanlarovaya
müraciət edir. Zeynəb xanım
heç tərəddüd etmədən sürücü ilə
kameranı göndərsə də, daha peşəkar kameraya
ehtiyac vardı. Böyük çətinliklə
televiziyanın montaj otağına arxa qapıdan daxil olub
kameranı (TJK-nı) götürə bilirlər.
Yanvarın 22-də şəhidlərin dəfn mərasimini
çəkib tarixə köçürən operatorlardan biri
də Seyidağa olur.
Tanınmış rejissor Vasif Babayevlə müsahibəmizdə
o, yanvarın 24-dən 25-nə keçən gecə bu çəkilişlərin
onlara baha başa gəldiyini, özünün sovet hərbçiləri
tərəfindən həb olunaraq evdən
aparıldığını demişdi. Onun həyat
yoldaşı təcili Seyidağa zəng edərək
olanları danışır və növbəti hədəfin
o olacağını deyib, qaçmağı məsləhət
bilir. Seyidağa da ailəsi və iki
körpəsi ilə birgə kasetləri də
götürüb Buzovnaya gedir. Gecənin
bir aləmində qapısına dayanan hərbçilər
onu tapa bilmirlər. Beləcə, həmin
görüntülər xilas edilir.
20 Yanvar
hadisələri haqqında çəkilən "Qara
Yanvar" filmini Moskvaya-SSRİ Ali Sovetinin toplantısına
apararaq Nizami Abbas və Tofiqlə birgə Moskvada azərbaycanlı
deputatların və rus ictimaiyyəti nümayəndələrinin
iştirakı ilə nümayiş etdirən də
Seyidağa olur. Baxmayaraq ki, geri qayıdanda
işdən çıxarıldığını görəcəkdi.
Üç ay işsizlikdən sonra Ali Sovetin sədri
Elmira Qafarovanın köməyi ilə işə bərpa
olunur.
Xocalı
dəhşətlərini çəkən fədai...
S.Mövsümlünün öz vətəni, xalqı
üçün etdiyi əsas fədakarlıqlardan biri də
Xocalı soyqırımı zamanı olur. 1992-ci ilin fevralın 19-da
Müdafiə Nazirliyində Mətbuat Mərkəzinin operatoru
kimi işə başlayan Seyidağa həmin ilin fevralın
25-dən 26-na keçən gecə baş verən Xocalı
soyqırımını lentə alan ilk hərbi operatordur.. Əlbəttə, öz
xalqının övladlarını o vəziyyətdə, vəhşi
soyqırıma qurban getmiş görmək ən böyük
ağrılardan, acılardan biridir. Lakin həqiqəti
gələcək nəslə və dünyaya
çatdırmaq məsuliyyəti Seyidağanı
güclü olmağa sövq edirdi. O, ürəyi qan
ağlaya-ağlaya, əzabdan qıvrıla-qıvrıla
çəkirdi. Çəkirdi ki,
unudulmasın, çəkirdi ki, başqa həqiqətlər
kimi bu da ört-basdır edilməsin. Çəkirdi
ki, günahkarlar "sudan quru çıxmasın!"
Sonralar
polkovnik-leytenant S.Mövsümlü "Azvision.az"
saytına müsahibəsində - Xocalı həqiqətlərinin
qaranlıqda qalan məqamlarından belə bəhs etmişdi:
"Həmin vaxt Xocalıda işləyirdim. Yaralı
zabit idim. Hospitaldan çıxandan sonra mərhum general
Zaur Rzayev mənə dedi ki, operator olub, əsgər və
zabitləri çəkməlisən. Gələcək
nəsil Azərbaycan uğurunda vuruşan igidləri
tanımalıdır. Beləliklə,
1992-ci ilin fevral ayında Azərbaycan Respublikasının ilk hərbi
reportyoru olmağımla bağlı əmr verildi.
Ayın 26-sı, səhər tezdən işə gələndə kapitan Mirsaleh Axundovun ağladığını gördüm. Soruşdum, nə baş verib? Dedi ki, Xocalıda dəhşət yaşanır, soyqırımı olub. Həmin vaxt yeganə informasiya mənbəyi dövlət televiziyası və radiosu idi. O vaxtkı rəhbərlik Ayaz Mütəllibov və onun mətbuat xidmətinin birbaşa təkidi ilə yayımladılar ki, guya Xocalıda iki nəfər şəhid olub. Xəbər məhz bu şəkildə bütün dünya mətbuatına yayıldı.
Mənə dedilər ki, təcili Ağdama getməliyəm. Gedib Azərbaycan Dövlət Televiziyasından çəkiliş üçün kamera istədim, amma vermədilər. Birdən yadıma düşdü ki, keçmiş millət vəkili Etibar Məmmədovun "Sony" markalı kiçik kamerası var. Onlara gedib, kameranı istədim. Sağ olsun, kameranı verib dedi ki, get, millətimizin dərdini çək, bu, lazımdır. Fevralın 26-da mən helikopterlə Ağdama gəldim.
Fevralın 26-sı, saat 12-nin yarısı idi. Xocalıdan qaçan soydaşlarımız Ağdam mehmanxanasının qarşısına toplaşmışdılar. Onlar dəhşətli vəziyyətdə idilər, qulaqları, burunları kəsilmişdi. Əziyyət, işgəncəyə məruz qalmış halda idilər. Mən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovu tapdım və dedim ki, bu soyqırımı faktı təcili çəkilməlidir. Sağ olsun, məni başa düşdü və biz birlikdə onun maşınında Əsgəranla Ağdamın sərhədində yerləşən Qarağacı qəbirstanlığının yanına gəldik.
Həmin vaxt orada olan maşından bir nəfər
düşdü. Sonradan məlum oldu ki, o, Əsgəran
batalyonunun komandiri Vitalikdir. Hiss elədim ki, o, Allahverdidən qorxur.
...Vitalikin
olduğu erməni maşınına mindim. Əsgəran
qalasının ətrafında körpü var. Ora gəlib
çatdıq. Həmin körpünün
altında ermənilər bizim 30-a yaxın
soydaşımızın başını kəsib, payalara
keçirib, yola düzmüşdülər. Nəhayət, mən onları çəkməyə
başladım. İki daşnak
döyüşçüsü mənə nəzarət
edirdi. Orada dəhşətli vəziyyətdə
olan meyitlər vardı. Başlarının,
üzlərinin dərisini soymuşdular.
Orada vuruşan Suriya mənşəli ermənilərin qəribə bir dəmir cihazı vardı. Dəmiri başın arxa tərəfinə soxur, beyni çəkib çıxarırdılar. Və yaxud üzün, başın dərisini soyub, evdə xatirə kimi saxlayırdılar ki, bunlar azərbaycanlılar, türklərdir. Orada 10-a yaxın qadının ayaqlarından trosla bağlayıb, BMP-nin arxasınca diri-diri sürümüşdülər. Bütün bunları ermənilər törətmişdilər".
Dostları, şahidlər deyirlər ki, Seyidağa bu hadisədən sonra sürətlə qocalmışdı. Fikrimcə isə, onu qocaldan təkcə Xocalıda gördükləri deyildi. Onu qocaldan günahsız xalqının başına gətirilən zülmlər, dəhşətlər idi. Və əlbəttə, bu dəhşətlər qarşısında soyuqqanlılığını itirmədən öz peşəsini icra edib, bütün bunları tarixin səhifələrinə köçürmək vəzifəsi...
Azərbaycanın ilk hərbi teleoperatoru,
polkovnik-leytenant Seyidağa Mövsümlü vaxtsız vəfatı
səbəbindən uğrunda döyüşdüyü,
ağır yaralar aldığı Qarabağın
azadlığını bu gün görə bilmir. Amma əminəm,
əminəm ki, olduğu yerdə o, bu qələbəni də,
onun xalqına yaşatdığı sevinci də, şəhidlərimiz
üçün çəkilən ağrını da duyur,
hiss edir. Bir də onu hiss edir ki, xalqının qədirbilən
övladları onun bu fədakarlıqlarını unutmur və
unutmayacaq. Çünki Seyidağa Mövsümlü ədalətsizlikləri
əbədiləşdirmək üçün çəkdiyi
lentlərdə özü də əbədiləşib!
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2022.- 26 fevral.- S.14.