Yaddaşımızdakı Xocalı
ağrısı
Xocalı
faciəsini əks etdirən, 30 ildə olduğu kimi, bu gün də
sona qədər izləyə bilmədiyim kadr və lentlərə
baxdıqca bir daha başa düşdüm ki, azğın düşmən
bizə ömrümüz
boyu unutmayacağımız,
qəlbimizi həmişə
göynədəcək bir
yara vurub. Bəlkə də, itirilmiş uşaqlıq,
gənclik illərimizin,
gözlərimizdə donan
təbəssümün, viran
qalmış ata-baba yurdumuzun, 30 ildən sonra evimizin kandarına qədər gedib, bələdçinin
- təhlükəlidir, içəri
keçmək olmaz, -
sözlərinin tikanlı
məftil kimi qarşımızı kəsməyinin
ağrı və ağırlığından keçmək
olar, amma Xocalı faciəsi əbədi ayıq qalmaq üçün, düşmənimizi unutmamaq
üçün yetərli
fakt və sənəddir. XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımı millətindən
asılı olmayaraq bütün insanlığın
üzqarası və utanc yeridir.
26 fevral gözümüzün
önünə asılmış
çəhrayı pərdənin
açılıb düşdüyü
gündür. Düşən pərdənin arxasından
dəhşətli divlərin,
caynaqlı varlıqların
təkcə qorxulu nağıllarda olmadığı,
bəlkə də nağıllara həyatdan
köçdükləri göründü.
Qorxulu nağılları oxumağa
hələ yaşları
çatmayan uşaqların
donmuş cəsədləri
həmin nağılların
personajları oldu.
Amma
"Xocalı" nağıl
deyildi, qəmli hekayə və dastan da deyildi,
yüzlərlə bayatı
və ağının,
qəmli laylaların mövzusu olsa da, bayatı və layla da
deyildi. "Xocalı" acı həyat gerçəkliyi,
tarixin heç vaxt qaysaq bağlamayan
yarası idi. Düşmənlərimizin özləri haqqında
bütün dünyaya
və insanlığa
təqdim etdikləri imzalı, möhürlü
cəlladlıq sənədi
idi "Xocalı".
O günə kimi hər hansı filmdə azacıq təsirli epizod olduqda kanalı dəyişən, uşaqları
hər hansı psixoloji yükdən və sarsıntıdan qoruyan böyüklərimizin
özləri qorxunc, ağlasığmayan səhnələrin
qarşısında lal-dinməz
dayanmışdılar, yanındakı
balacaları belə ovutmağı unutmuşdular.
26 fevralda mənfur
düşmənin qanlı
əməli nəticəsində
çox şüarlar
divarlardan sürüşüb
düşdü. Bunlar
təkcə "xalqlar
dostluğu", "mehriban
qonşu", "Kür,
Araz, Ararat" haqqında
süni yaradılmış
və beynimizə yeridilmiş şüarlar
deyildi, həm də "kişi ağlamaz", "qadına
əl qaldırmazlar",
"uzaq qohumdan yaxın qonşu yaxşıdır" kimi
tarixin süzgəcindən
süzülüb gələn
büllur deyimlər idi ki, xain
düşmənlərimiz onları
qara daşla vurub çiliklədi. Biz
o gün cəsədlərin
içindən doğmalarını
axtaran, tapanda bir cür, tapmayanda
başqa cür fəryad edən kişilərin göz yaşlarına, gəlincikləri
və oyuncaqları ilə birgə terrora məruz qalan uşaqların faciəsinə, qadınlara,
yaşlılara edilən
işgəncələrə, dözümün son həddini
yoxlayan təcrübələrə,
daha nələrə,
nələrə şahid
olduq. Qarı qanla ləkələyən,
hələ açılmamış
çiçəklərin arzusunu gözündə qoyan, amansızlıqları
ilə meşədəki
vəhşi heyvanları
belə qorxudan, tarixlər boyu dahilərin haqlarında dedikləri "erməni yer üzünün ilanı, insanlığın
düşmənidir" (Sədi
Şirazi), "Dərisi
ağ qulların
pisi ermənilərdir.
Abır-həyaları yoxdur,
oğurluqları olduqca
məşhurdur" (Adam Mets), "Ermənilərin eybi: bədfel, kündəbədən,
oğru, gözügötürməyən,
bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, riyakar, söyüşsöyən,
ürəyixıltlı, ağasına
düşmən olmalarıdır"
(Qabusnamə), "Əgər
yuxuda erməni görmüsüzsə, çox
ehtiyatlı olun, bilin ki, sizi
aldadacaqlar və yaxud sizə xəyanət edəcəklər"
(Olqa Smurova) kimi çoxsaylı zərbi-məsəlləri dönə-dönə
isbat edən faşist ermənilərdir
düşmənimiz. Bu, bizi daim oyaq
olmağa, inanmaq, bağışlamaq kimi
"səhvlərimizi" təkrarlamamağa məcbur
edir. Tarixlər boyu ona sığınana, pənah
gətirənə, özündən
zəifə, onu qonşu seçənə
mərhəmətli davranışı
ilə fərqlənən
xalqımızın mənfur
düşmənə bu
məcburi aqressiv münasibəti əslində,
onlar özləri yaradıblar. Özümüzə güclə təlqin etdiyimiz, əslində, bizə yad olan
nifrət hissinin müəllifi bədnam
"qonşularımız"ın özüdür. Bunun bünövrəsini
zaman-zaman qoysalar da, 92-ci ilin qış gecəsində
hasarlarına çatıb,
bürclərini ucaltdılar.
26 fevral bizim
nəslin uşaqlığının
son gecəsi oldu.
Bizim nəsli uşaqlığından
ayıran güllə
və savaşın səsi, barıt və qan qoxusu,
həmyaşıdlarımızın yarıda qalmış həyat hekayələri oldu.
Bütöv bir məmləkətin qandonduran yaşantıları,
həyatı zülmlə
qırılan yüzlərlə
insanın, zorla beşiyindən uzaq düşən körpələrin,
toy çadırı yarımçıq
qalan gənclərin, isti ocağı qanla söndürülən
ailələrin, qəbri
yurdda qazılmayan qocaların bütün insanlığa ittihamıdır
"Xocalı". Və nəhayət,
erməni faşizminin
öz əli və dili ilə
özünə hazırladığı
dəhşətli ittiham,
amansız hökmdür.
Bunu təkcə biz, təqdim olunan yüzlərlə sənəd
və faktlardan sonra faciə kimi tanıyan və təsdiq edən bir çox
dünya ölkələri
demir. Bunu həm də
o bəd əməl sahibləri özlərinin
xatirə və gündəliklərindəki etiraflarında,
sevinc və nəşəylə bəyan
etdikləri qanlı əsərlərində yazırlar.
İnsanlığın üz qarası
Zori Balayanın "Ruhumun canlanması" adlı murdar cızmaqarasında yazdığı
kimi. Belə nümunələrin sayı olduqca çoxdur. İnsanlığa sığmayan bu
əməllərin sahiblərinin
tarix qarşısında,
insanlıq qarşısında
həmişə başları
aşağı olacaq,
hələ cavabını
vermədikləri, bədəlini
ödəmədikləri cinayətlərinin
cəzasını ödəyəcəklər.
Onların Xocalıda etdiklərini unutmayaq, bir də təkrar olunmaması üçün,
tarixin özünün
yenidən yadımıza
salmaması üçün
unutmayaq. Bir gün Zəfər yolunun
Xocalıdan keçməsi üçün
yadımızdan çıxarmayaq. Adətən, yolçular yolu özləyər,
amma elə yollar var, gözləri yol
çəkib yolçusunu gözləyər,
Xocalıya gedən yol kimi...
O yolun yolçusu ola bilmək üçün
yaddaşımızı diri və oyaq saxlayaq.
Aygün
BAĞIRLI
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2022.- 26 fevral.- S.12.