Rusiya-Ukrayna müharibəsi nə vəd edir?

 

 

Fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 4-də Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı xüsusi hərbi əməliyyata başlanması haqqında qərar verdiyini bütün dünyaya elan etdi. Ancaq müstəqil mənbələrin məlumatına görə, Rusiya prezidentinin müraciətindən 43 dəqiqə qabaq artıq Rusiya silahlı qüvvələri Ukraynanın şəhərlərini raket atəşinə tutmağa başlamışdılar. Rusiyanın qəfil gecə hücumu Hitler Almaniyasının Sovet İttifaqına qarşı müharibəyə başlamasından sonra ötən zaman ərzində baş vermiş ilk qəfil gecə hücumudur. Rusiya silahlı qüvvələri milyonlarla sakini olan şəhərləri bombalamaqla heç nədən çəkinməyəcəyini nümayiş etdirdi. Ukrayna rəsmilərinin məlumatına görə, Rusiya ordusu üç istiqamətdən hücuma keçib.

Hərbi əməliyyatların başladığı zamandan ötən müddət ərzində cəbhə xəttindən ziddiyyətli məlumatlar yayılır. Buna baxmayaraq, müəyyən nəticələr çıxarmaq mümkündür. Rusiya ordusu Ukraynanın içərilərinə doğru müəyyən qədər irəliləməyə nail ola bilib. Ancaq burada müəyyən şübhəli məqamlar var. Rusiya ordusunun geniş bir ərazidə irəliləməsinə baxmayaraq, Ukrayna ordusunun ağır itkilər verdiyini təsdiqləyən məlumatlar yoxdur. Ukrayna tərəfi 200 nəfərə yaxın hərbçisini itirdiyini təsdiqləsə , Rusiyanın da bir o qədər itki verdiyini söyləmək mümkündür.

Rusiyanın çox geniş bir ərazidə ən ağır silahlardan istifadə etməklə apardığı müharibə Ukraynanın daha çox itkilər verməsini şərtləndirməli idi. Ancaq bunun əksinə olaraq, cəmi 200 nəfərə yaxın hərbçinin həlak olduğu qeyd olunur. Belə qənaət hasil olur ki, Ukrayna ordusu üzbəüz döyüşlərdən çəkinərək ölkənin içərilərinə çəkilməklə düşməni küçə döyüşlərinə cəlb etmək istəyir. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ehtimalı yarandığı zamandan hərbi ekspertlər bildirlər ki, Ukrayna Rusiya ilə qarşı-qarşıya döyüşməməli, "Min kəsik müharibəsi" aparmalıdır.

"Min kəsik müharibəsi" ifadəsi Pakistanın hərbi kəşfiyyatının rəisi olmuş general Məhəmməd Yusəfə məxsusdur. Sovet İttifaqı Əfqanıstana hərbi müdaxilə edərkən İslamabadda Sovet işğalının qarşını almaqla bağlı aparılan müzakirədə general Məhəmməd Yusəf SSRİ kimi nəhəngi bir zərbə ilə məhv etməyin mümkünsüz olduğunu bildirir alternativ mübarizə üsulu təklif edir. Həmin təklifə görə, Sovet ordusuna qarşı partizan müharibəsi taktikası seçilməli onu sonu görünməz müharibəyə cəlb etməklə daima itkilər verməyə vadar etmək lazımdır. General Məhəmməd Yusəfin təklif etdiyi bu hərbi taktika tarixdən məlum olduğu kimi, Sovet ordusunun ağır itkilər verməsi siyasi rəhbərliyin geri addım atmasına səbəb oldu.

Əgər indi Ukrayna da eyni taktikaya əl atsa, bu, Rusiyanın uzun müddətli müharibəyə cəlb olunması deməkdir. Partizan müharibəsi aparmaq ənənəsi olan Ukrayna bu taktika ilə Rusiya ordusunu ağır itkilər verməyə vadar edə bilər. İlkin məlumatların təhlili belə qənaət yaradır ki, Ukrayna məhz "Min kəsik müharibəsi" taktikasını seçəcək. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu taktika Mustafa Kamal Atatürkün İstiqlal müharibəsi zamanı tətbiq etdiyi "Xəttin müdafiəsi yoxdur, səthin müdafiəsi var" döyüş taktikasına çox yaxındır. Yəni bir xətti deyil, bir ərazini müdafiə etmək lazımdır. Bu, ağır itkilərdən yayınmağa imkan verdiyi kimi, düşməni ağır itkilər verməyə vadar edən döyüş taktikasıdır.

Əlbəttə, bütün bunlar ehtimallardır. Ancaq Qərbin Ukraynanı əsasən tank əleyhinə raketlərlə stinger raketlərilə silahlandırması bu ehtimalın yüksək olduğunu söyləməyə imkan verir. Əfqanıstanda mücahidlər məhz bu silahlarla silahlanmışdılar. Müstəqil mənbələrin verdiyi məlumata görə, Qərb ölkələrinin Türkiyənin Ukraynaya verdiyi silahlar Rusiya ordusuna ağır itkilər verir. Rusiyanın 15 ədəd tank piyadaların zirehli döyüş maşını məhv edilib. Onların bir neçəsi Türkiyənin məşhur Bayraktar TB-2 insansız uçuş aparatı ilə vurulub. Artıq bunu təsdiqləyən görüntülər yayılıb.

Hərbi əməliyyatlarla bağlı dəqiq proqnoz irəli sürmək mümkün olmasa da, fevralın 24-də gecə saat 4-də başlayan müharibənin siyasi iqtisadi nəticələri haqqında birmənalı fikir bildirmək mümkündür. Birmənalı söyləmək olar ki, Rusiya ilə Qərb dünyası arasında münasibətlər bir fevralın 24-dən əvvəlki zamandakı kimi olmayacaq. Ən azından Vladimir Putinin hakimiyyətdə qaldığı müddətdə Qərblə Rusiya arasında münasibətlər normallaşmayacaq. ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməkdən imtina etdi. ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin məsuliyyətlə cəlb olunacağını bildirdi. Avropalı liderlər oxşar mövqe nümayiş etdirirlər. Eyni zamanda, Rusiyanın BMT Təhlükəsizlik Şurasındakı təmsilçiliyi müzakirə obyektinə çevrilib. Siyasi liderlər antihitler ittifaqına bənzər antiputin ittifaqının yaradılması ilə bağlı müzakirəyə start veriblər.

ABŞ Böyük Britaniya Şərq Avropa ölkələrinə əlavə hərbi qüvvələr göndərməklə NATO-nun Şərq cinahını gücləndirirlər. Rusiya vətəndaşarına Avropa ölkələrinə viza qadağaları tətbiq edilməsi istiqamətində ilk addımlar artıq atılmağa başlayıb.

Qərb mütəmadi sanksiyalar tətbiq etməklə Rusiya iqtisadiyyatını boğmağa çalışır. Artıq Rusiya şirkətlərinə məxsus səhmlərin sürətlə dəyərdən düşməsi nəticəsində ölkə iqtisadiyyatı on il ərzində qazandığını bir neçə saat ərzində itirib. Rusiya bankları bir-birinin ardınca sanksiyaların təsir dairəsinə düşür. Bunun nəticəsində Rusiyanın milli valyutası rubl dünyada ən-qeyri stabil valyutaya çevrilib.

Əlbəttə, bu, Rusiya iqtisadiyyatının dərhal çökməsi anlamına gəlmir. Amma bu sanksiyalar altında Rusiya iqtisadiyyatı ən yaxşı halda bir neçə ay davam gətirə bilər. Çox maraqlıdır ki, ən təhlükəli məqam bundan ibarət deyil. Rusiya iqtisadiyyatının Qərb ölkələri ilə bağlantısının kəsilməsi məsələsi də gündəmə gəlib. Rusiya iqtisadiyyatının əsasını təşkil edən enerji daşıyıcılarının ixracının məhdudlaşdırılması, zamanla tamamilə dayandırılması müzakirə olunur. "Şimal axını-2" qaz kəmərinin istifadəyə verilməsinin dayandırılması, "Şimal axını-1" qaz kəmərinin də dayandırılması ilə bağlı müzakirənin başlanması Qərbin qətiyyətli mövqeyindən xəbər verir. Bunun ardınca ümumiyyətlə, Rusiyanın Avropaya neftqaz ixracatının tamamilə dayandırılması müzakirəyə çıxarılacaq.

Qərb Rusiyanın yüksək vəzifəli rəsmilərinə və iri biznes təmsilçilərinə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, onların ailə üzvlərinə qarşı da sanksiyalar tətbiq edir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, Rusiya prezidentinin ətraf mühit məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanovun, "Rosneft", "VTB" və "Sberbank"ın rəhbərlərinin ailə üzvlərinə, Dövlət Dumasının üzvləri və aparıcı mətbuat orqanlarının rəhbərlərinə qarşı da sanksiyalar tətbiq olunub. Bütün bunlar qlobal iqtisadiyyatın bir hissəsi olan Rusiyanı dünya iqtisadiyyatının önəmli hissəsindən təcrid edilməsinə gətirib çıxaracaq. Bu isə dövlətin dayanaqlığını pozacaq.

 

 

Xaqani CƏFƏRLİ

 

525-ci qəzet.- 2022.- 26 fevral.- S.8.