Dəyişən dünya, yeni çağırışlar və Azərbaycan polisi

 

2 iyul Azərbaycan Polisi Günüdür

 

Səyyad AĞBABALI

 

İndi Azərbaycan polisi Azərbaycan övladlarının polisidir, milli polisdir. Bununla fəxr etmək lazımdır. Bu güc ilə, qüvvə ilə biz Azərbaycanı gündən-günə inkişaf etdirəcəyik.

Heydər ƏLİYEV, Ümummilli lider

Ətraflı

Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bugün Azərbaycanın inkşafında polis orqanlarının çox böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

104 yaşlı Azərbaycan polisinin ad günü Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə 24-cü dəfədir ki, dövlət səviyyəsində xüsusi tarixi gün - AZƏRBAYCAN POLİSİ GÜNÜ kimi qeyd olunur. Əslində, bu zaman kəsiyi tarix üçün bir göz qırpımıdır. Ancaq yüz dörd il ərzində Azərbaycan elə ağrılı-acılı, həm də şərəfli mərhələlərdən keçib ki, onlardan hər biri ayrıca sanballı tədqiqat mövzularıdır. Ümumilli lider Heydər Əliyev  Azərbaycan polisinin 80 illik yubileyində keçilən yolu təhlil edərək belə dəyərləndirmişdi: "Bu tarixin çox parlaq səhifələri də, ancaq ləkəli, qara səhifələri də var. Amma bunların hamısı bizimdir, Azərbaycanındır, xalqındır. Bu, bizim xalqın tarixinin səhifələridir".

Keçmişdən dərs almasaq, gələcəyə doğru lazımınca irəliləyə bilmərik. Ona görə də 104 yaşlı polisin portet cizgilərinin bəziləri haqqında qısa qeydlər etmək,  zənnimcə, yerinə düşər.

- Ötən dövr ərzində Azərbaycan polisinin adı üç dəfə dəyişdirilib.

- Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Nazirliyinin nəzdində yaradılan və parlament qarşısında hesabatçı olan DİN-ə, təxminən, 20 ay ərzində 6 nəfər rəhbərlik edib. Onların hamısı, demək olar ki, erməni-daşnak terrorçuları və bolşevik-daşnak cinayətkarları tərəfindən ya qətlə yetirilib, yaxud da başqa yollarla repressiyaya məruz qalıblar.

- Sovetlərin ilk dönəmlərində (xüsusilə 1920-40-cı illərdə) Azərbaycana və Azərbaycan xalqına yad olan, qatı düşmən kəsilənlərin rəhbərlik etdikləri vaxtlar polis həm Sovet repressiya maşının aparıcı qüvvələrindən birinə çevrilib, həm də özü repressiyanın qurbanı olub. Belə zamanları atalarımız "At izinin it izinə qarışdığı dönəmlər" kimi xarakterizə ediblər.

- Sovet Azərbaycanı dönəmində daxili işlər naziri vəzifəsini 16 nəfər tutub. Onlardan 3 nəfəri qeyri-azərbaycanlılar olub. Həmin şəxslərin Azərbaycan SSR-in daxili işlər naziri vəzifəsini tutmaları 1929-1941 və 1953-1956-cı illərə təsadüf edir. Bir faktı qeyd etmək yerinə düşər. Məhz 1929-1941-ci illərdə nazir vəzifəsini tutan Stepan Fyodoroviç Yemelyanovun fəaliyyəti dövründə Azərbaycan milisinin ancaq rəhbər heyətindən 320 əməkdaş repressiyanın qurbanı olub.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçilənədək (1969) Azərbaycan SSR-in daxili işlər nazirinə və ən yaxşı halda onun müavinlərindən birinə Moskva tərəfindən general rütbəsi verildiyi halda, xisləti başdan-ayağa separatçı-daşnak olan Ermənistan DİN-in rəhbərliyində təmsil olunanlara isə general uduzları ovucla hədiyyə edilib.

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən Ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışına qədər (15 iyun 1993-cü il) Ermənistanın hərbi-xunta, daşnak-separatçı, işğalçı qüvvələri qarşısında sipər olan tək qüvvə Azərbaycan polisi idi.

1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr tərəfindən Azərbaycan polisi tamamilə siyasiləşdirildi, öz vəzifələrinin icrasından uzaqlaşdırıldı, peşəkar özəklər əsaslı surətdə məhv edildi.

Ümummilli lider birinci dəfə hakimiyyətə gələrkən DİN qarşısında qoyduğu sualları 24 ildən sonra yenidən gündəliyə gətirdi: "Niyə DİN və onun strukturları öz vəzifərini yerinə yetirə bilmir? Niyə bu orqanla bağlı şikayətlərin və narazılığın sayı bu qədər çoxdur? Niyə Daxili işlər orqanlarında cinayətə meyilli, hətta cinayətkar ünsürlər kök salıb?"

Ölkə rəhbəri bu orqanın fəaliyyətini yenidən qurmaq üçün, obrazlı dillə desək, "Ağır xəstənin cərrahi əməliyyata ehtiyacı olduğunu" vurğuladı və müdaxiləni birbaşa öz üzərinə götürdü.

Bütün bunlar Azərbaycan polisinin tarixində qalıb və qalacaq. Bəlkə də, bayram əhval-ruhiyyəli bu yazıda bəzi məqamları qeyd etməmək olardı, əgər biz tarixdən lazımınca dərs almış olsaydıq. Ona görə də Azərbaycan polisinin gərgin və fədakar həyatını, iştirakçısı olduğu prosesləri, bu sistemdə aparılan islahatları gələcək nəsillərə olduğu kimi çatdırmaq lazımdır.

Biz keçmiş tariximizə də sancılıb qala bilmərik. Dünya hər kəsin gözü qarşısında dəyişir. Beynəlxalq aləmdə sanballı tarixçi və analitiklərin, nüfuzlu beynəlxalq araşdırma mərkəzlərinin belə kəsdirə bilmədiyi proseslər baş verir. Terrorizm və dini ekstremizm, beynəlxalq narkomafiya şəbəkələri, daxili hərbi toqquşmalar və müharibələr, milyonları ağuşuna alan miqrasiyalar bir çox ölkələri qan çanağında silkələyir, iqtisadiyyatını dağıdır, sabitlik və təhlükəsizlik zorakılıqla əvəz olunur. Bu və digər səbəblərdən yeni çağırışlara hazır olmaq və onlara vaxtında cavab vermək zərurəti yaranır. Bu baxımdan xüsusi coğrafi məkanda yerləşən Azərbaycan üçün isə həm də xüsusi, müstəsna əhəmiyyətli məsələləri və problemləri proqnozlaşdırmaq lazım gəlir.

İndi Azərbaycan dünyada davamlı iqtisadi inkişaf tendensiyasına malik, dayanıqlı sabitliyi olan, öz köklərindən ayrılmayaraq demokratik yolla inkişaf edən bir ölkədir. Azərbaycan xalqı gələcəyə inamla baxır ona görə ki, onun dünyada tanınan və qəbul olunan, "Azərbaycan gəmisini fırtınalı dənizdə belə məharətlə idarə edən" kapitanı - Müzəffər Ali Baş Komandanı var. Azərbaycan xalqı ümid qığılcımlarını getdikcə daha parlaq görə bilir həm də ona görə ki, ölkədə asayişi, ictimai təhlükəsizliyi, vətəndaşların hüquq və azadlıqlarını etibarlı şəkildə qoruyan, dövlət başçısının etibarını və etimadını ən yüksək səviyyədə doğruldan, Heydər Əliyev məktəbini layiqincə keçərək mətinləşən, dövlətin əsas sütunlarından birinə çevrilən Azərbaycan polisi var.   

Bu gün Azərbaycan polisi anda sədaqət nümunəsidir. Son 4-5 ildə qeydə alınmış cinayətlərin 85 faizindən yuxarısının böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizindən çoxunun ağır cinayətlər təşkil etməsi, cinayətlərin açılmasının 80 faizdən yuxarı olması qeyd edilən fikirləri təsdiqləyir. Bu statistikanın arxasında Azərbaycan polisinin xidməti borca sədaqəti, dövlətə və dövlətçiliyə ən yüksək formada sadiqlik nümayiş etdirməsi, qəhrəmanlığı və şücaəti durur.

Siz Azərbaycan polisini və onun strukturlarından biri olan Daxili Qoşunların əməkdaşlarını nə vaxt və harada görmüsünüz?

- 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakını işğal edərək qan çanağında çalxalayarkən ilk şəhid verəndə (20 Yanvar faciəsi zamanı ilk şəhid polis serjantı Telman Bağırov olub);

- Dişinə qədər silahlanmış işğalçı erməni-faşist-daşnak separatçı qüvvələrinə və onların havadarlarına qarşı 1988-1992-ci illərdə tabel silahı ilə qəhrəmancasına vuruşanda;

- Xocalı aeroportunda Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin rəhbərliyi ilə tankların və zirehli maşınların üzərinə vətən sevgisi ilə yeriyib, az qala, axırıncı əməkdaşını da şəhid verən zaman;

- Xüsusi təyinatlıların Çaykənd əməliyyatı zamanı düşməni sil-süpür edib yurdun bir parçasını murdar ayaqlardan təmizləyəndə;

- Birinci Qarabağ müharibəsində sıralarından 500, 44  günlük vətən savaşında isə 66  əməkdaşını şəhid verən, ümumilikdə 5346 əməkdaşı yaralanan və əlil olan zaman;

- Mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizədə şəhid olan silahdaşının məzarı, yaralananların isə hospitaldakı çarpayısı başında dayanarkən;

- Beynəlxalq narkomafiyanın ölkəmizə uzanan caynaqlarının kəsilib atıldığı yerlərdə;

- Bəzi başıpozuq və səbatsız, həddini bilməyənlərin qarşısını sinəsi ilə kəsərək böyük səbr, qətiyyət və məsuliyyət nümayiş etdirən vaxtlar.

Bu xüsusatları istənilən qədər sadalamaq olar. Lakin elə qeyd olunanlar da kifayət edir ki, Azərbaycan polisinin parlaq obrazı gözlər önündə canlansın. Bu obraz "demokratiyanın vulkan kimi püskürdüyü" ölkələrdə, haqqdan, ədalətdən dəm vuran, lakin polis zorakılığının tüğyan etdiyi dövlətlərdə qulluq edən polislərin obrazlarından köklü surətdə fərqlənir. Onlardan fərqli olaraq Azərbaycanın Daxili İşlər Nazirliyi və onun sturukturları "qorxu və xof orqanı" kimi yaramaz adı tarixin arxivinə çoxdan gömüb. Bəlkə də, dünyada bir neçə ölkə tapmaq olar ki, Azərbaycanda olduğu kimi "Polis haqqında" qanunun 40 maddəsindən 14-ü insan hüquq və azadlıqlarının qorunması ilə bağlı olsun. Azərbaycan polisi demokratiya ilə anarxiya arasındakı qırmızı xətti çox aydın görən və dəyərləndirən bir sturukturdur. Demokratik cəmiyyətdə zorakılığa, xaos və anarxiyaya yer ola bilməz. Demokratiya qanunlara hörmət və ona riayət tələb edir. Qanun qarşısında hamı bərabərdir. Ona görə də qanunları pozmaq niyyəti olanlar onun sərt üzü ilə üzləşəndə günahı özlərində axtarmalıdırlar.

Azərbaycan polisi öz gücünü canı qədər sevdiyi xalqından, diqqətini və qayğısını daim əsirgəməyən Ali Baş Komandanından, nazirliyin rəhbərliyinin yüksək peşəkarlıqla idarə etmə səriştəsindən alır. Onun yüksək vətənpərvərlik ruhu torpağına, Ulu öndərin əmanət etdiyi müstəqil Azərbaycana sonsuz məhəbbətlə xidmət etməklə yoğrulub, yoğrulur və bərkiyir.

"Müstəqil Azərbaycan dövləti və dövlətçiliyi üçün bütün təhdidlər arxada qalıb" - deyə düşünsək, səhv etmiş olarıq. Müstəqil, bölünməz, ərazi bütövlüyü təmin olunmuş və demokratik Azərbaycan uğrunda Müzəffər Ali Baş Komandanın başladığı mübarizə bir çox xarici qüvvələri və dövlətləri əməlli-başlı narahat etdi. Biz onların kimliyini bir daha gördük. Bu gün də onlar marağa yatmış vəziyyətdə dişlərini ölkəmizə qicardırlar. Əlbəttə, respublikamızın daxilində də hər zaman bir ovuc səbatsız ünsür görmək olar. Məhz bu səbəblərdən həm də Daxili İşlər Nazirliyi və onun strukturları ən mühüm və çətin vəzifələri zamanında icra etməyə hazır olmalıdırlar.

İndi Azərbaycan polisi deyəndə öz kökündən və həyatın real axarından ayrı düşməyən hesabatlılıq, şəffaflıq və vətəndaş məmnunluğu prinsipləri ilə fəaliyyət göstərən, cəmiyyətə tam açıq olan, yeni çağırışlara ölkənin milli maraqları baxımından sərrast cavab verən mükəmməl bir struktur görürük.

Daxili İşlər Nazirliyi və onun strukturları informasiya və kommunikasiya texnologiyalarının inkişafını layiqincə təqib edir, innovasiyalardan mükəmməl qaydada bəhrələnir. Daxili işlər orqanlarında aparılan institusional islahatlar ildən-ilə dərinləşdirilir. İndi sınanmış və etibarlı işçilərin, yüksək mənəvi-siyasi və professional keyfiyyətlərə malik əməkdaşların DİN-in mərkəzi aparatında, şəhər və rayon polis idarə və şöbələrinin rəhbərliyində daha sanballı formada görünmələri həm də ictimaiyyət arasında böyük razılıq doğurur.

İyulun 2-si polisin ad günüdür. 104 yaşın mübarək, Azərbaycan polisi!

P.S. Nobel mükafatı laureatı, Kolumbiya yazıçısı Qabriel Qarsia Markes belə yazırdı: "Ədəbiyyat olmasaydı, dünya zərrəcə dəyişməzdi. Amma polis olmasaydı, dünya tamamilə başqa cür olardı".

Siz necə düşünürsünüz? Yalnız bircə gün polis fəaliyyətini dayandırsa, özünüzü təhlükəsiz hiss edə bilərsinizmi?

Nəinki siz, biz, heç dövlət də özünü təhlükəsiz hiss edə bilməz. Çünki onu qoruyan ən mühüm güc strukturlarından biri Daxili işlər orqanları var.

Prezident İlham Əliyevin dediyi kimi: "Polisə olan hörmət dövlətə olan hörmətdir".

 

525-ci qəzet.-  2022.- 1 iyul.- S.6.