Səxavət Sahil
fərqliliyi: "Nar ağacının nəğmələri"
Gülnar SƏMA
Səxavət Sahilin "Nar ağacının
nəğmələri" kitabında toplanan şeirlər silsiləsi torpaq-budaq-yarpaq üçbucağının
vəhdətini əks
etdirir. Təbiətin ünsürləri cəmiyyətin ünsürlərinə
təsirsiz qalmır.
Yarpaq budağa pənah gətirib, budaq da yarpaqdan yapışıb.
Yarpaq saralır, yerə - torpağa tökülür, torpaq onu həzm etdikdən
sonra yenidən budağa yollayır, budaq da yarpağa
yönəldir:
Ətraflı
İndi
burda payızdı,
ömrünün qürub
çağıdı yarpaqların.
Yağışlar başlayanda
torpağa qarışacaq,
torpağa hopacaq yarpaqlar...
Və bir gün - gələn baharda
ağacın köklərindən
yapışıb
yuxarı qalxacaq,
gövdəsindən tutub,
budağa qayıdacaq,
öz yerinə qonacaq yarpaqlar...
Zaman keçir,
vəhdət pozulmur.
Təbiətin bu cür pozulmaz
qanunları cəmiyyətə
də sirayət edir. İnsanlar yaranır
- torpağın üstündə
gəzir və sonunda torpağın altında məskunlaşır:
Yazda tumurcuqlayan,
yayda qızaran,
payızda qaralan
nar oluruq,
saralan yarpaq oluruq,
sonra da torpaq oluruq.
İnsan oğlu nə qədər ki, budaq və yarpaq
kimi torpağın üstündədir, onun həyatı nar kimidir. Əvvəli çiçək olur. Sonra meyvə kimi
böyüyür. Formasına görə
yer kürəsinə
oxşayan narın içində çoxlu dənələr olur.
İnsanlar planetlərində bir-birinə sığınıb
yaşadıqları kimi,
dənələr də
bir-birinə sığınır.
Hətta
arakəsmələrlə bir-birindən
ayrılır. Və
nəhayət, nar yetişir:
Budaqların gül açacaq,
böyüyəcək, nar olacaq.
Yaşıl-yaşıl yarpaqların
arasında bar olacaq.
Yetişmiş narı insan yeyir. İnsan özü də
sonunda torpağa baş qoyur. Ağacda qalıb çürüyən
narın aqibəti də torpağa yenilmək olur. Bir sözlə, neyləyirsən elə, sonunda torpağınsan:
"Döşənir ayağına
narın öz yarpaqları, yalvarır, haray çəkir, xəzəl-xəzəl yellənir".
Bəs bütün bunları insan dərk edirmi? Axı insanın dərrakəsi
buna yetərlidir.
Səxavətin şeirlərindəki
nar əslində insanın özünə
baxışıdır:
Yarpaqlarını qızıla çevirib
təzminat verən
nar ağacı
baharı gözləyir
-
İsanın göylərə dikilən
Gözlərini xatırlayıram.
İnsan
var ki, nar
kimi şirinliyindən
çatlayır, insan
var ki, turşməzədir:
"Dərilməmiş nar
qalıb çılpaq
budaqda - büzüşüb
yetim kimi, möhtac olub bir cüt ələ".
Narı ağacından dərəndən
sonra bir xeyli yaşaya bilir. Nəticədə ya yeyilməlidir,
ya da çürüyəcək.
İnsan da belədir, böyüyüb
boya-başa çatıbsa,
təyinatı üzrə
istifadə edilir:
"Körpəliyim pöhrələrin
altında qaldı, Uşaqlığım torpağa
düşdü Budağından
vaxtsız qopan nar kimi". Səxavətin
şeirlərindəki "nar payızı" darıxmağıyla daha çox gözə dəyir:
Bu darıxmaq deyil e,
nəsə ayrı
bir əzabdı.
Bəlkə də,
darıxa bilməmək
əzabıdı.
Bilirsən, nar ağacı...
... bəlkə də, elə sən bilirsən.
Ümumiyyətlə, kitabdakı şeirlərdə
məntiqi vurğu narın üzərinə
düşür. Şair narın bizə tanış olmayan çalarlarını
təqdim edir: "Gümüşü yarpaqlar
içindən boylanır
gümüşü nar"
və ya "Qara yarpaqlı nar ağacı Qara dənəli nar gətirir" - sətirlərində reallıqdan
əsər-əlamət yoxdur.
Gümüşü rəngdə nə
yarpaq, nə də nar olur.
Şair isə oxucunu bu kəşfinə inandırır. Eləcə də
qara yarpaqlı və qara dənəli
narın gerçəkliyi
uydurmadır.
Səxavət Sahil poetik fiqurlara çox can atmasa da, az
deyir, düz deyir və təkrarsız
deyir: "Min illik qarğış kimi bulud tutub ay işığını", "Bir igidin ömrü
qədər kəsib
ay işığını qara buludlar", "İndi budaqlar utancaq qız deyil, uşaq gözləyən ana kimidir", "Çarmıxdakı
oğluna baxan Məryəm kimi, eləcə qopduğu budağa baxır yerdə çürüyən
nar", "Məsihin
edamını görmədiyi
kimi, 26 fevralda da Yumulmuşdu Tanrının gözləri"
- misralarındakı
təşbehlər bunun
güzgüsüdür. Başqa
bir şeirində isə bənzətmə mənbəyi klassik ədəbiyyat olsa da, müasir baxış göz önündədir:
Hanı, hökmdar,
sənin qalan?!
Hanı,
qızıl payız,
sənin xalın?!
Hökmdarların qurub yaratdıqları qalaların zamanın sınağından çıxa
bilməməsi "Mədain
xərabələri"ndən üzü bəri çox çək-çevir
edilib. Lakin payızın yarpaqlardan
yaratdığı xalının
aqibətinin həmin qalalarla müqayisəsinə
rast gəlinməyib.
Yaxud da frazeoloji birləşmənin
yaratdığı metaforaya
diqqət edək:
"Küləyin qulağından
uzaq, elə saralıb ki nar yarpaqları, bir əsim himə
bənddi" - Yarpağın
tökülməsi təbiətin,
külək təbiətin.
Şair isə saralmış yarpağın budağında
nə qədər çox qalarsa, o qədər uzun ömürlü olmasına
inanır. Nə vaxtsa,
budaqdan torpağa düşəcək, lakin
yarpaq torpaqdan budağa qalxa bilməyəcək.
525-ci qəzet.- 2022.- 1 iyul.- S.15.