Bir
ocağın dan ulduzu
Onu çoxdan tanıyıram, lap
çoxdan. Sayəsində ziyasından nur ələnən
işıqlı ocağın bir üzvünə də
çevrilmişəm. Ayrı-ayrı
yollarla eyni məktəbə gəldik və eyni sinifdə
qarşılaşdıq. İllər
bir-birini qova-qova aramızdakı ünsiyyəti isindirdi və
sonda bu günə qədər gələn bir dostluğun təməli
oldu. Onunla müsahibə hazırlamaq həmişə
istəmişəm. Əslində səbəb də
çox olub, məqam da. Amma di gəl ki, həmişə bir
cavab eşitmişəm: "Sən elə
gördüyümüz işləri, tədbirləri
işıqlandır, yetər". Bilirdim ki, yenə də
etirazla qarşılanacaq istəyim. Amma bu dəfə bərkindən
yapışdığımda çox qərarlı
olduğumu görüb, razılaşmaqdan savayı çarəsi
qalmadı. Əvvəldən belə bir şərt qoydum:
"Biz bir-birimizi tanımırıq, ilk dəfədi
üz-üzə gəlmişik". Amma alınmadı... Və beləcə, qəzetimizin
bugünkü qonağı Əməkdar mədəniyyət
işçisi, Azərbaycan Bəstəkarlar İttifaqının
üzvü, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər
Talıbzadədir.
- Özün haqqında
danışmağı sevməsən də, bu gün
müsahibimsən. Tanımayanlar səni
tanıtmaqla başlayaq söhbətimizi.
- Ötən
əsrdə qalan bir ilin bugünkü tarixində Bakı
şəhərində anadan olmuşam. Zamanın ən
qabaqcıl təhsil ocağı olan 190 saylı məktəbdə
doqquz il oxuya bildim, çünki təhsilimi
musiqi sahəsi üzrə davam etməyə qərar verdim.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbini
və indiki Bakı Musiqi Akademiyasını bitirmişəm. 43 ildi Azərbaycan Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutunda
çalışıram. Hazırda institutun "Musiqi
tarixi və nəzəriyyəsi" şöbəsində aparıcı elmi
işçiyəm və görkəmli musiqişünas,
akademik Zemfira Səfərovanın elmi
yaradıcılığı mövzusunda doktorluq işi üzərində
çalışıram. Eyni zamanda, babam Abdulla
Şaiqin Mənzil-Muzeyinin direktoruyam. Məncə tanışlıq
üçün yetər
- Məncə, yetməz,
çünki hələ başlanğıcdayıq.
-
Ziyalı bir ailədə böyümüşəm. Atam akademik Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslığına
böyük töhfələr verib, ədəbi tənqid
tarixi adlı bir məktəbin əsasını qoyanlardan biri
olub. O, atası A.Şaiqin
yaradıcılığını, irsini yorulmadan təbliğ
edən, yaşadaraq, bir övlad borcunu ödəməyə
çalışıb. Atamın bütün
yaradıcılığının, əsərlərinin, fəaliyyətinin
ana xətti azərbaycançılıq olub. İxtisasca filoloq olan anam Rəfiqə Talıbzadə
pedaqoq kimi fəaliyyət göstərib. Bir
müddət 132 saylı orta məktəbdə, daha sonra indiki
BDU-da dərs deyib. Şərqşünas
qardaşım Şaiq Talıbzadə ilə aramıza
vaxtsız əcəl adlı bir ayrılıq girdi.
- Bələd olduğum bu kiçik
ailə ziyalı bir ocağın parçasıdı. Həmin ziyadan danışaq.
- Muzeyə
gələnə qədər şeirləri ilə
böyüdüyüm babam Abdulla Şaiqi bir də
yazıçı və klassik uşaq yazarı kimi
tanımışam. Yalnız muzeyə gələndən sonra
həqiqətdə onun kim olduğunu
bildim. Böyük türkçü olan babam,
eyni zamanda, millət təəssübkeşi, xalqının,
yetişməkdə olan gəncliyin tərəqqisi uğrunda
çalışan bir şəxsiyyət olib. Bildim ki, A.Şaiq
şair, yazıçı, dramaturq, tərcüməçi,
müəllim, ictimai xadim, Azərbaycan uşaq ədəbiyyatının
banilərindən biri kimi Vətəninə ürəklə
xidmət edib. O, bütün ömrünü savadlı, sağlam
düşüncəli gəncliyin yetişməsi uğruna sərf
edib. Tiflisdə Rüştiyyə məktəbində
oxuduğundan rus dilini, Xorasanda təhsil aldığı
üçün fars və ərəb dillərini
mükəmməl bilib. Dünya və rus
klassiklərinin əsərlərini tərcümə edərək
tərtib etdiyi dərsliklərə salırdı ki, türk
balaları onları tanısın, gənclərin
dünyagörüşü artsın. İctimai
xadim olaraq, iki çağırış SSRİ Ali Sovetinin
deputatı kimi Ü.Hacıbəyli və digər görkəmli
şəxsiyyətlərlə ölkəsini təmsil edib.
A.Şaiq yüksək insani keyfiyyətlərə
malik olub. Çox sədaqətli,
dostcanlı olduğundan, ətrafında özü kimi insanlar
onu əhatə edib. Atamın babamla
bağlı bir söhbəti mənim üçün əsl
sədaqət nümunəsidi. Amansız
repressiya illərinin bir günü babamgilə naməlum bir
şəxs gəlib deyir ki, bəs Hüseyn Cavid
vağzaldadı onu Sibirə aparırlar. İsti
əyin-baş lazım olduğunu demək üçün məni
sizə göndərib. Babam həmin an
atamı Cavidin evinə göndərib. Xəbəri
eşidən Müşkünaz xanım dərhal bir
bağlama hazırlayaraq, babamgilə gəlib. Vağzala tək gedən A.Şaiq neçə saat
gözləsə də, heç kəs gəlməyib. Sonra məlum olub ki, bu, babamın qara siyahıya
salınması üçün hazırlanmış bir oyun
olub. Hadisədən bir neçə
gün sonra Yazıçılar İttifaqında bu məsələnin
müzakirəsi ilə bağlı iclas
çağırılır, lakin babamın sadiq tələbələri
onu xilas etməyə müvəffəq olur. O zaman xalq
komissarı olan Ruhulla Axundov müəllimini nəzərdən
yayındırmaq üçün Şuşaya dərs deməyə
göndərir. M.İbrahimov isə babamın əsərlərini
çap etdirib və yazdığı ön sözdə
A.Şaiqin layiqli sovet yazıçısı olduğunu
xüsusi vurğulamaqla onu repressiyanın caynağından
xilas edə biliblər. Haqqında eşitdiklərim,
oxuduqlarım, əlimizdə olan sənədlərlə
özlüyümdə babama aid mükəmməl təsəvvür
yarada bilmişəm.
- Bu ocağın ilki və sonralar
Şaiq yaradıcılığının böyük təbliğatçısı
olan mərhum akademik Kamal Talıbzadə...
- O mənim
üçün
kiçik yaşlarımda övladlarını sevən,
onların qayğısına qalan bir ata idi. Atamı
illər sonra faliyyətinə yavaş-yavaş bələd
olduqca daha dərindən tanımağa başladım. Ailəsinə, valideynlərinə çox
bağlı olan Kamal Talıbzadə, eyni zamanda işinin vurğunu
idi. Evdə az-az olardı, bütün ömrünü
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna həsr
etmişdi. Kamal müəllimin vəfatından
sonra "Kübarlıq məktəbi" adlı bir kitab
hazırladıq. Tanınmış şəxsiyyətlərin,
iş yoldaşlarının, dostlarının, tələbələrinin
xatirələrindən ibarət bu kitabda hamının işlətdiyi
bir cümlə var - Kamal müəllim mənə kömək
edib. Atamın gənclərin yetişməsində müstəsna
xidmətləri var.Düşünürəm ki, bu, kökdən
gələn xüsusiyyətdi. Yadımdadı,
onun dissertantları adətən, evə gələrdi. Qapısı bağlı qonaq otağında atam
saatlarla onlarla məşğul olardı. O zamanlar mən
artıq tələbə idim və onlara qibtə edərək
düşünürdüm ki, kaş mənim də belə
elmi rəhbərim olaydı. Pedaqoq olan anam
yaxşı tələbələrini atamın yanına
yönəldərdi, Kamal müəllim də öz növbəsində
onları yetişdirərdi. Namizədlik işimi
müdafiə edəndən sonra atam ürəklə
yaratdığı və ona çox bağlı olduğu
muzeyə məni dəvət eləyib dedi: "Lazımdı
ki, bu ocaqda başladığım işi biri davam etsin və
o davamçının sən olmağını istəyirəm".
Mən onun istəyinə qarşı heç
vaxt çıxa bilməzdim, çünki bu, Kamal müəllimin
lazım bildiyi bir məsələ idi. Bu
gün məni muzey işinə yönəldən atama
çox minnətdaram və həyatda tutduğum düzgün
mövqeyə görə ona borcluyam.
- Növbə çatdı muzeyə...
- Hə,
həyatımda ən önəmli olan bir sahə... A.Şaiqin Mənzil-Muzeyinin öz özəlliyi var.
Bu, nə ədibin şəxsi əşyaları, nə də
ondan qalan mirasdı. Bu özəllik
A.Şaiqin uşaqlara, gənclərə olan xüsusi
münasibətində, zəmanəsinin şəxsiyyətləri,
ictimai xadimləri, ziyalıları, müəllimləri olan
şəxsi münasibət və ünsiyyətindədi.
Görün kimlər bu evin qonağı olub - Hüseyn Cavid,
Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Cəfər
Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq,
Hümmət Əlizadə, Atababa Musaxanlı, Məhəmməd
Hadi, Mikayıl Rzaquluzadə və kimlər, kimlər. Bura təşrif buyuran hər kəs etiraf edir ki,
muzey dövrünün abu-havasını hələ də
yaşatmaqdadı. Bu divarlar arxasında
boya-başa çatan, evin bütün incəliklərinə
bələd olan Kamal müəllim muzeyi yaradarkən o
mühiti qoruyub saxlamağı bacarıb. Bunu xüsusi
olaraq vurğulamaq istərdim ki, bu ev
yalnız yaradıcı söhbətlərin, diskussiyaların
məkanı olmayıb. Bu divarlar
çal-çağır da görüb, toy-büsat da.
Folklorşünas Hümmət Əlizadə
babamın şagirdi olub və bir müddət də onlarda
yaşayıb. Günlərin birində
A.Şaiq öyrənir ki, o bir qıza aşiq olub, amma
qızın valideynləri buna qarşıdı. Babam özü elçi gedir, ailənin
razılığını alır və bu evdə iki gəncin
toyu olur.Toyda dövrün tanınmışları, qələm
sahibləri iştirak edir. Onların
arasında Səməd Vurğun da olur və bütün toy ərzində
nənəm Şahzadə xanıma köməklik edən gənc
bir qızdan gözlərini çəkmir. Bu gənc qız atamın xalası Xavər xanım
olub. Bir müddətdən sonra Abdulla
Şaiq baldızına elçi gedir, onu Səməd
Vurğuna alır və bu evdə onların da toy məclisi
keçirilir. İndi Mənzil-Muzeyi olan bu
divarlar babamın, Hümmət Əlizadənin, Səməd
Vurğunun və sonda atamın toyuna şahidlik edib. Bir
zamanlar xeyirxah sakinləri olan, parlaq zəka sahibləri kimi
qonaqları olan bu ev indi muzey olsa da, isti səmimiyyətini,
mühitinin nəfəsini hələ də saxlayır.
- Bir az da nəvə Ülkər
danışsın…
- İki yaşım olub babam dünyasını dəyişəndə. İlk nəvəsi olaraq məni çox sevibmiş. Şaiq yaradıcılığında Ülkər ulduzu azadlıq rəmzi olub və ona müraciətlə şeir də yazıb. Mən anadan olanda babam düşünmədən bu adı mənə verib və ölümündən bir il əvvəl mənə "İstəkli nəvəm Ülkərə" adlı şeir ithaf edib. İki yaşlı bir körpə nə xatırlaya bilər ki... Lakin valideynlərim, daha çox da anam babamla bağlı xeyli xatirələr danışıb mənə, çünki Rəfiqə xanım babamın sevimli gəlini kimi onunla daima ünsiyyətdə olub. Yaxşı xatirimdədi məktəbdə oxuduğum illərdə müəllimlər məni göstərib deyəndə ki, bu qız Abdulla Şaiqin nəvəsidi, çox utanardım, hətta ağlayardım da. Lakin illər keçdikcə Şaiq dünyasını anlayıb duyandan sonra bu addan utanan o məktəbli qızdan incisəm belə, sonra onu bağışladım. Başa düşdüm ki, bu şəxsiyyəti dərk etmək o zamanlar həmin məktəbli qızın anlamı daxilində deyildi. İndi həm nəvə, həm soyadı daşıyan və yaşadan, həm bir övlad olan Ülkər Talıbzadənin ona əmanət olunan bir ocağın ənənələrini layiqincə davam etdirmək kimi ümdə vəzifəni yerinə yetirməyə çalışır.
P.S.
İndi Ülkərlə 65 illik bir ömrün astanasında
üz-üzəyik. Lakin danışdıqca anladım
ki, Ülkər mənim üçün müsahib deyil. Onu
dinlədikcə, yarım əsrlik bir zaman kəsiyindən
geri qayıtdım. O zamanda 190 saylı hegemon bir məktəb
vardı. 1964-cü ildə o məktəbin 1a sinfinə gələn,
çantasına gücü belə, çatmayan bizlər
vardıq. O bizlər illəri adladıq, məktəbin
seçilən, fərqli bir sinfi olduq və sonda o məbəddən
ayrıldıq. Ayrılmayan təkcə dostluğumuz oldu.
Bizimlə bərabər yürüyən dostluğumuz. Sonda
isə ancaq bunu demək istərdim: Ülkər, ad
günün mübarək!
Tamilla M-zadə
525-ci qəzet .- 2022.- 1 iyul.- S.11.