Dul qadının tənhalığı
Telman ORUCOV
(Əvvəli ötən şənbə
saylarımızda)
Həsənin öz iş üslubunu
məhkum etməsi. İstedadlı cavan oğlan əhvalatı
Həsən
Ruhiyyənin onun düşüncələrinə,
davranışına tənqidi yanaşdığı qənaətinə
gəldi və bunların yaranmasına əsas verdiyi
üçün özünü qınamağa
başladı:
- Mən
sizə xoş gəlmək üçün canfəşanlıq
etdiyimi sezdiyiniz üçün, belə qənaətə gəlmisiniz
və məni xəbərdar edirsiniz ki, söhbət
atını çapanda da yüyəni çox boş
saxlamayım, çünki at sürət götürəndə
onu idarə etmək də çətin olur. Etiraf
edirəm ki, bəzən dilavərliyim özümə xoş
gəldiyindən, haradan başlayıb, harada qurtarmağın
da fərqinə varmıram. Yəqin ki, mən bankda
işə götürdüyümüz cavanları çox
işlədirəm, bəzən onlara bankın fəaliyyəti
üçün elə də əhəmiyyətli olmayan
analitik təyinatlı tapşırıqlar verirəm ki, gecə-gündüz
rahatlıq bilmədən onların həlli üstündə
işləsinlər, sonra da hərəsi bir nəticə ilə
mənə hesabat versin.
Bir nəfər
çox perspektivli gənc oğlanı türk
bankındakı yaxşı işindən ayırıb,
haqqında rəyin böyüklüyü fəaliyyətinin
səviyyəsinə uyğun gəlməyən
bankımızın cazibə qüvvəsini nəzərə
alaraq, bizim köhnə təcrübəli bir işçimiz
onu universitetdən tanıdığına görə işə
dəvət etdik. O, bankımızın işıq salan
parıltısına aldanıb, təklifimizlə
razılaşdı, baxmayaraq ki, bizdəki vəzifəsi və
aldığı əməkhaqqı heç də yüksək
deyildi. Mahiyyətcə isə o, bizim bank
sistemimiz üçün bir fenomen, əsl tapıntı idi.
Bu cavan oğlanın həm də bizim üçün olduqca
yaxşı, özü üçün olduqca pis bir
xüsusiyyəti var idi, heç bir tapşırığa mənfi
münasibət bəsləmirdi, hətta bu tapşırıq
şarada, rebus tipli olsa da, o, biliyi və zəhməti
hesabına ona açar tapacağına əmin olduğundan qətiyyən
"yox" demirdi. Ən ağır
yükü də öz çiyinlərinə götürməkdən
çəkinmirdi. Çox təvazökar
olması ilə yanaşı, üzərinə düşən
ağırlığı qaldırmaq, daşımaq
üçün bütün beynini, əzələlərini
işə salırdı, elə təsəvvür
yaranırdı ki, o, yunan mifologiyasından aramıza gəlib
düşmüş atlantdır, bankımız
timsalındakı göy qübbəsini də çiyinlərində
saxlaya bilər. Mən də onun bu zəhmət
itaətindən sui-istifadə etməyə başladım,
axı heç bir müqavimət hiss etmirdim, ona 4-5
işçinin görəcəyi işi
tapşırırdım, əslində, qəddarlıq
etdiyimi də anlayırdım. Bu
oğlanın da bu izafi tapşırığa narazılıq
etməməsi üçün öz səbəbləri var
idi. O, biliyinə, analitik qabiliyyətinə arxalanaraq vəzifəsinin
böyüdüləcəyinə və ehtiyacı olduğuna
görə maaşının artırılacağına
ümid edirdi. Tanışları
danışırdı ki, onun mənzil şəraiti də
yaxşı deyildir, atası da, anası da işləmirlər
və ailənin maddi çətinliyinin ağır
yükü əsasən onun üstünə
tökülmüşdür, ona görə də bizdə
işləməyə razılıq vermişdir. İkinci vacib bir cəhət isə onun olduqca sadə,
təvazökar olması, öz biliyinə görə məğrurluq
hissindən uzaq olması, həm də çox zəhmətsevər
olması idi. Bu cəhətlərinə görə o,
yaponlara bənzəyirdi, "workaholic"liyinə, ziyadə əməksevərliyinə
görə heç də onlardan geri qalmırdı.
Bir dəfə
mən ona sataşmaq qaydasında dedim ki, nə qədər zəhmət
çəksən də, heç kəs səni
başqalarından fərqləndirmir. O, mənim sözümdən
incimədi və əlavə etdi ki, nə vaxtsa fərq qoyan
olacaqdır. Ən qədim Şumer
yazısında haqq-hesab cədvəlində ilk ad və ya vəzifə
sahibi kimi mühasibin adı qeyd olunmuşdur. Mixi yazısı
olan bu gil lövhədə nə peyğəmbərin,
nə şairin, nə böyük fatehin deyil, məhz
mühasibin adı yazılmışdır. Buna
qədər isə adamlar ümumən ancaq yerin adı ilə
təqdim olunurdu. Mən də yalnız
tanınmış mühasib adlanmağa
çalışıram.
Gətirdiyim misalda göstərdi ki, bu sakit oğlan, yəqin
ki, çox uzağa gedəcəkdir.
Mən anlayırdım ki, ona qarşı qəddarlıq
edirəm və əvəzində isə onun gözlədiklərinin,
ümid etdiklərinin heç biri baş vermirdi. O, bizim bankdan çıxan
işığı ulduzun parıltısı hesab etmişdi,
anlamırdı ki, bu, neon lampalarından düzələn ucuz
reklamdan başqa bir şey deyildir.
Cavan oğlanı türk bankiri universitetin birinci kursunda
oxuyarkən işə götürmüş, qısa müddətdə
bu yeniyetməni güclü bir mütəxəssisə
çevirmişdi. Onun yaradıcı himayəsi nəticəsində
bu polad çubuq samurayların katana qılıncının
itiliyini qazanmışdı. Bizə
işləməyə keçməsinə onun bu ixtisas müəllimi
razı deyildi və şagirdindən sədaqətsizliyinə
görə incimişdi. O, bizdə yarım il işlədikdən sonra əvvəlki iş
yerinə qayıtdı, oradakı maaşı da bizdəkindən
az fərqli olsa da, bizdə mənim tətbiq etdiyim Henri Ford
prinsipi - tərtökdürmə sistemi orada yox idi. Nəhayət ki, istismar əzabından başqa ona
heç bir fayda vermədiyi qənaətinə gəlib, bizdəki
işi tərk etdi və köhnə yerinə qayıtdı.
Mən indi də ona qarşı etdiyim
haqsızlığa görə əziyyət çəkirəm,
axı yaxşı əkinçi də kotan çəkən
öküzünün ağır zəhmət hesabına taqətdən
düşməsinə razı olmamalıdır. Həm də gizlətmirəm, qorxuram ki, sən qiyabi
də olsa bu cavan oğlana vurula bilərsən, çox
danışmağım mənə gözləmədiyim əlavə
bir problem yarada bilər.
Həsən
hiss etdi ki, həmin cavan oğlan barədəki söhbəti
Ruhiyyənin də marağına səbəb olur, ona görə
də özünə məlum olan bəzi təfsilaları da
yada saldı. Əlavə etdi ki, mən milli qürur mənbəyi
olmağa iddia edən bu fenomeni daha ətraflı öyrənmək
istədikdə, məlum oldu ki, bizə bildirmədən o,
israrlı dəvət əsasında ali
ixtisas kurslarında axşamlar ingilis dilində mühazirələr
oxuyur və buna görə əlavə maaş alır. Göründüyü kimi, o, heç də təsir
bağışladığı tək sadə personaj
deyilmiş. Həm də onun biliyi möhkəm
təmələ əsaslanırmış. Əsasən, anasının himayəsində
böyüdüyündən, özü universiteti fərqlənmə
diplomu ilə bitirmiş bu qadın maddi çətinliklərinə
baxmayaraq, hər iki oğlunun təhsilinə ciddi qayğı
göstərmiş, onlara çox savadlı və ucuz qiymət
həcmindəki haqla razılaşan ingilis dili müəllimləri
tutmuşdu. Uşaqlar artıq ibtidai siniflərdə
oxuyarkən bu dili möhkəm mənimsəmişdilər.
Böyük qardaşının da istedad sahibi olduğunu
deyirlər, o, Lomonosov adına Moskva Dövlət Universitetini
ispan filologiyası fakültəsini bitirmiş, tam başqa bir
qabiliyyəti ilə fərqlənir, üç əcnəbi
dildə ümumbəşəri dəyərlərə həsr
olunmuş, fəlsəfi məzmunlu, əsasən, elegiya
xarakterli şeirlər tazır.
Deməli, bu oğlanın mühiti də ona
yaxşı təsir göstərmişdir. Təhsilə
belə ciddi diqqət göstərməyi isə anası,
böyük əziyyətlərə qatlaşmaq hesabına hər
iki oğlunu ölkədə az-çox tanınan geniş
intellekt sahibləri kimi böyütmüş mərhum ata nənəsinin
ənənəsindən götürmüşdü. Bu təvazökar oğlan da bilik sahəsində daha
surətlə irəli getməsinə baxmayaraq, sonralar həm
də qələm sahibi kimi şöhrət tapmış ana
babasını özü üçün nümunə hesab
edir.
Həsən
Ruhiyyənin maraqla qulaq asdığından ruhlanıb, əlavə
etdi ki, özümə gəldikdə, bu iş üslubumun
cavan işçilərin sağlamlığına
böyük zərbə vurduğunu da anlayıram, lakin bu eybəcər
xüsusiyyətimi tərgidə bilmirəm. Onun
hesabına da mən olduqca perspektivli, böyük ümidlər
verən bir işçini itirdim. Əslində, belə
iş üsulu mənim özümə də pis təsir
göstərmiş, məni pozmuşdur, işçilərə
qul tək baxmaq kimi yaramaz xüsusiyyətlərə yiyələnmişəm
və həm də bunun hesabına sərbəstliyə,
öz davranışıma nəzarət etməmək kimi
xoşagəlməyən xarakterə yiyələnmişəm.
Bunları ona görə sizə söyləyirəm ki, mənə
çəhrayı rəngdəki şüşəsi olan eynəyin
gözlərindən baxmayasınız, mən
göründüyüm, bağışladığım təsir
kimi heç də tam müsbət adam
deyiləm. Bunları deyirəm ki, mən özümə
vurduğum qalın şirənin altında gizlədilmiş
kövrək materialı - gipsi sezəsiniz, həmin müəmmalı
insanı hərtərəfli görəsiniz və onun xoşa gələn bir kukla olduğunu güman
etməyəsiniz.
Ruhiyyə
özünü saxlaya bilməyib ürəkdən
güldü:
- Mən
təəccüb edirəm, sən necə də
rollarını dəyişə bilirsən. Qısa müddətli
yaxın tanışlığımızda hiss etdim ki,
özünü aristokrat kimi aparmağın mənə bir qədər
xoş gəlsə də, heç də sənin haqqında
tamamlanmış müsbət rəy yarada bilmir. Bər-bəzəklə, süfrənin bolluğu ilə
məni təəccübləndirmək, hansısa bir
aldadıcı rəy yaratmaq çətindir. Ona görə
də rolu dəyişməli oldun, özünü az qala Viktor Hüqonun Javeri, Tenardyesi kimi qələmə
verməyə çalışdın. Əvvəlki
Jan Valjan, Qoven, Simurden obrazlarının qiyafəsi yararlı
olmadı, fayda vermədi. Az qala
açıb demək istədin ki, mən keşiş Frollaya
daha çox bənzəyirəm, mənimlə ehtiyatlı
olmaq lazımdır. O cavan oğlanı da özün
üçün hər əziyyətlərə qatlaşan
Kvazimodo hesab edirdin və yaxşı ki, o, səni olduğu
kimi tanımazdan əvvəl sizdəki işi tərk etdi,
yoxsa qalsa, sənə lazımınca bələd olduqdan sonra
romanın fiziki eybəcərlik, lakin mənəvi saflıq simvolu
olan qəhrəmanı kimi Notrdam de-Parisin uca balkonundan səni
atıb, yerə çırpmasa da, sənə qarşı
öz bankınızda üsyan qaldırardı, ətrafındakı
cavanların hamısı da Spartak kimi ona qoşular, səni
rahat üzdüyün vəzifə qayığından suya
tullayardılar.
Mən gizlətmirəm, axırıncı özün
haqqındakı neqativ söhbətin mənə
restorandakı quruluşunu verdiyin və baş rolu
oynadığın tamaşadan daha xoş gəldi.
- Sağ
olun ki, məni anladınız. Sizin səmimiyyətinizlə
mənim özümü aparmağım arasındakı
kontrastın, ziddiyyətin yararsızlığını
anladım, başa düşdüm ki, siz
saxtakarlığı heç cür qəbul etmirsiniz. Siz heç də Bəhramgur axtarışında
deyilsiniz ki, mən vəhşi eşşəkləri -
onaqrları ovlamağımla sizin qarşınızda
öyünüm. Ona görə də Don
Kixot qiyafəsini geyinməyi qərara aldım. İdalqo gecə-gündüz kitab oxumaqdan
başını itirmişdi, beyni qurumuşdu və axırda
tamamilə ağlını itirdi. Onun təsəvvürünə
kitabda oxuduqları - cadugərlik, münaqişələr,
döyüşlər, vuruşmağa
çağırış, məhəbbət etirafları,
sevgi macəraları, ürək ağrıları və
ağla sığmayan digər səfehliklər hakim kəsilmişdi.
O elə bilirdi ki, bu çox saydakı uydurmalar əsl həqiqətdir
və dünyada bundan artıq həqiqət ola
bilməz. Tam ağlını itirdikdə,
başına qəribə bir fikir gəldi, dünyada buna bənzər
olan heç bir dəliliyə rast gəlinməmişdi.
O, öz şöhrəti və ölkəsinin faydası
üçün sərgərdan cəngavərə
çevrilmək qərarına gəldi, ata minib, əlindəki
nizə ilə macəralar axtarmağa yollandı. Ruhiyyə
xanım, mən də sizi təbrik edirəm ki, müasir
bakılı Don Kixotla tanış
olmusunuz.
Ruhiyyə
onun söylədiklərini və axırıncı
sözünə ürəkdən güldü və dedi:
-
Çox yaxşı. Sizdəki yumora heyran
qaldım. Xahiş edirəm ki, ancaq məni
ağzında daim sarımsaq çeynəyən Dulsineya hesab
etməyəsiniz. Don Kixot onu öz təsəvvüründə
yaratmışdı. Mən isə
canlı insanam. Ona görə də
müasir cəngavər bəzi şeyləri bir-birindən
ayırmağı da bacarmalıdır.
Həsən son söhbətlərdən çox
ruhlanmışdı və düşünürdü ki, bu
qırqovul nə qədər sürətlə uçsa da, hətta
yaralananda da yerdə çox iti qaçsa da, onun qurduğu tələyə
hökmən düşəcəkdir. Yəqin ki, bankdakı
vəzifəsi də müəyyən cazibə qüvvəsinə
malik olacaqdır. Bir sözlə, elə etməliyəm
ki, o, nə qədər çabalasa da, hörümçək
torundan xilas ola bilməsin.
Onlar ayrıldılar, Ruhiyyə oğlunu kompüterin
qabağında gördü, o, ingilis dilini həm də filmlərə
baxanda sözlərə qulaq asmaqla öyrənirdi. Məktəbdə
müəllimlər onun iti qavrama qabiliyyətindən,
intizamından çox razılıq edirdilər. Partada bir yerdə oturduğu qızla da artıq
telefonla danışırdılar. Bir
sözlə, Ruhiyyə oğlundan çox razı idi, onda
böyüklərə məxsus bir ciddilik var idi. Ruhiyyənin
qardaşı olmamışdı, atasını da tez
itirmişdi, Hamnet indi ona, əlbəttə, öz
atasını əvəz etmirdi, bu yenidən yetim
qalmış qıza qardaşlıq edirdi, onun hər
sözünü başa düşüb, düzgün
reaksiyası ilə, anasını incitməməsi ilə, evə,
onun üçün yoxa çıxmış yeni bir sevinc,
şadlıq gətirirdi.
(Ardı var)
525-ci qəzet 2022.- 2 iyul.- S.22.