Əli Əmirlidən ustad dərsləri

 

"Ulduz" jurnalı ilə "525-ci qəzet"in birgə layihəsi VIII dərs

 

 

Əli ƏMİRLİ

 

 Dramaturq - rejissor tandemi və ya dramaturq öz rejissorunu tapmalıdırmı?

 

Dramaturqsuz teatr olmadığı kimi, rejissorsuz teatr da mövcud deyil. Bu iki peşə sahibi bir-birinə qırılmaz tellərlə bağlı olsalar da, hər biri özünü teatrda birinci hesab edir. Amma kim nə deyir-desin, kim nə hesab edir-etsin, rejissor lap dahi olsun, fərqi yoxdur, teatrda ilkin olan sözdür, dramaturgiyadır. Dramaturq olmayanı yazır-yaradır, rejissor isə dramaturqun yaratdığının üzərində işləyir, nə oyun çıxarırsa-çıxarsın, həmin dramaturji materialdan, pyesdən çıxış edəcək, hətta onu dəfə-dəfə təhrif edib tanınmaz hala salsa da. Bununla belə, dramaturq da rejissordan asılıdır, bəlkə də, daha çox. Müasir teatrda rejissorsuz keçinmək mümkün deyil. Niyə?

Tutaq ki, siz pyesi yazdınız, bəyəndiniz, haqlı olaraq gözəl bir əsər yaratdığınıza inandınız. Çox gözəl, amma pyes tamaşa deyil, sözdür, kağıza yazılmış səslənməyən sözlər. Onun tamaşa olması üçün ən azı rejissor, aktyor və səhnə lazımdır. Söhbətlərimizin birində dediyim kimi, elə ki əsər teatra verildi, dramaturqla pyes arasına çoxlu adamlar girir. Bu da təbiidir, teatr sintetik sənət olmaqla yanaşı, həm də kollektiv sənətdir. Dramaturq rejissorsuz keçinə bilməz, hətta deyərdim ki, dramaturq öz rejissorunu tapmalıdır.

Yaradıcılığımdan danışanda, müsahibələr verəndə mən məmnuniyyətlə rejissor dostum Bəhram Osmanovun adını çəkirəm. Bu, əlbəttə, səbəbsiz deyil, 1992-ci ildən başlayaraq Bəhram Osmanovla yaradıcılıq ünsiyyətindəyik. Elə tək Azdramada mənim beş əsərimə quruluş verib. Ölkəmizin müxtəlif teatrlarında əsərlərimi səhnələşdirib, Rusiya Federasiyasına daxil olan üç teatrda rus, osetin və kalmık dillərində əsərlərimi tamaşaya qoyub. Onun hazırladığı "Köhnə ev", "Mesenat" və "Varlı qadın" uzun illər Azdramanın ən çox baxılan tamaşalarından olub. Bizim birgə işimiz bir-birimizi yaxşı başa düşməyimizin, teatra baxışlarımızın uyğunluğunun nəticəsidir. Mən həmişə demişəm, yenə də deyirəm, əsərlərimin Azdramaya yol almasında əsas təşəbbüs həmişə Bəhram Osmanovdan gəlib. Hər əsərimin tamaşaya qoyulması üçün o, mübarizə aparır, az qala vuruşur, bütün imkanlarından istifadə edirdi. Bizim dramaturq-rejissor tandemimiz bu gün də davam edir.

Səkkiz əsərimin səhnə taleyi unudulmaz Hüseynağa Atakişiyevin adı ilə bağlıdır. Ümumiyyətlə, ölkənin ən istedadlı, ən tanınmış rejissorları əsərlərimə müraciət ediblər. Görkəmli rejissorumuz Azər Paşa Nemətov az zaman içində "Şah Qacar" kimi möhtəşəm bir tamaşa hazırladı. Baş rol üçün Azər Paşa Nemətov Fuad Poladovu seçdi. Kimin nə deməyindən asılı olmayaraq, hesab edirəm ki, Qacar mərhum aktyorun səhnədə ən parlaq aktyor işi oldu. Özü isə müsahibələrinin birində pyes haqqında demişdi ki, müasir Azərbaycan dramaturgiyasında ilk dəfədir belə mükəmməl əsərlə rastlaşıram.

Mehriban Ələkbərzadənin quruluşunda "Nuri-didə Ceyhun" tamaşasını isə Azərbaycan teatrının son illərin ən gözəl rejissor işlərindən biri kimi qiymətləndirirəm.

Gələcəkdə dramaturq olmaq istəyənlərə bir həqiqəti də deyim. Dramaturq rejissorun əsər üzərində yaradıcılıq işinə qarışmasa, yaxşıdır. Əgər rejissor səni seçirsə, sən də bu seçimə etibar edirsənsə, bir kənara çəkilib işin nəticəsini gözləməlisən. Nəticə ürəyincə olmursa, hesabını götür, yəni gələcəkdə o rejissorla işləməkdən çəkin.

Təcrübəsindən, nüfuzundan, istedadının və populyarlığının dərəcəsindən asılı olaraq rejissorlar, onların iş üslubu və dramaturqa münasibəti fərqlidir. Əgər bir dramaturq kimi məşqlərdə iştirakıma Bəhram Osmanov heç vaxt etiraz etmirdisə, mərhum Hüseynağa Atakişiyev müəllifin məşqdə iştirakının qəti əleyhinə idi. İlk vaxtlar onun bu xasiyyətini bilmirdim, həvəsli vaxtlarımdı, çalışırdım məşqlərdə iştirak edim, prosesdən ləzzət alım. Vaxtı bilib teatra gəlirdim, məşq ya baş tutmurdu, ya təxirə salınırdı. Sonralar bir-birimizi yaxşı tanıyandan, müəyyən dostluq münasibətləri yaranandan sonra özü məni məşqlərə dəvət edirdi, bu dəfə mən imtina edirdim. Onsuz da onun rejissor işinə müdaxilə edə bilməzdim. Səhnə artıq onun - rejissorun ərazisi idi, mən bu əraziyə daxil olmaq istəmirdim.

Bəhram Osmanovun rejissor ərazisi və onun sərhədləri dramaturq üçün daha şəffaf, bir az da liberaldır. O, mənim məşqlərdə iştirakıma heç bir halda mane olmur, hətta müəyyən qeydlərimə diqqətlə yanaşır, ağlına batanları qəbul edirdi. Onu da deyim ki, xeyli yaş fərqinin olmasına baxmayaraq, uzun illərin birgə əməkdaşlığı dostluğa çevrilib. Bu dostluq və əməkdaşlıq yaradıcılığıma güclü təsir göstərib. Bir çox pyeslərimin ideyası, təklifi, yazıya təhriki məhz Bəhramla iş birliyinin nəticəsidir. Bir çox xarici ölkə teatrlarında əsərlərimin tamaşaya qoyulmasının təşəbbüskarı da, dediyim kimi, Bəhram Osmanovdur.

Azər Paşa Nemətov diktator rejissor olsa da, mənim məşqlərdə iştirakıma nəinki mane olur, hətta bir-iki məşqi buraxmağa məcbur olurdumsa, narazılığını bildirirdi. Amma bu o demək deyildi ki, mən onun rejissor işinə qarışa bilərdim. Sadəcə, mən prosesi müşahidə edirdim.

"Şah Qacar"ın bütün məşqlərində olmuşam. İlk dəfə idi ki, mən hansısa pyesimin bütün məşq proseslərinin iştirakçısı olurdum. Bu proses mənə çox şey verdi. Mən yazdığım sözlərin kağız üzərindən necə aralanıb səslənməsinin, onlara uyğun olaraq obrazların tədricən yaranmasının, canlı insanlara çevrilməsinin, mizanların qurulmasının, rejissorun işıq və musiqi ilə necə böyük ləzzətlə, filiqran (ustalıqla, incəliklə) işləməsinin, nəhayət, Fuad Poladovun gün-gün, saat-saat Qacara çevrilməsinin şahidi olurdum.

Rejissorun öz işini necə sevməsinin, yaratdığından vəcdə gəlməsinin, səhnədə özünün yaratdığı sehrli bir səhnəni görüb kövrəlməsinin də şahidi olurdum. Əlbəttə, mən bəzən istəsəm də, bu prosesə müdaxilə edə bilməzdim, çünki əsərin tamaşaya qoyulmasında rejissor konsepsiyası dominant rol oynayırdı.

Bir məqamı da deyim: heç bir rejissor mənə əsəri yenidən işləmək, nələri isə dəyişmək təklifində olmayıb. Azər Paşanın yanaşması isə fərqlidir. "Şah Qacar"ın məşqlərindən qabaq dramaturji material, yəni mənim təqdim etdiyim pyes üzərində rejissorun istəyi ilə xeyli yaradıcılıq işi aparmalı oldum. Tamaşaya qoyulan pyes əvvəlki variantdan kəskin surətdə seçilir. Rejissorun istəyi ilə əsərə 3-4 səhnə və ona uyğun olaraq 5-6 personaj əlavə etdim. Nəticədə, əsərin ilkin aksenti xeyli dəyişmiş oldu. Mikayıl Müşfiqin faciəli taleyindən bəhs edən "Ah, bu uzun sevda yolu" adlı pyesim də həmin proseslərdən keçdi. Hər iki tamaşanın çox uğurlu səhnə həyatı oldu. "Şah Qacar" artıq 80 dəfə oynanıb, özü də hər dəfə anşlaqla. İkinci tamaşa isə çox qısa zamanda artıq 30 dəfə, yenə də ancaq anşlaqla oynanıb.

Daha bir rejissorun da adını çəkməliyəm. Tale bizi səhnədə bir dəfə görüşdürüb. O da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində. İdeyası teatrın direktoru Əliqismət Lalayevə məxsus, artıq bir az əvvəl adını çəkdiyim "Nuri-didə Ceyhun" adlı pyesimin Mehriban xanım Ələkbərzadəyə tapşırılmasını razılıq hissi ilə qarşıladım. Pyesin ideyasının mənə verilməsi prosesində Mehriban xanım da iştirak edirdi.

Direktorla rejissorun gələcək pyeslə bağlı istəkləri və Ceyhun Hacıbəylinin çox spesifik məzmunlu yuxuvari xatirələri, üstəgəl, Üzeyir bəyin məktubları. Pyes beləcə bu üç mənbədən və yazıçı təxəyyülündən yarandı. Tamaşa isə, sözün həqiqi mənasında, əsl rejissor tamaşası oldu. Tamaşanın mürəkkəb strukturu, yumşaq, bəzən kəskin zaman keçidləri, aktyorlardan yüksək plastika tələb edən mürəkkəb mizanlar, metaforik səhnələr, səhnədə dəzgahların fantastik oyunu heyrətamiz idi. Mehriban xanım da diktator rejissordur, onun işinə qarışmaq ancaq zərər gətirə bilər. Bir halda ki buna ehtiyac da yox idi. Əgər tamaşada zəif bir məqam vardısa, o da teatrın aktyor truppasındakı çatışmazlıqlarla bağlı idi.

"Nuri-didə Ceyhun" Musiqili teatr üçün tam yeni bir tamaşa, yeni bir istiqamət idi. Heyif ki, yüksək bədii dəyəri olan tamaşanın səhnə taleyi o qədər də ürəkaçan olmadı. Ortaya heç gözləmədiyim halda insan amili girdi. Səlahiyyətli yazıçı həmkarlarımdan biri tamaşanı görmədən onun səhnədən uzaqlaşdırılmasına nail oldu. Mən uğurlarımı da, uğursuzluqlarımı da sakit qarşılayıram. Mənim çoxlu əsərlərim oynanıb, biri oynanmasa, dünya dağılmayacaq. Təki dost hesab elədiyim həmkarım dərindən, sinə dolusu nəfəs alsın. Teatrdan da dedilər ki, tamaşa texniki səbəblərdən oynanmır, amma yaşasın "yutub", istəyən orda tamaşaya baxa bilər. Mədəniyyət TV də bu tamaşadan diqqətini yayındırmadı. Onu ekran vasitəsilə daha geniş tamaşaçı auditoriyasına təqdim etdi. Əlbəttə, nə yutub, nə də teleekran canlı ifanı əvəz eləyə bilər, amma... lənət yoxa!

Bunu deməkdə məqsədim nədir: hamıdan məhəbbət gözləməyin. Minlərlə sevənləriniz içərisində sevməyənləriniz də olacaq, xüsusilə həmkarlarınız arasında. Qayıdaq mövzumuza.

Əlbəttə, yüzdən çox premyerası olmuş dramaturqun bütün rejissorları ilə ünsiyyətdə olması çətin məsələdir, həm vaxt sarıdan, həm fiziki cəhətdən, özü də ola mənim kimi tənbəl dramaturq. Mən heç bölgə teatrlarımızdakı tamaşalarımın çoxunu görməmişəm, qaldı xarici olkələrdəki tamaşalarım. Əslində, bu da təbiidir. Məgər Axundov, Məmmədquluzadə, Cavid, Cabbarlı, Sabit Rəhman, İlyas Əfəndiyev indi əsərlərinin necə hazırlandığını görürlər?

Bir dəfə Tacikistanda "Varlı qadın"ın tamaşasında olmuşam. Onda məndən müsahibə alan müxbir xanım soruşdu ki, sizin əsəriniz uzaq Tacikistanda tamaşaya qoyulur, siz məşqlərdə olmamısız, rejissorun kimliyindən xəbəriniz yox, bu sizi narahat etmir? Mən də bir az yumorla dedim, Şekspir də teatr işlərinə çoxdandır qarışmır. Cavabım yazının manşetinə çıxarılmışdı. Yeri gəlmişkən, mən bu əhvalatı bir neçə dəfə müsahibələrimdə demişəm, heç kəsin eyninə olmayıb, amma mənim dramaturgiyamı çox sevən və daim diqqətdə saxlayan bir xanımın möhkəm xətrinə dəyib.

Niyə bütün bunları sizə danışıram? Səbəb çox sadədir: gələcəkdə çox rejissorlarla işləməli olacaqsız, çalışın onların işinə müdaxilə etməyin. Çünki pyesin müəllifi dramaturqdursa, tamaşanın müəllifi rejissor, bəstəkar, rəssam və aktyorlardır. Həlledici məqam isə, əlbəttə, rejissordur.

Çünki yaradıcı kollektivi seçən, bir yerə yığan və tamaşanın hər komponentinə cavabdeh olan məhz rejissordur. Bu həqiqəti anlamaq, bu reallığı qəbul etmək lazımdır. Bununla belə, dramaturqun istəmədiyi rejissorla işləməkdən imtina etmək ixtiyarı həmişə var. Sənə seçim imkanı verilmirsə, deməli, o teatrdan üz çevirməlisən. Bununla belə, Azərbaycan şəraitində əsas teatrların sayı çox məhdud olduğundan qəti hərəkət etməyə tələsməyin. Yüz ölçün, bir biçin. Mənim personajlarımdan birinin sözüdür: "Reallıqla barışmaya bilərsən, amma hesablaşmağa məcbursan".

 

525-ci qəzet.- 2022.- 2 iyul.- S.16.