Cüneyt Arkın Zaqatalada kimlərə gül
bağışlayıb?
31 İL ƏVVƏL BAŞ VERƏNLƏRİN
ŞAHİDLƏRİ DANIŞIRLAR
Ötən gün dünyasını
dəyişən “Yeşilçam”
ulduzu, türk kinosunun əfsanəsi Cüneyt Arkın illər öncə Azərbaycanın Zaqatala rayonunda qonaq olub. Bir neçə kolxozu,
məktəbləri gəzən
məşhur aktyor sadə zaqatalalıların
evinə gedib, vətəndaşlarla görüşüb.
Bu unudulmaz görüşün
təəssüratları hələ
də onu görən insanlarda xoş xatirələr oyadır.
Cüneyt Arkının Zaqatalaya səfəri 1991-ci ildə
baş tutmuşdu. Azərbaycan Sovet
Respublikasının dəvəti
ilə Türkiyə
Kino Birliyinin bir qrup nümayəndəsi Azərbaycana təşrif
buyurmuşdu. Qonaqlar arasında
Türkan Şoray da olmalıydı. Lakin o, hansısa səbəbdən
gələ bilməyib.
Qonaqları müşayiət
edənlər arasında
o vaxt Zaqatalanın
yerli radiosunda məsul redaktor işləmiş Elmira Mehdiyeva
da olub. O, xatirələrini Lent.az-la bölüşür:
“Rayon rəhbərliyi xarici
qonaqları təmtəraqla
qarşıladı. Bir gün
qonaq qaldılar.
Mehmanxanada gecələdilər. Şəhərdə diyarşünaslıq muzeyində, univermağa, bir də Aşağı
Tala kəndinə getdilər, kolxozçularla
görüşdülər, kənd sakinlərinin birinin evində qonaq oldular. Onlara elə bir süfrə açılmışdı, quş
südü, can dərmanı,
nə desən var idi. Bütün
yeməklərimiz bəyənir,
heyranlığını bildirirdi”,
- deyə Elmira xanım
qeyd edir.
Cüneyt
Arkın çox məşhur olmasına baxmayaraq, olduqca sadə mütəvazi bir insan kimi
qalıb Elmira xanımın
yadında.
“Hamıyla mehribanlıqla
söhbət edirdi. Aramızda tərcüməçi
yox idi. O deyirdi ki, zaqatalalıların
ləhcəsi qədim
türk dilinə çox yaxındır və o, bizi rahatlıqla anlayırdı.
Zaqatalada
Cüneyt Arkını
ən çox heyrətləndirən şey
insanlarımızın mehribanlığı
idi. Yerli sakinlərin hər
birinin səmimiyyətlə
qapısını açıb,
evinə dəvət etməsi aktyoru xeyli məmnun eləmişdi. Mənim üçün
təqvimə imza atmışdı, o imzalı
təqvimi indi də qoruyub saxlayıram. Cüneyt Arkın
gələndə azadlıq
duyğuları yeni-yeni
cücərirdi və
biz Türkiyə barədə
bütün informasiyaları
çox maraqla dinləyirdik. Cüneyt Arkının
bircə gün rayonumuzda qonaq olması insanlar arasında əməlli başlı ajiotaja səbəb olmuşdu”, - deyə Elmira xanım qeyd edib.
Həmin vaxt partiya işində
işləyən və
indi rəhmətə
getmiş Cahangir Soltanov da qonağı
müşayiət edirmiş. O, xatirələrində
danışırmış ki, Zaqatalada Cüneyt Arkın üçün gözəl
səhər yeməyi
hazırlanıbmış. Süfrədə bizim qaydalarımızla bal, qaymaq, növbənöv pendirlər, kərə yağı olmasına rəğmən, aktyor süfrəyə pomidor, xiyar gətirilməsini xahiş edib. Türklərin səhər yeməyində
pomidor, xiyar yeməsi o zaman yerli sakinlər tərəfindən təəccüblə
qarşılanıb. Cüneyt Arkın
Zaqatala mətbəxini,
xüsusilə yarpaq dolmasını daha çox bəyənibmiş.
Cahangir Soltanov həmişə dolma yemək istəyəndə
zarafatla xanımına
deyərmiş: “Mənə
Cüneytbəyəndi bişir,
onun sevdiyi yeməkdən”.
Cüneyt Arkının Zaqatala səfərində iştirak
etmiş çoxsaylı
sakinlər Lent.az-a xatirlərini
bölüşüb.
Lalə
Xəlilova deyir ki, o zaman Zaqataladakı
“Babək” kinoteatrında
Cüneyt Arkınla görüş təşkil
edilmişdi: “Görüşdən
sonra aktyorun baş rolda oynadığı “Arım,
balım, pətəyim”
filmi nümayiş etdirildi. O zamanlar Cüneyt Arkın bizim tamaşaçılara
məhz bu filmlə özünü tanıtmış, sevilmişdi.
Minlərlə qadın
bu yaraşıqlı,
xarizmatik adama heyran olmuşdu”.
Cüneyt Arkının Zaqatalada qonaq olduğu günlərdə Azərbaycanda
hələ Sovet hakimiyyəti dövrü idi və onun
bu səfərini təbii ki, partiya nümayəndələri
müşayiət edirdilər. O zaman qonaqlar gənc bir ailəyə qonaq gedərək yerli mədəniyyəti daha dərindən öyrənmək istəyiblər.
Onlar Aşağı Tala kəndində, kolxozda sürücü işləyən
yeni ailə qurmuş Maarif Məmmədovun evində qonaq olublar. Deyilənə görə, Cüneyt
bəy dadına baxdığı hər yeməyi çox bəyənib, daddıqca
“harika”, “iyi” deyərək fikir bildirirmiş.
Rayon sakini Cuma Padarin
həmin anları belə xatırlayır: “Çox bəyənmişdi
Tala yeməklərini.
İlk dəfə "iyi", yəni yaxşı sözünü ondan eşitmişdim. Əliylə “əla” işarəsini göstərdi, başa düşdük ki, nə demək istəyir”.
Nahidə
İbrahimli isə onu belə xatırlayır:
“Şıxəli Qurbanov
adına 3 saylı məktəbə
gəlmişdi. Həmin
sinifdə oxuyurdum, türkcə suallar verdi, o zaman
biz türk dilini indiki kimi anlamırdıq,
uşaqlar başa düşmədilər. Soruşdu ki,
“nasılsınız?” Elə bildik “hansı sinifsiniz?” soruşur, dedik 8-ci sinif. O da çaşqınlıqla baxdı.
Müəllim də tez düzəliş etmək
istədi, amma yanlış tərcümə
elədi. “Uşaqlar, nasılsınız-
haralısınız” deməkdi.
Uşaqlar xorla “azərbaycanlıyıq”
cavabını verdilər.
Bu anlaşılmazlıq böyük aktyor tərəfindən təbəssümlə
qarşılandı”.
Zaqatala sakinlərindən
birinin dediyinə görə, Cüneyt Arkın onun nənəsi Qızılgül
Manafovaya gül bağışlayıb. Türkiyəli qonaqlar kinoteatra yerli sakinlərlə görüşə gedirdilər.
Kinoteatrla üzbəüz küçədə nənəmgilin
evi var idi
və həmin vaxt nənəm küçədə, qapının
önündə idi.
Cüneyt bəy ona bağışlanmış qızıl
güllərdən birini
ayıraraq nənəmə
bağışlayıb və
deyib ki, bu şirin nənəni
çox sevdim.
Cüneyt
Arkının əlindən
gül alan
isə təkcə nənə olmamışdı.
O zamanlar Zaqatala Tarix və Diyarşünaslıq
Muzeyində işləmiş
bir xanım (adının çəkilməsini
istəmir) həmin günləri belə xatırlayır: “Cüneyt
Arkının ölkəmizə
gəlişi bizi heyrətləndirmişdi. Onu çox
sevirdim. Heç vaxt
xəyal edə bilməzdim ki, ekranlarda gördüyüm,
heyran olduğum aktyor bir gün
mənə gül bağışlayacaq. O, muzeydə
olarkən mənə
bir qızılgül
verdi və
mən o gülü illərlə kitabımın
arasında qoruyub saxladım. Bu qurumuş
gül ləçəkləri
mənim üçün
çox qiymətli idi”.
O zaman görüşdə
iştirak etmiş
rayon sakini Tahir Seyidzadə isə deyir ki, Cüneyt
Arkının kinoteatrda
görüşü zamanı
ölkəmizi çox
gec tanıdığı
üçün təəssüfləndiyini
bildirib: “O dedi ki, Türkiyənin ucqar kəndlərində olanda Türkan Şorayı daha çox tanıyırmışlar.
O zamanlar gediş-gəlişin
olmadığı Azərbaycanda
bu qədər tanındığını, sevildiyini
bilmirmiş. Bu arada bir qeydi
etmək də yerinə düşər.
Türk filmləri Türkan Şoray və Cüneyt Arkın cütlüyü ilə daha gözəl oldu. 28 iyun
Türkan Şorayın
doğum, Cüneyt Arkının ölüm günü oldu. Bu da taleyin oyunu idi”.
Bax beləcə, bir görüşün təəssüratları düz 31 il sonra yenidən yada düşdü. Bu dəfə sevgi qarışıq bir hüznlə - Cüneyt Arkını əbədiyyətə yolçu edərkən. Nur içində qal, böyük sənətkar!
İlhamə
HƏKİMOĞLU
525-ci qəzet .- 2022.- 2 iyul.- S.20.