Qoruya bilmək səlahiyyəti

 

(“Oyun dövrəsi” romanından parça)

 

Lətifə ORUC

 

Rüstəm iş otağında kresloda oturub, söykənəcəyə yayxanıb, gözlərini yummuşdu. Onun xəyalları keçmişdən indiyə gəlib, gələcəyə gedən yollarda dolaşırdı. Keçmiş və gələcək dumanlı idi, yalnız indini aydın görə bilirdi. Bu gün məhkəmədə olanlar çox mətləblərə işıq salmışdır. Rüstəm düşünürdü ki, hansısa qüvvə zər tutur, odur ki, qalanları həmişə uduzur. Dünyada, beynəlxalq aləmdə, ölkədə, ictimaiyyətdə, hər bir təşkilatda, hətta bir insanın taleyində də belədir. Həyat həmişə udan oyunçudur. Elə bil vaxtilə onun öz yanında götürdüyü üç tuz kimi, insanla mübarizədə də həyatın yanında həmişə üç tuz hazır olur, lazımi anda ortaya çıxarır, bu gün olduğu kimi.

Fatma nə deyirdi: “Nəvəmdir qatil”. Doğrudan da elə oldu. Onun kartının biri tuz çıxdı, iki kartı qalırdı “oğlun oğlunu mühakimə edir”, “özünüzü tanıyın!” O, sonuncu sözü İsmayıla xitabən demişdi. Rüstəm elə bu “kartları” görmək üçün elə bu gün Fatmayla görüşməkdə qərarlı idi. Onun da ürəyindən keçirdi ki, çoxdan süfrədə bir yerdə oturmadığı Mehmanla bu gün çörək yesin, doyunca üzünə baxsın, söhbət eləsin. Çox darıxmışdı oğlu üçün. Ancaq Fatmayla görüşüb, söhbət etmək marağı da hədsiz idi. Həm də, işdə vacib məsələ, təxirə salınmaz planları da var idi. Odur ki, Sevilə qulaq asıb, evə getməmişdir. İndi vacib işlərini görüb, qurtardıqdan sonra, oturub düşünür, olub keçənləri analiz edirdi.

Rüstəm Fatmanın nəvəsi haqqında çıxardığı nəticəyə görə onun çox dərin düşüncə, analiz qabiliyyəti olduğu qənaətinə gəlirdi. Onu da fikirləşirdi ki, Fatma Vilayətin təkcə göyərçinlərin başını üzməsinə görə deyil, başqa xüsusiyyətlərini nəzərə alıb, ona əminliklə qatil deyirdi. Dediyi də düz çıxdı. Demək, böyük ehtimalla, digər kartları da tuz ola bilər. Onda necə olacaq, İsmayıl onun oğludur? - Rüstəm bu yerə gəlib çıxanda, həm öz-özünə gülməyi tutur, həm də elə bil beyni tormozlanırdı. Ancaq nədənsə qəribə, özünün də anlaya bilməyəcəyi hisslər, zövqlü duyğular yaşayırdı. Elə bundan da şüuraltı qorxur, sevinir, həm də həyəcanlanırdı.

Çoxillik təcrübəsindən, Məhəmməddəki müşahidələrdən məhz elə qatilin Vilayət olduğuna əmin idi. Raminin Zeynəbdən qisas almaq fikrinə düşməsi, Vilayəti onun yanına aparmasına isə təəssüflənir, əsəbiləşirdi. Haradasa onun bu istəyini nadanlığının və narkotik aludəçiliyi olduğundan irəli gəldiyini düşünürdü. Görəsən, Şahanə yenə köhnə “sevgilisinin” yanına qaçıb? Yoxsa, o da oğlu kimi qisas almağa gedib? Rüstəm bu barədə düşünəndə soyuq, dumanlı bataqlıqda özünü hiss edirdi. Nədənsə bu qadını heç cür anlaya, dərk edə bilmirdi. Elə əvvəllərdən də onlara qonaq gedəndə, ya qəribə, anlaşılmaz, lap “minbir gecə” nağıllarına bənzəyirdi. Bu nağıllarda sirr, məhəbbət axtarışı, divanəliklə yanaşı, anormallıq da var idi. Şahanə haqqında düşünəndə Sevili, ən çox da özünü ittiham edir, onun qaçmasını öz məsuliyyətsizlikləri sayırdı. Bu barədə də Natiqlə danışmalıydı.

Rüstəm hər şeyin ötüb keçəcəyinə, yoluna düşəcəyinə inanırdı. O, ümumiyyətlə, soyuqqanlı və pozitiv olduğu kimi, elə bu cür də düşünürdü. Ancaq Zeynəbin taleyi necə olacaqdı? Qısa müddətdə yoldaşını və anasını itirdi. Özü kimi uşaqları da yeniyətmə vaxtı atasız qaldı. Düzdür, Zeynəb Natiqin yanında işləməkdə davam edirdi. Ancaq olan bu hadisələrdən sonra, hər ikisinə çətin olacaqdı. İnsan xilqətində baş vermiş pis, bədbəxt hadisələrə görə başqalarını, xüsusilə də yaxın insanları günahlandırmaq həvəsi vardır. İndi nə qədər çalışsalar da, Natiq Şahanənin və Raminin başına gələnlərdə Zeynəbi, Zeynəb isə İlqarın ölümündə onu günahlandıracaqdı. Əvvəlcə ürəklərində, sonra isə davranış və sözlərdə, nəhayət açıq müstəvidə bu belə olacaqdı. Rüstəm bunları düşündükcə belə qənaətə gəlirdi ki, artıq Natiqlə Zeynəb bir yerdə işləyə bilməzlər. Ən yaxşısı Zeynəb özlərinin iki aydır qapısı bağlı qalmış tikinti materialları mağazasını işlətsin. Az-çox, rahat və sərbəst pul qazansın. Və bu işdə onda yardım etmək lazımdır.

Sonuncu qənaəti Rüstəmin özünün də xoşuna gəldi. Bir az rahatlaşıb, köks ötürdü. Sonra saatına baxdı, altıya qalırdı. İndi getmək tez olar, gecə, heç kimin görmədiyi vaxt getmək istəyirdi. Yaxşısı budur ki, evə gedib, gecəni gözləsin. Bu qərarından da xoşu gəldi, Sevilin ittihamlarından da qurtarar, Mehmanla da söhbət edərdi.

Zeynəb uşaqların yeməyini verib, dərslərini soruşduqdan sonra, onları yataq otağına göndərməyə hazırlaşırdı. Özünün isə yatmaq fikri yox idi, məhkəmədən gələndən  divanda bir-iki saat yatmışdı. Onsuz da İlqar dünyasını dəyişəndən sonra, o yataqda yata bilmirdi. Tez-tez diksinir, yuxudan ayılır, çilçırağa baxa-baxa özü də bilmədiyi, dərk etmədiyi fikir aləmində olurdu.

Bu gün məhkəmədə Zeynəb xeyli ağlamışdı, başındakı ağrılar elə bil göz yaşlarıyla az da olsa, keçib getmişdi. O, həm çoxlu sarsıntılar, həyəcanlar keçirmiş, həm də xeyli yüngülləşmişdi. Onsuz da Mehmanın qatil olacağına inanmırdı, bu gün aydın oldu ki, o, sona qədər mərdanəliklə İlqarı müdafiə eləməyə, qorumağa çalışıbdır. İlqar həmişəki kimi məğrur, cəsarətli olub, özündən fiziki cəhətdən güclü iki idmançının qabağından qaçmayıb, qorxmayıb, hətta birinci özü Ramini vurubdur. Bunu göz önünə gətirən Zeynəb, İlqarın xəyalıyla bir daha fəxr edir, özünə dəfələrlə söz verirdi ki, onun kimi güclü və cəsarətli olmaq, qızlarına bu amansız həyatda sahib çıxmağı bacaracaqdı.

Yatıb durandan sonra, özünü daha da gümrah və sağlam hiss etməyə başlamışdı. İki aya yaxın idi ki, bilmək, təsəvvür etmək istədiyi səhnənin bu gün aydınlaşması onun çaşqın fikirlərini, xəyallarını elə bil rahatlatmış, beyni dincəlmişdir. Xaotik və yarımqaranlıq fikir, ehtimallar aləmi insan beynimi çox yorar. İstər acı, istərsə şirin həqiqətin, aydın mənzərənin aurası yüngül olar.

- Ana, bizi yatmağa göndərirsən, özün niyə yatmırsan?

Şəfanın bu sualı Zeynəbi fikirdən ayırdı. Gülümsəyərək, qızının başını tumarladı. O, ilk dəfəydi ki, İlqarın ölümündən sonra bu cür ürəkdən və şən gülümsəyirdi. Uşaqların pak və nizamlı ruhunun güzgüsüz də analarının bu xoş ovqatı o dəqiqə əks olundu. Qızların çöhrəsi işıqlandı. Bunu hiss edən Zeynəb, özünü qınadı ki, günlərdir uşaqlara mənəvi əzab verirmiş. Özünə söz verdi ki, heç vaxt qızlarının yanında kədərli görünməyəcək, həmişə gülərüz və gümrah görünəcək. Bu qənaətindən xoşu gəldi, düşündü ki, indi qızlarına ən böyük dəstək, ən vacib olan mənəvi güc, ruhlarına işıq verməkdir. Elə güc, işıq ki, atalarından aldıqları qüvvəni, əhval-ruhiyyəni də əvəz edə bilsin. Özünü qınadı ki, niyə məhz indi bu fikrə gəlib... Üz-gözünə daha səmimi və xoş təbəssüm yayıb:

- Mənim yuxum gəlmir, gündüz bir az yatdım axı.

- Ana, olar ki, birlikdə bir çay da içək, söhbət edək, sonra yataq? Axı çoxdandır ki, heç rahat söhbət etmirik. Elə dərs oxumaq, yemək, sonra yatmaq...

Əsmərin bu sözləri Zeynəbi kövrəltdi. Qız düz deyirdi. Zeynəb çoxdan idi ki, qızlarıyla deyil, öz-özüylə söhbət edirdi. Odur ki, beynində öz səsləri, sözləri dəli dağ çayları kimi qıjıldayıb axırdı. Bəlkə də baş ağrıları da bundan yaranmışdı. Başı ağrıyanda elə bil ağır bir şeylə beyninə zərbələr endirirdilər. Zeynəb qızlarının xoş təbəssümə və söhbət etməyə nə qədər möhtac olduqlarını anlayırdı. O, Əsmərə tərəf baxaraq və gülümsəyərək, sevincli səslə:

- Əla olar. Əsmər, indicə birlikdə çay süfrəsi düzəldərik. Başladıq - deyib, ayağa qalxdı.  Qızlar o qədər sevindilər ki, sanki bu gecə mələklər qonaq gələcəkdi.

Gözəl bir çay süfrəsi düzəltmişdilər. Masada Zeynəbin dünəndən bişirdiyi şirniyyatlar, müxtəlif mürəbbələr var idi. Şəfa çox sevinirdi. Ona elə gəlirdi ki, hansısa bayrama hazırlaşırlar. Kənardan süfrəyə baxıb, dedi:

- Ana, olar ki, meyvələr də gətirək?

Zeynəb qızının həvəslə və ürəklə dediyi bu sözlərə:

- Əlbəttə qızım, mütləq gətirəcik - deyib, cürbəcür meyvələr də gətirib, masaya düzdü. Ağ süfrəli masa elə bil mürəbbəli, meyvəli və şirniyyatlı bar gətirmişdi. Şəfayla Əsmər çox sevinirdilər. Bir azdan Zeynəb qonaqlar üçün işlədilən xrustal armudu stəkanları da gətirib, masaya düzdü. Mətbəxə keçib, çay gətirmək istəyirdi ki, qapının zəngi iki dəfə çalındı. Şəfa diksinən kimi olub, həyəcanla anasına baxdı. Əsmər də əvvəl anasına, sonra da təəccüblə qapıya tərəf baxdı. Zeynəb “gecənin bu vaxt kim olar?!” Düşünərək, qapıya tərəf getdi. Onların gözləyəcəkləri, qapılarını döyəcək bir adamları yox idi...

Qapının gözlüyündən baxan Zeynəb, gözlərinə inanmadı. Təəccübün gizlədib, Əsmərin “Ana, kimdir?” sualına da cavab vermədən, qapını açıb:

- Buyurun, keçin içəri, - dedi.

Əsmərlə Şəfa maraqla, həyəcanla gələnləri görmək üçün qapının ağzına gəlmişdilər. Onlar Mehmanı görüncə həm sevindilər, həm də pərt oldular. Zeynəb ataları barədə hər şeyi üstü örtülü olsa da qızlarına danışmışdı. Düşünmüşdü ki, gizlətməyin heç bir mənası yoxdur, əksinə, həqiqəti onun dilindən eşidib bilsələr, rahat olarlar, xəyalən min bir şey fikirləşməzlər. Odur ki, qızlar bilirdilər ki, atalarını öldürüblər, polis Ramini, Mehmanı və onların Vilayət adlı dostlarını həbs ediblər. Ancaq Zeynəb Mehmanın günahsız olduğunu, əksinə, atalarına kömək edib, xəstəxanaya gətirdiyini demişdi. Əsmərlə Şəfa Mehmanı həmişə çox istəmiş, xoşları gəlmişdi. Hərdən Zeynəbgil onlara gedəndə Mehman onları yanına salıb, yaxınlıqdakı marketdən hər şey alardı. Həm də bacılarla çoxlu söhbət edər, başqaları kimi “uşaqdılar” deyib, başdan eləməzdi. Bu xasiyyəti qızların çox xoşuna gəlirdi. Ancaq Ramin heç vaxt onlarla maraqlanmaz, baş qoşmazdı. Bacılar da anaları kimi qəti inanırdılar ki, Mehman heç vaxt atalarını vurmazdı. O, yaxşı adam idi. Qızların Mehmanın yanında gələn sarışın qızdan çox xoşları gəldi, onu tanımasalar da, evlərinə gəlməklərinə çox sevindilər.

- Buyurun, tanış olun, Zərifədir, - Mehman gülümsəyərək dedi. Sonra, əlavə etdi:

- Zərifə, bu, mənim bibimdi. - Zeynəb, qızları Əsmər və balaca mələk Şəfa.

Zərifə gülümsəyərək:

- Çox şad oldum, sevindim, - dedi.

Zeynəb həm Mehmanın, həm də Zərifənin üzündən öpüb, qapının ağzında qalmısınız, keçin içəri, - dedi.

Mehmanla Zərifə Əsməri, Şəfanı öpüb, qonaq otağına daxil oldular. Zərifə hazır çay süfrəsini görüb, çönüb Mehmana tərs-tərs baxıb:

- Zeynəb xanıma niyə əziyyət verirdin? Nə vaxt zəng etdin ki, xəbərim olmadı? - dedi.

Mehman gülümsəyərək:

- Bax, Zeynəb bibi, sonra anam deyir ki, niyə evlənmirsən? Görürsən, indidən nə qədər sual verir?

Zeynəb gülümsəyərək:

- Xanımların işi sual verməkdir də, - dedi.

- Yox, Zeynəb bibi, səni sual verən görmədim. Anamla Zərifə işə elə bil sual bulududurlar, yağmaqla bitməzlər. İndi mən bunu necə başa salım ki, ürəyim düzdür, gəlib gözəl bir çay süfrəsinin üstünə çıxmışıq, - Mehman güldü.

Əsmər də gülümsəyib, dedi:

- Zərifə bacı, Mehman əmi düz deyir, biz öz-özümüzə çay süfrəsi hazırlamaq qərarına gəldik.

- İndi də siz gəldiz, - Şəfa dedi.

Mehman Şəfanı qucağına alıb, üzündən öpdü:

- Gördün Zərifə, mənim necə bibi qızlarım var? - deyə gülümsədi. Sonra, Şəfadan soruşdu:

- Dərslər necə gedir?

- Yaxşı, beş alıram. Ancaq o günü müəllim mənə üç yazdı riyaziyyatdan. Dedi başqalarına kömək edirsən.

Zərifə stulda əyləşib, dedi:

- Hə, kömək etmək olmaz. Qoy özləri cavab versinlər. Onda pis öyrənirlər. Sabah sən olmasan neylərlər?

- Yalan deyir, sən kömək elə, - Mehman zarafatla dedi.

Zeynəb mətbəxə keçib, daha iki “xrustal” stəkan çıxarıb, çay süzdü. O, Mehmanın yanında gələn qızın sevdiyi olduğunu anlamış, ancaq nə məqsədlə gəldiklərini ayırd edə bilmirdi. Bəlkə, elə həbsdən çıxan kimi onu qaçırmışdır? Yox, Zərifə gözəl olduğu qədər də ağıllı qıza oxşayırdı. Nə o, nə də Mehman bu işə qol qoyardı. Bəs nə olmuşdur ki, Mehman elə bu gün sevdiyi qızı da götürüb, onlara gəlmişdir? O, bunları fikirləşə-fikirləşə qonaqların çayını süzüb, gətirdi. Mehman çaylara baxıb, dedi:

- Zərifə, mən çox yerdə çay içmişəm, heç vaxt Zeynəb bibinin çayından görməmişəm. Elə bil çayın dilini bilir.

Zərifə gülümsəyib, dedi:

- Hə, rəngindən dadı da bilinir. Əllərinə sağlıq, bəs özünüzə niyə süzmürsüz?

- İndi gətirəcəm, əslində çaydan-çayniki gətirib, yanımıza qoyacaqdım, - Zeynəb bunu deyib, öz stəkanlarını da mətbəxə apardı.

Mehman anası və xalalarıyla evlərinə çatanda saat üç olardı. Yuyunub, onlarla bir süfrə arxasında çörək yeyib, sonra yatmışdı. Saatın zəngini altıya qoysa da, durub, yenidən yatmış, yeddidə qalxmışdı. Elə bil illərin yuxusuzluğunun dadını çıxarmışdı. Sonra, vacib işi olduğunu demiş, “a bala, işini sabah görərsən, atan da indi gələcək” - deyən Sevilə, qulaq asmayıb, evdən çıxmışdı. O, əslində birbaşa Zeynəbgilə gəlmək istəmişdi. Lakin Zərifənin zəng edib, görüşmək istədiyini bildirəndə, öz-özünə gülümsəmiş, “zalımın balası elə bil iy bilir, hardan, necə xəbər tutdu ki, indicə azadlığa çıxmışam? Təxirə salsam, küsəcək. Həm də, axı indi onunla görüşməyi çoxdan gözləyir” fikirləşərək, dəniz qırağında görüşmüşdülər.

O, olan hadisələrin hamısını Zərifəyə danışmışdı. Sonra isə, “sənin yuxun çin çıxdı. Bir də belə yuxular görmə” - demişdi. Zərifə İlqarın ölümünə çox pis olmuşdu, xeyli ağlamışdı. Sonra Şahanəni soruşmuşdu. Mehman anasından eşitdiklərini danışmışdı. Sonda onun dünən evdən qaçıb getdiyini demişdi. Diqqətlə qulaq asan Zərifə:

- O, çox təhlükəli, ağlı yerində olmayan və bədbəxt qadındır. Məncə, əsəb pozğunluğu daha da ağırlaşacaq - demişdi.

- Səncə, o, qaçıb hara gedər? - Mehman sual etmişdi.

Bir qədər düşünən Zərifə:

- O, kimdənsə qisas almağı düşünür. Ancaq evdən ona görə qaçıb ki, atandan, xüsusilə də anandan utanırmış... - demişdi.

Bulvarda bir xeyli gəzmiş, söhbət etmişdilər. Sonra birlikdə şam edərək, Mehmanın təklifiylə Zeynəbgilə gəlmişdilər. Həm də, mühüm qərar vermişdilər ki, daha sevgilərini gizlin saxlamasınlar və tezliklə nişanlansınlar. Mehmanın bu təklifini Zərifə gözlərini yumub, başını razılıq əlaməti olaraq tərpətməklə, təbəssümlə qarşılamışdı.

Zeynəbgilə gələrkən yolda hər ikisi bu qapını necə açacaqlarını, onun və uşaqlarının gözlərinə necə baxacaqlarını düşünüb, həyəcan keçirirdilər. Xüsusən, Mehman düşünürdü ki, Zeynəbin hansısa məqamda ondan incikliyi ola bilər, nədəsə günahlandırar. Odur ki, həmən müdiş gecəni bir neçə dəfə beynində canlandırırdı. Və bir də, əsas məsələni ona necə deyəcəyini düşünürdü. Ancaq evə daxil olanda Zeynəbin və uşaqların yüksək əhval ruhiyyəsini, çay süfrəsini görəndə Mehmanla Zərifə təəccüb etdilər. İlk baxışda elə görünürdü ki, ailə nəyəsə sevinir, ya da bugünkü məhkəmənin qərarını qeyd edirdilər. Amma bunların hər ikisi absurd bir ehtimal idi. Görəsən, Zeynəb, nə səbəbə bu cür çay süfrəsi açıb? - Mehman Şəfanı dizi üstə oturdub, uzun qara saçlarını hörən Zərifəyə baxa-baxa düşünür, bir nəticəyə gələ bilmirdi.

Zeynəb daha üç stəkan çay gətirib, özü də stolda əyləşib, mehribanlıqla soruşdu:

- Mehman, ac olarsınız, hazır yemək var.

- Sağ olun, yeyib gəlmişik, - Zərifə Mehmandan tez cavab verdi.

Mehmanla Zərifə qızlarla, Zeynəblə xeyli söhbət etdilər, deyib-güldülər. Xüsusilə, Şəfa qonaqlara xeyli sual verdi. Onun və Əsmərin Zərifədən çox xoşları gəlmişdi. Şəfanın Zərifəyə:

- Sənin gözlərin həyətdəki boz pişiyin gözlərinə çox oxşayır, - deməsinə isə hamısı xeyli gülmüşdü.

Zərifənin saatına baxması və buna rəğmən, getmək istəməməyindən Zeynəb başa düşmüşdü ki, Mehmanın nəsə ciddi deyəcəyi var, sadəcə uşaqların yanında demək istəmir. Odur ki, üzünü uşaqlara tutub:

- Qızlar, daha gecdir, sabah məktəbə gedəcəksiniz, gedin yatın - dedi.

Bu, qızların xoşuna gəlməsə də, analarının sözündən çıxmadılar, ayağa qalxıb, qonaqlarla görüşdülər. Şəfa:

- Zərifə bacı, getməyin, bizdə qalın, nənənin otağı boşdur - dedi.

Zərifə onu yenidən öpüb:

- Yox, gedəcəyik, məni evdə anam gözləyir axı. Ancaq Mehmanla yenə gələcəyik - dedi.

Bacılar öz otaqlarına keçəndən sonra, araya bir müddət sükut çökdü. Zərifə Mehmanı danışmağa sövq etmək üçün bir də saatına baxdı. Nəhayət, Mehman dilləndi:

- Bilirsən, Zeynəb bibi, Zərifəylə bir-birimizi çoxdandır ki, sevirik. İndiyə qədər bunu gizlin saxladıq. Ancaq fikirləşirəm ki, daha hamı bilməlidir, biz tezliklə nişanlanmaq istəyirik.

Bunları dedikdən sonra, o, qızardı. Elə Zərifə də bunu gözləmirdi və “bu, nəyi qoyub, nəyi danışır?” - deyə fikirləşdi. Mehmana təəccübnən baxaraq, sanki, “heç hənanın yeridir?” demək istədi. Zeynəb Mehmanın tez-tələsik bura gəlməsinin əsas səbəbi bu olmadığını hiss etdi, ancaq onun dediklərini təbəssümlə qarşılayıb, sevinclə dedi:

- Nə gözəl, çox şükür Allaha. Elə Sevil xanım neçə vaxtdır bu xəbəri gözləyirdi. Mən ona deyərəm, çox sevinəcək. Rüstəm müəllimin elə ürəyincə olacaq. Zərifəni isə mən bəyəndim. Allah xoşbəxt eləsin Sizi.

Zərifə onun sözlərindən qızardı, başını aşağı salıb, utandığından yalnız: “Çox sağ olun!” - dedi.

Mehman, yenə dilləndi:

- Zeynəb bibi, bura gəlməyimizin əsas səbəbi isə başqadır. Allah İlqar əmiyə rəhmət eləsin. Onun son sözlərini Sizə çatdırmağı özümə borc bildim.

Zeynəbin gözləri doldu, yanağından axan yaşları silib, diqqətlə Mehmana baxmağa başladı.

- İlqar əmi “Zeynəbə deyərsən, qızlara yaxşı baxsın, onları oxutsun, mütləq ali təhsil alsınlar” - dedi.

Mehman susdu. Zərifə gözlərini tavana dikib, kövrək halda qulaq asırdı. Zeynəb:

- Sonra nə dedi?

- Sonra da dedi ki, Zeynəbə deyərsən, daha orada işləməsin.

Mehman bunları deyib, susdu. Zeynəb köks ötürüb:

- Həmin gecəni, olanları ətraflı, ancaq olduğu kimi danış, xahiş edirəm, Mehman, - dedi.

Mehman hər şeyi olduğu kimi danışdı. Zeynəblə Zərifə ona göz yaşlarını axıda-axıda qulaq asdılar. Zeynəb:

- Aydındır, elə sabah gedib Natiq müəllimə işdən çıxmağım haqqında ərizəmi təqdim edəcəm. O ki qaldı uşaqların oxumasına, ciddi məşğul oluram, özləri də çox çalışırlar. İnanın, qəribədir. İndi siz gəlməzdən əvvəl qərara gəldim ki, güclü, sağlam və mehriban, gülərüz olmalıyam, Şəfa və Əsmər üçün bunları etməliyəm. İkinci dəfədir ki, həyatda bu qərara gəlirəm, bir atam rəhmətə gedəndə, bir də indi. Bu çay süfrəsini də ona görə düzəltmişdim... o vaxt bacardım, ancaq indi necə bacaracam, bunu bilmirəm.

- Siz güclüsünüz, inanıram ki, bacaracaqsınız, - Zərifə dedi.

Zeynəb başını bulayıb, kədərlə gülümsəyərək:

- Mehman da güclü idi, ancaq İlqarı qoruya bilmədi.

Mehman başını aşağı salıb, yelləyərək:

- Yox, qoruya bilmədim, Zeynəb bibi. Məni bağışlayın, - dedi.

 

525-ci qəzet .- 2022.- 2 iyul.- S.19;21.