Təsviri sənətdə özünəməxsusluq - Hafiz Məmmədov

 

Əsəd QULİYEV,

Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü

 

Azərbaycan rəssamlıq məktəbinin formalaşmasında gənc rəssamların yetişməsində onun da xidmətləri olub. O, uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı uzun müddət Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktbində pedaqoji fəaliyyət göstərib, bir sıra tanınmış rəssamlarımızın ilk müəllimi olub, onlara təsviri sənətin özünəməxsus sirlərini öyrədib. Əməkdar incəsənət xadimi Hafiz Məmməd oğlu Məmmədovdan (1921-1995) söhbət gedir.

Hafiz Məmmədov Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra (1941), Böyük Vətən müharibəsinin başlanması ilə əlaqdəar könüllü müharibəyə yollanıb, Stalinqraddan Berlinədək şanlı döyüş yolu keçib. Müharibədən qayıtdıqdan sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstutuna qəbul olunub, oranı uğurla bitirib (1946-1952). Rəssamın palitrasında vətənpərvərlik müharibə mövzusu həmişə əsas mövzu kimi götürülüb. O, həmçinin, Ə.Əzimzadə adına Azərbacan Dövlət Rəssamlıq məktəbinin direktoru vəzifəsində çalışıb (1952-1956). Rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Rəssamın yaratmış olduğu bədii sənət nümunələri ölkəmizlə yanaşı xaricdə muzey, qalereya şəxsi kolleksiyalarda saxlanılır. H.Məmmədovun yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi mükəmmməl kompozisiya quruluşu, obraz yaradıcılığı kolorit həllində professional bədii işlənilmə xüsusiyyətlərini qeyd etmək olar.

Rəssamın süjetli tablolarından olan "Azadlıq" (1958), "Sevimli obraz" (1967), "Yay günləri" (1967), "Məhsul bayramı" (1970), "İntizarlı illər" adlı əsərləri özünün məna məzmun dolğunluğu, bədii estetik mahiyyəti professional işlənilmə xüsusiyyətləri ilə seçilir. "Yay günləri" adlı əsərdə kompozisiyada gənc qızla oğlanın milli ornamentli xalça üzərində şahmat oynadıqları an təsvir olunub. "Məhsul bayramı" adlı əsər isə aşıq sənətimizə həsr olunub, aşıqların saz çaldıqları vaxtda bədii obrazları yaradılıb. Rəssamın həyat yaradıcılığı haqqında 1985-ci ildə nəşr olunmuş albom - kitabda qeyd olunan əsər haqqında Əşrəf İbrahimov yazırdı: "Qədim bir ulusun, obanın mahnılarını eldən-elə yayan aşıq, eləcə arxa planda görünən çalğıçılar tamaşaçıya sənətin ölməzliyindən, xalq ənənəsinin gözəlliyindən söhbət açır".

H.Məmmədovun portret əsərlərindən "Xalq artisti, tarzən Hacı Məmmədovun portreti" (1958), "166 yaşlı Şirəli Müslümov" (1970), "Akademik Q.Sultanovun portreti" (1970), "Həyat naminə. Avtoportret"  (1979), "Sovet İttifaqı Qəhrəmanı B.Mirzəyev" (1979), "Qızımın portreti" (1980) başqalarını qeyd etmək olar. Rəssam portret əsərlərində surətlərin daxili psixoloji aləmini açıb göstərməyə çalışmış istəyinə müvəffəq olmuşdu. Həmçinin, rəssam bütöv yaradıcılığı boyu Azərbaycanın bölgələrinə səfər edərək, görüb duyduqlarını, həssas rəssam qəlbi ilə müşahidə etdiklərini maraqlı mənzərə lövhələrində əks etdirməyə çalşıb. "İsmayıllı" (1965), "İmamzadə" (1968), "Quba mənzərəsi" (1968), "Xəzərdə" (1972), "Şahdağ" (1974), "Lerik" (1975), "Novxanı" (1978), "Şuşa" (1980) adlı əsərlər bu qəbildəndir.

H.Məmmədov diqqəti cəlb edən, mükəmməl kompozisiya işlənilmə xüsusiyyətləri ilə seçilən, seyrçidə xoş duyğular yaradan bir çox natürmort əsərləri ərsəyə gətirib. Rəssamın natürmort əsərlərindən "Yemiş" (1958), "Satıl, nar, heyva" (1968), "Şərq ərməğanları" (1963). "Mis qablar" (1965), "Natürmort. Nar, heyva" (1984) başqa qeyd etmək olar.

H.Məmmədov bir çox xarici ölkələrdə - Misir, Livan, İraq, Suriya, Tunis, Macarıstan, Rumıniya - yaradıcılıq ezamiyyətlərində olub, çoxsaylı eskiz rəsmlər, həmçinin, maraqlı rəngkarlıq əsərləri yaradıb. Rəssamın səfər təəssüratları "Misir torpağında" adı ilə 23 yanvar 1960-cı ildə "Ədəbiyyat incəsənət" qəzetində dərc olunub. H.Məmmədov yazırdı "Hələ axşam işığında, cəmisi bir neçə dəqiqədə gördüklərimizi deməklə qurtarmaz... Məni bir fikir narahat edirdi. Kaş gördüklərimi istədiyim kimi çəkə biləydim!..."

Qeyd etmək lazımdır ki, rəssamın xarici ölkələrə yaradıcılıq ezamiyyətlərində aparmış olduğu yaradıcılıq axtarışları onun yaradıcılığının formalaşması püxtələşməsi istiqamətində böyük rol oynayıb. "Qahirə axşamı" (1960), "Luksorda məbəd" (1960), "Sfinks önündə" (1961), "Kiraz tikintisi" (1964), "Qırılmış ümidlər" (1968), "Sbeytla xarabalıqları" (1970), "Narahat dünya" (1972) başqa əsərləri rəssamın xarici ölkələrə həsr olunmuş çoxsaylı tablolarından nümunələrdir.

H.Məmmədovun bədii pedaqoji yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb (1980). Rəssam bir çox yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə müvəffəqiyyətlə iştirak edib. Hafiz Məmmədov çoxşaxəli uğurlu bədii və pedaqoji yaradıcılıq fəaliyyəti ilə adını Azərbaycan təsviri sənət tarixinə əbədi həkk edib.

 

525-ci qəzet .- 2022.- 1 iyul.- S.14.