Xurşidbanu Natəvanın ədəbi
taleyi
Mustafa Çəmənli
Azərbaycan ədəbiyyatı, mədəniyyəti
tarixində öz yeri, xidmətləri olan Xurşidbanu Natəvan
haqqında ilk dəfə ana nənəmin anası
Yaxşı qocamdan eşitmişdim (Qarabağda mənim
yaşıdlarım yaşlı nənələrinə
"qoca" deyə müraciət edərdilər). Ömrünün
gəlinlik çağını XIX əsrdə
yaşamış Yaxşı qocam
ahıllığını XX əsrdə - mən uşaq
olanda başa vurmaqdaydı. O, hər dəfə bizə
baş çəkməyə gələndə mənə
nağıllar danışardı. Bu nağıllardan birində
isə Yaxşı qocamı kəndimizin qız-gəlini ilə
toplaşıb başının dəstəsiylə Ağcabədinin
Kəhrizli kəndindən gəlib, bizim Çəmənli kəndindən
keçib el yoluyla Şuşa qalasına gedən Xan
qızı Natəvanın tamaşasına duran gördüm.
Onun xatirəsində Xan qızı Natəvan at
belindəydi, qızıl düyməli çəpgəni,
papaqqabağısı, belindəki qızıl kəməri
günəşin şəfəqləri altında bərq
vururdu. Bu xatirənin sonu məşhur bir bayatı ilə
bitmişdi:
Burdan bir atlı keçdi,
Atın oynatdı keçdi.
Gün
kimi şəfəq saçdı,
Ay kimi
batdı keçdi.
Çox sonralar bildim ki, qoca nənəmin heyranlıqla təsvir
etdiyi Xan qızı Xurşidbanu Natəvan imiş. Onu da
anladım ki, uzun bir ömür sürmüş Yaxşı
qocamın bu dünyada gördüyü və sevdiyi ən
böyük şəxsiyyət elə Xan qızı imiş.
Zaman
keçdi, Xan qızının muğamat saatlarında radiodan
eşitdiyim
Dilbəra,
dərdi-dilimdən
belə
ünvan etdim
Ki, qəmi-hicrdə
dil mülkünü
viran
etdim. -
mətləli
qəzəli ustad xanəndə Yaqub Məmmədovun səsi
ilə yaddaşıma köçdü.
Təbii
ki, ali məktəbdə oxuyanda bu incəqəlbli
şairənin yaradıcılığı, rəhbəri
olduğu "Məclisi-üns" ədəbi məclisi
haqqında kifayət qədər bilgi əldə etmişdim. Dünya şöhrətli fransız
yazıçısı Aleksandr Dümanın (1802-1870)
"Qafqaz" əsərində Xurşidbanu Natəvan və
onun birinci əri Xasay xan Usmiyev barədə xoş sözlərini
oxuyanda çox xoşhal olmuşdum. 1858-ci ildə
Aleksandr Düma (ata) Bakı polismeystri Piqulyevskinin evində
Xasay xan Usmiyevlə, onun xanımı Xurşidbanu,
qayınanası Bədircahan bəyimlə və
uşaqları ilə tanış olmuş, ilk təəssüratlarını
belə ifadə etmişdir: "İki azərbaycanlı
qadından biri Qarabağın sonuncu xanı Mehdiqulu xanın
arvadı, o biri isə qızı (Xurşidbanu Natəvan -
M.Ç.) idi. Anaya qırx, qızına iyirmi
yaşdan artıq vermək olmazdı. Hər
ikisi milli geyimdə idilər. Qız zəngin
olan milli geyimdə füsunkar görünürdü.
Üç-dörd yaşlı, eyniylə anası kimi
geyinmiş balaca qız uşağı iri, qara gözlərini
təəccüblə bizə zilləyərkən
beş-altı yaşında bir oğlan uşağı nənəsinin
qucağına sıxılmışdı və təsadüfən,
yaxud qeyri-ixtiyari olaraq, əli ilə xəncərinin dəstəyindən
tutmuşdu.
Tiyəsinin dalı-qabağı - hər iki tərəfi
kəsən ülgüc kimi iti, həqiqi bir xəncəri
fransız qadını heç vəchlə öz
uşağının əlinə verməzdi, ancaq bu azərbaycanlı
qadınının öz uşağına verdiyi bir oyuncaq
idi" (A.Düma. "Qafqaz", 2010, səh.186-187).
Xasay xan Usmiyevin Aleksandr Dümaya yazdığı
kiçik bir məktubdan onun xanımı Natəvanın əl
qabiliyyətindən necə məmnun olduğunu
görürük. "Bir saat sonra ondan (Xasay xandan -
M.Ç.) kiçik bir məktub aldım. Fransızca
mükəmməl tərtib olunmuş bu kiçik məktubda
aşağıdakı sözlər yazılmışdı:
Müsyö, Sizin çox gözəl silahlarınız
vardır, odur ki bu kolleksiyanıza nəsə əlavə etməyə
cəsarətim çatmadı; ancaq xanımım bir pul kisəsini
və iki arxalığı qəbul etmənizi xahiş edir. Pul kisəsinin naxışlarını xanım
öz əlləri ilə işləmişdir. İmza: knyaz Xasay Usmiyev" (Yenə orada, səh.
193).
Bu hədiyyənin qarşılığında
A.Düma Xan qızına fil sümüyündən şahmat
hədiyyə etmişdir. Xurşidbanu Natəvanın
irsinin tədqiqatçısı Bəylər Məmmədovun
yazdığına görə, şairənin qızı
Xanbikədən olan nəvəsi Əkbər xan
Naxçıvanlı A. Dümanın nənəsinə
bağışladığı şahmatı və
fiqurları sonralar muzeyə bağışlamışdı.
Natəvanın yaradıcılığı, şəxsi
həyatı sonralar da mənim yoluma çıxdı. 1983-cü ildə
filologiya elmləri namizədi Bəylər Məmmədovun
işlədiyim "Yazıçı" nəşriyyatında
"Xurşidbanu Natəvan" monoqrafiyası nəşr
olunmuşdu. Bu monoqrafiyanı oxumuşdum və
Xan qızının fərəhli, fərəhsiz günlərinin
şahidi olmuşdum. Kitabın müəllifi
Bəylər müəllimlə dostlaşmışdıq.
Bəylər Məmmədov öz imzası ilə
oxucunun gözünü "qabar" edənlərdən
deyildi. Az-az yazırdı, amma
yazdıqları maraqla qarşılanırdı. Çünki hər yazısı tapıntı idi.
Bir gün "Ədəbiyyat və incəsənət"
qəzetində onun "Xurşidbanu Natəvanın şair
qohumları" sərlövhəli maraqlı bir məqaləsini
oxudum. O zaman "Yazıçı" nəşriyyatında
klassik ədəbiyyat və folklor redaksiyasının
müdiri işləyirdim. Bəylər müəllimə zəng
vurub onu məqalə münasibətilə təbrik etdim, sonra
"yaxşı olar, məqalədə adı çəkilən
şairlərin şeirlərini toplayasınız, kitab
halında çap edək" dedim. O, belə bir niyyətdə
olmadığını söyləsə də, təklifimi qəbul
etdi və 1989-cu ildə onun "Natəvanın şair qohumları"
kitabı nəşr edildi. Bəylər müəllimin
"Bu kitabın yaradılmasının təşəbbüskarı
əziz Mustafaya xoş təəssüratlarla" avtoqrafı
ilə mənə bağışladığı "Natəvanın
şair qohumları" kitabı bu gün oxucular
üçün çox qiymətli bir mənbədir.
Doğrusu, Xurşidbanu Natəvanın 1886-cı ildə
tərtib etdiyi şeir və rəsmlərdən ibarət
"Gül dəftəri" albomu barədə də müfəssəl
fikirləri ilk dəfə Bəylər Məmmədovun
monoqrafiyasında oxumuşdum. Xan qızının müasiri Mir
Möhsün Nəvvab da təzkirəsində onun şəxsiyyətinə
və rəssamlıq qabiliyyətinə yüksək qiymət
verərək yazır: "...əhvalı və məzacı
adi, xarici görünüşü eyibsiz, zərif
qadındır. Qadınlara xas olan əməllərdə
çox mahirdir. Rəssamlıq sənətində
çox qabil və kamildir" (M.M.Nəvvab."Təzkireyi-Nəvvab",
1995, səh. 150).
Mən hələ
sovet dövründə Xurşidbanu Natəvanın, Mir
Möhsün Nəvvabın, Əli bəy Hüseynzadənin,
Yusif Vəzir Çəmənzəminlinin rəsmlərini bir
kitabda toplayıb çap etdirmək istəyirdim. Lakin bu istəyim baş tutmadı. 2011-ci ildə
Əlyazmalar İnstitutuna gedib şairənin "Gül dəftəri"
ilə tanış oldum. Düzü,
bir əsr bundan əvvəl Xan qızının adi
karandaşla çəkdiyi rəsmləri görəndə
çox duyğulandım. Təəssüflər olsun
ki, dəfələrlə qəzəlləri Azərbaycan və
rus (1983) dillərində çap olunan şairənin elm aləminə
1938-ci ilin mart ayından bəlli olan "Gül dəftəri"ndəki
rəsmləri bizim tərtib etdiyimiz 2012-ci il
nəşrinə qədər bütöv halda çap
olunmamışdır. Ona görə də bu
yeni tərtibdə Natəvanın qəzəlləri ilə
yanaşı, onun çəkdiyi rəsmlərini də verməyi
vacib saymışdıq. Bu rəsmlərin çapa
yararlı olub-olmamasını müəyyənləşdirmək
niyyəti ilə uzun illər kitab qrafikası ilə məşğul
olmuş rəssam Abdulla Ələkbərovla o zaman
Əlyazmalar İnstitutunun direktor əvəzi, filologiya elmləri
doktoru Paşa Əlioğlunun yanında olduq və bir daha
"Gül dəftəri"ndəki rəsmləri nəzərdən
keçirdik. Abdulla müəllim bir mütəxəssis
kimi rəsmlərin çapının mümkün
olduğunu söylədi. Yeni tərtiblə
bağlı Paşa müəllimlə fikirlərimi
bölüşdüm. O, Əlyazmalar İnstitutunun
arxivində Mirzə Rəhim Fənanın, Natəvanın nəvəsi
Əkbər Naxçıvanskinin, oğulluğu Mir Həsən
Mir Haşım oğlu Ağamirovun, Zülfüqar bəy
Hacıbəylinin xatirələrinin saxlandığını
və bu xatirələrin şairənin həyatını,
dünyagörüşünü, "Məclisi-üns"dəki
fəaliyyətini öyrənmək baxımından çox
qiymətli mənbə olduğunu söylədi. Paşa müəllimdən yeni tərtibə əlavə
etmək üçün həmin xatirələrin
üzünü köçürtdürüb bizə verməsini
xahiş etdim.
Ayrı-ayrı vaxtlarda mətbuatda dərc olunmuş
xatirələrdən, şairənin nəslindən olan
insanların söz-söhbətlərindən
görünür ki, Natəvanın irsi hələ də hərtərəfli
araşdırılıb üzə
çıxarılmamışdır. Fikrimizi bu kitaba daxil etdiyimiz
tanınmış yazıçı, tərcüməçi
Hüseyn Sərifin (1909-1989) "Bir hədiyyənin
tarixçəsi" və jurnalist Novruz Novruzovun
(İbrahimoğlu) "Xan qızının xatirə əşyaları"
məqalələrinə istinad edərək söyləyirik.
"Bir hədiyyənin tarixçəsi" məqaləsinin
müəllifi Hüseyn Şərif 1944-cü ildə
İranda olarkən Muradəli adlı bir şəxsin Xan
qızı Natəvanın əlyazmasını ona
bağışlamasından, hətta o zaman ədəbiyyatşünas-alim
Məmməd Arif Dadaşzadənin bu əlyazmaları "Natəvanın
əlyazmalar fondunda saxlanan digər sənədləri" ilə
tutuşdurmasından, "birini qoyub, o birini götürməsindən"
söz açır və sonra Məmməd Arifin müəllimin:
"Bəs indi necə olsun, Hüseyn, bunlar harada qalacaq, nə
etmək istəyirsən?" məntiqli sualı
qarşısında Hüseyn Şərifin: "Muradəli
xanın yazısını özün gördün,
bunları mənə yadigar verib. Sabah Təbrizə
yola düşürəm. Sağlıq
olsun, qayıdanda məsləhətləşərik" -
deyir.
Bu məsləhətləşmənin sonu nə ilə
bitib bizə bəlli deyildir. Çox illər sonra, 28 iyul
1984-cü ildə "Azərbaycan gəncləri" qəzetində
"Bir hədiyyənin tarixçəsi" adlı xatirəsini
və Natəvanın üç rəsmini, əlyazısının
kiçicik surətini çap etdirən müəllif, nədənsə,
əlyazmaların sonrakı taleyindən danışmayıb.
Bəs bu nadir "hədiyyə" necə olub? Doğrudanmı,
Xan qızına məxsus bu qiymətli hədiyyə it-bata
düşüb? Azərbaycan
Respublikası Dövlət Ədəbiyyat və İncəsənət
Arxivinə, Əlyazmalar İnstitutuna, ayrı-ayrı şəxslərə
müraciət etdim. - "Bizdə belə
bir əlyazma yoxdur" cavabını aldım. Nəhayət, vaxtilə "Yazıçı"
nəşriyyatında mənimlə birgə işləmiş
Hüseyn Şərifin oğlu Eldar Şərifova müraciət
etdim. O, atası vəfat etdikdən sonra əlyazmaları
Azərbaycan Dövlət Teatr Muzeyinə verdiyini söylədi.
Dərhal Teatr Muzeyinə gedib əlyazmalarla tanış
oldum. Muzeydə şəxsi arxiv və sənədlər
şöbəsində saxlanan bu əlyazma 9 qəzəldən,
4 rəsmdən ibarətdir (Doğrudanmı, 1944-cü ildə
İranda Hüseyn Şərifə verilmiş əlyazmalar
ancaq bundan ibarətdir? Hökm vermək
çətindir). Rəsmlərə baxan
kimi Natəvana məxsusluğu dərhal nəzərə
çarpır. Onu da deyim ki, bu rəngli rəsmlər
Natəvanın "Gül dəftəri"ndə yoxdur.
Şeirlərə gəlincə, bu qəzəllərdən
yalnız biri bu günə kimi çap olunmayıb (Qəzəllərdən
biri isə Mirzə Rəhim Fənaya məxsusdur). Şairənin oğluna həsr etdiyi "Getmə"
rədifli bu qəzəli də motivi etibari ilə onun eyni rədifli
digər şeirləri ilə səsləşir. Şairənin qəzəlini əsərlərinə
əlavə etdik, digərlərini isə çap olunmuş mətnlərlə
tutuşdurduq və bəzi qəzəllərdə xırda
düzəlişlər etdik.
Xan qızı Natəvanın şəxsiyyətini,
ictimai fəaliyyətini xalqımız və dövlətimiz
yüksək qiymətləndirib, onun adı əbədiləşdirilib. 2012-ci ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
Xurşidbanu Natəvanın anadan olmasının 180 illiyi ilə
bağlı verdiyi Sərəncama müvafiq olaraq tərtib
edib çap etdirdiyimiz bu kitaba 2022-ci ildə şairənin 190
illiyində və mənfur düşmənin
işğalından azad olunmuş doğma şəhərimizlə
bağlı "Şuşa İli"ndə yeni materiallar əlavə
edərək çapa hazırladıq. Bu yeni nəşrə
şairənin övladları Mehdiqulu xan Vəfa, Xanbikə,
Mir Həsən ağa Mir haqqında tanıtma və şeirlərindən
nümunələr daxil edilib.
Bunlarla
yanaşı, kitabın "Ömürdən anlar"
bölməsində "Məclisi-üns"üns
üzvü, şairənin şəxsi həkimi,
övladlarının tərbiyəçisi Mirzə Sadıq
Piran haqqında bilgi və onun Natəvana həsr etdiyi
şeirindən parça, şəxsi taleyi ilə
bağlı "Bir təsadüfün nəticəsi",
"Dinmə, ey könül", "Səni də"
başlıqlı yazılar da əlavə edilib.
Bundan
başqa, Xurşidbanu Natəvanın rəhbərlik etdiyi
"Məclisi-üns" ədəbi məclisi haqqında
oxucuların daha geniş təəssürat əldə etməsi
üçün mərhum alim Nəsrəddin Qarayevin
"Poetik məclislər" kitabından "Məclisi-üns"
fəslini ixtisarla kitaba daxil etməklə yanaşı,
müasirlərinin xatirələrinə də yer vermişik.
Xurşidbanu
Natəvanın "Gül dəftəri"
bölümündə Bəylər Məmmədovun
"Xurşidbanu Natəvan" monoqrafiyasından "Gül
dəftəri"ndən bəhs edən "Şairin
albomu" təhlil-təqdimat hissəsini kiçik ixtisarla
möhtərəm oxuculara təqdim etmişik.
Xurşidbanu
Natəvanın həyat və yaradıcılığı
şair və yazıçılarımızı da
ilhamlandırmış, hələ sağlığında
müasirləri Qasım bəy Zakir, Mirzə Fətəli
Axundzadə, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə,
Mirzə Həsən Yüzbaşov, Məmo bəy Məmai,
Mirzə Rəhim Fəna, İskəndər bəy Rüstəmbəyov,
Molla Musa Şirvani, Mirzə Məmmədqulu Həkim və
başqaları ona şeirlər ithaf etmiş, qəzəllərinə
çoxlu sayda nəzirələr yazmışlar. Biz yeni tərtibimizə bu nəzirələrdən
də əlavələr etmişik. Çünki bu ithaf
şeirləri, nəzirələr müasirlərinin Xan
qızının şəxsiyyətinə, fitri istedadına,xeyriyyəçilik missiyasına rəğbətin,
hörmətin, məhəbbətin təzahürüdür. Bu şeirlərdə Natəvanın taleyinin
ayrı-ayrı məqamları, şairlik, rəssamlıq
keyfiyyətləri, bir sözlə, poetik obrazı çox
aydın görünür. Bir növ
Xurşidbanu Natəvanın ədəbi irsinin əbədiliyinə
şahidlik edir. İllər sonra da Natəvanın
şəxsiyyətinə, keşməkeşli həyatına
maraq azalmamışdır. Xalq şairləri Səməd
Vurğun, Məmməd Rahim, Hüseyn Arif, Əliağa
Kürçaylı, Hökümə Billuri, Sərdar Əsəd,
Abbasağa, Ramiz Məmmədzadə və başqaları onun
haqqında şeirlər, poemalar, Xalq
yazıçıları Əzizə Cəfərzadə hekayələr,
İlyas Əfəndiyev "Xurşidbanu Natəvan",
şairə Fəridə Əliyarbəyli "Xan
qızı", yazıçı Şövkət Məmmədova
"Natəvan" pyeslərini, Xalq artisti Vasif Adıgözəlov
"Natəvan" operasını yazmışlar. Görkəmli
heykəltəraş Ömər Eldarov şairənin heykəlini
yaratmış, bir çox rəssamlar, xüsusilə Altay
Hacıyev, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə,
Tağı Tağıyev, Arif Hüseynov, Yaşar Səmədov
və başqaları onun bədii obrazını tablolarda əbədiləşdirmişlər.
Xalq rəssamı Altay Hacıyev Xurşidbanu Natəvanın
həyatının ayrı-ayrı məqamlarını əks
etdirən silsilə rəngkarlıq və qrafika əsərləri
yaradıb.
Yeri gəlmişkən,
kitabda yer almış "Məclisi-üns", "Məclisi-fəramuşan"
ədəbi məclislərinin üzvlərindən Mirzə Rəhim
Fəna, İsmayıl bəy Darugə, Məmo bəy Məmai,
Mehdiqulu xan Vəfa, Mirzə Həsən Yüzbaşov və
Həsənəli xan Qaradağinin şəkillərini vaxtilə
bizə təqdim etdiyi üçün mərhum Altay
Hacıyevi minnətdarlıqla yad edirik. Xatırlatmaq
yerinə düşərdi ki, "Məclisi-üns"ün
katibi Rəhim bəy Fəna Altay Hacıyevin babası Kərbəlayı
Səhliyalının dayısı oğludur.
Xan
qızı Natəvana həsr edilmiş bu yeni nəşrdə
şairənin şeirləri, rəsmləri, həyatı,
şəxsiyyəti və ədəbi irsi haqqında
yazılmış xatirələrin, qəhrəmanı
olduğu səhnə əsərlərindən, bədii filmdən
fraqmentlərin də toplandığını nəzərə
alaraq, bu kitabın onun məhşur qəzəllərindən
birinin - "Neçin gəlməz" adı ilə nəşr
olunmasını münasib bildik. Ad şərti olsa da,
fikrimizcə, bu ad həm şairənin
yaşantılarını, həm də bütövlükdə
onun lirikasının leytmotivini özündə daha aydın
şəkildə əks etdirir.
525-ci qəzet .- 2022.- 2 iyul.- S.18.