Rənglərin və izmlərin qovşağında

 

 İsa Həbibbəyli

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin deputatı

Özünəməxsus zəngin ənənələrə malik olan Azərbaycan təsviri sənətində çoxüslublu inkişaf həmişə müşahidə olunmuşdur. Bu, əslində Azərbaycan təsviri sənətinin rəngarəngliyini, fırça ustalarının yaradıcılığındakı bənzərsizliyi müəyyən edən əsil sənət prinsipidir. Bəhruz Kəngərli sənətindəki realist üslub, Mikayıl Abdullayevin rəsmlərindəki monumentallıq, Səttar Bəhlulzadənin romantikası və lirizmi, Tahir Salahovun sərt realizmi, Cavad Mircavadovun şərtilik və simvolizmi, Ələkbər Rzaquliyevin naturalizmi... Azərbaycan təsviri sənətinin zəngin politrasını təqdim edir. Çoxüslublu ənənələrə malik olan Azərbaycan təsviri sənətində özünü tapmaq, yeni yol açmaq əsl istedadın ən mühüm göstəricisidir. Fikrimcə, Azərbaycan Rəssamlar İttifaqının sədri, görkəmli xalq rəssamı Fərhad Xəlilov fərqli bir üslub kəşf etməklə çoxüslublu təsviri sənətdə imzasını təsdiq etmiş sənətkardır.

"Fərhad Xəlilovun fərqli üslubu nədən ibarətdir" sualının cavabını ilk növbədə onun mövzularında və rənglərində axtarmaq lazımdır. Mövzu baxımından Fərhad Xəlilovun seçdiyi yol xeyli dərəcədə çətin məqamlarla bağlıdır. Rəssamın müraciət etdiyi Abşeron mövzusu Azərbaycan təsviri sənətində ən çox istinad edilən mövzulardan biri olub, müstəqil bir rəngkarlıq məktəbini meydana çıxarmışdır. Azərbaycan təsviri sənətində özünəməxsus yeri və siması olan Abşeron rəssamlıq məktəbi mövzu, janr və rəngkarlıq baxımından geniş əhatə dairəsinə malik olub, yurdumuzun fərqli koloritə malik olan bu diyarının timsalında geniş mənada ölkəmizin gözəlliyini xalqımıza təqdim etməyə xidmət göstərir. Abşeronun qədimliyi, buradakı odlar yurdu motivi, Abşeron bağları mövzusu, Xəzər və neftçi obrazları, hətta Abşeron sakinlərinin məişət və geyim xüsusiyyətləri Azərbaycan rəssamlarının fırçasında fərqli üslublarda canlandırılmışdır. Fərhad Xəlilov bu çox işlənmiş mövzuya özünün fərqli möhürünü vurmuşdur. Fikrimizcə, seçilmiş həyat materiallarından tutmuş rənglərdən yaradıcı istifadəyədək çoxcəhətli bənzərsizlikləri ifadə edən bu fərqlilik Fərhad Xəlilovun Abşeron torpağının gerçək romantikasını təsviri sənətə geniş şəkildə gətirməsi ilə əlaqədardır. Abşeron mövzusunda çəkilmiş rəsm əsərlərindəki sərt realizm və naturalizmə Fərhad Xəlilov özünün realist-romantik üslubunu əlavə etmişdir. Bizə görə xalq rəssamı Fərhad Xəlilov Abşeron diyarının obrazını yaratmaqda lirika və romantika ilə realizmin harmoniyasını kəşf etməyi bacarmışdır. Fərhad Xəlilovun rəsmləri Tahir Salahovun sərt realizmi ilə Səttar Bəhlulzadənin lirik-romantik üslubu arasında olub, romantik çalarlar vasitəsilə həyatın gerçəkliklərini orijinal şəkildə tərənnüm edən bənzərsiz sənətdir. Tahir Salahov sənətində və qara rənglər təzadı ifadə etdiyi halda, Fərhad Xəlilovun rəsmlərində bu rənglərin əsl funksiyası harmoniyanı təqdim etməklə müəyyən olunur. Səttar Bəhlulzadə romantikasında isti, nikbin rənglərdən istifadəyə üstünlük verilmişdirsə, Fərhad Xəlilovun rəsm əsərlərində ciddilik ön mövqedə olduğu üçün fikrin ifadəsi baxımından nisbətən tünd rənglərə daha çox müraciət olunmuşdur. Qara və tünd yaşıl rənglərin sintezi və harmoniyası Fərhad Xəlilovun rəsmlərinin əsas mahiyyətini təşkil edir. Qara rəngin müxtəlif çalarlarından yaradıcı istifadə onun rəsmlərində realizmi və avanqardizmi, yaşıl rəng isə romantikanı təcəssüm etdirir.

Beləliklə, qara rənglə yaşıl rəngin sintezi və harmoniyası Fərhad Xəlilovun fərqli, bənzərsiz sənətinin mahiyyətini təşkil edir. Fərhad Xəlilovda qara rəng möhtəşəmlik, reallıq, ciddilik, məsuliyyət, birləşdiricilik, bütövlük və sair kimi mənaları əks etdirir. Fərhad Xəlilov yaşıl rəngdən ümid və inamı, gözəllik və genişliyi, nikbinlik, düşüncə və xəyalı əks etdirmək baxımından istedadla istifadə etməyi bacarmışdır. Onun rəsmlərində rəng bəzən qaranı bir qədər də açmağa, əksər hallarda isə yaşıl rəngə fon yaratmağa xidmət edir. Qara və yaşıl rənglə müqayisədə rəngdən nisbətən az istifadə etsə də bu rəng onun sənətindəki yaşıl dünyanın bəyaz çaları funksiyasını məharətlə yerinə yetirir. Nəticə etibarilə rəng Fərhad Xəlilovun rəsmlərində həm qara rəngin bədbinlik düşüncəsi aşılamaqdan xilas edilməsinə, həm də yaşıl rəngin monotonluqdan uzaqlaşdırılmasına xidmət edir. Beləliklə, biz Fərhad Xəlilovun simasında Azərbaycan təsviri sənətində özünəməxsus romantik çalarları olan realist bir rəssamı görürük. Xalq rəssamı Fərhad Xəlilovun realizmi əsasən modernizmdə və avanqardizmdə özünü ifadə edir. Onun XX əsrin altmış-yetmişinci illərində çəkdiyi rəsmlərdə realist bədii yanaşma modernizm şəklində təzahür etmişdir. "Goradildə", "Buzovnada", "Mərdəkanda yağış", "Qoca tut ağacı", "Buzovna qayalıqları", "Buzovnada küçə" və sair kimi rəsm əsərlərində o, Abşeron mühitini olduğu kimi deyil, gördüyü fərqli bucaqdan çəkib tamaşaçıya çatdırır. Bu mənada Fərhad Xəlilov Azərbaycan təsviri sənətinə öz Abşeronunu gətirmişdir. Tamaşaçı bu əsərlərə baxarkən tez-tez rastlaşdığı, lakin tam fərqində olmadığı bir Abşeronu görə bilir. Fərhad Xəlilovun təqdimatında Abşeron isti, qızmar və küləkli landştafı, əncirvari peyzajı, yaşıla çalan mavi dənizi, ağ-qara kirəmidli evləri ilə bənzərsiz şəkildə rəsm edilmişdir. Fikrimizcə, Abşeron silsiləsində az nəzərə çarpan "Qonşu" rəsmi Fərhad Xəlilovun bədii kəşfidir. İsti Abşeron mühitində damın qarşısında çəkilmiş uca yaşıl ağac ev sahibinin qonşusu kimi təqdim olunur. Mövzunun təsviri sənət baxımından həlli nöqteyi-nəzərindən də "Qonşu" rəsmi mükəmməl alınmışdır. Evlərdən birinin pəncərəsindən görünən qırmızı rəng Abşeronun isti yayını, qonşu obrazında canlandırılan yaşıl uca ağac isə çətin şəraitdə təbiətlə ünsiyyəti, yaşamaq imkanı və ümidini mənalandırır. Ağacın gövdəsində və damların konturlarında verilmiş qara rəng ideya-məzmun cəhətdən də, rənglərin harmoniyası baxımından da birləşdirici faktor rolunu uğurla həyata keçirir. Bizə görə Fərhad Xəlilovun "Qarlı külək" rəsmi də bənzərsiz bir Abşeron triptixidir. Qaramtıl və yaşımtıl rəngli qarlı kolların dilindən canlanmaqda olan qırmızı rəng yazla-qışın rəqabətini əks etdirən nadir rəsm əsəridir. Bu cəhətdən "Çiçəkli nar" rəsmi də Abşeron peyzajına fərqli baxışdan yaranmış mənalı bir tablodur. Rəsm əsəri "Çiçəkli nar" adlandırılsa da mövzu gövdəni ifadə edən qara rənglə yaşlı yarpaqların harmoniyası vasitəsi ilə ifadə olunmuşdur. Rəssam demək istəyir ki, kök, gövdə möhkəm olduğu üçün nar ağacı boy atıb böyümüş və çiçəkləmişdir. Bu, əslində rəsm əsəri vasitəsilə ifadə edilmiş düşündürücü bir fəlsəfi fikirdir. Fərhad Xəlilovun əsərlərinin əksəriyyətində mütləq konkret bir ictimai məna ifadə olunmuşdur.

Fərhad Xəlilov böyük məharətlə rəsmlərində Abşeron-Xəzər mövzusunda özünəməxsus real yeri olan mavi rəngin funksiyasını yaşıl rəng vasitəsi ilə həll etmişdir. Onun haqqında yazmış tanınmış rus sənətşünaslarından biri Qriqori Anisimov da Fərhad Xəlilovun rəsmlərində rənglərin "naturanın kopyası olmadığını" müşahidə etmişdir. Bu cəhətdən yaşıl rəngdən fərqli rəng kimi istifadə etmək rəssamın rəngkarlıqdakı novatorluğunun isbatıdır. Daha bir sərt avqust istisində Abşeron damlarındakı pəncərənin yaşıl rəngdə təsvir edilməsi ("Avqust") əncir ağacının çiçəklərinin ağ əvəzinə yaşıl rəngdə təqdim edilməsi ("Çiçəklənən əncir"), dənizin qara qayalıqlar arasında yaşımtıl görkəminin nəzərə çatdırılması" ("Dənizdə rəng" "Goradildə dəniz") sıx ormanlar arasından yerə düşən işığı yaşıl rəngə görməsi ("Meşədə işıq"), hətta dağı yaşıl boya ilə rəngləməsi ("Yaşıl dağ") Fərhad Xəlilovun mənalandırmalarında yaşıl zəngin nə qədər geniş imkanlara malik olduğunu nümayiş etdirir. Eynilə o, qara rəngdən də müxtəlif məna çalarlarını ifadə etmək üçün fərqli şəkildə istifadə etmək vəzifəsini müvəffəqiyyətlə yerinə yetirmişdir. Ayrıca qeyd etmək lazımdır ki, qara rənglə "oynamaq" Fərhad Xəlilovun yaradıcılığında daha çox avanqardizmin bədii ifadəsində öz əksini tapmışdır. "Qayalar arasında" adlı rəsm əsərində çəkilmiş qurumuş qara ağac sahili tufandan qoruyan dayaq mənasını bildirir. "Buzovnada isti hava" əsərində isti havanı qırmızı əvəzinə qara rəngdə ifadə etməsi, "Dənizə gedən yol" rəsmlərində yaşıl ağacı qara rəngə boyaması şərti olaraq mühitin gərginliyini, dramatizmini göstərməyə xidmət edir. "Dənizə gedən yol" rəsmində evlərin fonunda qara darvaza və qara rəngə boyanmış ağac detalları günün çətinliyi ilə ümidinin vəhdətdə olduğunu göstərir. "Dənizə gedən yol" rəsmində qara darvazalı evin arxasındakı mavi rəng səma kimi təsəvvür edilərsə romantizmin, dəniz olaraq düşünülərsə realizmin bədii ifadəsidir. Bütün bunlar bir daha Fərhad Xəlilovun sənətində rənglərin seçilmiş mövzu ilə əlaqədar konkret fikirləri ifadə etdiyini göstərir. Onun rəsmlərində rənglərin dili vardır. Yaxud belə demək olar ki, Fərhad Xəlilov rəngləri yalnız kətana boyanır, həm də danışdırır. Bütün bunlar isə Fərhad Xəlilovun sənətinin naturalizmdən uzaq olub, abstrakt şəkildə və ya real olaraq romantik çalarlarla həyatı bənzərsiz görkəmdə mənalandırdığını nümayiş etdirir. Bu mənada şair-rəssam kimi görünən Fərhad Xəlilov filosof-rəssam kimi çıxış edir.

Rənglərdən "fərqli rəngdə" istifadə etmək baxımından Fərhad Xəlilovun "Buludlar və dəniz" rəsmi möcüzəli sənət əsəri adlandırıla bilər. Azərbaycan təsviri sənətində ilk dəfə olaraq yaşıl dəniz obrazını Fərhad Xəlilov yaratmışdır. Əsərin adındakı "buludlar" sözü assosiativ şəkildə yaz çağı, bahar fəsli mənasını ifadə etdiyi üçün tabloda dənizin ağləpəli yaşıl dalğalı görkəminin təsviri inandırıcı görünür. Səmadakı mürəkkəb rəngli buludlar isə əslində yazın başlanğıcında torpaqdan çıxan bənövşəni xatırladır. Beləliklə, dənizdə yaşıl çəmən və səmada bənövşə rəngində nadir rəsm əsəri meydana gəlmişdir. Buludların arasındakı qara duman zolağı isə açıq rənglərin təkrarlanmamasına xidmət edən, təbiətdəki harmoniyanı əks etdirən, səma ilə dənizi əlaqələndirən düşünülmüş bədii vasitədir. Tərəddüd etmədən demək olar ki, "Buludlar və dəniz" rəsmi müstəqillik dövrü Azərbaycan peyzaj rəssamlığının şah əsərlərindən biridir.

Xalq rəssamı Fərhad Xəlilovun "Görüş" silsiləsindən olan rəsm əsərləri "Buludlar və dəniz" tablosundakı rənglərin nadir qammasını rənglərlə ifadə edilmiş fikirlər və düşüncələrlə daha da zənginləşdirir və tamamlayır. "Buludlar və dəniz" rəsmindəki nadir təbii gözəlliyin romantikasını "Görüş" silsiləsindəki rəsmlərdə ifadə edilmiş fikirlər və mətləblər daha da qüvvətləndirir. Bu baxımdan "Görüş" rəsmlər serialı Fərhad Xəlilovun fəlsəfi rəsmləri hesab oluna bilər. O, böyük rəssam-filosof kimi dənizlə sahilin, səma ilə torpağın, yolların, hətta fərqli rənglərin yaxınlığını, doğmalığını və harmoniyasını mənalandırmaqla rənglərin dili ilə həyatda və cəmiyyətdə birliyin, həmrəyliyin gücünü, zəruriliyini və əhəmiyyətini ifadə edir. Bu mənada Fərhad Xəlilovun "Görüş" silsiləsi rəssam-filosofun ictimai görüşlərinin və baxışlarının ifadəsi olan cəlbedici rəsmlərdən ibarətdir. Bu, rəssam Fərhad Xəlilovun təbiət və cəmiyyət haqqındakı görüşlərinin, fikirlərinin rənglər vasitəsilə dilləndirilən möhtəşəm təzahürüdür. Rəssamın 2022-ci ildə çəkilmiş "Görüş" silsiləsindən olan rəsm əsərindəki dənizlə səmanın ahəngdar harmoniyası ölkəmizin və xalqımızın qüdrətinin birlikdə olduğuna inanan Fərhad Xəlilovun cəmiyyət haqqındakı estetik idealının əyani romantik təcəssümüdür.

"Gözlənilməz baxış" rəsmlər silsiləsi ilə Fərhad Xəlilov sistemli bir dayanıqlı rəsmlər üstündə köklənmiş sənətinə gözlənilməz rənglər gətirmişdir. "Gözlənilməz baxış" rəsmləri ilə Fərhad Xəlilov sanki öz sənətinin çevrəsini bir qədər genişləndirməyə çalışmışdır. Ona görə də "Gözlənilməz baxış" rəsm əsərləri silsiləsi Fərhad Xəlilovun sənətində açılmış yeni üfüqdür. "Gözlənilməz baxış" rəsmlərindəki onun sənəti üçün gözlənilməz olan fərqli rənglər Fərhad Xəlilovun daim yeni rənglər axtarışında olduğunu, onun həyata standart olmayan rənglərin işığında da daha başqa bucaqlardan da baxa bilmək qabiliyyətini nəzərə çatdırır. Bu o deməkdir ki, Fərhad Xəlilovun sənəti həyatın axarı və dəyişən dünya ilə birlikdə daim yeniləşir və inkişaf edir.

Fərhad Xəlilovun yaradıcılığında portret rəsmləri azdır, lakin yaddaqalandır. Hələ 31 yaşında olarkən, 1977-ci ildə çəkdiyi "Avtoporteret" əsəri Fərhad Xəlilovun sevdiyi qara və yaşıl rəngləri öz portretinin simasında uğurla sınaqdan çıxardığını göstərir. Niyyət xalanın portretləri də tünd rənglərlə işlənmiş ciddi realist əsərdir. Həyat yoldaşının portretində də Fərhad Xəlilov sırf realist rəssam kimi çıxış edir. Xalq yazıçısı Elçinin portretində onun bədii əsərlərindən süzülüb gələn "gümüşü, narıncı" rəngləri əlavə etsə də, obrazı yenə də realizm mövqeyindən canlandırmışdır. Deməli, Fərhad Xəlilov insanlara münasibətdə realizmə sədaqətlidir. Təbiətin "portretini" çəkəndə isə o, realist-romantikdir. Fərhad Xəlilov insanı realizmin, canlandırdığı təbiəti isə müxtəlif izmlərin qovşağında tərənnüm etmişdir.

Fərhad Xəlilovun "Torpağın naxışları" rəsmləri silsiləsi Azərbaycan ölkəsinin ecazkar və möhtəşəm sənət qalereyasıdır. "Torpağın naxışları" rəsmləri Azərbaycan haqqında rənglərin nəğməsidir. Fərhad Xəlilov "Torpağın rəngləri" rəsmlərində rənglərin dili ilə rəssamlığın romansını yaratmışdır. Bu, rəsm silsiləsi Azərbaycanın peyzaj rəssamlığının təkrarsız nümunələridir. "Torpağın naxışları" rəsm əsərləri silsiləsi Azərbaycan təsviri sənətindəki ənənəvi müqəddəs Vətən torpağı mövzusuna Fərhad Xəlilovun həkk etdiyi bənzərsiz naxışlarıdır. "Torpağın naxışları" Azərbaycan diyarına həsr olunmuş rəssamlıq himnidir. Azərbaycan Respublikasının Xalq rəssamı Fərhad Xəlilov "Torpağın naxışları" silsiləsi ilə xalqına və ölkəsinə xidmət etməyin müqəddəs duyğu və böyük borc  olduğunu aydın surətdə diqqətə çatdırır.

Göründüyü kimi, Xalq rəssamı Fərhad Xəlilovun modernizm ilə başlanan sənəti avanqarda cizgilərlə müasirləşərək realist-romantik sənət kimi qərarlaşmışdır. Rənglərin və izmlərin qovşağında dayanan Fərhad Xəlilov fərqli, zəngin və cəlbedici rəsmləri ilə müstəqillik dövrü Azərbaycan təsviri sənətinin görkəmli yaradıcılarından biri olmaq məqamına çatmışdır. Fərhad Xəlilov bənzərsiz romantik çalarlara malik olan qüdrətli realist rəssamdır. "Dəniz və səma" rəssamlıqda, "Torpağın naxışları" silsiləsi isə həm sənətdə və həm də həyatda Fərhad Xəlilovun möhürüdür.

Fikrimizcə, Fərhad Xəlilovun əsərlərinin altında və ya arxasında öz adını yazmaması da təpədən dırnağa qədər orijinal olan rəsmlərinin yalnız özünəməxsus olduğuna rəssamın qəti şəkildə inanmasının ifadəsidir. Nəinki sənət dostları hətta tamaşaçılar da Fərhad Xəlilovun əsərlərini adı yazılmadan asanlıqla seçib müəyyən edə bilərlər. Çünki Fərhad Xəlilovun rəsmləri çoxüslublu Azərbaycan təsviri sənətində fərdi siması ilə səciyyələnən özünütəsdiqin real bədii əksidir. Yalnız bir rəsm əsərində 2001-ci ildə çəkilmiş "Sahildə ev" adlı tablosunun aşağısında adını yazması isə simvolik olub, Fərhad Xəlilovun artıq Azərbaycan rəssamlığının böyük sənət ocağında özünə aid olan mükəmməl bir sənət evini qurduğunu mənalandırır.

"Sahildə ev" böyük sənətin sahillərinə gəlib çatmış Fərhad Xəlilovun artıq rəssamlıq sənətində gəlib çatdığı dayanacaqdır ki, görkəmli rəssam bunu sanki öz imzası ilə simvolik şəkildə təsdiq edir. Profesional sənətşünaslıq elmi və sənətsevərlər bu reallığı qəbul etməklə bərabər, qüdrətli rəssamdan yeni əsərlər gözləməkdədir. "Sahildə ev" rəsmindəki intəhasız mavilik davam etməkdə olan böyük sənətin qarşısında açılan yeni üfüqlərdir. Fərhad Xəlilov sənətindəki limanlar növbəti səfərlərin start nöqtəsidir.

Azərbaycan Rəssamlar İttifaqının sədri kimi də Xalq rəssamı Fərhad Xəlilov təsviri sənətimizin inkişaf etdirilməsinə bacarıqla xidmət edir.

 

27 iyun 2022-ci il

 

525-ci qəzet .- 2022.- 2 iyul.- S.10-11.