"Kəlbəcərdə nəfəs
kəsən mənzərələr gördüm"
ƏLCƏZAİR
SƏFİRİ: "AZƏRBAYCANLA ƏLAQƏLƏRİ
MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN ƏLİMDƏN
GƏLƏNİ EDƏCƏYƏM"
Əlcəzair
Xalq Demokratik Respublikasının Azərbaycandakı yeni
fövqəladə və səlahiyyətli səfiri Abdelvahab
Osman "525-ci qəzet"ə müsahibə verib. Səfir
müsahibə zamanı Azərbaycanla Əlcəzair
arasında müxtəlif sahələrdə mövcud
münasibətlər, gələcək planlar, 5 iyul Əlcəzairin
dövlət müstəqilliyinin 60-cı ildönümü və
digər məsələlərlə bağlı
danışıb.
- Cənab
səfir, Siz qısa müddət əvvəl Azərbaycanda
diplomatik fəaliyyətə başlamısınız. İlk
növbədə oxucularımıza özünüz
haqqında məlumat verməyinizi xahiş edirik.
-
Doğrudur, etimadnaməmi 10 yanvar 2022-ci il tarixində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etdim. Xarici
İşlər Nazirliyində 35 il xidmət göstərən
karyeralı diplomatam. Əlcəzairin Almaniya Federativ
Respublikasındakı səfirliyində sözçü kimi
fəaliyyət göstərmişəm. Əlcəzairin
BMT-nin Nyu-Yorkdakı Daimi nümayəndəliyində BMT-nin
Baş Assambleyasının 3-cü Komissiyasının məsul
nümayəndəsi olmuşam. 2010-2016-cı illərdə
Konqo Respublikasında və Mərkəzi Afrika
Respublikasında səfir vəzifəsində işləmişəm.
Xarici İşlər Nazirliyində bir çox vəzifələrdə
çalışmışam: Beynəlxalq Mətbuat
Akkreditasiya şöbəsinin rəhbəri, təhlil və məlumatların
idarə ediməsi üzrə direktor müavini, Xarici
İşlər Nazirliyi Kabinetində tədqiqatlar və sintez
üzrə məsul şəxs.
Hazırda
57 yaşımdayam, ailəliyəm, 1 oğlum var, paytaxt Əlcəzair
şəhərinin yüksəkliklərində yerləşən
Əl-Biyardanam.
- Azərbaycanda olduğunuz müddətdə
yəqin ki, ölkəmiz barədə ilkin təəssüratlarınız
formalaşıb. Bu, təəssüratlar nədən ibarətdir?
- Bəli,
Azərbaycan bu gün sağlam nəfəs alan bir ölkədir.
Düzgün idarəçilik hiss olunur, Prezident İlham Əliyevin
rəhbərliyi sayəsində ölkə regional və beynəlxalq
əhəmiyyət qazanır. Paytaxt Bakı artıq öz
gözəlliyi ilə heyran edir. Rayonlar da həmçinin. Bu
yaxınlarda Kəlbəcərə səfər etdim və nəfəs
kəsən mənzərələr - meşələr,
çaylar gördüm.
Azərbaycan xalqı çox mehriban, nəzakətli və
xaricilərə açıqdır. Etiraf edirəm ki,
özümü burada heç vaxt yad hiss etməmişəm,
ölkələrimiz mədəniyyət və sivilizasiya
baxımından oxşardır. Burada özümü
çox rahat hiss edirəm və Bakıya səfir təyin
olunmağımdan xoşbəxtəm.
- İyul ayının 5-də
Əlcəzairin dövlət Müstəqilliyinin 60-cı ildönümü
tamam olur. Əlcəzair xalqı
öz azadlığına 8 illik mübarizə və
çoxsayda qurbanlar verməklə nail oldu. Bu
tarix barədə nələri deyə bilərsiniz?
Ötən 60 ildə Əlcəzair dövləti necə
inkişaf edib, hansı uğurlar əldə edilib?
- 5 iyul mənim
ölkəmin tarixində əlamətdar bir gündür. 5
iyul 1962-ci il 130 illik fransız müstəmləkəsindən
sonra müstəqillik tarixdir. 1830-cu ildən
başlayaraq fransız işğalına qarşı
çoxlu üsyanlar oldu. 1954-1962-ci illər
azadlıq mübarizəsi ilə ölkə azad olundu və
milli suverenlik bərpa edildi. 60 illik müstəqillik
iqtisadi və sosial inkişaf üçün çoxlu səylər
göstərən bir ölkənin tarixində az
bir müddətdir. Karbohidrogenlər və
faydalı qazıntılarla zəngin torpaq, həmçinin,
dinamik insan resursu sayəsində ölkə dəyişdi və
bütün sahələrdə inkişaf etdi. Afrikada və ərəb dünyasında ən
yüksək insan inkişafı göstəricisinə malik
oldu.
Qanunun aliliyi, seçkilərin təşkili,
düzgün idarəçilik və azad sivil cəmiyyətin
yaradılması ilə demokratik quruculuğun möhkəmlənməsi
prosesində müstəqillikdən bəri böyük irəliləyişlər
əldə edilmişdir. Çoxlu sayda siyasi və iqtisadi islahatlar
aparılıb. Ölkənin xarici siyasəti
qətiyyətlə sülh axtarışına, BMT Nizamnaməsinin
prinsiplərinə hörmət və əməkdaşlığa
yönəlib. 1830-cu ildən bəri
milyonlarla şəhid verərək yadelli işğalına
qarşı mübarizə aparan Əlcəzair, təsdiqini
tapmış təklif qüvvəsi ilə bütün
dünyada, Fələstində və Qərbi Saharada ədaləti
dəstəkləməyə davam edir. Əlcəzair
Sahel və Liviyada münaqişənin sülh yolu ilə həllində
iştirak edir, əsas müzakirə və cari məsələlərə
öz töhfələrini verir.
Regional
güc, Afrikada və dünyada səsi duyulan ölkəm iqtisadi inkişaf,
sülhün yayılması və sülh içində birgə
yaşama yolunu əminliklə davam etdirəcək.
- Əlcəzair ilə Azərbaycan
arasında əlaqələrin tarixi keçmişə gedir. Hələ Sovet İttifaqı dönəmində
bu münasibətlər yaxşı səviyyədə olub.
Bu gün Azərbaycanla Əlcəzair
arasında münasibətlərin səviyyəsini necə
xarakterizə edərdiniz?
- Sovet
dövründə çoxlu sayda əlcəzairli Azərbaycanda,
xüsusən neft və hərbi donanma sahəsində təhsil
alıblar, həmçinin, həmin dövrdə çox
sayda azərbaycanlı Əlcəzairdə, xüsusilə
karbohidrogenlər sahəsində işləyib.
Diplomatik əlaqələrimiz 22 aprel 1994-cü ildə
qurulub. 2015-ci ildə Əlcəzair Bakıda diplomatik missiya
açdı, 2019-cu ilin oktyabrında isə Əlcəzair səfirliyi
yaradıldı. 2016-cı ildə iki qardaş xalq naminə birgə
münasibətləri inkişaf etdirmək üçün hər
iki ölkənin siyasi istəyi ilə Azərbaycan da Əlcəzairdə
səfirlik açdı.
Məmnunluqla qeyd etmək lazımdır ki, hər iki
ölkə İslam Əməkdaşlıq Təşkilatı
və Qoşulmama Hərəkatı çərçivəsində
çoxtərfli səviyyədə əməkdaşlıq
edir. İcazə verin, buradan Azərbaycan
Respublikasının Prezidentinin Qoşulmama Hərəkatındakı
sədrliyini alqışlayım.
Buraya gəldiyim
gündən etibarən azərbaycanlı həmsöhbətlərimlə
ünsiyyət zamanı həmişə qeyd edirəm ki, istər siyasi məsləhətləşmələr,
istərsə də iqtisadi, ticari və mədəni
mübadilələr səviyyəsində ikitərəfli
münasibətlərə yeni nəfəs verilməsinə
ehtiyac var. Sevindirici haldır ki, artıq ölkələr
arasında gələcəyə ümid verən bir çox əməkdaşlıq
layihələrimiz var. Düşünürəm ki, iki
ölkə arasında Biznes Şurasının
yaradılmasının vaxtı çatıb, biz bu sahədəki
mütəxəssisləri tərəfdaşlıq
potensialını araşdırmaq və iki ölkə
bazarını tanımaq üçün hər iki ölkədə
keçiriləcək yarmarka və sərgilərdə
iştirak etməyə təşviq etməliyik.
Hər bir halda mən, Azərbaycanla dostluq və əməkdaşlıq
əlaqələrini möhkəmləndirmək
üçün əlimdən gələni edəcəyəm.
Bu sualın cavabını sonlandırmaq
üçün, Əlcəzair güləş
komandasının Bakıda iki həftəlik təlim-məşq
toplantısı keçirdiyi barədə oxucularınıza
məlumat vermək istərdim. Əlcəzairli
güləşçilərin Azərbaycandakı bu ilk təcrübəsi
Azərbaycanın Gənclər və idman Nazirliyi və
Güləş Federasiyasının köməkliy ilə
asanlaşdırıldı. Mən, Gənclər
və İdman naziri cənab Fərid Qayıbova və Güləş
Federasiyasının prezidenti kimi cənab Mikayıl Cabbarova
öz dərin təşəkkürümü bildirirəm.
İdmançılarımız
üçün yaradılan şəraitdən çox məmnunam.
Azərbaycan dostluğu,
qardaşlığı, peşəkarlığı, qonaqpərvərliyi,
qarşılama və təşkilatçılığı
vəhdət təşkil edirdi. Biz əlcəzairlilər,
qardaş Azərbaycan xalqı ilə bir çox ümumi dəyərlərə
sahibik. İdmançılar özlərini Bakıda qətiyyən
yad hiss etmirdilər.
- Cənab səfir, sizin fikrinizcə,
iki ölkə arasında hansı sahələrin
inkişafı prioritet təşkil edir?
- Fikrimcə,
hazırkı hadisələr və ərzaq təhlükəsizliyi
problemi ilə bağlı olan əsas sektorlardan biri kənd təsərrüfatıdır.
Düşünürəm ki, bu sahədə hər
iki tərəfdən araşdırılmağa dəyən
potensial var. Neft sənayesindəki əməkdaşlıq da həmçinin.
Turizm sahəsi də hər iki ölkə
üçün aparıcı seqmentdir. Əlbəttə
ki, sənətkarlıq, kiçik və orta biznes də bura
daxildir.
- Qeyd edildiyi kimi, əməkdaşlıq
üçün vacib sahələrdən biri də turizmdir. Həm
Əlcəzairin, həm Azərbaycanın bununla bağlı
böyük potensialı var. Ölkələrimiz arasında
turizm mübadiləsinin inkişafı üçün
hansı planlar var?
-
Doğrudur, hər iki ölkə çoxlu turistik məkanlara
sahibdir və bu onları ən yaxşı qlobal istiqamətlərə
çevirə bilər. Budur, əməkdaşlığı
inkişaf etdirə biləcəyimiz daha bir sahə. Bu perspektivi İqtisadiyyat naziri Mikayıl Cabbarovla da
müzakirə etmişik. Bu gün Bakı
dünya miqyasında tanınan istiqamətlərdən biridir.
Əlcəzairlilər səyahətçidirlər
və ölkəni kəşf etmək istəyirlər.
Əvvəllər Əlcəzairdə işləyən
azərbaycanlılar Saharanın və Əlcəzair sahil
boyunun gözəlliyindən qürurla danışırlar.
Hər iki tərəfdən viza prosedurunu
asanlaşdıraraq və turistik operatorlar arasında əlaqə
yaradaraq sosial turizmi inkişaf etdirə bilərik.
- Hazırda Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq
işləri aparılır. Əlcəzair
şirkətləri bu prosesdə hansısa şəkildə
iştirak edə bilər?
-
Ağdam və Kəlbəcərə səfərim zamanı
Azərbaycan dövləti tərəfindən
başladılmış bir çox işin şahidi oldum. Yenidənqurma və təmir edilməli çoxlu
yerlər olduğu üçün bura açıq bir tikinti
sahəsidir. Mənim ölkəmin bina və
böyük işlər üzrə müəssisələrinə
gəldikdə isə, düzünü desəm, onlar beynəlxalq
səviyyədə işləmək üçün hələ
kifayət qədər təcrübə əldə etməyiblər.
- Cənab səfir, ticari-iqtisadi
münasibətlərin səviyyəsi barədə nə deyə
bilərsiniz? Məlumdur ki, ölkələrimizn
iqtisadiyyatının əsasını neft və qaz təşkil
edir. Lakin iqtisadiyyatın müxtəlif sahələrində,
o cümlədən, yuxarıda vurğulandığı kimi
kənd təsərrüfatı sahəsində əməkdaşlıq
üçün potensial mövcuddur. Bu gün
bu potensialdan nə dərəcədə istifadə olunur?
- Təəssüf
ki, nəticə qənaətbəxş deyil. Mübadilə
səviyyəsi zəifdir. Bu vəziyyəti
düzəltmək üçün ciddi şəkildə
işləyirik. Çoxsahəli əməkdaşlığa
dair birgə Komissiyanın yaradılması ölkələr
arasındakı mübadiləyə töhfə verəcək
və biz bu mexanizmi daha tez həyata keçirməyə nail
olacağıq. Biz ümumi qazanc tərəfdaşlığı
üçün çalışacağıq və fəaliyyət
yönümlü əməkdaşlığı inkişaf
etdirəcəyik.
Hazırda hər iki tərəfdən iki qardaş
ölkə arasında münasibətləri lazımi səvviyəyə
qaldırmaq üçün real siyasi istək mövcuddur.
- Əlcəzairin
Dövlət Müstəqilliyi Günü münasibətilə
sizi təbrik edir, müsahibəyə görə təşəkkür
edirik.
-Mən sizə təşəkkürümü
bildirirəm.
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2022.- 5
iyul.- S.5.