Ağlagəlməz qətl

 

Akif Rəfiyev

 

50-ci illərin yay günlərindən biri idi. Bakının dağlı məhəlləsində xırda həyətlərin birində Xədicə xalanın dəhşətli qışqırtısına məhəllədə yaşayan bütün qonşular yerlərindən dik atılıb həyətə çıxdılar. Xədicə xalanın fəryadının səbəbi ilə maraqlandılar və onun oğlu Salehi yataqda qan içində gördülər. O ölmüşdü.

Hadisə yerinə rayon prokuroru, milis rəisi, müstəntiq Nəsirli və məhkəmə tibb eksperti gəldi.

İlk təhqiqat zamanı məlum oldu ki, Bakının dağlı məhəlləsində yay aylarında havalar çox isti olduğundan gənc oğlanlar əsasən həyətlərdə gecələyir.

Hadisə olan gecə Fariz, Elgün, Yavər, Kamal, Saleh və Nəriman həyətdə gecələmişdilər. Həyətə toplanmış qonşular hadisə barədə danışır, Salehin taleyinə acıyır, bu gün-sabah toyu olacağını, Xədicə xalanın toya hazırlaşdığını ürək ağrısı ilə söhbətləşirdilər. Salehin qətlə yetirilməsini müzakirə edir, öz fikirlərini bölüşür, bu qətlin Salehin nişanlısı Sevdaya görə Farizlə Yavərin birləşib törətdiklərini xısın-xısın danışırdılar. Sözsüz ki, bu danışıqlar müstəntiq üçün vacib idi. Amma o, özünü eşitməməzliyə vuraraq işini icra edirdi. Əlbəttə, müstəntiq belə danışıqlara biganə qala bilməzdi.

Gənclər arasında ağır təbiətli, ucaboylu, dostlarından 3-4 yaş böyük olan, ordudan vaxtından əvvəl təxris olunmuş Nəriman Salehin yaxın dostu idi. Yoldaşları Nərimanın məsləhətlərinə qulaq asır, ona hörmət edirdilər. Bütün bu məlumatları müstəntiq Nəsirli hadisə yerində öyrənmişdi.

lll

Vəziyyət çox mürəkkəb idi. Saleh başından küt alətlə aldığı güclü zərbə nəticəsində qətlə yetirilmişdi. Məhkəmə tibb ekspertinin rəyindən görünürdü ki, yuxuda olan zaman onu gicgahına zərbə vurmaqla qətlə yetirmişdilər.

Müstəntiq Nəsirli bir çox versiyalar üzərində dayanaraq, qatili tapmaq üçün mənzillərdə xeyli axtarış apardı. Nə sorğu-sual, nə axtarış, nə də dindirmələr bir nəticə verdi. O, həyətin sxemasını tərtib edib Salehin həmin gecə harada yatmasını müəyyənləşdirdi. Şahid ifadələrindən və tərtib edilmiş sxemdən görünürdü ki, onun yaxınlığında Yavər və Nəriman yatıbmış,  sonra isə Elgün, Fariz və Kamal yanbayanmış. Müstəntiq və kriminalist Salehin qətlə yetirildiyi yerdə heç bir əşyayi-dəlil tapa bilməmişdi. Hadisə yerində heç bir iz qalmamışdı. Belə təsəvvür yaranırdı ki, cinayəti son dərəcə təcrübəli cinayətkar törədib. Həmin gecə həyət qapısı  arxadan bağlı olmuşdu. İlk dəfə səhər tezdən həyətin qapısını açıb Yavər bayıra çıxmış, onda da zibil daşıyan maşını və bir nəfər fəhləni görmüşdü.

Müstəntiq zibil daşıyan maşının sürücüsünü və fəhləni müəyyənləşdirib onları ətraflı dindirdi. Sürücüdən zibili haraya, nə vaxt apardığını aydınlaşdırıb təcili həmin yerə getdi. Oradan hər biri 70 santimetr uzunluğunda 2 ədəd paslı və üzərində qırmızıya bənzər ləkələr olan armatur tapıldı. Həmin əşyalar təcili olaraq məhkəmə tibb ekspertizasına və üzərində əl izi olub-olmamasını aydınlaşdırmaq üçün trasoloji ekspertizaya təqdim edildi. Digər kompleks ekspertizalar da təyin edilməkdə idi. Müstəntiq öz axtarışlarına davam edirdi. Salehin dostlarını, qonşularını, qohumlarını, hətta onun sevdiyi qızı belə tapıb dindirdi. Bütün bunlara baxmayaraq, müstəntiq işin açılması üçün heç bir real dəlil əldə edə bilmirdi. Nəsirli təcrübəli müstəntiq olsa da, bu işdə çox çətinlik çəkirdi.

lll

Hadisənin üstündən 7-8 gün keçmişdi. Nəhayət, məhkəmə tibb ekspertizasının rəyindən aydın olmuşdu ki, zibilxanada tapılmış armaturlardan birinin üzərində cüzi-miqdarda qan ləkəsi var. Qan pasa hopmuş, tərkibi xeyli dəyişilmişdi. Həmin qanın insan qanına uyğunluğu ekspertiza rəyindən görünürdü. Nəsirli bir az özünə gəlməyə başladı. Bu, çox xırda bir fakt olsa da, müəyyən istiqamət götürmək üçün əsas verirdi.

Deməli, cinayət aləti demək olar ki, tapılmışdı. Belə olduqda müstəntiqi bir vacib məsələ düşündürürdü: görəsən, bu cinayəti kim törədib? Aydınlaşdırılması vacib olan fakt bu idi. Axı, armaturun üzərində barmaq izi tapılmamışdı. Qarşıda müstəntiqi gərgin istintaq işləri gözləyirdi.

Məhkəmə tibbi ekspertiza və kriminalist rəylərindən görünürdü ki, Salehə zərbə sol əllə yetirilib. Deməli, cani solaxay idi. Müstəntiq Nəsirli həyətdə yaşayan şəxslərin, o cümlədən, həmin gecə Salehlə bayırda yatan gənclərdən kimin solaxay olmasını yoxlamağa başladı.

Bu yoxlama zamanı məlum oldu ki, bayırda həmin gecə yatanlardan Nəriman, Fariz və Yavər solaxaydılar. Müstəntiq Nəsirli hiss edirdi ki, cinayətkarın izinə düşmək üzrədir. Müstəntiqin davranışından onlar hiss edirdi ki, müstəntiq onlardan şübhələnməyə başlayıb. Yavər ifadəsində bildirmişdi ki, səhər tezdən həyətin qapısını ilk dəfə o açmış və bu haqda Farizə də demişdi. Deməli, ona qədər kimsə gecə həyətə girə bilməzdi. Yavər qapını açarkən bayırda zibil daşıyan maşını və bir fəhləni gördüyü barədə Nəsirliyə ifadə vermişdi. Bununla yanaşı, məlum olmuşdu ki, bayırda gecələyən Fariz də hər iki əli ilə eyni gücə malik zərbə vura bilər. Bu fakt da müstəntiqi xeyli düşündürdü: bəlkə, cinayəti Fariz törədib?

Bu, müstəntiq üçün adi hal sayıla bilməzdi. Fariz isə fikirləşirdi ki, müstəntiqin müəyyən mənada ondan şübhələnməyə haqqı var. Müstəntiq də öz növbəsində Yavərdən, Farizdən və hətta Nərimandan şübhələnməkdə haqlı idi.

Ancaq bu barədə prokurora öz fikrini deməyə risk etmirdi. Çünki prokuror dərhal ondan işdə nə kimi sübutlar olduğunu soruşa bilərdi. O isə prokurorun suallarına cavab verə bilməyəcəkdi. Nəriman fikirləşirdi ki, Yavərlə Fariz də solaxaydılar. Müstəntiq yəqin ki, onlardan da şübhələnəcəkdi. Nəriman düşünürdü ki, bəlkə, Salehlə Yavərin və Farizin arasında nəsə olub və onun bundan xəbəri yoxdur. Bu barədə öz-özlüyündə çox götür-qoy edirdi. Özündən isə tam arxayın idi. Çünki o, heç bir cinayət etməmişdi. Onlar bir-birlərindən şübhələnirdilər.

Az da olsa, cinayətkarı tapmaq üçün artıq izlər vardı. Getdikcə cinayətin çözülməsi üçün faktlar ortaya çıxırdı, amma bunlar əsaslı faktlar deyildi. Odur ki, cinayətkarı tapmaq üçün məxfi iş aparmaq lazım idi. Milis rəisi də bu işdə ciddi səy göstərirdi. Milis rəisinin aldığı məxfi məlumata görə, Fariz bacarıqlı, təmkinli, fiziki cəhətdən güclü idmançı idi. O, yarışlar zamanı rəqibinə sol əli ilə güclü zərbələr yetirib çox zaman qalib olmuşdu.

Müstəntiq belə bir materialla tanış olduqdan sonra vəziyyətin daha da mürəkkəb olduğunu anladı.

Məxfi materiallara görə, Farizin Salehin nişanlısı Sevdada gözü varmış. Ancaq Sevda onu yox, Salehi sevirdi. Bu epizod müstəntiqin diqqətini çəkmişdi. O fikirləşirdi ki, Fariz qıza görə Salehdən qisas almaq niyyətində olub.

Cinayətin açılması üçün toplanan materialları prokuror yetərli saymırdı. Çünki prokuror özü də bu işdə köməklik göstərirdi. Dindirmələrdən görünürdü ki, gecə hadisə yerində olanlar uşaqlıqdan bir həyətdə böyümüşdülər, heç bir vaxt bir-birlərinə qarşı ədavətli olmamışdılar. Odur ki, müstəntiq prokurorla işi ətraflı müzakirə etdikdən sonra qərar verdilər ki, məhkəmə bioloji və məhkəmə psixonevroloji ekspertizaları keçirilsin.

Ekspertiza zamanı məlum oldu ki, Nəriman və Farizin alt paltarlarında qan izi var, amma bu qan izi kimə aid idi bəlli deyildi. Paltarlar rəsmi qaydada götürülərək məhkəmə bioloji ekspertizasına göndərildi.

Aradan xeyli müddət keçdi. Müstəntiq fasiləsiz gecə-gündüz araşdırma aparırdı, amma müəyyən izlərə baxmayaraq, hələ ki heç bir nəticə əldə edə bilmirdi. İstintaq zamanı yeganə şahid kimi görünən Mikayıl kişi dindirildi. O, yaşlı olduğu üçün yata bilmədiyini və gecələr oyaq olduğunu dedi. Maraqlı bu idi ki, həmin hadisə baş verən gecə Nəriman alt paltarında həyətə girib salam belə vermədən Mikayıl kişinin yanından saymazyana ötüb keçib. Mikayıl kişi fikirləşib ki, bu oğlan məni görüb niyə yanımdan salam vermədən ötüb keçir? Nərimanın bu hərəkəti ona pis təsir etmişdi.

Müstəntiq üçün bu ifadə göydəndüşmə idi. Odur ki, Nərimanla Mikayıl kişini üzləşdirmək üçün prokurorla məsləhətləşdi. Prokuror üzləşdirmənin onun iştirakı ilə keçirilməsini tapşırdı. Üzləşmə zamanı Mikayıl kişi qətiyyətlə ifadə verərək bildirdi ki, gecəyarı o, Nərimanı alt paltarında həyətə girərkən görüb. Nəriman isə belə bir şeyin olmadığını və Nəriman kişiyə bir ağsaqqal kimi hörməti olduğunu dedi. Nəriman çox səmimi cavab verdiyinə görə, hətta prokuror da Mikayıl kişinin ifadəsinə şübhə ilə yanaşdı. Müstəntiq isə əksinə, Nərimanın səmimiliyinə inanmırdı. 

Amma tələsik qərar vermək olmazdı, çünki insan taleyi həll olunurdu. Cüzi bir səhvə yol vermək günahsız bir insanın zindanda illərlə yatması demək olardı. Xüsusi ilə Nəriman verilən ifadəyə görə, şübhəli şəxs kimi nəzarətdə idi. Hər üç şübhəli arasında istintaq davam edirdi.

Müstəntiq Yavəri əlavə dindirməli oldu. Yavər dindirilmə zamanı Sevdanın Salehi sevdiyini dedi. Bu ifadədən sonra müstəntiq Sevdanı dindirməli oldu. Sevda ifadəsində Yavərin və Farizin onunla maraqlandığını, hətta Salehlə nişanlanmamışdan öncə Yavərin öz hisslərini ona bildirdiyini dedi. Amma Sevda Salehi seçmişdi. Müstəntiq Farizi dindirmək qərarına gəldi. O, bu  cinayətdə nədənsə Farizdən şübhələnirdi. Müstəntiq Farizə sual verdi: 

- Siz Sevdanı hardan tanıyırsınız və necə bir münasibətiniz olub?

- Biz bir məktəbdə oxumuşuq və onunla heç bir yaxın münasibətim olmayıb.

- Onu dərsdən kənar vaxtlarda görmüsünüzmü? Söhbət etmisinizmi?

- Mən Sevdanı bir neçə dəfə məktəb yoldaşlarımızla gəzintiyə çıxdığımız zamanlarda görmüşəm.

- Sevdanı gəzintiyə kim dəvət etmişdi?

- Mənə elə gəlir ki, Saleh dəvət etmişdi.

Müstəntiqin belə suallar verməyi Farizi düşündürdü və o soruşdu:

- Siz nə mənada mənə bu sualları verirsiniz?

- Hər mənada.

- Konkret sual deyil axı mən cavab verim.

- Yaxşı, onda konkret olaq: sizin Sevdadan xoşunuz gəlirdimi?

- Bəli, mənim Sevdadan 10-cu sinifdə oxuyanda xoşum gəlirdi. Çünki o, ürəyi təmiz, yoldaşlarına can yandıran qız idi.

- Xoşunuza gəlməkdə məqsədiniz nə idi?

        - Heç bir pis məqsədim, niyyətim yox idi.

- Siz o zaman bilirdinizmi ki, Salehin də ondan xoşu gəlir?

- Sevdadan nəinki Salehin, hətta yuxarı sinif oğlanlarının da çoxunun xoşu gəlirdi.

- O adlardan kimlərin adını çəkə bilərsən?

- Mən heç kimin adını çəkə bilmərəm.

- Sən Sevdadan xoşun gəldiyini ona etiraf etmişdinmi?

- Mən bu barədə ona heç nə deməmişdim.

- Sevdanın səndən xoşu gəlirdimi?

- Onu mən hiss etməmişdim.

- Keçək əsas məsələyə. Hadisə olan gecə Salehin yanında yatmışdın. Gecə nəsə hiss etmədinmi?

   Mən həmin gecə hamıdan tez yatmışdım, çünki tezdən yarışım var idi, tez durmalı idim.

Fariz hiss edirdi ki müstəntiq bu qədər sual verməkdə deyəsən, ondan şübhələnir. Müstəntiq soruşdu:

- Bəs alt paltarındakı qanabənzər ləkənin olmasına nə deyəcəksən?

- Mən heç bilmirəm o qandır, yoxsa nə. Bunu mütəxəssislər aydınlaşdırsınlar.

Fariz özünə çox arxayın idi, çünki o, Salehi öldürməmişdi.

lll

Prokurorun məsləhətinə görə müstəntiq Mikayıl kişini yenidən dindirməli oldu. Əlavə dindirmə zamanı həyətin qapısını həmin gecə kimin bağladığını soruşdu.

- Həmin gecə həyətin qapısını arxadan mən bağlamışam.

- Qapını bayırdan açmaq mümkündürmü?

- Xeyr, qapını ancaq içəridən açmaq olur.

- Siz əvvəlki izahatınızda demisiniz ki, həmin gecə Nərimanı alt paltarında həyətdə görmüsünüz və sizə salam belə vermədən keçib gedib. O zaman onun əlində nəsə var idi?

- Mən onun əlində heç bir şey görmədim, amma onu elə görəndə çox şübhələndim, ağlıma cürbəcür fikirlər gəldi.

Müstəntiq prokurorla görüşündə ona Mikayıl kişidən şübhələndiyini ehtiyatlı şəkildə bildirdi. Şübhəsini isə onunla əsaslandırırdı ki, Mikayıl kişini dəfələrlə dindirməsinə baxmayaraq, o, hər dəfə verdiyi ifadələrində heç bir əlavə etmədən necə var elə danışıb. Sanki əzbər bir hekayə danışır, ona görə də şübhəli təsir bağışlayır.

Prokuror müstəntiqin bu versiyaları ilə razılaşmadı və bildirdi: "Yadında saxla, həyatda ən gözəl biclik düzlükdür. Onu bil ki, yalançının yaddaşı olmaz. Mikayıl kişi hər dəfə eyni şeyi təkrar edirsə, demək, düz danışır. Bir də ki, sizcə, Mikayıl kişi bu cinayəti niyə etsin, məqsədi nə ola bilər? Mən onun bu cinayəti edəcəyinə inana bilmirəm, çünki cinayət işində onun əleyhinə heç bir sübut yoxdur. Axı Mikayıl kişi Salehi nə üçün öldürməlidir? Burada müzakirəni dayandıraq, siz istintaqı davam edin".

Cinayət işi üzrə təyin edilmiş ekspertizanın rəyləri prokurorluğa daxil oldu. Məhkəmə bioloji ekspertizasının rəyinə görə, Farizin alt paltarındakı ləkənin tərkibini müəyyən etmək mümkün olmamışdı. Nərimanın paltarında tapılmış ləkə isə insan qanının  ləkəsi idi. Bu qan ləkəsinin Salehə aid olub-olmamasını aydınlaşdırmaq lazım idi. Buna görə yenidən kompleks ekspertizasının keçirilməsinə ehtiyac vardı. Müstəntiq təcili olaraq məhkəmə tibb və məhkəmə ekspertizası keçirmək barədə qərar qəbul etdi. Müstəntiq fikirləşdi ki, əgər ekspertizanın rəyində qan Salehin qan qrupuna uyğun gələrsə, onda Nərimanı həbs etmək lazımdır.

Ekspertizanın rəyinə görə, Nərimanın alt paltarında və armaturda olan qan ləkəsinin Salehin qan qrupu olduğu təsdiqləndi. Belə bir rəy iş üçün son dərəcə vacib olan, təkzibedilməz sübut növü idi. Bütün bunlardan sonra müstəntiq Nərimanı həbs etmək üçün qərar verdi. O, artıq tam əmin idi ki, cinayəti törədən Nərimandır. Ancaq bu suallar onu narahat edirdi. Nəriman nə üçün Salehi öldürsün? Onun bu cinayəti törətməkdə məqsədi nə imiş? Bu suala hələ ki cavab yox idi.

Prokuror Nərimanı həbs etmək üçün tələsməməyi və ekspertizaların rəylərini gözləməyi tapşırdı. Prokurorun Nərimanı həbs etməməkdə səbəbləri var idi. Şahid ifadələrinin az olması, onun haqda müsbət cavab gəlməməsi, Fariz üzərində daha çox əməliyyat işi aparılmasına ehtiyac olması və s. tərəddüd yaradırdı. Prokuror Farizdən də şübhələnirdi, axı, onun da paltarında ləkə tapılmışdı, bunun lakin qan ləkəsi olub-olmamasını müəyyənləşdirmək mümkün deyildi. Bir sözlə, iş üzrə gərgin vəziyyət davam edirdi.

Nərimanın cinayəti qəti şəkildə rədd etməsi, Salehlə onun yaxın dost olması, hətta Salehin valideynlərinin də Nərimandan şikayətçi olmamaları və onun bu cinayəti törətməsinə inanmamaları, ailəvi dostluqları müstəntiqi çox düşündürürdü.

Nəhayət, komissyon qaydada təyin edilmiş ekspertizaların rəylərindən aydın oldu ki, mərhuma xəsarət solaxay şəxs tərəfindən yetirilib. Bir dəfə vurulan zərbə ölümlə nəticələnib. İş materiallarından görünürdü ki, Nəriman həqiqətən də solaxaydır, həm də ordu sıralarından vaxtından əvvəl buraxılıb. O, hərbi hissədə bəzən durub gecələr yuxulu-yuxulu gəzirmiş və sonra gəlib yatırmış. Maraqlısı bu idi ki, o, bu hərəkətlərin heç birini xatırlamırdı.

Mikayıl kişinin ifadəsi və Nərimanla üzləşərkən göstərdiyi faktlar, ekspertiza rəyləri işə əlavə edilmiş rəsmi sənədlərlə təsdiq olunmuşdu. Sonuncu ekspertizanın rəyindən məlum olurdu ki, Nəriman - SOMNAMBULA, yəni LUNATİKDİR.

 

525-ci qəzet.-  2022.- 5 iyul.- S.14.