Fənn Olimpiadaları: inkişaf yolunda mühüm mərhələ
Respublika
Fənn Olimpiadaları
ümumtəhsil müəssisələrinin
9-10-11-ci sinif şagirdləri
və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri arasında
ayrı-ayrı fənlər
üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması,
onların bilik və bacarıqlarının
qiymətləndirilməsi, şagirdlərin həmin fənlərə olan maraqlarının artırılması
məqsədilə, hər
il keçirilən, ölkənin bütün
şəhər və
rayonlarının məktəblərini
əhatə edən
elm yarışıdır.
Ənənəvi olaraq hər il təşkil
olunan Respublika Fənn Olimpiadaları Azərbaycan və rus bölmələri olmaqla 8 fənn (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, riyaziyyat, fizika, informatika) üzrə iştirak edirlər.
Təhsil Nazirliyindən verilən məlumata görə, Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən
elm yarışıdır. Respublika Fənn
Olimpiadaları rayon (şəhər)
mərhələsi və
Respublika mərhələsi
olmaqla iki mərhələdən, Respublika
mərhələsi isə
yarımfinal və
final turları olmaqla iki turdan ibarətdir.
Respublika
Fənn Olimpiadalarında
şagirdlərə təqdim
edilən tapşırıqlar,
Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş münsiflər heyəti tərəfindən
hazırlanır. Olimpiadanın təşkili və keçirilməsi qaydalarına
əsasən, rayon (şəhər)
mərhələsində 60 faiz və yuxarı
nəticə göstərən
şagirdlər respublika
mərhələsində iştirak
etmək hüququ qazanır. Respublika Təşkilat Komitəsi
və münsiflər
heyətinin qərarı
ilə keçid faizi şagirdlərin lehinə olaraq aşağı salına bilər. Rayon (şəhər) mərhələsində
şagirdlər sinifləri
üzrə iştirak
edirlər. Sadəcə VIII sinif şagirdləri öz bilik və
bacarıqlarını IX sinif
şagirdləri ilə
birgə müvafiq proqram əsasında nümayiş etdirirlər.
Respublika
mərhələsinin həm
yarımfinal, həm
final turunda tapşırıqlar
iştirakçılara siniflər
üzrə deyil, yaş qrupları üzrə təqdim edilir - VIII-IX siniflər Aşağı yaş qrupu, X-XI siniflər Yuxarı yaş qrupu. Respublika mərhələsinin yarımfinal
turunda şagirdlərə
hər fənn və hər yaş qrupuna müvafiq olaraq 30 sual qapalı test formatında təqdim edilir. Respublika mərhələsinin yarımfinal
turunda tapşırıqlar
çətinlik dərəcəsinə
görə 3 hissəyə
bölünür: 1-10-cu suallar,
11-20-ci suallar, 21-30-cu suallar.
Respublika mərhələsinin
yarımfinal turunun nəticələrinə əsasən,
hər fənn üzrə eyni qayda tətbiq edilmək şərti ilə Aşağı yaş qrupundan ilk 24 və 24-cü ilə eyni balı toplayan şagirdlər, Yuxarı yaş qrupundan ilk 48 və 48-ci ilə eyni balı
toplayan şagirdlər
finalda iştirak etmək hüququ qazanırlar. Respublika mərhələsinin final turu açıq tipli suallardan təşkil edilir. Şagirdlərin yazı işləri
münsiflər heyəti
tərəfindən yoxlanılır
və qiymətləndirilir.
Respublika
təşkilat komitəsi
və münsiflər
heyəti tərəfindən
iştirakçılara tapşırıqların
həlləri təqdim
edilir. Final turundan bir gün
sonra münsiflər heyəti ilə iştirakçıların birgə
yazı işlərinə
baxış prosesi keçirilir. Respublika Fənn
Olimpiadalarının yekun
nəticələri münsiflər
heyətinin təqdimatı
əsasında Respublika
Təşkilat Komitəsinin
qərarı ilə təsdiqlənir. Qaydalara əsasən,
final mərhələdə iştirak edən şagirdlərin 50 faizi qalib elan edilir
və onlara, olimpiadanın medalı, diplom və hədiyyələr təqdim
edilir. Final mərhələnin bütün
iştirakçılarına sertifikat verilir.
Təhsil naziri Emin Əmrullayevin
sözlərinə görə,
olimpiadaların təşkilində
məqsəd istedadlı
uşaqların aşkar
edilməsi, şagirdlərdə
müvafiq fənlərə
olan marağın artırılması, onların
sağlam rəqabət
prinsipləri əsasında
öz bilik və bacarıqlarını
nümayiş etdirmələrinə
şərait yaradılmasından
ibarətdir.
Nazir deyir ki, respublika
fənn olimpiadalarında
9-10-11-ci sinif şagirdləri
və xüsusi istedadı ilə seçilən 8-ci sinif şagirdləri Azərbaycan
və rus bölmələri olmaqla
8 fənn (Azərbaycan
dili və ədəbiyyat, tarix, coğrafiya, biologiya, kimya, riyaziyyat, fizika, informatika) üzrə iştirak edirlər: "Bu ilin ilk yarısında start götürən
Respublika fənn olimpiadalarının rayon (şəhər)
mərhələsi yanvar
ayında, respublika mərhələsinin yarımfinal
turu fevral və mart aylarında,
final turu isə may ayında keçirilib. Olimpiadalarda cəmi 28 130 nəfər şagird iştirak edib. 6000-ə yaxını yarımfinala
keçən şagirddən
805-i finala çıxıb.
Onlardan
397-si isə qalib elan edilib. Respublika fənn olimpiadalarında hər fənn üzrə 9 nəfər ən yüksək nəticə göstərib.
Olimpiadaların nəticələrinə əsasən, 186 şagird
bürünc, 139 şagird
gümüş, 72 şagird
isə qızıl
medal qazanıb".
Təhsil nazirinin dediyinə görə, Azərbaycan təhsillə əlaqəli
olimpiada hərəkatı
ilə bağlı işlərin böyük
əksəriyyətini uğurla
icra edir. Bu işdə bilik və bacarıqla yanaşı, vaxt da lazımdır. Nəticələrin yaxşı
olması üçün
sistemli iş qurulub: "Bir çox liseylərimiz dünyada seçilən bilən nəticələr
göstəriblər".
Emin Əmrullayev qeyd edib ki, beynəlxalq
olimpiadada işlər
pis getmir: "Şagirdlərin süni nəticələrlə yox,
addım-addım irəli
getməsini düşünürük.
Artıq
bu istiqamətdə nəticələr də
var. Şagirdlərimizin yarışlarda
50 ölkə sırasına
düşməsi yaxşı
nəticə kimi qiymətləndirilməlidir. Bir neçə ildir ki, "Təhsil haqqında" qanun edilən dəyişikliklə beynəlxalq
olimpiadalarda qalib olanlar müsabiqədənkənar
ali təhsil
almaq hüququna malikdirlər. Təbii ki, həmin
şəxslər çox
vaxt təhsilini ölkədən kənarda
davam etdirirlər.
Çünki qalib şagirdə
dünyanın aparıcı
universitetlərində tam təqaüd
verilir. Bu say Azərbaycandan elə də az deyil.
Lakin həmin şagirdlərin Azərbaycanda qalması əsas prioritet sahələrdən biridir.
Xaricdə təhsil proqramı
yenidən aktivləşdirilib.
Sovet dövründə
olimpiadaya düşən
şagird sayı çox az
idi. Ancaq indi o mərhələyə
gəlib çatmışıq
ki, qaliblər ölkədə qalıb öz təhsillərini davam etdirə bilər".
İşğaldan azad edilmiş ərazilərimizdə məktəblilərimiz
üçün olimpiadalara
hazırlıq mərkəzlərinin,
laboratoriyaların yaradılmasının
nəzərdə tutulduğunu
deyən təhsil naziri olimpiadanın coğrafiyasının genişləndirilməsinin
əsas prioritet istiqamətlərdən biri
olduğunu qeyd edib.
Məhsəti Piriyeva Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü
liseyin məzunudur. Ölkəmizdə olimpiada hərəkatında
yetişən, inkişaf
edən və biliyi ilə gələcəyini yaradan
şagirdlərdən biridir.
Cənubi Koreyada və
Sinqapurda təhsil imkanı qazanan şagirdimiz şanslarından
birini dəyərləndirib.
O, növbəti tədris
ilindən Sinqapurda təhsil alacaq: "3 ildir ki, Respublika
fənn olimpiadalarında
iştirak edirəm. İlk dəfə gümüş,
sonra qızıl medallar qazanmışam.
2 beynəlxalq olimpiadada iştirak edərək hər dəfə bürünc medala layiq görülmüşəm".
Hər 2 beynəlxalq
yarışa olimpiadalara
hazırlıq mərkəzlərində
hazırlaşıb. Bunun üçün
hətta Bakıdakı
mərkəzlərə qatılan
Gəncə məktəblisi
çəkdiyi əziyyətin
bəhrəsini görüb.
Amil Cəfərzadə
isə Bakıdakı
Fizika, riyaziyyat və informatika təmayüllü liseydə
təhsil alır. Bundan sonra isə Cənubi Koreyada ali təhsil
alacaq. Kompüter mühəndisi olmaq
fikrindədir. Riyaziyyat və
informatika üzrə ölkə qaliblərindən
biridir. Deyir ki, VII sinifdən
başlayaraq 7-8 saat riyaziyyatla məşğul
olur. IX sinifdən
isə həm də informatika üzərində işləyir
və bundan zövq alır. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən elm və
bilik yarışlarında
1 gümüş, 1 bürünc,
4 qızıl, beynəlxalq
yarışlarda isə
3 bürünc, 3 gümüş
medalı var. Builki Respublika Fənn Olimpiadasında həm riyaziyyat, həm də informatika üzrə iştirak edib və qalib
olub.
Təhsil
eksperti Elçin Əfəndi deyir ki, ümumtəhsil müəssisələrinin şagirdlərinin
Respublika Fənn Olimpiadalarında iştirakı
çox önəmlidir:
"Respublika Fənn Olimpiadaları şagirdlər
arasında rəqabət
yaradılır. Bu
da onları həvəsləndirir. Olimpiadalar məktəblilərin gələcək
karyeralarının müəyyən olunmasında, məktəblərin
tərəfdaş təşkilatlarla əlaqələrinin
qurulmasında müsbət rol
oynayır".
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, bugünkü yeniyetmələr daha bacarıqlı və yüksək hazırlığa malikdirlər: "Doğrudan da şagirdlərimizin ildən-ilə əldə etdikləri uğurların sayı artmaqdadır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif səpgili layihələr, olimpiadalar və bilik yarışları məhz bizə neçə-neçə yüksək bilik və bacarığa, istedada malik olan yeniyetmə və gənclərimizi tanıtdırıb. Sevindirici haldır ki, son illər Respublika Fənn Olimpiadalarında qalib olan şagirdlərin sayında artım müşahidə olunur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2022.- 2 iyul.- S.17.