Qisas

hekayə

 

Bəyalı RZAYEV

 

Pifaqordan soruşurlar:

- Oğlum olsa, necə tərbiyə edim?

- Ədalət olan yerdə doğulsa, bəsdir, - deyə cavab verir.

 

- Yenə həyəti doldurmusan oğurluq malla.

- Rəis, oğurluq deyil, tikinti obyektindən sökülmüş yararsız taxtalardır. Aparıb qəsəbədən kənarda zibilliyə boşaldacağam.

- Sənədlərini görüm.

- Tullantıya nə sənəd?

- Ə, sənədsiz zibil də olmur.

Rəşid çaşıb qaldı. Rəisə deməyə söz tapmadı. Bilmədi ürəyində rəisi söysün, maşınına bu atılmalı taxtaları qəpik-quruşa yükləyən fəhlələri, yoxsa tamahına güc gələ bilmədiyinə görə özünü. Daha iş-işdən keçmişdi. Rəis qəfil, qara bulud kimi başının üstünü almışdı. Ya taxtanın 5 qat qiymətinə "zəkat" verməli idi, ya da səbəbsiz "səbəblə" KPZ-yə salınıb 15 gün polis idarəsinin həyət-bacasını süpürməli idi.

Heç biri onluq deyildi. Rüşvət verməyə imkan yox idi. Bir anlığa özünü polis idarəsinin önündə, əlində süpürgə, başı qırxılmış halda təsəvvür etdi. Ətrafdan da tanıyan, bilən ona baxıb gülür. Bütün bədəni titrədi. O anın alçaqlığı üz-gözünə hopdu...

Rəis çiynindən tutub silkələdi: "Ə, sənə nə olub. Niyə birdən-birə quruyub qaldın. Deyəsən, sənin yaxşı artistliyin də varmış. Ə, özünü kişi kimi apar, səni asan yox, kəsən yox. Allah işini avand eləsin. Sən də beş manat qazanmaq istəyirsən, mən də. Qardaş, ver haqqımı çıxıb gedim də".

- Nədir haqqın?

Rəis elə məbləğ oxudu ki... Həmin pula bir dolu maşın təzə taxta almaq olardı. Rəşid məzlum-məzlum rəisin gözlərinə baxdı.

- Rəis, dedim axı, bu, oğurluq deyil.

- Ə, oğurluq nəyə deyirsən. Sənədi yoxsa, deməli, dövlət əmlakını çırpışdırmısan da. Yaxşı, görürəm yaxşılıq bilən adam deyilsən, get çiyninə bir şey at, otur maşına, düş qabağıma. Şöbədə rəisə deyərsən ki, maşınımdakı taxtalar oğurluq deyil.

Rəşid, rəisin təkidinə baxmayaraq, yerində mıx kimi dirənib qalmışdı. Nə addım atmağa taqəti, nə də söz deməyə heyi qalmışdı. Artıq qulağı da eşitmirdi. Dumanlı, həm də şüursuz şəkildə görürdü ki, rəis nəsə deyə-deyə üstünə gəlir.

Rəis çatıb yaxasından tutdu, silkələdi. Rəşid handan-hana özünə qayıtdı. Düyünlənmiş yumruqlarını havaya qaldırmaq, bu həyasız sifətə endirmək istədi. Cürəti çatmadı. Axı qarşısındakı hökumət adamı idi. Paqonlu adama nəinki yumruq vurmaq, barmaq belə toxundurmaq cinayət idi. Savadı olmasa da, belə bir qanun olduğunu eşitmişdi.

Çarəsiz hasarın tozlu divarına söykəndi... Nə fikirləşdisə, bayaqdan bəri sancı çəkən adamın sifətinə bənzəyən üzündə təbəssüm işartıları göründü. Gülümsündü.

- Rəis, sürücü yoldaşlarım deyirdi, mən inanmırdım. Sən doğrudan da böyük çekistsən. Səni aldatmaq olmur. Həm də deyildiyi kimi, kişi adamsan. Camaatı yola verənsən. Amma de görüm, hardan bildin ki, bu taxtalar oğurluqdur?

Rəis qoltuğunun altına verilən bu qarpızlardan şelləndi və lovğa-lovğa "Ə, bə sən məni nə bilmisən, - dedi. - Sənin kimilərin yeddi canı ola birini də məndən gizlədə bilməz. Üç gün sonra nə edəcəklərini də səndən əvvəl mən bilirəm".

- Gəl onda belə edək, indi, açığı nağd pulum yoxdur, sabah bu taxtaları aparacam yaxın rayonlardan birinə. Satıb sənə elə bir toğlu alıb gətirim ki, kababının dadından doymayasan.

Rəis birdən-birə nə "hə", nə də "yox" deməyə tələsmədi. Ürəyində nəyisə götür-qoy etdi. Arada bir barmaqlarını da qatlayırdı. Dodaqaltı nəsə deyirdi.

- Mən razı. Amma bir şərtlə, toğlunun yanında 5-6 dənə "Moskovski" də olsun. Bilirsən də, kabab o zəhrimarsız getmir. Özün də vuransan. Sən ki bunu məndən yaxşı bilirsən.

- Oldu rəis.

Bayaqdan bəri Rəşidi "qoduğluqla" hədələyən rəis həyətin darvazasından çox şad-xürrəm çıxdı. Elə sevincəkdi ki, bir çırtıq çalıb oynaması çatmırdı. Dönüb Rəşidə göz də vurdu: yarım maşın taxta ilə hökumət kasıb düşməz, - dedi.

Təbii ki, bu xoş əhval-ruhiyyə bir toğlu, 5-6 arağa görə deyildi. Amma nə ilə əlaqədar idi... bir Allah bilirdi, bir də özü.

Rəşid müştəri tapmağa çox vaxt itirmədi. Elə rayon mərkəzinə çatmamış qarşısına çıxan ilk kənddəcə gözünə tikintisi gedən bir ev dəydi. Maşını saxlayıb hasarı hələ tam çəkilməmiş, darvazasız həyətin girişindən ev yiyəsini səslədi. Haya yaşlı, üzündən, geyimindən tərəkəməyə oxşayan yaşlı bir kişi gəldi. Satdıq taxta gətirdiyini bilib, maşını həyətə sür, dedi. Qiymət soruşmadan əli ilə "boşalt" işarəsi verdi. Sonra onu üstü örtülmüş, ortasına bir stol, iki-üç kətil qoyulmuş otağa dəvət etdi. Başı, beli qalın şalla bağlanmış, üzü susuzluqdan cadar-cadar olmuş düzənliyə bənzəyən bir qadın tənha stolun üstünə müşənbə sərdi, çay gətirdi, ardınca da qazan xörəyi və yarım litr araq gəldi. Yedilər-içdilər, Rəşid bir az hallanmışdı. Görünür, ev sahibinə də elə bu lazım idi: Hə, qadavu alım, bu çürük taxtalara əmi sənə nə versin?

Rəşid qiymət deyəndə kişi ayağa qalxdı:

- Qardaşoğlu, alverimiz alınmadı.

- Bunu əvvəldən deyərdin də. Bu qədər taxtanı deyirsən qoyub burda gedim?

- Kim sənə deyir qoy get. Mənə haram mal lazım deyil. Yığ, apar.

Ürəyində "mən nə günah işlətmişəm görəsən, uçastkovıy orda elə, bu çoban oğlu çoban da burda belə", - deyə acıqlı-acıqlı başını yellədi.

- Ay ağsaqqal, düzdür, taxtalar təzə deyil, işlənmişdir. Mən də bunları sənə işlənmiş qiymətinə dedim. Daha çürük söhbətini hardan çıxartdın?

Adam Allahla danışar. Bircəciyində bir çürük yer tap, hamısını halallıqla qoyub gedim.

- Sən bu yaşımda mənə Allahsız deyirsən? Ayıb olsun sənə!

Deyəsən, ağsaqqal gününü qoyun-quzu ilə keçirsə də, "şərləmək" elmini mükəmməl bilirdi. Belə getsə, borclu çıxacağını, daha bir zibilə düşəcəyini görən Rəşid "yolun altını" tutdu, üzünə saxta təbəssüm pərdəsi çəkib, ərklə ağsaqqalın peyin iyi verən əlini ovucuna aldı.

- Əstəğfürullah, mənim nə yaşım, nə də tərbiyəm imkan verməz ki, sənin kimi nurani bir kişiyə "Allahsız" deyəm. Sadəcə sözgəlişi dedim, keç günahımdan.

Ağsaqqal nəsə demək istədi. Amma Rəşid guya bunu sezmədi. Əslində sezmişdi, amma qəti bilirdi ki, bu məqamda qarşısındakı bu "allahsıza" danışmağa imkan verməməlidir. İmkan versə, daha ciddi hücumlara məruz qalacaq. Bir də yaxşı bilirdi ki, belə insanların ən çox çəkindiyi polis işçiləridir. Çünki çörəkləri fırıldaq əməllərdən çıxırdı. Odur ki, söhbəti uçaskovının üstünə yönəltməklə "ağsaqqalı" yola gətirmək istədi:

- Tanımaza-bilməzə məni evinin içərisinə saldın. Qarşımda süfrə açdın. Biz çörək kəsdik. Özüm də gördüm ki, çörək verən kişilərdənsən. Çörəyə böyük hörmətim var. Bu köhnə taxtaları əslində mən sənə bağışlayıb getməliydim...

Ağsaqqal müdrik görkəm alıb, gülümsədi:

- Sən ki çörəyə qiymət verdin, sağ ol.

Bu dəfə o, iki əlini Rəşidə uzatdı: Çörəyim sənə halal olsun. Sən də, bala, həyətə boşaltdığın bu beş-on dənə çürük taxtanın halallığını ver. Biş-düş edəndə ocaqaltı eləyərik. İnşallah, bir də yolun bu yanlara düşsə, qonağım ola bilərsən. İndi isə get, Allah amanatı.

"Qoca kaftarın" həyasızlıqla, allahsızlıqla, "Allah"ın adını da tez-tez çəkməklə söylədiyi bu imansız sözlər Rəşidi lap hövsələdən çıxartdı. Gəlib boğazına dirənmiş qəzəbin qarşısını almaq üçün dodaqlarını sıxıb udqundu. Artıq bir neçə addım uzaqlaşmış, qəlbən şeytan, dildə Allah adamı olan, qocaya səsləndi: "Ağsaqqal, gedirəm. Biləsən ki, mən mərdimazar adam deyiləm. İşverən də deyiləm. Bu taxtalar qəsəbəmizin uçaskovısınındır. O, bunları satmağı tapşırıb. Nəsə olsa bil ki, mənlik deyil".

Söz qocanı tutdu. Razılaşdılar ki, sabah yatağa gedib taxtanın əvəzinə 3 toğlu götürsün. Rəşid həm içkili olduğundan, həm də qəsəbəyə gedib-gəlmək vaxt apardığından yük maşınının kabinkasında gecələməyi qərara aldı. Səhər alaqaranlıqda şüşənin taqqıltısına ayıldı. Ev sahibi ilə birlikdə yatağa gəldilər.

Uzun müddət heyvan alveri ilə məşğul olduğundan qoyun seçməkdə yaxşı səriştəsi vardı. İki babat qiymətə gedən toğlunu sürüb kənara çəkdi. Sonra təxminən 20 kiloluq bir toğlunu əlləşdirdi. Xeyli yoxladı və dal qıçlarını qaldırıb maşına doğru apardı. Bu seçimdən deyəsən, qoca da razı qaldı. Üzünü yana döndərib bic-bic güldü.

Rəşid qəsəbəyə çatıb heyvan bazarında iki toğlunu yaxşı qiymətə satdı. Rəisin tapşırdığı kimi, o puldan bir azına araq aldı. Sonuncu seçdiyi toğlunu və araqları isə rəisin bağına düşürdü. Toğlunun qabağına otdan, sudan qoyub keyfi kök qayıtdı evinə. Ləzzətlə, həm də narahatlıqla sabahı gözlədi. Bu sabah hər şey ola bilərdi. Bu sabah baş verənləri dostlarla qeyd də edə bilərdi, "qoduqluğa" da salına bilərdi. Ürəyində çox çək-çevir elədi və çək-çevir edə-edə də yuxuya getdi.

Uçastkovı yuxudan ayılıb eyvana çıxdı. Gərnəşdi. Əla hava vardı. Əsl yeyib içməli gün idi. Saata baxdı. Tələsik geyinib-keçinib işə yollandı. Köməkçisinə tapşırdı ki, filankəsi tapıb gətirsin yanına. Bu o filankəs idi ki, məhəllədə hamı onu alverçi kimi tanıyırdı. Xatalı-xatalı şeylər satırdı. Uçastkovı da onu himayə edirdi. "Gör məni, görüm səni" prinsipi ilə həm dolanır, həm də bir-birini dolandırırdılar.

Bu adam uçastkovıdan çox razı idi. Atasına etmədiyi hörməti ona edirdi. Həmişə də qulluğunda hazır idi. Necə də hörmət etməsin, arada bir rəis onu böyük bəlalardan qurtarırdı. Bəla baş verməmişdən əvvəl kabinetinə çağırır, mərdimazar qonşuların ondan yuxarılara şikayət yazdığını bildirir və qayğıkeş görkəm alıb təsəlliverici səslə deyirdi: Yaxşı ki, rəis xətrimi çox istəyir, onunla danışıb birtəhər məsələni yoluna qoydum. Yoxsa, sən öl, əlli-ayaqlı gedəcəkdin. Sonra bir stəkan "semiçka" pulu istəyirmiş kimi, əməlli-başlı, yəni rəisəlayiq məbləğ oxuyurdu. Bu alverçi qardaş da rəisə minnətdarlıq edə-edə o məbləği tapıb gətirirdi.

Əslində bu, uçastkovının vaxtaşırı, necə deyərlər, həyata keçirdiyi "tryüklər" idi. Aylıq haqq-hesabdan əlavə pul qopartmaq üsulu idi.

- Gəl görüm, qorxma, elə bir ciddi şey yoxdur. Otur.

Kağızı, qələmi qabağına itələyib:

- Yaz, - dedi.

- Rəis, nə qələt eləmişəm, nəyin izahatını yazım?

Uçastkovı saymazyana, gülə-gülə dedi:

- Sənin qələtsiz günün olur ki...

Alverçi "dostuna" vərəqin o üz-bu üzünü dolduran böyük bir ərzaq siyahısı yazdırdı. Sonra təzədən bir də oxutdurdu və yaddan çıxan şey olmadığını bir daha yəqin etdi.

- Yaxşı, tərpən, get bunları al, apar ver bağdakılara.

Telefonun dəstəyini götürüb divardan asdırdığı iri güzgüyə baxdı. Təkəbbürlü sifətini yaltaqlıq cizgiləri ilə "bəzədi". Saçlarını əli ilə hamarladı. İçindəki həyəcanı boğmağa bir neçə saniyə sərf etməli oldu. Əlləri əsə-əsə rəqəmləri basdı. Mülayim səslə:

- Salam əziz dost, mənəm. Necəsən?

Cavabı gözləmədən, "məni rəislə calaşdır", - dedi, - "özü bilir, vacib söz deyəcəyəm". Bir neçə saniyədən sonra telefonda rəisin əzəmətli səsi eşidildi.

- Cənab rəis, dünən sizdən bir xahiş etmişdim. Dediniz sabah yadıma salarsan. Hə, hə, bağda qonaqlıq məsələsi... Quzunu axşam gətirdilər... Saat neçəyə vaxtınız olacaq? Baş üstə.

Dəstəyi telefonun üstünə qoyub, dərindən nəfəs aldı. Söhbət bir az da uzansaydı, yəqin ki, həyəcandan nəfəsi kəsiləcəkdi.

Tez də həyat yoldaşının nömrəsini yığdı: Ay başı batmış, hardasan? Tez elə get evə, lazımi şeyləri götür, bacını da qat qabağına, gedin bağa. Saat 6-ya yaxın rəis dəstəsi ilə gələcək. Saat 4-də qonşu kababçı Ağamirzəyə toğlunu kəsdir. Bir azdan bazarlıq edib gətirəcəklər. Onları da yavaş-yavaş hazırla. Elə elə ki, kişilər razı getsinlər. Yoxsa, vecsiz atanın goru haqqı... bildin də!

Sevincək əlini əlinə sürtdü. Neçə vaxt idi ki, yeni gələn rəisin hörmətini qazanmağa fürsət tapa bilmirdi. Rəisdən eşitdiyi ancaq tənqid və həqarətli sözlər olurdu. Səbəbi də onun tələblərini yüksək səviyyədə ödəyə bilməməsi idi. "Elə bilir ki, burada milyon qazanıram. Daha demir ki, birindən beş manat qopardınca yüz rola girirəm. Bircə bu cındır-mındırın toplaşdığı ərazidən qurtarsaydım, nə canım dincələrdi. Əgər münasibət qura bilsəm...

Yaxşı bir sahəyə uçastkovı keçərdim. Mən də adam kimi yaşayardım".

Stolun arxasında gələcək xoş günlərin eşqi ilə xəyala daldı. Xəyaldan onu qapının taqqıltısı ayırdı. Yaşlı bir qadın idi. Qonşunun gecə həyətindən qazlarını oğurladığından şikayətə gəlmişdi. Rəis oğurluğu tülkünün, itin, pişiyin üstünə yıxsa da, əmələ gəlmədi. Qadın qır-saqqız olub yapışmışdı boğazından. Yoxsa böyük rəisə şikayət edəcəyi ilə hədələdi. Rəislə münasibətlərin düzələn vaxtında bu başı batmış qarı hardan çıxdı! Papkasını qoltuğuna vurub qarını oturtdu maşına, sürdü düz qarının nişan verdiyi qonşunun qapısına. Qarı təkid etdi, qonşu da and-aman etdi ki, qarı onu şərləyir. Uçastkovı bir də baxdı ki, saat 4-dən keçib. Sabah araşdırarıq deyib aradan çıxdı.

Bağa saat 5-də çatdı. Maşınının siqnalına arvad-uşaq tələsik ikilaylı darvazanı açdı.

- Burnuma kabab iyi gəlmir, deyəsən, məni gözləyirsiz. Heç olmasa manqalı qalamısınız?

Hamı bikef-bikef susdu. Qonşu kababçı Ağamirzənin əlindəki iri bıçağın da üstündə qandan əlamət yox idi.

Uçastkovının səsi bağı başına götürdü. Xeyli söydü söylədi. Hirsindən, qonum-qonşunu da unudub, həyətdəkilərdə bir tikə salamat yer qoymadı. Qorxudan kimsə dinmirdi. Qışqırmaqdan yorulub: "Toğlunu gətirin görüm. Tez kəsin, bir təhər kişilər gəlincə görək neynirik", - dedi.

Heç kim yerindən tərpənmədi.

- Ə, nə ölü qoyun kimi gözünüzü döyürsünüz.

Ağakərim evin arxasına keçib sürütləyə-sürütləyə toğlunun şişmiş cəmdəyini gətirdi.

Uçastkovı əli ilə ürəyini tutub dizi üstə yerə çökdü. "Vay, sənə lənət, Rəşid!" - dedi.

...Üç gün sonra qəsəbəyə xəbər yayıldı ki uçastkovını "işində yol verdiyi ciddi nöqsanlara görə" vəzifəsindən azad ediblər. Bu şad xəbəri Rəşid dostları ilə bahalı restoranların birində qeyd etdi. Məclisə "çoban oğlu, çoban" dediyi ağsaqqalı və xatalı-xatalı şeylər satan alverçini də çağırmışdı.

Rəşid, əlbəttə, belə biabırçı sonluğu heç ağlına da gətirməmişdi. Sadəcə məqsədi uçastkovıya ömrünə bir gün qalmış xəstə quzu sırımaqla ondan qisas almaq idi.

 

525-ci qəzet .- 2022.- 6 iyul.- S.22;23.