"XXI əsrin Qarabağnaməsi"
kitabı təqdim olundu
Neftçala rayonu ərazisinə
görə ölkəmizin
kiçik hissəsini
təşkil etsə də, çox sayda vətənsevər tanınmış
insanları, dəyərli
qələm sahibləri, ziyalıları
və yazarları ilə tanınır. O insanlar ki, hər
biri ayrı-ayrılıqda
öz fəaliyyətləri,
xidmətləri ilə
ölkəmizin ictimai-siyasi
həyatında fəal
iştirak edərək,
tariximiz, mədəniyyətimiz,
ədəbiyyatımız və
digər sahələrdə
vətən andına
sadiqlik nümayiş etdirirlər. O insanlar ki, bu andı
vətəndaşlıq borcu,
xalqımızın işıqlı
sabahı hesab edirlər.
Vətənpərvərlik insanın şüurunda yetişən, qəlbində,
ruhunda, mənəviyyatında
doğan böyük hissdir. Onu gizlətmək, boğmaq
mümkün deyil.
O, insanın qəlbinə
hakim olaraq, damarlarında
axan qanı coşdurur. Yazıçı-publisist
Əlövsət Polad
və yazar Ələkbər Zahidov o vətənpərvər ziyalılardandır
ki, onlar qələmlə ruhun qovuşmasından doğan
yazıları ilə
yurdu, torpağı sevməyi öyrədir, vətəni ucaldan qəhrəmanları, şəhidləri
və vətənsevər
övladları yaşatmağı
bacarırlar.
İki vətənsevər yazıçı
bu dəfə birgə əmək sərf etməklə vətənpərvərlik məzmunlu
yeni kitab ərsəyə
gətirdilər. "XXI əsrin Qarabağnaməsi"
kitabı xatirəsini
əziz tutduğumuz şəhidlərimiz, onların
şərəfli ömür
yolu və ürək titrədən
məzmunlu xatirələrinə
həsr olunub. Kitab millət vəkili Sabir Rüstəmxanlının
xeyir-duası ilə ərsəyə gəlib,
onun tövsiyəsi ilə iki dəyərli
ziyalının güc,
düşüncə və
fikirlərinin birliyindən
yaranıb, onların böyük zəhməti
ilə işıq üzü görüb.
Kitabın redaktoru və
ön söz müəllifi də Xalq şairi Sabir Rüstəmxanlıdır.
"XXI əsrin Qarabağnaməsi"
tariximizin, ədəbiyyatımızın
geniş mövzusu olan I və II Qarabağ müharibəsi,
savaşın başlanması,
səbəbləri və
nəticəsi, qeyrətli
Vətən oğullarımızın
qəhrəmanlıq salnaməsindən,
həmyerli şəhidlərimizdən
bəhs olunur. Kitabda onların
hünər yolu, haqqında xatirələr
və şeirlər toplanıb.
Əlövsət Polad rayonun mətbuat
orqanı olan "Gündoğar" qəzetinin
veteran jurnalistlərindəndir. O, 1973-cü ildən
bu qəzetdə fəaliyyətə başlayıb.
Bədii
yaradıcılığa 1990-cı ildən başlayan Əlövsət Poladın
"Bitməmiş povestlər"
adlı ilk kitabı
2004-cü ildə çapdan
çıxıb. 1995-2010-cu illərdə onun
"Mənim dünyam",
"Yazılan qalır",
"Qalan yazılarım", "Narahatlıq",
"Qurama" adlı
kitabları işıq
üzü görüb,
2017-ci ildə
"Qiyamət" adlı
kitabı çap olunub.
Kitabın həmmüəllifi Ələkbər Zahidov isə ən dəyərli peşənin
sahibidir. O, 50 ildən
çoxdur ki, müəllim işləyir.
Təcrübəli pedaqoq
Ələkbər müəllim
Elton Həbibov adına tam orta məktəbdə coğrafiya
fənnini tədris etməklə yanaşı,
şagirdlərinə vətənə,
xalqa sədaqət kimi yüksək keyfiyyətlər təlqin
edir, onların vətənpərvər və
əsl vətəndaşlıq
ruhda yetişməsinə
xidmət göstərir.
O, uzun illərdir ki, "Gündoğar"da,
"525-ci qəzet"də müxtəlif məzmunlu yazıları ilə çıxış edir.
2017-ci ildə "Ömür şərəflə
yaşananda", 2019-cu ildə
"Müstəqillik yollarında"
kitabları çap olunub. "XXI əsrin Qarabağnaməsi"
onun oxucuları ilə üçüncü
görüşüdür. Rayonun ictimai işlərində fəallıq
göstərən Ələkbər
müəllim həm də Avrasiya Sənət Kültür,
Ədəbiyyat və
Elm Federasiyasının üzvüdür.
"XXI əsrin Qarabağnaməsi"
kitabının iyunun ayının 30-da keçirilən
təqdimatında millət
vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Neftçala
rayon İcra Hakimiyyətinin
başçısı Mirhəsən
Seyidov başda olmaqla rayon ictimaiyyəti, digər qonaqlar və məsul şəxslər, rayon ziyalıları
iştirak edirdilər.
Təqdimat adı, hünəri
və məqamı ilə qürur duyduğumuz Vətən Müharibəsi Qəhrəmanı
şəhid Camal İsmayılovun adını
daşıyan Neftçala
rayon Uşaq İncəsənət
Məktəbində keçirildi.
Olduqca səmimi duyğuları əks etdirən tədbirdə qısa ömürləri ilə əsrlərə bərabər
böyük bir dastan yazmış Qəhrəmanlarımız, Şəhidlərimiz
dönə-dönə xatırlandı,
onların vətən,
xalq uğruna fəda etdikləri ömür yolundan danışıldı, hünər
və rəşadətlərini
əks etdirən videoçarx təqdim olundu.
Neftçala rayon İcra Hakimiyyətinin
başçısı Mishəsən
Seyidov, millət vəkili Sabir Rüstəmxanlı, rayonun
ictimai-siyasi mətbuat
orqanı olan "Gündoğar" qəzetinin
redaktoru Bədirə Niftaliyeva çıxışlarında
"XXI əsrin Qarabağnaməsi"
kitabının yaxın
tariximizin öyrənilməsi,
qəhrəmanlarımızın tanıdılması baxımından
yüksək dəyərə
malik mənbə olduğunu, igid döyüşçülərimizin mübarizliyindən, polad əzmindən bəhs edən bu kitabın
gənc nəslin vətənpərlik ruhda yetişməsində faydalı
olacağını bildirdilər.
Tədbirdə, həmçinin, kitabda
bəhs edilən illər uzunu qövr edən ağrılı yaramız
olan Qarabağ hadisələri, yaddaşlardan
tarixə köçən
gerçəkliklər, ictimai-siyasi,
tarixi hadisələr,
milli birliyimiz, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli
Ordumuzun qazandırdığı
Qələbədan söz
açdılar, toplanmış
məlumatlar, fakt və materiallar, qəhrəman şəhidlərimiz
haqqında, o cümlədən,
müəlliflərin qeyd
və düşüncələri
barədə qiymətli
fikirlər səsləndirdilər.
Tədbir boyu çıxışlarla bərabər,
kitabda yer almış şeirlər
söylənildi, şəhid
Rəvan Quliyevin dayısı Sahil Abdullayev tərəfindən
şəhidlərə həsr
edilmiş, söz və bəstəsi Gülqədəm Mirzəzadəyə
aid "Bayraqlı evlər"
mahnısı ifa olundu, təqdimat üçün hazırlanmış
videoçarx izlənildi.
Çıxış edənlər sırasında
şəhid Mahmud Məlikovun
atası Təhmasib bəy, Vətən Müharibəsi Qəhrəmanı
şəhid Camal İsmayılovun anası Filarə xanım da vardı. Onlar bütün
igid şəhidlərimizin
timsalında qəhrəman
övladlarından danışaraq,
şəhidlərin təbliği
və yaşadılaması
ilə əlaqədar
xidmətlərə görə
öz təşəkkürlərini
bildirdilər. Vətən müharibəsi
qazisi Sənan Hacıyev bütün
rayon qaziləri adından
çıxış edərək
bildirdi ki, "nə qədər nəfəsimiz var, şəhidlərimizin adını
və şanını
daim hörmət və məhəbbətlə
yaşadacağıq".
Tədbirdə, həmçinin, kitabda
bəhs olunan, hərbçilərimiz tərəfindən
Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar olunan kütləvi məzarlıq və I Qarabağ müharibəsi
zamanı Fərrux yüksəkliyi uğrunda
qeyri-bərabər, qanlı
döyüşdə vuruşmuş
və itkin düşmüş 4 gənc
əsgər, 4 həmyerlimiz
- İlham Adil oğlu Dadaşov, Əlibala Teyyub oğlu Abdullayev, Mehman Əbdülrəhman
oğlu Cəfərov
və Bəxtiyar Ağabala oğlu Əsgərov haqqında söz açıldı.
İlham
Dadaşovun anası
Elmira ana yana-yana oğlu haqqında xatirələrini bölüşdü,
müzəffər ordumuz
tərəfindən övladının,
yoldaşlarının və
bütün şəhidlərin
qisasının alınmasına,
torpaqlarımızın işğaldan
azad olunmasına görə özünü
xoşbəxt hiss etdiyini
bildirdi.
Hər iki müəllif Əlövsət
Polad və Ələkbər Zahidov fəaliyyətləri və
yazıları ilə
qəhrəmanlarımızı tanıdırlar, təbliğ
edirlər. Bu məqsədlə
çox qapılar döymüş, çox
qapı açmışlar,
dərdlərini unudub,
şəhid ailələrinin,
əzizlərinin yarasına
məlhəm olmağa
çalışmışlar. Biz də qəhrəman
oğullarımızı, şəhidlərimizi
qələmi ilə yaşadan Əlövsət
müəllimə və
Ələkbər müəllimə
şərəfli fəaliyyətlərində
uğurlar diləyirik.
Arzu edirik ki, oxucular
üçün dəyərli
olan hər iki yazarın bundan sonrakı əsərləri tariximizin,
vətən oğullarının
şərəfli ömür
yolunun təbliği ilə yanaşı, xalqımızın sevinc dolu zəfərlərindən,
çiçəklənən Qarabağımızdan bəhs
etsin. Şəhidlərimizin əzizlərinə
Allahdan səbr, dözüm diləyir, şəhidlərimizə ruhunuz
şad, məkanınız cənnət
olsun deyirik!..
Nəzakət
QULUQIZI
525-ci qəzet .- 2022.- 6 iyul.- S.20.