Yazıdan mifə... inanc işıqlı ömür

 

Səməngül QAFAROVA

Bakı Slavyan Universitetinin dosenti

 

Durulaşan dünyanın dupduru sularında bu duru gözlərin işığında çox qaranlıq mətləblər zülmət qatından xilas oldular, işıqlandılar. O nurun, o işığın şəfəqləri dəyən xoşbəxt mövzular, bir ilahi qüvvənin ziyasından nur çələnginə çevrilərək çox ürəklərə işıq salar, çox könülləri nurlandırar.

Bu duru gözlərdə durulaşan dünyanı 60 illik ömür səhifəsinə sığışmasına inanmaq çox çətin! Vərəqlədikcə ömür yolunun enişli-yoxuşlu, dar-geniş, mürəkkəb-sadə, yeni, təkrarsız olduğunu müşahidə edirik. 

Deyirlər ki, göz qəlbin aynasıdır. Bu duru gözlərin aynasından çox arzular yol alır. Bəli, bizimlə bizim arzumuz arasında bir yol durur. Əsas məsələ elə bu yolu keçib getməkdir. Bu tale yolunu necə getmisən?! Mənalı, məhsuldar, fərqli addımlarla! Uzun unudulmayan olsun, bu yol!

Gənc gözəl gələcəyə söylədikləriniz həqiqətə çevrilsin. Pəncərəyə yaxınlaşan işıq topasının düz içindən iki mələk çıxar. Əfsanəyə görə bu mələklər biri sağda, biri solda əyləşər. Günahlarımızı mizan-tərəzi edər. Sağ mələk yaxşılıqları, sol mələk pislikləri. Tərəzinin sağ tərəfi yüngül gəlsə, ilahi nur gözlə görünməyən vərəq atar. Əgər günahları ölçülən Xeyirxahdırsa!

İlahi nurla, ilahi enerjiylə, saflıq, kamillik, təzəlik kimi liminal varlıqlarla dopdolu, ölümlə həyatın, zülmətlə işığın, görünən görünməyən, açıq qapalı Yerlə Göyün - bu Dünyanın sərhədlərinin başlanğıcı, bitdiyi qoruma zolağını tapmış, işıqdan, yalnız işıqdan boylanmış, yazıya çevrilmiş mifdən, gecənin gündüzündən, yolunun sonu da, əvvəli işıq olan nurdan, zülmət tutmayan, haraya getdiyini bilən nurdan, gecələr içində işıq yanan nur daşından, yarımçıq qalmayan əlyazmalardan, üzü dərgaha sarı boylanan yağışdan - söhbət açan Xeyirxah!  

 

Gecənin qaranlığından uzaqlaşanlardan,

Gün işığının işıq silahına sarılanlardan,

Yuxularını nur daşına söyləyənlərdən,

Üzü Allaha tərəf  yağan yağışda paklaşanlardan,

Görükməz təpə ilə üzü yuxarı qalxanlardan,

Uzaq bir kənddən gəlmişləri qarşılayanlardan,

Yalnız sevgi duyğusu şəninə eyniləşənlərdən,

Yolları üzü dağa, yoxuşları enişlərdən çox olanlardan,

Kimsə yox xatırlamağa,

kimsə yox unutmağa deyənlərdən,

İşıq qaranlığın varlığını təsdiq edən səslərdən,

Müdrikliyin əsasını təşkil edən qutsal yuxulardan,

Həm sözü müdrikliyin

yaşama məkanı sananlardan,

Şair kimi heç vaxt yalan danışmayanlardan

sonsuz qaranlıq boşluqda bir oyun hesab edilən bu dünyanı zaman məkan güzgüsünün üfüqündən dupduru, yalnız səmimi bir baxışla, o sehrə inanan oxusu ilə - dərdləşən Xeyirxah!

Bir yaşıl ağacın altında əyləşib müdrik qoca. Ürəyindən keçənləri; Mütləqi, Mahiyyəti, Gözəlliyi, İşığı, dildə zikrə, başda fikrə, ruhda şükrə çevirmək niyyəti - Hz. Məhəmməd müqəddəsliyi, həqiqət əbədiyyət, mərifət kamal haqqında bu dastanı dilə gətirənlərin yaradıcılıq yoluna - baş vuran Xeyirxah!

Ağac Allahına tapınmağı, dan yerinin işığına qovuşmağı, Xızır adlı, xilaskar atlı, nurdan qanadlı, haraya yetişən kişilərlə - Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev öyünməyi, Türk ruhunun işıqla, göylə, ulduzla əlaqəsi, "Türk şahinlərinin" Bakı səmasında uçuşuna sevinməyi, qarı düşməndən, pis adamdan danışanda səsi hiddət-hikkəli, nifrət nidalı, ərənlərdən söz açanda ağzı dualı, sevgidən sevdalananda pıçıltılı Səs, Səsi mərdliyin, kişiliyin nişanəsi bilməyi, qan görüb, müsibət görüb, süzülən yaşları silməyib, dosta, qardaşa tən olmayıb, ölümdən yayınıb ölməyib, amma "çox günahkarıq" təhdidindən uzaqlaşmayan, balı-pətəyi, unu-urvası, teşti-dolçası, yunu-xalçası, alması-alçası, iti-pişiyi, evi-eşiyi, taxtı-beşiyi, dağı-dərəsi, bəndi-bərəsi, yağı-kərəsi, əlindən gedənlərə ağı deyən, nisgillənən, üç məzarın işığına Türkün taleyi haqqında düşüncələrə dalan, məzarlarını qoruya bilmədiklərimizin taleyinə ağlayan, "Ocağımız yansın", "Xalq haqq yolunu tapmasa, mayası təzədən tutulmasa, yolunu itirəcəkdir" deyən, hər çıxışı, sözü, söhbəti ilə sehrləyən, ovsunlayan, doğma yerlərimizə dönmək arzusu ilə yanan, biçənəyinizi biçənləri, yaylağımıza köçənləri, dağımızın ətəyində süfrə sərənləri, çeşməmizin başında könül verənləri, yaşıl çəmənimizdə gül dərənləri, ulu Göyçəmizdə, qədim Zəngəzurumuzda ömür sürənləri qarğışlayanla çağdaş şeirimizi oymaqlarında - oyalanan Xeyirxah!

İlk dəfə rast gəldiyim "Heydərbaba ana obrazıdır" ifadəsinin ilıq təbəssümü altında Şəhriyar xatirələrinin - yazılarının qalaqlarından, uşaqlığının mifini, təkrarlanan arzu-diləklərini, ofsun-dua nitqinə çevrilən niyyətini, Ruh-Ana ilə münasibətini bərpa etmək cəhdini zülmətlə, qaramatla, kölgələrlə dolu uşaqlıq xatirəli bir məkanı - uşaqlığın yeganə şahidi Heydərbaba ilə görüşmək istəyi, "Unudulmaması üçündür" fikrini - çözələyən Xeyirxah!

Uşaqlıq xatirələrin bir anlıq tutub saxlamaq istəyi, körpəliyi, balacalığı maraqlı olan hər şeyin əzizlənməsi gördüyü varsa, nəyi görübsə, nəyi sevibsə, onun həmişə yaşarlığı, adların, obrazların, yaddaşda əbədiliyi kimi mövcudluğun aurasını yaradanın cənnətməkan olduğuna - heç şübhəsi olmayan Xeyirxah!

Bəşər tarixində, folklor düşüncəsində yuxu görmə fenomenin inkar olunmaması, yuxunun inam gerçəkliyinə çevrilməsi, yuxuları yazmağı yozmağı sevməsi, yuxu yozumu ilə hadisələr arasında məna uyarlığı, yaddaşına iki gerçəkliyin: xatirə yuxunun yeri, kölgələr səltənəti ilə sonuncu əlaqə, sonuncu təmas olan metaforik yuxunun aləmlə bağlılığını - araşdıran Xeyirxah!

Şaman kimi, ozan kimi, ağsaqqal kimi, dədə qağa kimi, bədiiliyin, elmiliyin vəhdət yaradan parlaq cazibəsindən kəşf edilən, tarixi yanaşma tarixə yanaşma tərzində yüksək elmi araşdırmalar səviyyəsində, təqdim olunan təbiət varlıqları ilə mənşə varlıqlarının qohumluq duyğusundan, yaşın altmışı aşması nigarançılığının fəlsəfi-duyğusal ovqatından, sözünün mayasından, içinin havasından, dünənə, keçmişə inanmasından, bir göynərti  yaddaşından, ruhumuzun tarixində doğulan, evi tərk etmək üçün, nitqin yaddaşına köçmək üçün, millətin obrazını yaratmaq üçün ki, nəsillər, əcdadlar arasında əlaqə itməsin. Bunları süzüb-düzüb -  meydana çıxaran Xeyirxah!

Yaşam şeir üçün eyni dərəcədə sevdalı yanğılı, aclıqla, insanın bu dünyaya müvəqqəti yaşam durumunda olması, Ata evinə gedə bilməməsi, tale mətninin simvolik təhlili, onillərdir ana deyib ağlaması, daşlı ürəyinin ağrısı, ot basmış qəbristan yolu, "yığnaq iqlimi" yaratsa da, dünyanın tənha adamı olması, seçilən boy-buxun, zahiri görünüş, özgə dünyaya mənsubluğu, ilk şeirindən son şeirinəcən içində ölümü gəzdirən, sevgi şeirlərini ölümə qarşı qoyanlardan - yazmaq cəhdi olan Xeyirxah!

"...Rüstəm radikal aqressiv deyil, insaflıdır, özü həddindən artıq insaflıdır..., mənim dostum Allah adamıdır... Həm : çox istedadlı adamlar eyni zamanda, aqressiv olub bütün yaradıcılıqları boyu kiməsə qənim kəsilə bilməzlər" (Cavanşir Yusifli).

Bəli, opponenti olduğu hər kəsin əməyini qiymətləndirən, onu yersiz sözdən, tənədən, haqsız münasibətdən, sınmaqdan, üzülməkdən - qoruyan Xeyirxah!

Zəlimxan Yaqub sözünə tapınaraq: Ey Xeyirxah! Yolların yoldaşına, könüllərin sirdaşına dönəsən, enişlər enib yoxuşlar çıxasan, zirvələrdən üfüqlərə boylanasan, əllərin günəşdən, ayaqların torpaqdan qüvvət alsın! Amin!

 

525-ci qəzet .- 2022.- 6 iyul.- S.16.