Azərbaycanda ailə institutu: çağdaş
dünya üçün
nümunəvi model
Ailə milli-mənəvi dəyərlərin təcəssümü
və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində
qurulması, güclü
ailələrin formalaşması
və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas vəzifələrdəndir. Azərbaycan ailəsi
uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı modellərdən biridir.
Dövlət bu modelin qorunub saxlanılması üçün müxtəlif
siyasi proqramlar hazırlayır, sosial layihələr həyata keçirir.
Azərbaycanda dövlət ailə siyasətinin formalaşması
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın
ən böyük sərvəti hesab edən Heydər Əliyev bu dəyərlərin qorunmasının
vacib olduğunu bütün çıxışlarında
dəfələrlə qeyd
edirdi.
Ulu öndər
Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə
həyata keçirilir. Prezident İlham
Əliyev və Birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin
qorunmasına böyük
diqqət və qayğı göstərirlər.
Prezident İlham Əliyev hər zaman qeyd edir ki,
bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı, onun
maraqları, rifahı
durur. Bunun bariz nümunəsi hər il
dövlətimizin başçısının
imzaladığı fərman
və sərəncamların
65 faizinin məhz sosialyönümlü olmasıdır.
Dövlətimiz daim öz vətəndaşına qayğı
ilə yanaşır və onun sosial
problemlərinin həllini
prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət
həyata keçirilir.
Ölkəmizdə aparılan bu
sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə
öz töhfəsini
verir.
Millət vəkili Hikmət Babaoğlu deyir ki, ailə milli
dəyərlərin, həm
də millətçiliyin
təməlidir. Azərbaycanda ailə anlayışı
hüququn təməlidir.
Sağlam ailə təməlləri olmasa, cəmiyyətlər formalaşa
bilməz: "Biz bir qədər sosial politologiya elminin dərinliyinə getsək,
görərik ki, illərlə qoruyub saxladığımız adət-ənənələrin
də əsası ailədən başlayır.
Ailə,
ailə fərdlərinin
sağlam gələcəyi
üçün düzgün
qərarlar qəbul etmək önəmlidir.
Ona görə Zərdüşt
deyirdi ki, qiymət özü qiymətli şeylərin ən qiymətlisidir".
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin dediyinə
görə, son zamanlar
cəmiyyətdə ən
aktual problemlərdən
biri olan ailə dəyərləri
haqqında çox söz demək olar: "Cəmiyyətdə
müxtəlif səbəblərdən
ailə problemləri yaşanır. Ailədə yaranan ən
xırda problemlərin
belə həll olunmadan üstündən
keçilməməlidir. Ailə dəyərləri deyildiyi
qədər asan mövzu deyil. Bu mövzu çox
dərin və qəliz nüansları özündə birləşdirir.
Hər bir ölkənin özünə xas dəyərləri olduğu
kimi, Azərbaycanın
da ən önəmli dəyərlərindən
biri məhz ailə dəyərləridir.
Unutmaq olmaz ki, düzgün
ailədə böyüyən
bizim gələcək
nəsildir. Ailə
dəyərlərini o qədər
müdafiə etmək
lazımdır ki, bu ailədə yetişən gənclik sabah vətənpərvər,
mühafizəkar və
bir o qədər də mübariz ruhlu olsun. Elə gənclər
yetişdirmək lazımdır
ki, onlar sabah öz haqları,
eləcə də ailə dəyərləri
uğrunda var güclərilə mübarizə
apara bilsinlər".
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirir ki, hər
bir ailə gələcəyin ailə
mənsublarını yetişdirir,
bizim məqsədimiz uşaqlarımızı dəyərlərimizi
tanımaq istiqamətində
yetişdirməliyik. O, yüksək
mədəniyyətə malik
şəxsiyyətin formalaşmasında
sosial mühitin böyük rol oynadığını qeyd
edərək diqqətə
çatdırıb ki,
bu prosesdə aparıcı rol ailəyə məxsusdur:
"Ailənin ruhi mədəniyyəti anadangəlmə
keyfiyyətlərdən, təhsildən,
tərbiyədən və
yaradıcı əməkdən,
bilik və mənəviyyatdan, bir-birinə
və ətrafdakılara
olan məhəbbət
və inamdan formalaşır. Azərbaycan ailəsi milli
adət-ənənələrimizi yaşatmalı, övladlarımız
milli-mənəvi dəyərlərimiz
ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək
əxlaqi dəyərlər
əsasında təşkilindən
çox asılıdır.
Cəmiyyətin və dövlətin
tərəqqisində xüsusi
rolu olan ailə öz bütövlüyünü qoruyub
saxlayır".
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri,
professor Hicran Hüseynovanın
sözlərinə əsasən,
tarixən ailə xalqımızın yüksək
mənəvi dəyərlərinin
qoruyucusu, genofondumuzun daşıyıcısı kimi
milli inkişafımızda
mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi
köklərinə, mənəvi
dəyərlərinə bağlılığı
böyük amildir.
Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla
yanaşı, dünyanın
mütərəqqi mənəvi
dəyərlərindən istifadə
edilməklə zənginləşdirilir.
Buna görə də
çağdaş dövrdə
Azərbaycan ailəsi
dünyada ən yaxşı ailə modellərindən hesab olunur: "Ailənin vətəndaş cəmiyyətinin
inkişafında xüsusi
rolu var. Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər bir insanın,
hətta hər bir xalqın özünütəsdiqində və inkişafında ailənin rolu böyükdür. Ailə insanların
bir-biri ilə qurduğu münasibətlərin
ən qədim və unikal formalarından biridir.
Azərbaycan xalqının mentalitetində
yüksək qonaqpərvərlik,
dostluğa sədaqət,
dürüstlük, valideynə,
böyüyə hörmət,
tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlər
mövcuddur. Digər tərəfdən,
xalqımızın çox
gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr
dərin və sarsılmaz köklərə
malikdir. Hər xalqın
öz ailə modeli var. Azərbaycanda ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi
zərurətini, ailə
münasibətlərinin qarşılıqlı
məhəbbət və
hörmət əsasında
qurulmasını müəyyən
edir".
Hicran Hüseynova deyir ki, ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün
güclü qanunvericilik
bazası mövcuddur.
Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim
təkmilləşir. Azərbaycan Respublikasının
ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi
zərurətini, ailə münasibətlərinin qarşılıqlı
məhəbbət və
hörmət hissləri
əsasında qurulmasını,
ailə üzvlərinin
ailə qarşısında
məsuliyyətini, onların
hüquqlarının maneəsiz
surətdə həyata
keçirilməsini müəyyən
edir. Azərbaycan Respublikası Konstitusiyasının
17-ci maddəsində göstərilir
ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bizim ölkədə
ailə siyasəti sahəsində qanunvericilik
bazası yaradılıb.
Eyni zamanda, ölkədə institutun
müdafiəsi
istiqamətində davamlı
iş aparılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının sözlərinə əsasən,
sağlam ailə, sağlam cəmiyyət deməkdir: "Azərbaycan
ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Azərbaycanda ailə modeli ailə ənənələrinə,
milli-mənəvi dəyərlərə söykəndiyindən,
tarix boyu öz simasını itirməyib. Qərb
dünyasında ailə institutu deformasiyaya uğradığı bir vaxtda bizdə ailə dəyərlərinin
qorunub-saxlanılması Azərbaycan xalqına xas
ən ali xüsusiyyətlərdən biridir. Bunun kökündə
isə milli-mental dəyərlər, əxlaqi
keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq ailəyə hər
zaman müqəddəs ocaq
kimi baxmışıq. Zaman-zaman
ailə institutunun dağılmaması üçün xalq kimi, yeri gələndə,
mətanət, dözüm nümayiş etdirmişik.
Azərbaycanda ailə institutunun
sütunları böyüyə hörmət, ailə
başçısına sədaqət,
qarşılıqlı sevgi və digər
dəyərlərə söykənir. Bəlkə elə buna görədir ki, Azərbaycan
ailəsi bütün dünyada
monolitliyi ilə örnək göstərilir".
Səyyad Salahlı vurğulayıb ki, ailə hər birimiz üçün müqəddəs məkan və isti ocaqdır. Cəmiyyət olaraq Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılmasına və daha möhkəm ailələrin yaranmasına çalışmalıyıq.
Millət
vəkili Aqiyə Naxçıvanlı qeyd edib ki, ailə ənənələri
ən qiymətli xəzinə kimi əsrdən-əsrə, nəsildən-nəslə
ötürülüb, xalqımız hər zaman onu göz bəbəyi
kimi qoruyub yaşadıb. Ailə hər bir
fərdin gələcəyə uzanan yolda dayağı, ümidi,
güvənc yeri olmalıdır. Ailə
qarşılıqlı mənəvi, hüquqi
məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin
inkişafında mühüm rol oynayıb. İnsanın kamilləşməsində,
onun şəxsiyyətə çevrilməsində
ailənin rolu hər zaman
öz əhəmiyyətini saxlayır: "Təəssüf ki, ailələrin
dağılması, bütövlüyünün
pozulması əsasən, cəmiyyətdə mövcud
olan neqativ halların
ailələrə daxil olması səbəbindəndir.
İnformasiya-kommunikasiya texnologiyaları əsrində,
qloballaşan dünyada
yaşayırıq. Şübhəsiz, bu
qloballaşma həyatımıza
yalnız müsbət yox, mənfi
xüsusiyyətlər də daxil edir. Bununla da
biliyi, savadı, dünyagörüşü
az olan insanlar
həmin mənfi təsirin altına düşür.
Bu səbəbdən də hər birimizin əsas vəzifəsi ailələri
qorumaqdır. Onların dağılmaması üçün
kömək etmək lazımdır. Burada
vətəndaş cəmiyyətinin də rolu
böyük olmalıdır. Bizim əsas dəyərimiz ailələrimizdir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2022.- 6 iyul.- S.18.