Hər kəsi göz yaşına boğan 47 dəqiqə

 

MƏRHUM TELEJURNALİST ELNUR ƏŞRƏFOĞLUNUN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ "90 DƏQİQƏLİK OYUNUN 47-Cİ DƏQİQƏSİ" FİLMİNİN TƏQDİMATI KEÇİRİLDİ

 

İyulun 2-də, günorta saat 2 radələrində "Flame Towers"da yerləşən "Park Cinema"nın zallarından birinin qarşısında izdiham yaşanırdı. Yüz nəfərə yaxın insan "90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi" filminin premyerasını izləmək üçün səbirsizlənirdi. Həmin şəxslər arasında olanlardan biri bəndəniz idi. Bu vaxta qədər kinoteatrda çox olsam da, budəfəki filmin həyəcanı da, yeri tam başqa idi. Ona görə ki, İman Məcidovun müəllifi rejissoru olduğu "90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi" filmi dostum, tanınmış telejurnalist, idman şərhçisi, ötən ilin oktyabrında koronavirusdan həyatını itirmiş Elnur Əşrəfoğlunun əziz xatirəsinə həsr edilmişdi.

"90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi"ni izləməyə gələnlər arasında Elnur Əşrəfoğlunun valideynləri, ailə üzvləri, qohumları, dostları, keçmiş yoldaşları var idi. Filmin təqdimat günü kimi məhz 2 iyul tarixinin seçilməsi səbəbsiz deyildi. Çünki bu tarix dünyada Beynəlxalq İdman Jurnalistləri Günü kimi qeyd olunur. Elnur Əşrəfoğlu isə müstəqil Azərbaycanın yetişdirdiyi ən yaxşı idman jurnalistlərindən biri, bəlkə birincisi idi...

"ELNURUN QARDAŞI KİMİ DANIŞMAQ MƏNİM ÜÇÜN ÇOX ÇƏTİNDİ"

Təqdimatın aparıcısı, tanınmış idman jurnalisti Sənan Şəfizadə qonaqları salamladıqdan sonra qısaca Elnur Əşrəfoğlu ilə bağlı xatirələrini bölüşdü.

Daha sonra sözü mərhumun qardaşı Rəşad Şükürova verdi. Elnurun işığına yığışan hər kəsi salamlayan R.Şükürov bildirdi ki, Elnurun xatirəsi hər zaman qəlblərdə yaşayacaq, o, heç vaxt unudulmayacaq: "Qardaşımı yad etmək üçün bu gün bura yığışan hər kəsi salamlayıram. Bu gün mənim üçün danışmaq çox çətindi. Elnurun xatirəsi hər zaman qəlblərdə, ondan xatirə qalan şərhlərində, verilişlərində, müsahibələrində yaşayacaq. Elnurun 30 illik dostu İman Məcidovun filmin ərsəyə gəlməsində böyük rolu olub. Buna görə İmana ailəmizin adından təşəkkürümü bildirirəm. Vaxtınızı çox almadan sözü elə filmin rejissoru İman Məcidova verirəm".

"ELNURUN ADI GƏLƏNDƏ BÜTÜN QAPILAR ÜZÜMÜZƏ AÇILDI"

Uzun illər Elnurla yaxın dost olan İman Məcidov çıxışı zamanı bildirdi ki, bu film gələcəkdə jurnalist olmaq istəyənlərə bələdçi ola biləcək səviyyədədir. Əsas məqsəd onlarda jurnalistikaya - xüsusən idman jurnalistikasına istəyin artırılmasıdır. Rejissor filmin çəkilişləri zamanı həssas məqamlar yaşadığını da bildirib. O qeyd edib ki, uzun illər dostluq etdiyi Elnur Əşrəfoğlu haqda sənədli film ərsəyə gətirmək onun ötüb-keçən illər ərzində bütün xatirələrinin canlanmasına səbəb olub: "Elnur Əşrəfoğlu çox yaxşı dost idi onunla dostluğumuzun hər anı, hər dəqiqəsi bir film səhnəsinə bərabər idi mənə elə gəlir ki, Elnur Əşrəfoğlu haqda lentə alınan bu film sadəcə o anların bir hissəsidir. Çalışmışam ki, filmdə Elnur Əşrəfoğlunu təkcə idman şərhçisi jurnalist kimi yox, həm etibarlı yoldaş olması kimi insani keyfiyyətlərini üzə çıxarım. Elnur haqda film barədə kanalımızın rəhbərliyinə məlumat verəndə, onlar bu təklifi çox yaxşı qarşıladılar. Buna görə təşəkkürümü bildirirəm. İkinci təşəkkürüm Altay Əliyevə, Etopaz şirkətinədir. Keçmiş həmkar kimi, dost kimi Altay Əliyev filmin ərsəyə gəlməsi üçün dəstəyini əsirgəmədi. Elnurun adı gələndə bütün qapılar üzümüzə açıldı. Onun barəsində danışanda mən heç vaxt keçmiş zamandan istifadə etmirəm, çünki Elnur bu gün dostumuzdu, filmi bizimlə birgə izləyəcək".

"ONUN CAZİBƏSİ XEYLİ CAVAN JURNALİSTİ MƏTBUATA GƏTİRDİ"

Çıxışlardan sonra filmə baxış keçirildi. Şövqi Hüseynovun səsləndirdiyi, 47 dəqiqə davam edən film çox uğurlu, təsirli alınıb. İman Məcidovun ortaya qoyduğu həqiqətən alqışa layiqdir. Üstündən bir neçə gün keçsə , izləyənlər hələ filmin təsiri altındadırlar...

Ekrana ilk öncə Elnurun siması gəlir illərlə ekranlardan eşitdiyimiz doğma səsi - "Salam, hər vaxtınız xeyir, hörmətli tamaşaçılar..."

Ardınca Elnur Əşrəfoğlunun ilk yeri olan "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid danışır: "Elnurun cazibəsi xeyli cavan jurnalisti mətbuata gətirdi onun ardıcılları yetişdi"... Həqiqətən Elnur bir çoxları üçün ideal, nümunə idi. Mənim kimi, bir çox idman jurnalistinin bu sahəni seçməsində Əşrəfoğlunun böyük rolu olub. Uşaq vaxtı idman jurnalistikasına marağı olan hər bir gənc özünü məhz Elnura bənzətməyə çalışırdı...

Film boyu zaldan tez-tez hönkürtü səsləri eşidilirdi.

Elnurun valideynləri, doğmaları, əzizləri, dostları göz yaşlarını saxlaya bilmirdilər. Düzdür, kişilər ağlamaz deyiblər, amma həmin gün filmdən təsirlənməmək, göz yaşı axıtmamaq qeyri-mümkün idi. Qaranlıqda zalda, heç kimin görmədiyi şəraitdə hər kəs doyunca göz yaşı axıdıb, ürəyini boşaltdı. Elnurun bu həyatdan vaxtsız gedişi onun dostlarına, doğmalarına elə pis təsir edib ki, insan bu itki ilə barışmaq istəmir, barışa bilmir. Elnurun yoxluğunu qəbul etmək demək olar ki, mümkünsüzdür.

"ATALAR ARZU EDİRLƏR Kİ, SON MƏNZİLƏ ÖVLADLARININ ÇİYİNLƏRİNDƏ GETSİNLƏR. AMMA MƏNDƏ TƏRSİNƏ OLDU..."

Filmin sonu hətta ən soyuqqanlı, möhkəm adamı belə göz yaşı axıtmağa məcbur edir. Film boyu Elnurla bağlı xatirələrini bölüşən Əşrəf kişinin sondakı sözləri adamın ürəyini parçalayırdı: "Həmişə atalar arzu edirlər ki, son mənzilə övladlarının çiynində getsinlər. Amma məndə tərsinə oldu, övladım mənim çiynimdə son mənzilə getdi. Bu, ömrü boyu məni yandıracaq".

Elnurun atasının bu təsirli çıxışından sonra isə ən sonda rejissor "90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi"ni Bəhram Bağırzadənin fikirləri ilə yekunlaşdırır. "Çox istərdim, o dünyada valideynlərim bir Elnurla görüşüm" deyən Əməkdar artist göz yaşlarını saxlaya bilmir...

"ELNURUN O QƏDƏR XATİRƏSİ VAR Kİ, İLLƏRLƏ DƏ BAXSAQ, DOYMARIQ"

Filmə baxışdan sonra "90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi"nin prodüseri İsfəndiyar Məcidoğluna yaxınlaşdıq. Uzun illər Elnur Əşrəfoğlu ilə dost olan, tez-tez görüşən İ.Məcidoğlu təəssüratlarını bizimlə bölüşdü: "Film həqiqətən də əla alınıb. Allah İman Məcidovdan da, bütün yaradıcı heyətdən də razı olsun ki, ortaya bu cür qoyublar. Elnurun o qədər xatirəsi var ki, illərlə də baxsaq, doymarıq. Elnur cismən aramızda olmasa da, əvvəlki kimi, yenə də bizi bir yerə yığdı. Bu gün də yenə onun adına toplaşdıq. Təbii ki, Elnur kimi dostu itirmək çox ağırdı. Onun yoxluğuna inanmaq çətindi".

Elnurun qardaşı Rəşad Şükürov da filmdən xeyli təsirlənmişdi: "Film möhtəşəm alınıb, burada ailə üzvləri, Elnurun dostları, sevənləri yer alıb. Elnur çevrəsi çox geniş idi. Onun hər sahədə dostu var idi. Buna görə də Elnurun bütün çevrəsini bir filmə sığdırmaq mümkün deyil. Onun xatirəsini hər zaman yad edəcəyik. Bu cür filmlərlə, tədbirlərlə Elnur Əşrəfoğlu hər zaman xatırlanacaq".

ELNURLA BAĞLI SON ARZU

"90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi"nə baxış yekunlaşsa da, Elnurun doğmaları, dostları "Park Cinema"nı tərk etməyə tələsmirdilər. Hər kəs möhtəşəm alınan filmlə bağlı təəssüratlarını bir-biri ilə bölüşürdü. Bu zaman bir məqam diqqətimizi çəkdi. Elnurun atası uzun illər oğluna dayaq olan, birgə çalışdığı "Neftçi" futbol klubunun keçmiş prezidenti və Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovla söhbəti zamanı bir arzusunu dilə gətirdi. Əşrəf Şükürov Elnurun sağlığında ala bilmədiyi "Əməkdar jurnalist" adına heç olmasa ölümündən sonra qovuşmasını arzuladığını qeyd etdi. S.Sadıqov və Elnurun jurnalist dostları atasının bu arzusunun həyata keçməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər.

Beləcə, Elnurla bağlı daha bir tədbir tarixin yaddaşına qovuşdu. Şövqi Hüseynovun filmdə dediyi kimi: "Yüzlərlə insan qoyub getdi, gözü yaşlı. Təkcə ailəsi yox, həm də Elnurun dostları onsuz keçən zamana heyifsilənir və taleyin acı qismətini lənətləyir. Yaşamağa doymadan, istəklərini gerçəkləşdirə bilmədən yarımçıq qalan arzuları ilə bu səyahət ümmanından Elnur adlı bir səyyah keçdi... Nə gördüklərinə, nə də sevdiklərinə doya bildi. O, əcələ uduzdu. Özüki, 90 dəqiqəlik oyunun 47-ci dəqiqəsində"...

 

İbrahim CƏFƏROV

 

525-ci qəzet .- 2022.- 6 iyul.- S.17.