Akademik İsa Həbibbəyli:
"Naxçıvan planlı, sistemli şəhərsalmaya
görə ölkəmizdə bir nümunə ola bilər"
Ötən
bazar günü heç zaman yaddaşımdan silinməyən
və bir ömür fəxarət hissi ilə
xatırlayacağım əlamətdar gün idi mənim
üçün. Həmin gündən bir gün əvvəl
axşam baş redaktorumuz zəng edərək akademik İsa Həbibbəyli
və Azərbaycanın görkəmli ziyalılarının
Naxçıvanda mənəvi istirahətdə
olduqlarını dedikdə ailəmlə birlikdə bir
neçə gündür, bazar günü üçün qərarlaşdırdığımız
planı anında düşüncəmdə ləğv
etdim. Çünki Azərbaycanın dəyərli,
görkəmli, sayılıb-seçilən ziyalıları
ilə görüşüb, söhbət etmək mənim
üçün çox əhəmiyyətli və son dərəcə
qürurverici olacaqdı.
Ziyalıların "Saat meydanı" turistik istirahət
mərkəzində olduğundan məlumatlı idim deyə səhər
saat 8-dən artıq orada səbirsizliklə qonaqlarla
görüşməyi gözləyirdim. Birdən
mehmanxananın foyesində "525-ci qəzet"in baş
redaktoru Rəşad Məcidi gördüm. Sevinc və həyəcanla ona yaxınlaşıb
özümü təqdim etdim. Maraqlı həmsöhbət
olan dəyərli qələm sahibimizin diyarımızla
bağlı fikirləri qeyri-adi qürur hissi doğurdu:
"Naxçıvana budəfəki gəlişimiz
qeyri-rəsmi bir səfər idi. AMEA-nın vitse prezidenti, akademik
İsa Həbibbəyli, Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar, Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov,
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli
və mənim iştirak etdiyim tədbirlərin birində
İsa müəllim təklif etdi ki, Batabatın ən gözəl
çağıdır, gedək Naxçıvana təbiətlə
tanış olaq... Əvvəlcə Ulu öndərin
abidəsinə gül dəstəsi qoyduq. Heydər
Əliyev Muzeyində dövlətimizin qurucusu, memarı,
görkəmli dövlət xadiminin həyat və fəaliyyətini
təbliğ edən eksponatlarla tanış
olduq. Heydər Əliyevin məktəbli olarkən
çəkdiyi rəsmlər Fərhad Xəlilovun
marağına səbəb oldu. Həmin rəsmlər
də orada eksponat kimi nümayiş olunurdu. Müşahidə etdim ki, Fərhad Xəlilov şəkillərlə
bağlı məlumatları çox maraqla dinlədi və həmin
şəkillərin bir neçə fotonüsxəsini
götürdü.
Bu görüşlərdən sonra biz Batabata yola
düşdük. Son illərdə iki dəfə jurnalistlərlə
birlikdə Naxçıvana gəlmişik. Burada iqtisadyönümlü müəssisələrdə,
qəzetdə, televiziyada da olmuşuq. Naxçıvan
haqqında əyani məlumatım var idi. Bu
diyara hər gələndə buradakı yaxşı mənada
dəyişikliklərin şahidi oluruq. Batabatın
ən gözəl vaxtında xoş təbiət mənzərələri,
o yerlərin tarixi ziyalı dostlarımda böyük maraq
doğurdu. Qısa bir müddət ərzində
gəzintidən böyük zövq aldıq. Xüsusilə onu qeyd etmək istərdim ki,
Naxçıvana əvvəlki səfərlərimdə də
bu diyarın yollarının abadlığı məni heyrətləndirib.
Bu, həqiqətən də, müsbət
haldır. Vaxtilə deyirdilər ki,
Naxçıvandan Batabata bir neçə saata gedirlər,
ancaq indi həmin yolla Batabata getmək vaxt etibarilə dəfələrlə
azalıb. Biz orada sadə kənd
adamlarıyla, arı təsərrüfatçıları, həmçinin,
kənd təsərrüfatı ilə məşğul olanlarla
söhbət etdik, onların fikirləri mənim
üçün çox maraqlı idi. Hər
biri gün-güzəranından ürəkdolusu
danışdı. Bu, doğrudan da,
böyük xoşbəxtlikdir. Batabatın
bumbuz bulaqlarından su içdik. İsa
müəllimin təqdimatında Naxçıvanın tarixi,
təbiəti bizdə bu diyara qarşı daha böyük
heyranlıq doğurdu. Qısa bir səfər
olsa da, mənəvi zəngin anlar yaşadıq,
Naxçıvanın gözəlliklərindən
böyük zövq aldıq".
Rəşad Məcidə dəyərli müsahibə
üçün təşəkkür edib, digər
ziyalıları necə görə biləcəyim haqqında
məlumat almaq istəyərkən akademik İsa Həbibbəyli
mehmanxananın foyesinə daxil oldu. O an nə qədər böyük
sevinc hissi yaşadığımı sözlə ifadə edə
bilmərəm. Cəld ayağa qalxıb,
İsa müəllimə yaxınlaşdım. Özümü təqdim etdikdən sonra
Naxçıvanla bağlı budəfəki səfər təəssüratlarını
bizimlə bölüşməyini xahiş etdim.
Özünəxas şəkildə və hərzamankı səmimiyyətilə
"böyük məmnuniyyətlə", - dedi:
"Əvvəla, onu qeyd etmək istəyirəm ki,
Naxçıvana iki aydan gec olmayaraq gəlirəm. Amma tez-tez gəlməyimə baxmayaraq,
Naxçıvanda yeniliklər görürəm. Naxçıvan daim yeniləşir və inkişaf
edir. Azərbaycanın görkəmli
ziyalıları ilə budəfəki səfərimdə
onlara yenilikləri göstərərkən bir daha yəqin
etdim ki, yeniliklər mən gördüklərimdən də
çoxdur. Bu dəyişiklikləri mən
hava limanından başlayaraq gördüm. Orada yeni tikintilər aparılıb, strukturda fərqliliklər
gördüm. Hava limanından şəhərə
doğru yol alarkən Naxçıvançayın kənarında
tikilən "Möminə xatın" mehmanxanası diqqətimi
çəkdi. Bu tikili ilk baxışda
Möminə xatın türbəsinin quruluşunu əks
etdirir. Azərbaycanın görkəmli
ziyalılarının Naxçıvandakı bu
inkişafı görməsi və qiymətləndirməsi bu
torpağın övladı kimi mənim üçün son dərəcədə
sevincli və əhəmiyyətli idi. Onu
da qeyd edim ki, Naxçıvanda inkişaf həm sistemli,
planlı şəkildə gedir, həm də yüksək keyfiyyətlə
həyata keçirilir.
Düşünürəm
ki, Naxçıvan planlı, sistemli şəhərsalmaya
görə ölkəmizdə bir nümunə ola
bilər. Yaddaqalan və xoş bir xatirəyə
çevrilən dünənki Batabat səfərlərimizdən
də danışmaq istərdim. Batabatın
elə vaxtı idi ki, orada təbiətin bütün
gül-çiçəkləri açmışdı.
Bu, təxminən, iyunun sonları, iyulun əvvəlləri
baş verir. Mən də bu torpaqda
yaşayan, bu diyardan çıxan bir ziyalı kimi bilirdim ki,
Batabatın indiki mövcud gözəlliyi, xüsusilə
yaradıcı insanları vəcdə gətirməyə bilməz.
Bu məkan şah gözəlliyi ilə bizim
zövqümüzü oxşadı. Onu da deyim ki,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab
Vasif Talıbovun həyata keçirdiyi tədbirlər sayəsində
Batabat indi Naxçıvan üçün təkcə turizm
məkanı deyil, həm də böyük tədbirlərin
keçirildiyi mərkəzə çevrilib. Bundan
əvvəl mən mətbuatda oxudum ki, Batabat yaylağında
bayramlar münasibətilə konsert proqramlarının təşkil
edilməsi ənənə halını alıb. Açıq havada keçirilən bu mədəniyyət
tədbirləri böyük əhəmiyyətə malikdir,
ona görə ki, turizm tərəfdən diqqəti Batabata
yönəltmək daha əlverişlidir. Dünən
biz Azərbaycanın digər yerlərindən, xüsusilə
də Bakı şəhərindən insanların Batabata
axışdığını gördük, bu, sevindirici
haldır. Düşünürəm ki,
Batabat yaxın dövrdə Azərbaycanın ən cəlbedici
turizm mərkəzindən biri olacaq. Naxçıvan
şəhəri ilə Batabat arasındakı havanın
temperatur fərqi 12-15 dərəcədir. Yarım
saat ərzində 35 dərəcə isti iqlimdən 15 dərəcə
sərin iqlimə keçmək yay mövsümündə
bir möcüzədir. Ümumiyyətlə, 11 iqlimin
7-si Naxçıvanda var, Arazqırağından Batabata qədər
gedən 60 kilometr məsafədə 7 iqlimi müşahidə
etmək olar. Məsələn, Şərurda
artıq göycə sovuşub, Biçənəkdə amma hələ
göycə yetişməyib. Ona görə
də Naxçıvanda qısa məsafədə 7 iqlimin
şahidi olmaq elə buradakı turizm potensialının zənginliyindən
xəbər verir. Naxçıvanın
gözəlliklərini bütün dünyaya göstərmək
lazımdır.
Dünyanın çox sayda ölkələrində
olmuşam, çoxlu gözəlliklər görmüşəm,
Batabatda gördüyüm gözəlliyi dünyanın
heç bir yerində görməmişəm, Batabatı
Naxçıvanın bir buketi kimi bütün dünyaya
göstərmək lazımdır. Mən Naxçıvandakı
sistemli, planlı, yüksək memarlıq keyfiyyətinə
malik olan inkişafı dünyada çox az
müşahidə etmişəm. Naxçıvan
yüksək keyfiyyətlə və zövqlə qurulub
tikilir, böyüyür, inkişaf edir, turizm imkanları
genişlənir, Naxçıvan dünyaya açılan
qapıdır. Bildiyiniz kimi, Zəngəzur
dəhlizinin, Bakı-Tbilisi-Qars, Qars-İqdır-Sədərək-Naxçıvan
dəmir yollarının açılması gözlənilir.
Mətbuatda oxudum ki, Naxçıvan-Məşhəd dəmir
yolu qatarı bərpa olunacaq. Bütün bunlar Naxçıvanı tranzit mərkəzə
çevirəcək. Ən qədim klassik
təlimdə renosans - intibahın baş verməsi
üçün zəruri olan şərtlərdən biri məkanın
tranzit mərkəz olmasıdır. Bu, həmin
yerə iqtisadi və mədəni inkişaf gətirir. Müstəqillik illərində də aparılan
dövlət siyasəti nəticəsində Naxçıvan
yeni böyük intibah diyarına çevrilib. Zəngəzur dəhlizinin açılması isə
Naxçıvanın daha da böyük intibaha
qovuşmasında, həm iqtisadi, həm mədəni
inkişafının güclənməsində, həm də
turizm potensialının genişlənməsində
böyük rol oynayacaq. Fəxr edirəm
ki, doğulduğum belə bir gözəl diyarı mənimlə
gələn görkəmli ziyalılarımız da
gördülər".
Burada
olarkən Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad
Bədəlbəyli ilə də həmsöhbət olmaq
imkanı qazandıq: "Naxçıvana səfərimdən
çox illər keçib. Budəfəki gəlişimdə
çox təəccübləndim. Etiraf
edim ki, Naxçıvanı tanımadım, elə bildim ki,
Avropaya gəlmişəm. Ancaq bir şərtlə,
Avropada belə təmizlik yoxdur. Nə Parisdə, nə
Londonda, nə də başqa şəhərlərdə. Naxçıvan dünyada nümunəvi şəhər
olmalıdır. Bütün dünya
üçün. Bakı üçün də, London
üçün də, Paris üçün də... Hər şey çox böyük zövqlə
qurulub. Baxın elə bu mehmanxana. Memarlıq cəhətdən ən yüksək səviyyədədir.
Bütün tikililərdə milli ruh var.
Düşünürəm ki, Zəngəzur dəhlizi
açıldıqdan sonra buraya çoxlu turistlər səfər
edəcək. Sizi inandırım ki,
dünyanın hər yerindən Naxçıvana insanlar
axışacaq.
Dünən Batabatda Zorbulaqdan nə qədər su
içdik, doya bilmədik. Musiqisi Elza İbrahimovaya məxsus
"Ey Vətən" mahnısında deyildiyi kimi:
"Dağlarına düşən şehdən,
çöllərinə əsən mehdən doya bilmirəm,
ey Vətən..." Doya bilmirdim Batabatdan.
İsa müəllimlə hər dəfə
Bakıda tədbirlərdə görüşərkən
deyirdim, İsa müəllim, Batabatın
Zorbulağının suyundan içmək istəyirəm.
Nəhayət, arzularım həyata keçdi.
Batabatdakı Üzən ada, zəngin
gül-çiçək, tər-təmiz hava qədər
Zorbulağın suyu da ecazkardır, ləzizdir. İnsan içdikcə içmək istəyir.
Ümumiyyətlə, dünyada nə qədər
möcüzə varsa, Batabat da onların
sırasındadır. Oradakı
çiçəklər o qədər gözəl idi ki,
insan toxunmağa qıymırdı. Batabatın
ən gözəl vaxtında gəlmişdik bura. Hava çox gözəl idi. Birdən-birə
yağış yağdı, gün çıxdı, çən
gəldi, yenidən yağış yağdı. Bir gün içində biz orada bir neçə
iqlimi müşahidə etdik. Sanki Batabatda
bütün gözəlliklərin şahidi olaq deyə, orada
hər şey proqramlanmışdı.
Bir məqamı da diqqətinizə çatdırmaq istərdim
ki, dünən mən sürücülərə fikir verdim,
necə diqqətlə, necə mədəniyyətlə sərnişinlərlə
rəftar edirlər. Hamısı da eyni rəngli taksidə,
eyni geyimdə. Təsəvvür edə
bilirsiniz, buradakı taksi sürücüləri belə
nizam-intizamı qoruyur. Bir yerdə ki
nizam-intizam var, orada mədəniyyət var. Bu, çox vacibdir,
böyük mədəniyyətdir. Mən xoşbəxtəm
ki, Naxçıvanı 10 il sonra bu
görkəmdə, bu simada gördüm.
Muxtar Respublikada mədəniyyətə, milli dəyərlərimizə,
sənət adamlarına göstərilən dövlət
qayğısından kifayət qədər xəbərdarıq. Ümidvaram
ki, tez bir zamanda Bakıdan Naxçıvana mədəniyyət
kollektivlərinin, incəsənət xadimlərinin
qastrolları təşkil olunacaq. Bu, məni
bir mədəniyyət adamı kimi qəlbən çox
sevindirər. Çünki
Naxçıvan mədəniyyəti daim
yaşamalıdır, mədəniyyət həyatı daim
inkişaf etməli, daha da zəngin olmalıdır".
Çox keçmədi ki, Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anar da ziyalıların bir araya
yığışdığı foyeyə gəldi. Onunla da söhbətimiz
yaddaqalan oldu: "Naxçıvan Azərbaycanın dilbər
guşəsidir. Qədim tarixi olan, böyük
insanlar yetirən bir diyardır. Ona görə
də buraya hər dəfə gələndə biz elə bil
müqəddəs torpağa gəlirik. Bu
dəfə görkəmli akademik İsa Həbibbəylinin dəvətilə
ziyalı dostlarımızla birlikdə Naxçıvana gəldik.
Batabatda olduq, buz bulaqlarından içdik. Sonuncu dəfə ssenarisini yazdığım
"Cavid ömrü" filminin təqdimatı zamanı
Naxçıvanda olmuşam. Onu deyim ki, həmin
vaxtdan indiyə qədər Naxçıvanda böyük dəyişikliklər
baş verib. Küçələr, yollar
abadlaşıb, binalar yeni görkəm alıb. İnsan bunları görəndə könlü
açılır".
Azərbaycan
Respublikasının Xalq rəssamı, Azərbaycan Rəssamlar
İttifaqının sədri Fərhad Xəlilov da məmnuniyyətlə
söhbətə qoşuldu: "Naxçıvanla
bağlı mənim təəssüratlarım 1953-cü ildən
başlayır, yazsanız, qəzetə sığmaz. Ona
görə də istərdim ki, budəfəki səfərimizdən
danışım. Naxçıvana tez-tez gəlirəm. Hər
dəfə gələndə buradakı dəyişikliklərin
şahidi oluram. Naxçıvanda inkişaf yüksək
sürətlə gedir. Qaldı ki, Naxçıvanın təbiətinə
bir rəssam üçün bu mənzərələr əsl
ilham mənbəyidir. Hər dəfə gələndə bu
torpaq elə bir doğmalıq bəxş edir ki insana, elə
hiss edirsən, qalacaqsan Naxçıvanda, heç getməyəcəksən.
Adamı heyran edir, məftun edir bu gözəlliklər
özünə... Burada fəaliyyət göstərən Rəssamlar
Birliyinin gördüyü uğurlu işlərlə
bağlı da fikirlərimi sizinlə paylaşmaq istərdim.
Birlikdə fəaliyyət göstərən rəssamlar
ölkə əhəmiyyətli tədbirlərdə çox
fəal iştirak edirlər. Burada çox yaxşı rəssamlar
yetişib. Xüsusilə də gənc rəssamlar çox
istedadlıdırlar. Ümumiyyətlə, hansı tərəfdən
baxırsan bax, hər şey çox yaxşıdır bu
diyarda. Bu uğurlar insanı sevindirir.
Batabat
isə deyə bilərəm ki, bir rəssam
fırçasına ruh verib, canlandıracaq gözəllikdədir.
O yerdə insanın yaradıcılığı daha da
coşub, daşır. Bir sözlə, Batabat Allahın
Naxçıvana bəxş etdiyi bir ərməğandır".
...Bəli, Azərbaycanın görkəmli, sayılıb-seçilən ziyalıları ilə bir araya gələ bilməyin, onlar həmsöhbət olmanın sevinc, qürur və xoşbəxtlik hissini, ancaq bir jurnalist duya bilər. Nə qədər yazsam da, bilirəm ki, bu hissi heç bir sözlə ifadə edə bilməyəcəyəm. Hər bir jurnalist həmkarıma bu hissləri yaşamağı arzu edirəm. Son olaraq qısa vaxt ərzində zaman ayırıb, Naxçıvanla bağlı xoş təəssüratlarını "Şərq qapısı" qəzeti ilə paylaşdıqları üçün dəyərli ziyalılarımıza minnətdarlığımı bildirirəm.
Gülcamal
TAHİROVA,
"Şərq
qapısı" qəzeti
525-ci qəzet .- 2022.- 6 iyul.-
S.14;15.