"Əsas hədəf Niderlanddakı savadlı gənclərimizi irəli çəkməkdir"

 

ELXAN MİRHƏŞİMLİ: "NİDERLANDDA GÜCLÜ LOBBİ YARADA BİLSƏK, TƏSİR İMKANLARIMIZ DA ARTAR"

 

Bu gün dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız Azərbaycanın təbliği, dövlətimizin daha yaxşı tanıdılması istiqamətində böyük işlər görürlər. 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan diasporu həmrəy olaraq çox aktiv iş apardı. Fiziki, mənəvi təzyiqlərə baxmayaraq, onlar ölkəmizin haqq səsini dünyaya çatdırdılar. Bununla da qazanılan qələbəyə öz töhfələrini verdilər. Niderlanddakı "Hollandiya Azərbaycan Evi"nin rəhbəri Elxan Mirhəşimli uzun illərdir ki, diaspor fəaliyyəti ilə məşğul olur. Bizimlə söhbətində o, Niderlandda Azərbaycanın təbliği, yeni planlar, Zəfər qurultayından sonra görülən işlər, lobbiçilik fəaliyyəti və digər mövzularla bağlı danışdı.

- Elxan müəllim, siz uzun illərdir ki, Niderlandda diaspor fəaliyyəti ilə məşğul olursunuz. Eyni zamanda "Hollandiya Azərbaycan Evi"nin rəhbərisiniz. Ümumiyyətlə, bu gün Niderlandda Azərbaycan diasporunun fəaliyyəti, həmrəyliyi, apardığı işlə bağlı nə deyə bilərsiniz?

- Mən ilk növbədə fürsətdən istifadə edərək Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibəti ilə bütün həmkarlarımı, Komitənin əməkdaşlarını təbrik edir, gələcək fəaliyətlərində onlara uğurlar arzulayıram.

Diaspor fəaliyyəti və həmrəyliyi ilə bağlı məqamı düzgün vurğuladınız. Fəaliyyət dedikdə könüllu olaraq fəaliyyət göstərən təşkilatlar var   hər bir təşkilatın da özünəməxsus strategiyası mövcuddur. Onlar müstəqil fəaliyyət göstərirlər. Əlbəttə ki, fəaliyyət olan yerdə mübahisələr də, çəkişmələr də olur. Ona görə də bu, normal qarşılanmalıdır. Yalnız təhqir, yalan informasıya olmadan, milli maraqlarımıza zərər gəlmədən dialoqlar aparılmalıdır ki, enerjimizi, vaxtımızı mənasız mübahisələrə sərf etməyək.

Həmrəylik dedikdə isə 44 günlük Vətən müharibəsini yada salmaq istərdim. Həmin vaxt torpaqlarımız işğaldan azad edildiyi günlərdə Niderlandda siyasi düşüncəsindən asılı olmayaraq, birlik nümayiş etdirib həmrəyliyimizi göstərmişdik. Milli maraqlarımızdan irəli gələn məsələlərdə fikir ayrılığı yoxdur.

- Niderlandda yaşayan azərbaycanlıların sayı nə qədərdir, onlar əsasən hansı sahələrdə çalışırlar və diaspor fəaliyyətində nə dərəcədə yaxından iştirak edirlər?

- Niderlandın statistikasina görə, 20 min azərbaycanlı rəsmi olaraq qeydiyyatdan keçib və bu ölkədə yaşayır. 20 min insanın diaspor fəaliyyəti ilə məşğul olması imkansızdır. Çünki onların arasında tələbələr var, insanlar işləyir, boş zamanlarını öz işinə, ailəsinə sərf etməyə üstünlük verirlər. Yalnız sosial media üzərindən fəaliyyətimizi izləyirlər, ehtiyac yarandıqda, sağ olsunlar, dəstək verirlər. Bizim də onlara tövsiyəmiz budur ki, işlədikləri müəssisələrdə, məktəblərdə Azərbaycanı təmsil etsinlər, apardıqları təbliğatla haqq səsimizi yerli icmalara çatdırsınlar.

- Rəhbərlik etdiyiniz təşkilatın yaxın hədəfləri nədən ibarətdir?

- "Hollandiya Azərbaycan Evi" təşkilatının yarandığı gündən öz hədəfləri var. Bizim fəaliyyətimiz çətin də olsa əsasən yerli icmalarla, təşkilatlarla, siyasi partiyalarla və mətbuatla işləmək, onları maarifləndirmək, dövlətimizin işğal altında olan torpaqlarımızı azad etməsi üçün apardığı haqq işini, xarici siyasətini Avropada dəstəkləmək olub. Təşkilatımızın bu yaxınlarda İdarə Heyətinin toplantısı gözlənilir. Həmin toplantıda yeniliklər, dəyişikliklər nəzərdə tutulub. Əsas hədəfimiz Niderlanddakı savadlı gənclərimizi bu sahədə irəliyə çəkib, onlara diaspor fəaliyyətində dəstək verməkdir. Həmin gənclərin fərqli düşüncəsindən faydalanmaq lazımdır.

- Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra dünya azərbaycanlılarının növbəti qurultayı məhz Şuşada keçirildi. Bu, həm də Zəfər qurultayı adlanır. Həmin qurultaydan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində sizin təşkilat tərəfindən nə kimi addımlar atılıb?

- Zəfər qurultayının iştirakçısı olmaq, Şuşada bu tədbirdə iştirak etmək mənim uçun qürurverici idi. Bu qüruru bizə yaşadanlara təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Zəfər qurultayında qəbul edilən əsas qərarlardan biri məhz informasiya təbliğatdır. Biz bununla əlaqədar fəaliyyətimizi həyata keçiririk, tədbirlər planı, layihələr hazırlanır, tətildən sonra yerli holland icmaları ilə görüşlər nəzərdə tutulub.

- Niderlandda Türkiyə diasporunun fəaliyyəti necədir? Birgə əməkdaşlığınız mövcuddur?

- Niderlandda Türkiyə diasporu ilə sıx əlaqələrimiz var desəm, daha uyğun olar. Əməkdaşlığımız var, lakin mənim arzu etdiyim istiqamətdə deyil. İstərdim ki, daha fəal əməkdaşlıq edib, birlikdə böyük layihələrə imza ataq.

- Niderlandda Azərbaycan nə dərəcədə tanınır? Ölkəmizin təbliği istiqamətində daha nələr etməyi planlaşdırırsınız?

- 21 il bundan öncə mən Niderlanda gələndə Azərbaycan haqqında çoxda məlumat yox idi, yalnız ermənilərin apardığı antiazərbaycan kampaniyası ilə qarşılaşırdım. Niderland mətbuatında, kilsə qəzetində bu antitəbliğat mövcud idi. Mən öz adımdan danışa bilərəm ki, qeyd edilən istiqamətdə 20 ildə çox işlər görmüşəm. Bu fəaliyyət nəticəsində ermənilərin Azərbaycan əleyhinə təbliğatının heç olmasa bir hissəsinin qarşısının alınmasına nail olmuşam. Dövlətimiz ötən 20 il ərzində bir cox beynəlxalq tədbirlərə, idman oyunlarına ev sahibliyi edərək, uğurlu xarici siyasəti nəticəsində ölkəmizi beynəlxalq aləmdə tanıtdı. Turizmin inkişaf etdirilməsi Azərbaycanın təbliğatında və tanınmasında böyük rol oynaya bilər.

Torpaqlarımız işğaldan azad olunub, həmin  ərazilərimiz gözəl təbiətə, səfalı yerlərə, tarixi abidələrə malikdir. Prezident İlham Əliyev Şuşada Zəfər qurultayında çıxışı zamanı vurğuladı ki, azad olmuş bölgələrdə turizmin, qeyri-neft sektorunun inkişafına önəm veriləcək. Bu istiqamətdə artıq işlər gedir. Bir sıra xarici ölkələrin şirkətləri bu sahədə işləməyə dəvət edilib. Biz artıq turizm sahəsində planlarımızı hazırlayırıq, işlər davam etdirilir, yalnız bir problemlə qarşılaşırıq. Niderlanddan Azərbaycana birbaşa təyyarə reyslərinin olmaması. Artıq müvafiq dövlət qurumlarına müraciət edilib. İqtisadiyyat Nazirliyi layihəni hazırlayıb, onlara göndərməyimizi bildirib. Yalnız AZAL şirkətindən məktublarımıza cavab almamışıq.

- Bilirsiniz ki, İkinci Qarabağ müharibəsi zamanı Niderland Azərbaycana qarşı qərəzli mövqe tutan ölkələrdən oldu. Bu gün bu ölkədə azərbaycanlılara münasibət necədir?

- Bəli, İkinci Qarabağ müharibəsində Niderland parlamentində bir neçə deputat Azərbaycan haqqında erməni diasporunun sifarişi ilə sərsəm, haqsız, yanlış açıqlamalar verdilər. Əsasən də bu kampaniyanı xristian partiyanı təmsil edən millət vəkilləri və onlara yaxın olan mətbuat aparırdı. Mən o zaman parlamentin xarici siyasət şöbəsinin rəhbəri, hakim partiyanı təmsil edən Sven Koopmansla görüşdüm. Koopmans görüş zamanı mənə bildirdi ki, bir neçə millət vəkilinin çıxışı Niderland hökumətinin Azərbaycana olan siyasi baxışı deyil. Azərbaycanda 125 holland şırkəti fəaliyyət göstərir. Dövlətlərarası münasibətdə heç bir problem yoxdur. Hal-hazırda hollandların Azərbaycana qarşı münasibəti çox yaxşıdır, olduqca gözəl münasibətlərimiz var. May ayında 12 nəfər niderlandlı dostumuz Azərbaycanda qonağımız olub, onlar Bakıdan çox gözəl təəssüratlarla qayıtdılar. Hələ də Bakının gözəlliyindən danışırlar. Gələn il yenə də Azərbaycana getməyi planlaşdırırlar. Həmçinin, dostlarına da Azərbaycana getməyi məsləhət görürlər.

- Yeri gəlmişkkən, lobbiçilik fəaliyyəti ilə bağlı nə deyə bilrsiniz?

- Lobbiçilik sahəsi çox önəmli sahədir. Biz çalışırıq ki, bu sahədə səylərimizi artıraq. Əgər Niderlandda güclu lobbi yarada bilsək, təsir imkanlarımız da artar, sözümüzü, səsimizi də duyarlar. Bu sahədə diaspora təşkilatının gücü yetərsizdir. Lobbiçilik fəaliyyəti ilə bağlı bəzi işlərdə dəstəyə ehtiyac var, mətbuatda açıqlama verməklə nəsə əldə etmək mümkün deyil.

- Elxan müəllim, Azərbaycandan işləmək üçün Niderlanda rəsmi iş icazəsi ilə gedən insanlar var. Onlar bir çox problemlərlə, xüsusilə mənzil kirayələmək və s. rastlaşırlar. Bu istiqamətdə soydaşlarımıza hər hansı dəstək göstərə bilirsiniz?

- Bəli, indi həvəsə düşüb Avropaya viza alıb işləmək üçün gələnlərin sayı günü-gündən artır. Mən məsləhət görərdim ki, viza almazdan və Avropaya gəlməzdən əvvəl vəziyyətlə maraqlanıb, məlumat toplayıb, iş tapıb sonra yola düşsünlər. Avropanın öz yerli qanun və qaydaları var. Son zamanlar mənə də bu mövzuda çoxlu zənglər gəlir, yazanlar olur. Soruşuram, dil bilirsən, deyir yox, hansı sənətin sahibisən, deyir heç bir sənətim yoxdur, nə iş olsa görərəm, təki iş olsun. Avropada tanışlıqla işə götürmürlər, yalnız təcrübəli mütəxəssis qəbul edirlər. Ev kirayəsi 1-2 otaq üçün 800-1500 avrodur. Kimsə aldadır, pulunu alır, viza düzəldir, gəlib sonra acınacaqlı hala düşürlər. Bu iş bizim diaspora təşkilatlarının işi deyil, kiməsə iş düzəltsin, ya da kirayə ev tapsın. Bu, hər kəsin öz şəxsi işidir, kimin harda işləyib, yaşamasına qarışa bilmərik. Biz yalnız məsləhət verə, yol göstərə bilərik. Ev kirayəsini, kommunal xərcləri, sigortanı hesablayırlar, Avropada yaşam tərzi çox bahadır. Yalnız xarici özəl şırkətlərə müraciət etsinlər, onların vasitəsi ilə işləməyə gəlsinlər ki, onları yerləşdirmək şirkətin öhdəsində olsun. Bu sahədə dəstəyim olub, küçədə qalan şəxsi müvəqqəti gətirib evimdə saxlamışam, kiməsə maddi yardım etmişəm, məsləhətimlə işə düzələn də olub. Məsləhətimi eşidib bu işdən əl çəkənlər də, "burdakı əmək haqqını Azərbaycanda da qazana bilərəm" deyənlər də olub. Hər xarakterdə insanlarla, maraqlı hadisələrlə qarşılaşırıq.

Yeri gəlmişkən, bir avtomobil ustası məndən onu Niderlandda işə düzəltməyimi xahiş edirdi. Dedim ki, yaxşı, işə düzəldin, sifariş qəbul etməlisən, necə danışıb anlaşacaqsan, müştəridən soruşmalısan ki, avtomobilin hansı hissəsini düzəldim, problemi nədir. Mənə dedi ki, zəng edərəm sənə, gəlib tərcümə edərsən. Bu insan özünə iş qurub pul qazanmaq fikrindədir, amma məni də öz işimdən ayırıb ona tərcüməçilik etməyimi istəyir. Yəni bu işlərdə anlayışlı olan da var, anlayışsız davrananlar da.

 

Pərvanə SULTANOVA

525-ci qəzet .- 2022.- 7 iyul.- S.10.