Etnik şüur və
etnopsixologiya
Etnik şüur və
etnopsixologiya müasir anlamda milli şüur və milli
psixologiya mənasına gəlir. Fəqət,
millət anlayışından əvvəlki dövrlərdə
etnos mövcud idi. Biz heç də
marksizmin o qənaəti ilə razı deyilik ki, guya millət
anlayışı XIX əsrin məhsuludur. Bizim fikrimizcə, xüsusilə Azərbaycanda uzun
sürmüş (IX əsrdən XIX əsrədək) təxminən
min illik bir tarixi qansamış feodalizmdə xalq və millət
anlayışları - təsəvvürləri
formalaşmışdır. Bizdə
çox vaxt çoxmillətli xalq deyimi işlədilir.
"Çoxmillətli xalq olmur, çoxmillətli
ölkə olur. Xalq elə millət deməkdir"
(Asif Əfəndiyev).
Görkəmli alman alimi F.Engels "Ailənin, xüsusi
mülkiyyətli bir dövlətin mənşəyi" əsərində
yazır ki, "Əmək insanı yaratdı, onun nitqini və
təfəkkürünü inkişaf etdirdi". Biz burada "əmək"
sözünü "hərəkət" kəlməsi ilə
əvəz edərdik: bütün canlı varlıqlarına, hətta təbiətə
hərəkət xasdır. Sənətin əsasında
dayanan rəsmi (harmoniya!) məhz hərəkətin sayəsində
mümkün olub. Ritmik hərəkət gözəllik
hissi, həzz və estetik zövq duyğusu yaradıb...
İnsan şüuru onu əhatə edən şeylərə
- predmetlərə ad qoymaqdan, təbiətdə gördüklərini
fərqləndirmək cəhdindən başlanır. Əksər səs
ilkin sivilizasiya idisə, adlandırma, yəni söz bəşəriyyətin
inkişafında ikinci mərhələ idi. Səs və söz harmoniyanı yaradır -
idrakı cilalayır. Şüur Səs,
Söz ritmin məhsuludur. İnsan Səs və
Söz vasitəsilə mətni yaradır və təbii ki,
müəyyən fikir ifadə edir. Mətn
- xüsusən ədəbi-bədii mətn bəşəriyyətin
kəşf etdiyi möcüzədir. Mətn
harmoniyası tapılmış işarələr sistemidir.
Xüsusilə, bədii mətndə işarələr
sözlər və səslər bir-birinə uyğun gəlməyə
bilər. Zahirən uyğun gəlməyən
(yaxud belə görünən!) işarələrin,
onların ifadə etdiyi Səs və Sözlər arasında
uyğunluğu görə bilən elmə Semesialogiya deyilir.
Söz səsin oturuşmuş vəziyyətidir,
tənbəldir, Səs mühərrikdir, çevikdir. Səslərin ən kamil harmoniyası təbiətdədir.
İnsan (xüsusilə bəstəkar!)
duyğu (qəlb!) və şüur (beyin!) vasitəsi ilə
onları həm vizual, həm də real tərzdə görə
bilir.
Hər
etnosun həyat, yaşam tərzi ilə bağlı, öz Səsi,
öz Sözü və düşüncə - şüur
imkanları var: məsələn, dağlıq ərazidə
yaşayan etnoslar coşqun, düzənlikdə yaşayan
etnoslar sakit olur. Buna Azərbaycan bədii ədəbiyyatından
da misal gətirmək olar: Məsələn, Nəsiminin
şeirləri coşqun ehtiraslı, Füzulinin şeiri sakit,
təmkinli mütəfəkkiranədir.
Dağ
uşaqları ilə vağzal uşağı bir ola bilməz, bulaq suyu içənlə
çarx suyu içən eyni ola bilməz. Dağ
uşaqları saf, cəsarətli, vağzal uşaqları
qorxaq, əsasən, dağ uşaqları mərd, sözü
bütöv, verdiyi sözə sadiq, öz sözündən
ötrü ölümə gedən qəhrəman təbiətli
olurlar. Dağ adamları sevgidə sədaqətli, fədakardır,
həm kişisi, həm də qadını!
Bütün bunlar doğma Azərbaycanda
apardığım müşahidələrin - genetik
xüsusiyyətlərin nəticələridir. Türk mənşəyindən,
gen bulağından süzülüb gəlir...
Etnik
şüur və etnopsixologiya etnosun tarixi
yaşantısının məhsuludur: burada əsas yerli gen
yaddaşı, tarixi yaddaş, dini inanc yaddaşı tutur.
Türk milləti - etnosu, İslama qədər Tenqriyə,
sonralar Oda, Bütə sitayiş edir. Lap qədim dövrlərdə
Təbiət - tenqrinin şah əsəri insanlara ümid
verib. Türk etnosunun əcdadı göydən
enmiş küriliqdan nurdan peyda olub. Ona görə də
bizim etnosda işıq, od həmişə
həlledici olub. Atəşpərəstlik -
"Avesta" türk abidəsi, sonrakı əsrlərdə
Ş.Sührəverdinin "İşraqilik" fəlsəfəsi
Novruz tonqalı - odun təmizləyici,
saflaşdırıcı qüdrətinə inam ifadə edib.
Türklər ağır yaranı od kimi
qızmış dəmirlə dağ basaraq
sağaldırdılar. Təkallahlı dinlər
- montoist dinlər və peyğəmbərlik institutu
yarandıqdan sonra bəşər tarixində
üçüncü sivilizasiya başlanır. Allah
insanları idarə etmək üçün peyğəmbərləri
göndərdi və dörd müqəddəs Səma
kitabı nazil etdi: "Zəbur", "Tövrat",
"İncil" və "Quran"!
Etnik şüur özündən sonralar tarixi dövrlərə
xalq, millət, mentalitet (hətta sinif!) kimi problemləri
doğurur. Fəqət,
bunların hamısının əsasında əsrlərlə
formalaşmış adət və ənənələr təbii
inanclar, din amili və sənət - bədii
yaradıcılıq dayanır.
Bütün dinlərin bəşər tarixində,
sivilizasiyaların təkamülündə müstəsna rolu
var. Və bütün monteist dinlərin ətrafında qara
bir örtük də mövcuddur - bu fanatizm, xurafatdır. Əslində
dini özündən çox insanlar mövhumatçı
dindarlar tərəfindən uydurulmuş dini əfsanələrə,
hədislərə inanırlar.
Dinə ən böyük xidmət onun elmi dərki, dini
fərzlərin icrası ilə bərabər, həm də
dini həqiqətləri xurafat dumanından xilas etməkdir. Vaxtilə F.Engels "Din
xalq üçün tiryəkdir!" deyəndə bunu nəzərdə
tuturdu. Dünyanın ən gənc və
demokratik dini olan İslam dini İnsana yaşamaq
üçün imkan və şərait yaradır. İslamda İnsan azadlığı əsas yer
tutur. Etnik şüurun və
etnopsixologiyanın tarixə davamlılığında, fəallığında
dinimizin böyük rolu var. Fanatiklər və
xurafatçılar Allah qoxusu, həqiqi dindarlar (və sufilər)
Allah sevgisi təlqin edirlər.
Türk etnosunun başlıca şərti türk mənəviyyatı
olub. Türk etnosunun Eli ən mükəmməl tarixi-mənəvi
sistem olan cəmiyyət forması idi. Böyük
türkçü və nəzəriyyəçi Ziya
Göyalp "Türkçülüyün əsasları"
kitabında yazır ki, türk Eli başdan-başa mənəvi-əxlaqi
sərvətlər sərgisidir. Əvvəlki
yazılarımızda dediyimiz bir fikri bir daha qeyd edirik:
türk mənəviyyatının əsasında vətən
əxlaqı, ailə kultu və dini əxlaq dayanırdı. Türk etnopsixologiyasında da bu amillər əsas
yer tutur. Vətəndaşlıq,
gendaşlıq və dindaşlıq bizim etnik şüurun -
etnopsixologiyanın hərəkətverici qüvvələridir.
Türk etnik şüuru və eləcə də
etnopsixologiyası təbiətlə vəhdətdə
formalaşıb. Bunu xalqımızın miflərində
müşahidə etmək olar. Vəli Həbiboğlu
"Qədim türklərin dünyagörüşü"
(1996) monoqrafiyasında bu problemi ətraflı işləyib, təbiətin
dərk olunmasında kosmoqonik təsəvvürləri rolunu
xüsusi araşdırıb. L.Qumilyovun
"Qədim türklər" (1993), Mirəli Seyidovun "Azərbaycan
mifik təfəkkürünün qaynaqları" (1983), Qiyasəddin
Qeybullayevin "Azərbaycan türklərinin təşəkkül
tarixindən" (1994) kimi qiymətli tədqiqatlarda bu problem
müəyyən aspektlərdən öyrənilib. Etnosun düşmənləri tərəfindən
müxtəlif adlara, müxtəlif ölkələrə
bölüncə də türklər öz etnik yaddaşını
və etnopsixologiyalarını heç vaxt itirməmişlər,
onların tarixi - mənəvi birliyi çözülməmişdir.
"Sərhədlər mədəniyyətin
qarşısını ala bilməz" (Əhməd Əli
Arslan).
Türk etnosu tarix cəbhəsinə
5000 il əvvəl çıxıblar
(Z.Göyalp, B.Ögəl, F.Sumər, C.Anadol və b.). Amerikada yaşayan hinduların - Mayya, Siy, Xaya qəbilələrinin
bu qitəsi e.ə. 40-20-ci illərdə Asiyadan gəlməsi
haqqında fikirlər mövcuddur. Asiya, Amerika, Altay,
Sibir, Ural, Anadolu, Qafqaz Şumer və sairəni
nəzərə alsaq, türk etnosunun, etnik təfəkkürünün
nə qədər geniş areala malik olduğunu görərik.
Türk etnosunun millət kimi təşəkkülünü
təmin edən tarixi örnəklər var. Onun biri belədir:
"Ey türk oğuz bəyləri! Türk xalqı,
eşidin! Üstdən göy çökmədikcə,
altdan yer də gəlinməyincə, bil ki, türk ulusu,
türk yurdu, türk dövləti, türk törəni
pozulmaz. Su kimi axışdığın qanına,
dağlar kimi yığdığın sümüyünə
layiq ol! Ey ölməz türk ulusu, özünə
dön!" Bilgə Kağan (673-732).
Böyük türk Bilgə Kağanın bu vəsiyyəti
İslam dini ilə eyni dövrdə meydana çıxıb. Onda hələ türklər
İslamı qəbul etməmişdi, bu mühüm tarixi
hadisə X əsrdə baş verdi.
"Oğuz" "ox" kəlməsinin cəmidir. Ən qədim türkcədə
cəm əlaməti "z" səsinin əlavəsi ilə
verilirdi... Buna görə də "Oğuz" (Oxlar) mənasına gəlirdi.
"Ox" isə "qəbilə", "boy"
mənasında işlənirdi. Qədimdən hun (kun) kəlməsi
necə güclü, qüvvətli mənasını
daşıyırdısa... Oğuzlar X əsrdə
bir dövlət qurdular. Bu dövlət
"Oğuz dövləti" və ya "Jaqbu dövləti"
adlanırdı" (Rəfiq Özdək. "Türkün qızıl kitabı" II,
Bakı, 1997, s.42, 43 və 44).
Bu dövrlərdə (VI-X əsrlər) türklər
bir neçə imperiya (məsələn, Göy türk
imperiyası!) yaratmışdılar. Beləliklə, etnik
şüur dövlətçilik təfəkkürü ilə
zənginləşmişdi. "Türklərin
dilini öyrənən, çünki onların hakimiyyəti
uzun sürəcək" (Mahmud Kaşğarlı). M.Kaşğarlı ərəblərə türk
dili öyrətmək üçün məşhur
"Divani-lüğətin-türk" (1071) əsərini
yazır. Bağdadda çap olunmuş bu əsər
də etnik şüurun türk təfəkkürünə
keçidi baş verir. Sonra gəlir Yusif
Xas Hacib Balasaqunlunun "Qutadqu bilik" (1074) poeması,
Əhməd Yasəvinin "Divani-Hikmət" əsəri
(XI əsr) və türkün böyük abidəsi
"Kitabi-Dədə Qorqud" yazıya alınır (XI əsr).
Bu etnik yaddaş baxımından
üçüncü türk sivilizasiyası, "türk
renessansı" (akademik Tofik Hacıyev) dövrü idi.
Bunlar hamısı - türk imperiyaları,
türk dövlətləri, türk yürüşləri,
türk yazıları, türk etnopsixologiyasını
formalaşdıran mənəvi-tarixi səbəblər idi.
Etnik
şüur mentaliteti müəyyən edən əsas amildir: "Mentalitet
müəyyən bir xalqın xarakterində, şüur,
düşüncə və davranışında, məişətində,
situasiyalardan asılı olmayaraq sabit qalan milli xüsusiyyətdir.
Milli şüur insanların ideya, hiss, meyllərində
özünün əksini tapması, milli münasibətlər
sistemində öz millətinin yerini, mövqeyini müəyyənləşdirə
bilmələri, özünün sosial-etnik mənsubiyyətini
etməmələri ilə bağlıdır" (Əliyev
R. Mentalitet. Bakı, "Elm və Təhsil", 2009, s.25).
İnsanın
geyimindən, qadının kosmetikasından, həyati və
estetik zövqündən, şüurun ifadəsi olan nitqindən,
estetik və sənət hisslərindən tutmuş məhəbbətinə,
ailə münasibətlərinə qədər hər şey
etnopsixologiyanı əks etdirir...
Bir şahın övladı olmurmuş, bir
uşağı gətirib verirlər ona övladlığa. Uşaq sarayda
zənginlik mühitində böyüyür. Uşaq erkən
gənclik yaşına çatanda tədbirli şah
ağıllı vəzirinə deyir: Vəzir bunu özünlə
gəzməyə apar gör zövqü nədir? Vəzir oğlanı götürüb gəlir bir səfalı
yerə - ağaclar, çiçəklər, bulaqlar olan məkana.
Oğlan heç bir gözəlliyə fikir vermir, birdən
bir əyri ağacı göstərib deyir: bundan necə
yaxşı ələk çıxar. Vəzir
bu olayı şaha danışır, şah başa
düşür ki, oğlan ələkdüzəldən
qaraçıdır.
Mentalitet, etnik şüur və etnopsixologiya həm də
(və daha çox!) genlə bağlıdır, genetik
anlayışdır. Gen həm antropologiyada, həm də psixologiyada
özünü göstərir. Etnik şüurun müxtəlif
təzahür formaları var: Gen yaddaşı, qan
yaddaşı, milli yaddaş və s. Bir də var,
"ağrı yaddaşı", bu, daha
çox bədii yaradıcılıqla - təxəyyüllə
bağlıdır. Qəribədir ki,
ağrı yaddaşı sənət dili (şeir, mahnı!)
həm faciə yaradır, həm də yüksək həzz -
estetik zövq verir.
YADın YADDAŞ üzərində hökmranlıq
etdiyi bütün dövrlərdə etnik şüurun
azması prosesi baş verir, etnopsixologiya deformasiyaya
uğrayır.
Etnik şüura əngəl olan proseslərdən
biri də əbədinin ötəriyə tabe olması, fərqlənib
hərənin öz yerində görüşməməsidir.
Əbədinin ötəriyə - konyunkturaya
tabe olması tarixdə şəxsiyyətin rolunu heçə
endirir, dövlətçiliyi zəiflədir.
Sovet dövründə qanunlar qəbul olunur, fəqət
işləmirdi, kommunist partiyasının qərarları
işləyirdi. Bu da nəhayətdə Sovet
İmperiyasının biabırçılıqla
dağılmasına gətirib çıxardı. Bu gün müstəqil və müzəffər Azərbaycanda
qanunlar bütün tarixi gücü ilə işləyir, fəqət,
çox yerdə kadrlar yarıtmazdır. Böyük
tarixi nailiyyətlərimiz dünyada məşhurdur, fəqət
o da məlumdur ki, cəmiyyətdə (və iradəçilik
sferalarında!) ictimai fikrə laqeydlik hökm sürür.
"İt hürər karvan keçər!" atalar
sözü bəzi harınlaşmış məmurların əsas
iş prinsipinə çevrilib.
Məlumdur ki, rüşvət, xüsusən korrupsiya vəzifəli
adamların "işidir". Yeni tarixi gerçəklik, 44
günlük Müzəffər Vətən müharibəsinin
qələbə işığı göstərdi ki, bizdə
tayfabazlıq, tolerantlıq mane olur, rüşvət, korrupsiya
cəmiyyəti qurd kimi içəridən gəvələyir.
Tarixi vəzifəmiz: xalq, ordu və prezident birliyini qorumaq,
istedada qayğı göstərmək, yaşından
asılı olmayaraq bacarıqlı kadrların qədrini bilmək,
qalstuklu nadanları irəli buraxmamaq, demokratik dinimizin
monolitliyini pozan məzhəb ayrılığına yol verməmək.
Nizaməddin
ŞƏMSİZADƏ
Dövlət mükafatı
laureatı, Əməkdar elm xadimi
525-ci qəzet .- 2022.- 7 iyul.- S.12.