Sözün Əkbər Qoşalı rəngi

 

Vaqif YUSİFLİ

Filologiya elmləri doktoru

 

Tanınmış şair və publisist, Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalının qarşıdan gələn 50 illik yubileyi ilə əlaqədar 5 cildlik seçilmiş əsərləri nəşrə hazırlanır. 5 cildliyin I cildində müəllifin şeirləri və poemaları toplanıb. Ə.Qoşalının "Seçilmiş əsərlər"inə tanınmış tənqidçi Vaqif Yusiflinin yazdığı ön sözü təqdim edirik.

 

Əkbər Qoşalı... İllərdir ki, mən bu imzanı izləyirəm, şeirlərini, publisistik məqalələrini oxuyur, onu bir türkçü və azərbaycançı kimi bəyənirəm. Amma hələ ki, onun yaradıcılığı barədə bir söz deməmişəm. Səbəbini belə izah edə bilərəm ki, bir tənqidçi üçün istedadı bol bir şairdən söz açmamaq “görünən kəndə bələdçi nə gərəkdir” sualına cavab vermək deməkdir. Ancaq susa da bilmirəm, çünki onun poeziyası və bu poeziyanın özünəməxsusluğu mənim fikrimcə, hələ kimsə tərəfindən gərəyincə şərh olunmayıb. Yaxşı şairlər bəzən ədəbi tənqidçilərin və digər yazarların nəzərindən uzaq düşür.

Əkbər Qoşalı mükəmməl şairdir. Mükəmməllik anlayışı çox mətləbləri əhatə edir. Mükəmməl şairlik ilk növbədə, onun dili və üslubunda təzahür edir. Əkbər Qoşalı şeiri müasir Azərbaycan poeziyasında ana dilimizin zənginliyini əks etdirir. İstənilən şeirini onun müəllifinin kim olduğunu bəlirləmədən deyərsən ki, bu şeiri Əkbər yazıb. Bax, bu özünəməxsusluq onun fərdi üslubudur.

Adətən, bir şairin yaradıcılığından söz açanda ilk növbədə, bu şeirlərin məzmunundan, o şairin öz şeirlərində hansı mətləblərdən danışdığından sözə başlayırlar. Amma mən siftə-siftə onun sənətkarlıq məziyyətlərini ön plana çəkmək istəyirəm. Əkbər müasir şairdir və müasir şair üçün vəzn problemi yoxdur. O, sərbəst şeir meydanında da hünər göstərir, heca vəznində də. Onun Tovuz rayonundan olduğunu bilirəm və burdan Azərbaycan poeziya meydanına gələn şairlərin qoşma, gəraylı, təcnis, ümumiyyətlə, heca şeirlərində poetik ustalıqlarının şahidiyəm. Əkbər Qoşalının "Aldı görək, nə dedi" silsiləsindən olan qoşma və təcnislərini oxuyanda hiss elədim ki, onun canında və ruhunda saz havası ana südü kimi yaşayır:

 

Nə susarsan, dəli könül,

ta əyninə nimdaşammı?

Səninlə yol gedəmmirəm,

mən vəfasız yoldaşammı?

 

...Gerilərdə qazanmadım,

acıları qucub qaldım.

Alnımı oxuyammadım,

alnı belə qırışammı?

 

Formaca, şəkilcə bu gəraylı klassik aşıq gəraylılarından seçilmir, amma bu şeirdə XXI əsrin poetik təfəkkürü ilə qarşılaşırsan.

Əkbər Qoşalı türkçülüyü tərənnüm edən şairdir. Bəziləri kimi tribunada "mən türkəm, türk oğluyam" deyibən qışqıranlardan deyil. Türkçü olmaq türkün mədəniyyətini, adət-ənənəsini, koloritli dünyasını, azman döyüş ruhunu, basılmaz cəngavərliyini, "Altaylardan qopan atlarını" və əlbəttə, türkün dünyaya hökm edən fatehlərini şeirdə əbədiləşdirməkdir:

 

Altaylarda qopan atlar

getdiyi göy yoluydu.

Altaylarda doğan Aylar

biz çıxanda doluydu.

Yaxud:

Ürəyim hey atlanar -

ürəyim elə atlanar,

yada düşər Altaylar.

 

Və bu mövzuda olan digər şeirlərini də oxusaq, biz qədim türkün bədöy atlarının hənirtisini, döyüş cəngavərlərinin qılınclarının şaqqıltısını, cəng səslərini eşidərik. Əkbər Qoşalı bu şeirlərində AT obrazını qəhrəmanlığın simvolu kimi ümumiləşdirə bilir.

Əkbərin şeirlərində milli-mənəvi məkanların yetərincə poetik inikası ilə qarşılaşırıq; yox, bunlar sırf təbliğat xarakteri daşımır, Yaddaşın tarixi kimi əks olunur. Tarixi abidələr, Qarabağ, Şuşa, Qız qalası haqqında yazılan şeirlər məhz Yaddaş şeirləridir. Bu şeirlərdə Əkbər poetik orijinallığa nail olur, təzə söz deyə bilir. Məsələn, onun "Qız qalası" şeiri Qız qalası haqqında yazılan şeirlərdən tamamilə fərqlənir. Qız qalası, Ərk qalası, Bəzz qalası, Əlincə qalası... - bunlar şeirdə bir vəhdət halında birləşir. "Qarabağ" şeiri isə söz təkrarlarının düzümü ilə şairin Qarabağ sevgisini ifadə edir:

 

Mən sənin özünü sevirəm,

 

sən mənim Qarabağımsan,

Sən mənim qara bağrımsan.

Sən mənim qaram-ağımsan..

Sən özündən böyüksən

Sən sözümdən böyüksən,

sözdən qabaq səsimsən,

Qarabağ!

 

 Əkbər Qoşalı təbiəti duyan şairdir. Təbiət onun şeirlərində lövhə çəkmək, sözlə rəng yaratmaq missiyasına xidmət edir. Deyərdim ki, onun bir çox şeirlərində əla peyzaj - şairliklə rəssamlığın vəhdəti hiss olunur.

 

Yağışlar, yağışlar yağırdı nazla,

Çiçəklər, çiçəklər sığallanırdı.

Nə gözəl, nə gözəl əsirdi yellər,

Göllər beşiyində yırğalanırdı.

 

Dərələr, təpələr şəkillənirdi,

Yer yerə bərkiyir, göy çəkilirdi.

Hər şey təptəzəydi, hər şey yepyeni,

Bulaqlar, bulaqlar nəsə deyirdi.

 

 ...İlk kişi - ilk qadın gəldi göz-gözə,

 Şimşəklər, şimşəklər belə yarandı.

 İlk dəfə uzandı əllər əllərə,

 Barmaqlar toxundu, Ay paralandı.

 

Əslində, 2019-cu ilin bu ilk şeiri təbiətin gözəlliyi mənzərəsində bir sevginin yaranışını əks etdirir. Şeirin hər misrasında eyni sözlərin təkrarı bir nəğmə ahəngi yaradır. Əkbərin təbiət şeirlərində İnsan və Təbiət həmişə belə vəhdətdədir. "Bu axşam dağlara yağış yağacaq" - qoy yağsın, "Köç axar, köç axar evlərə sarı, vəhşilik, gözəllik qalar dağlara". Qoy qalsın! "Yenə çaxdı şimşəklər" - qoy çaxsın. Çünki "Şimşək göyün ağrısı, Buludlar ağlayan göz, Yağışlarsa göz yaşı".

Yeri gəlmişkən qeyd edim ki, Əkbər Qoşalının şeirlərində təşbih və metafora kimi öncül bədii təsvir vasitələrinin orijinal nümunələrinə tez-tez rast gəlirik. Bəzi nümunələr:

 

Ömrüm uzun çəkmədi,

kasıb gülüşü kimi

Ölmək şəkil çəkməkdi,

fələyin üzü kimi.

 

lll

 

Gözlərimdə dəfn etdiyim

qırmızı qərənfilli

kəfənli həsrətim!

Gözlərim saralmır daha.

 

Əkbərin bir qoşmasını misal gətirirəm ki, onun xalq poeziyasından - aşıq şeirindən necə qaynaqlandığını görəsiniz. Həm də bu qoşmadakı metaforaları heyranlıqla seyr edəsiniz:

 

Tanrı yazıb, ömrümüz bir cümlədi,

hər cümlənin yanında bir nöqtə var.

 

Şah işarə nə "sual", nə "nida"dı,

qana salar, qanında bir nöqtə var...

 

Söz bitən gün qələmlər yas saxlayır

təqvimlər də Sözsüz bir gün saxlamır.

 

Sözü bəlkə tutub, bax, o saxlayır,

gahında üç, gahında bir nöqtə var.

 

Qələm yenə yaxşı sözçün sarsıdı -

inam yoxsa nəfs yenər əxlaqı!

 

İşarələr baxışlar tək canlıdı,

bir nöqtə "yox" deyər, o bir nöqtə "var".

Bu qoşma həm də Əkbər Qoşalının ürfani şeirə meyl etdiyindən xəbər verir.

 

Əkbər Qoşalı hər predmetə, hər nəsnəyə poetik məna verməyi sevir. Deyim ki, "Suyun şərhi" şeirində "su dili"ni mənalandırır. "Səslər"də Səslərin məna çalarlarına üz tutur: "Səslərin gözəli qara sazdadı. Kərəmi çağırar, Dilqəmi səslər". Yaxud boz rənglə əlaqədar bir şeirdə Boz məfhumunun müxtəlif variasiyalarını - çalarlarını şeirə gətirir. "Boz çöllər", "boz oğlan", "boz üzlü silah", "soyuqdan bozarmış surat" və sonda bu bədii təyinlərin hamısından daha önəmli "Boz qurd".

Əkbərin sevgi şeirləri... O, bu məzmunlu şeirlərdə ifrata varmır, sevgiyə, ali hissə ağlın gözüylə baxır. Yalnız yaşanılan, duyulan hissləri şeirə gətirir. Həm də bu hissləri orijinal bədii vasitələrlə təqdim edir:

 

Mən səndən ayrılanda ölüb

səni gözümdə saxladım.

İndi hər güzgü önündən

ötüb-keçəndə, səni görürəm.

Dirilib gözümdən düşürsən,

özüm gözümdən düşürəm,

düşür ürəyim.

Səni gözüm üstə qoya bilmirəm,

istəyirsən qına məni, qına neynim,

Gözümün üstündəsən.

 

 Və bir də onun sevgi şeirlərinin ürfani müqəddiməsi: "Dindən əvvəl sevgi özü din idi".

Əkbər Qoşalının "Su pərisi" və "Dərviş nağılı" poemaları da onun şeirlərindəki orijinal bədii ifadə üsulunun daha yetkin nümunələri kimi diqqəti cəlb edir. Hər iki poema lirik səpgilidir. Şairin OBRAZ yaratmaq, fikir və düşüncələrini bu obraz ətrafında cəm etmək ustalığı var bu poemalarda. Bu yerdə təfərrüata varmıram.

Əkbər Qoşalı bir qədər şablon səslənsə də, deyim: O, torpaq şairidir, vətənpərvər şairdir, amma torpağı da, Vətəni də standart "sevgilərlə" tərənnüm etməkdən uzaqdır. Bir şair kimi dərk edir və anlayır ki, Torpağı və Vətəni sevirsənsə, bu sevgini poetik sevgiyə çevirməlisən.

 

Torpaq

ağır gündə bayraq tutmuş,

alnı dərddən qırış-qırış

qat kəsmiş

kişilərin

yerişindən dincələr

qarış-qarış.

Torpaq

hər yerdə şəhid məzarıyla

möhürlənmiş

millətin

bayrağı əbədidir.

 

Başqa bir şeirini də misal gətirə bilərəm. "Yeridim dünyaya sarı, Bu torpağın sinəsindən". Amma onun torpaqla bağlı ən yaxşı şeiri torpaq və daş, ürək və daş məfhumlarını özündə əks etdirən bir şeiridir: "Torpağa tapşırırıq ölən olanda"... Şair deyir ki:

 

dünyanın ən soyuq daşına

isti sözlər yazarıq.

Yazıya ürək, ürəyə dərd qoyarıq.

Beləcə,

dərd dolanar dünyada:

torpaq-torpaq,

daş-daş,

yazı-yazı,

ürək-ürək.

Deyirəm

gedim torpaq dərdimi yazım,

ürəklər daş olmamış...

 

Əkbər Qoşalının gələn il - 2023-cü ildə, aprelin 3-də 50 yaşı tamam olacaq. İnanıram ki, o, 50 yaşına gəncliyinin son baharı kimi deyil, davamı kimi baxacaq. Şeirlərindəki o gənclik hissiyyatını, heç cür qocala bilməyən poetik duyğularını qoruyub saxlayacaq, şeirimizin - söz rəssamlığının Əkbər Qoşalı rəngini daha da parladacaq.

 

525-ci qəzet .- 2022.- 7 iyul.- S.13.