İrəvan şəhərinin
nüvəsi – Təpəbaşı məhəlləsi
Ermənistan
beynəlxalq hüququn norma və prinsiplərinə
zidd olaraq illərdir ki, Azərbaycan xalqına məxsus olan
maddi və mədəni irsi məhv etmək siyasəti həyata
keçirir. Bu ölkə tərəfindən təkcə 30
ilə yaxın işğal altında olan ərazilərimizdəki
tarixi, mədəni, dini abidələrimiz deyil, həm də
Ermənistanda xalqımıza məxsus abidələr, mədəni
irs, məscidlər
dağıdılıb. Məqsəd isə Ermənistan
ərazisində Azərbaycan izini tamamilə silmək, onu erməniləşdirmək
olub.
Məlumata
görə, 1988-1989-cu illərdə Ermənistanın 22
rayonundan (172 sırf azərbaycanlı və 89 ermənilərlə
qarışıq yaşayış məntəqələrindən)
250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni
dövlətinin əsası qoyulub.
Azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid,
68 tarixi, 7 memarlıq abidəsi tədricən erməni
vandalları tərəfindən dağıdılıb. Ermənistanda
Azərbaycan xalqının tarixi-mədəni irsinin
dağıdılması, silinməsi prosesi 90-cı illərdən
sonra geniş vüsət almış və bu məhvetmə
siyasəti işğal dövründə həmin ərazilərdəki
vandalizmlə paralel aparılıb.
Ermənistan
ərazisində yerləşən 300-dən çox məscid,
o cümlədən, Göy məscid, Qala məscidi, Şah
Abbas məscidi, Təpəbaşı məscidi, Zal Xan məscidi,
Sərtib xan məscidi, Hacı Novruzəli bəy məscidi, Dəmirbulaq
məscidi, Hacı Cəfər bəy məscidi, Rəcəb
Paşa məscidi, Məhəmməd Sərtib Xan məscidi XX
əsrin əvvəllərində qəsdən
dağıdılıb, mənimsənilib və ya başqa məqsədlər
üçün istifadə edilib.
Təpəbaşı məhəlləsi
Qədim Azərbaycan şəhəri olan İrəvanın
tarixini bu gün özündə əks etdirən və azərbaycanlıların
mədəni irsinin yeganə sübutu olaraq qalan məkan Təpəbaşı
məhəlləsidir. İrəvan şəhəri qala istisna
olmaqla Şəhər, Dəmirbulaq və Təpəbaşı
hissələrinə bölünürdü. İrəvanın bu hissələrinin hər birində
şəhər yaranandan XX əsrin əvvəllərinə qədər
azərbaycanlılar yaşayıblar. Təpəbaşı
Zəngi çayı ilə Şəhər məhəlləsinin
arasındakı təpəlikdə yerləşib, ona görə
də Təpəbaşı məhəlləsi
adlandırılıb. Məhəllə
İrəvanın qərb hissəsində yerləşirdi.
Tarixən azərbaycanlıların
yaşadığı və hazırda 16 hektara qədər
kiçildilən Təpəbaşı məhəlləsi
günümüzdə məhv olmaq və Yer üzündən
silinmək təhlükəsi ilə üz-üzədir.
Şəhərin Təpəbaşı hissəsinə
ermənilərin köçürülməsi Çar
Rusiyasının 1828-ci ildən sonra qonşu dövlətlərdən
ermənilərin kütləvi şəkildə Cənubi
Qafqaza köçürülməsi siyasəti ilə
başlayıb. Təkcə bu köçürmə nəticəsində
cəmi 374 nəfər İrandan, 18 nəfər isə
Türkiyədən gələn erməni İrəvan şəhərinin
Təpəbaşı hissəsində azərbaycanlı ailələrin
evlərinə müvəqqəti olaraq yerləşdirilib. Köçüb gələn ermənilər sonradan
Təpəbaşıda yerləşən Xan bağı
adı ilə tanınan yerdə onlara ayrılmış torpaq
sahələrində məskunlaşdırılıblar.
Göründüyü kimi, 190 il öncə
baş vermiş bu ilk etnik təmas Təpəbaşı hissəsinin
etnik tərkibini dəyişə bilməyib və əzəldən
bəri orada yaşayan azərbaycanlılar yenə də daimi
sakinlər olublar. Bu gün belə bir tarixi abidənin
- Təpəbaşının məhv edilməsinə
dünya ictimaiyyətinin göz yumması yolverilməzdir.
Çünki bu abidə dünya mədəni irsinin bir hissəsidir.
Qeyd edək ki, Azərbaycanın dövlət
başçısı dəfələrlə beynəlxalq tədbirlərdə
bu mövzunu diqqətə çatdırıb. 2022-ci il
4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin
və Avropa İttifaqı Şurasının rəhbərinin
videoformatda görüşünün nəticəsi olaraq həm
də UNESCO-nun Ermənistana və Azərbaycana
missiyalarının həyata keçirilməsi
planlaşdırılıb. Azərbaycan cəmiyyəti
UNESCO missiyasından gedəcəyi ünvanlardan biri kimi Təpəbaşı
məhəlləsinə baş çəkməsini gözləyir.
Azərbaycanın 102 nəfər tanınmış elm və
ictimaiyyət xadimi İrəvan şəhərində yerləşən
Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan
xalqının irsinə qarşı həyata keçirilən
mədəni soyqırımı ilə bağlı UNESCO-nun
Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə
vurğulanıb ki, İrəvan şəhərində Azərbaycan
xalqına məxsus sonuncu maddi-mədəni irs
nümunələri də məhv edilmək üzrədir. Təpəbaşı (ermənilər Kond
adlandırırlar) İrəvan şəhərinin
günümüzə qədər gəlib çatmış
yeganə tarixi nümunəsidir. Ermənistan
rəhbərliyi artıq bir müddətdir ki, Təpəbaşını
tamamilə dağıdaraq yerində müasir
yaşayış binaları inşa etməyi
planlaşdırır.
“Biz UNESCO-ya müraciət edərək xahiş edirik ki,
səfər zamanı öz üzərinə öhdəlik
götürən Ermənistanın paytaxtı İrəvanda
yerləşən tarixi Təpəbaşı məhəlləsi
də missiyanın gedəcəyi ünvanlardan biri olsun. Ümid edirik
ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda
maneə törədilməyəcəkdir”, - deyə müraciətdə
vurğulanıb.
"İrəvan
şəhərində Azərbaycan milli-mədəni, tarixi
irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin
taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin
dağıdılması və tarixi izlərinin silinməsi"
üzrə aparılmış araşdırmanın və
onun nəticələrini əks etdirən kitabının
müəllifi, tədqiqatçı, tarixçi Səbuhi
Hüseynov mövzu ilə bağlı “525”ə bildirib ki,
araşdırma Strateji Kommunikasiyalar Mərkəzində bir
müddət əvvəl
başlanıb. Mərkəzin ekspert qrupunun
köməkliyi ilə onun müxtəlif elmi araşdırma
metodların istifadə edilərək məhəllənin
tarixini öyrəniblər. Tədqiqata cəlb edilən
sənədlər Türkiyə Cümhuriyyəti Osmanlı
Arxivi, Azərbaycan
Respublikası Dövlət Tarixi Arxivi, Rusiyanın Tarix Arxivi və
Hərb tarixi arxivlərində, Gürcüstan arxivində
saxlanılan sənədlərdən istifadə edilib. Bundan
başqa, ermənidilli ədəbiyyatlar və erməni mətbuatında
yer alan mövzuya uyğun materiallar
araşdırılıb. Arxivlərdə
mövcud olan İrəvanın şəhər planları əldə
edilib və onların Coğrafi İnformasiya Sistemi mühitində
inteqrasiyası həyata keçirilib, İrəvan şəhərinin
tarixi landşaftı araşdırılıb. Arxiv sənədlərinə əsasən, 1831-ci ildən
etibarən İrəvan şəhərinin məhəllələri,
küçələri və maddi mədəniyyət abidələri
müəyyən edilib və informasiya sistemində XX əsrin
60-cı illərindən günümüzədək əldə
edilən süni peyk görüntüləri ilə şəhərin
dəyişmə dinamikası və Azərbaycan xalqına məxsus
maddi mədəniyyət abidələrinin dağılma
prosesi izlənilib.
S.Hüseynov
deyib ki, İrəvan şəhəri Qala hissəsindən
başqa Şəhər (Şəhri), Dəmirbulaq və Təpəbaşı
hissəsindən ibarətdir: “Hazırda tarixi İrəvan
şəhərindən yalnız Təpəbaşı hissəsinin
16 ha-a qədər azalan Təpəbaşı məhəlləsi
qalır. 300-ə yaxın obyektdən ibarət
olan bu məhəllə İrəvan şəhərinin
nüvəsi sayılır. Yəni, şəhərin
əsas hissələri arasında ilk yerdədir. Məhəllədə mövcud olması müəyyən
edilən memarlıq və arxeoloji abidələr XVIII - XIX əsrlərə
aiddir”.
Tarixçi
əlavə edib ki, Təpəbaşı Azərbaycan mədəniyyəti
və o cümlədən, bəşər mədəniyyəti
üçün son dərəcə önəmli əhəmiyyət
kəsb edir: “Tarixi İrəvan şəhərinin özəyi
sayılan bu hissə vahid tarixi-şəhərsalma mühitini
özündə əks etdirir. XIX əsrin I
yarısında Təpəbaşı hissəsində yerləşən
küçə və məhəllələrin adları Azərbaycan
adları idi. Məsələn, Dərəkənd, Axund,
Xan bağları, eləcə də Əsəd bəy,
Adalyar, Təpəbaşı, İmarət və Daşlı
küçələrini sadalamaq olar. Hazırda Ermənistan
Milli Arxivində saxlanılan kameral təsvirlər həmin
küçə və məhəllələrin 190 il öncə
inventarlaşdırılmasını və etnik tərkibini
göstərən sübutlardır. Təpəbaşı
öz memarlığı və tarixi ilə Azərbaycan
tarixinin bir hissəsini təşkil edirdi. Vaxtilə
azərbaycanlılardan ibarət olan bu məhəllənin
etnik tərkibi tarixin üç mərhələsində
(1918-1920-ci illər, 1948-1953-ci illər, 1988-ci illər)
süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən
ibarət monoetnik məhəlləyə çevrilib. Təpəbaşı vahid tarixi-şəhərsalma
mühitidir və bu yer İrəvan şəhərinin tarixi
nüvəsidir”.
Göy məscid
S.Hüseynov vurğulayıb ki, məscid İrəvan
xanlığının Qacar elinin Ziyadlı
oymağının rəhbəri Xəlil xanın oğlu olan
Hüseynəli xanın sifarişi ilə 1762-1783 -ci illərdə
inşa edilib.
Hüseynəli xan qardaşı Həsənəli xanın
ölümündən sonra İrəvan xanı (1756-cı il) olub. Tarixi mənbələrdən
bəllidir ki, Hüseynəli xan İrəvan şəhərinin
inkişafı üçün Xoy xanı Əhməd
xanın baş memarı olan Mirzə Cəfəri İrəvan
şəhərinə dəvət edib. Göy məscidin
inşa edildiyi yerdə XVII əsrdə İrəvanda olmuş J.Şardenin
məlumatlarından aydın olur ki, Div Sultan adlı məscid
olub. 1679-cu il zəlzələsindən
sonra bu məscid də digər İrəvan memarlıq
nümunələri kimi yer üzündən silinib.
Görünür,
zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün Zal xan tərəfindən
aparılan bərpa işləri zamanı məscidin də
yenidən inşa edilməsinə başlanıb. Hüseynəli xan İrəvan şəhərində
Göy məscidi də bu həmin məscidin yerində yenidən
inşa etdirilib. Məscidin adı Hüseynəli
xanın adı ilə
adlandırılıb. Sonralar məcdiddə
göy çinilərin çox olması səbəbindən
Göy məscid adını alıb.
Məscid İrəvan şəhərinin Cümə məscidi
sayılırdı. Bundan başqa, Göy məscid XIX əsrdə həm də
İrəvan şəhərinin ən iri təhsil ocağı idi. I.Şopenin verdiyi məlumata görə, Hüseynəli
xan məscidində mədrəsə də fəaliyyət
göstərirdi. Bütün yuxarıda
göstərilənlərlə bərabər onu da bildirmək
istəyərdik ki, Göy məscid İrəvan Quberniya Ruhani
İdarəsinin mərkəzi sayılırdı.
Azərbaycanın Dövlət Tarix Arxivində
saxlanın sənədlərdə Göy məscidin fəaliyyəti
ilə bağlı yüzlərlə sənədlər
saxlanmaqdadır. Bu sənədlərdə məscidin fəaliyyəti,
ruhanilərin təyin edilməsi, məscidin mülkiyyətinin
idarə olunması və digər sənədlər
toplanıb. Məsələn, arxiv
materiallarından məlum olur ki, Göy məscidin
böyük vəqf mülkləri olub. İrəvan
qəzasının Yuva, Bəycəzli, Axund Buzovand, Qara Həmzəli,
Caharbağ və Sarvanlar kəndində böyük torpaq ərazilərinə
malik olub. Arxiv sənədlərində bu
torpaq sahələrinin icarəyə verilməsi və istifadəsi
haqqında müxtəlif sənədlər də yer alır.
İrəvan Quberniya Ruhani Məclisinin üzvlərinin tərkibinə
baxdıqda aydın olur ki, 1918-ci ilə qədər fəaliyyət
göstərmiş məclis üzvlərinin hər biri azərbaycanlı
türk olub. 1918-1919-cu illərdə dağıdılan Göy məscid
sonradan Ermənistan SSR dövründə məscid
funksiyasını itirərək 1931-ci ildə şəhər
muzeyinə, sonra isə planetariuma çevrildi.
1995-ci ildə İrəvan hakimiyyəti Göy məscid
və onun yerləşdiyi ərazi istifadə hüququ ilə
təmənnasız olaraq, 99 illiyinə İran İslam
Respublikasının Ermənistandakı səfirliyinə Mədəniyyət
mərkəzi kimi təhvil verildi. Bununla Azərbaycan
xalqının maddi mədəniyyət və dini abidəsini
siyasi manipulyasiyalar alətinə çevrildi. Hazırda
Göy məscid “fars və ya İran məscidi”
kimi İrəvan şəhərinə gələn qonaqlara təqdim
edilir.
Pərvanə
SULTANOVA
525-ci qəzet .- 2022.- 8 iyul.- S.5.