Zəngəzur faciələrinin dolğun bədii salnaməsi

 

UNUDULMAZ ƏDİBİMİZ ƏYYUB ABBASOVUN "ZƏNGƏZUR" ROMANI YENİ BAXIŞ MÜSTƏVİSİNDƏ

 

Yaradıcılığa şeirlə başlayan, uzun müddət publisistikası ilə diqqət çəkən, uşaqlar üçün maraqlı əsərlər yazan Əyyub Abbasov adlı bir yazıçımız olub. Bu ədib nəinki onu oxuyanların, tanıyanların yaddaşında, eləcə də Azərbaycan ədəbiyyatında özünün ilk və son əsəri olan "Zəngəzur" adlı iki cildlik romanı ilə möhtəşəm yer tutub. Təəssüf ki, onun barəsində indiki nəslin o qədər də məlumatı yoxdur. Çünki ötən əsrin ortalarında vəfat edən Əyyub Abbasov layiqincə təbliğ edilməyib.

Bir neçə dəfə onun barəsində yazmışam. Amma həmişə içimdə bir narahatlıq olub. Ədəbi irsini daim araşdırmağa çalışmışam. Vaxtı ilə onun haqqında yazılmış materialları, məqalələri, hətta donosları belə oxudum. Şəxsi işi ilə tanış oldum. Cəmi 52 il ömür sürmüş yazıçının həyatı çox keşməkeşli olub. Təsəvvürə gətirin ki, erməni-müsəlman toqquşmasının ən tufanlı çağında - 1905-ci ildə Zəngəzur mahalının Şəki kəndində dünyaya gəlib. Valideynlərini, bacı-qardaşlarını, bütövlükdə nəslini bu davada itirmiş Əyyub Abbasov bir müddət Naxçıvanda xeyirxah insanların himayəsində yaşayıb, oxuyub və sonradan taleyini Bakıya, paytaxtın ədəbi mühitinə bağlayıb. Yarım əsrlik bir ömürdə hansı müsibətləri görməyib. Lap kiçik yaşlarından gəncliyinə kimi Zəngəzurda törədilən faciələrin şahidi olub. 1937-ci ildə Stalin-Bağırov cütlüyünün əməllərini görüb. II Dünya savaşında soyuq səngərlərdə faşistlərə qarşı vuruşub.

 Onu narahat edən, qəlbən incidən Zəngəzur hadisələri ilə bağlı əsər üzərində işləməyə başlayıb. Müəllifin "Zəngəzur" romanının I cildi 1956-cı, II cildi 1957-ci ildə çap olunub. Elə həmin ilin dekabrında da Əyyub Abbasov vəfat edib. Onu tanıyan həmkarlarının bəziləri ilə söhbət edərkən Əyyub Abbasovun ölümü ilə maraqlandım. "İşə gedərkən qəflətən ürəktutmasından keçinib" dedilər. Ölümünün müəmmalı olması aydındı. Çünki həmin illərdə xalqlar dostluğunun "carçısı" olan bəzi yazıçıların Əyyub Abbasovla bağlı şikayət məktublarını oxumuşdum. O yazılarda bildirilirdi ki, Əyyub Abbasov erməni-azərbaycanlı dostluğuna kölgə salır. Təəssüflər olsun...

Xəyalım yenidən Zəngəzura qanadlandı. Yadıma uşaq vaxtı evimizdə (Zəngəzurda - Urud kəndində), daha doğrusu, anbar kimi istifadə etdiyimiz otaqda yerləşən qutunun içində gördüyüm bir neçə kitab düşdü. Onların arasında Əyyub Abbasovun "Zəngəzur" romanı da var idi. Uşaq marağı ilə onu oxuyarkən kitabxanaçı bacımdan xəbər aldım ki, niyə bu kitablar ora atılıb, rəfə qoyulmayıb? Qəribə bir cavab verdi ki, heç mən də bilmirəm, Ermənistanda bütün kitabxanalardan onu çıxarıblar. O dövrün qanununa görə akt olunmuş kitablar mütləq yandırılmalı idi. Bacım isə onları gizlicə evə gətirmişdi. Universitetdə oxuyanda müəllimimiz - unudulmaz tənqidçimiz Qulu Xəlilov bizə XX əsr Azərbaycan ədəbiyyatından dərs deyirdi. Azərbaycan romanının inkişaf tarixindən söz açan zaman Əyyub Abbasovun romanından geniş və ətraflı danışdı: "O, uzun müddət şeirlər, pyeslər də yazmışdı, lakin bu əsərlərin heç biri "Zəngəzur" qədər müəllifinə rəğbət doğurmamışdı. Erməni-Azərbaycan xalqlarının dostluğu "Zəngəzur"dakı qədər geniş, epik lövhələrlə təsvir edilməmişdir". Bəs onda bu kitab Ermənistanda kitabxanalardan niyə yığışdırılmışdı? O vaxtdan məni düşündürən suallara məhz Zəngəzur işğal edildikdən - elimiz doğma yurddan çıxarıldıqdan sonra dəqiq cavab tapmağa çalışdım. "Zəngəzur"u təkrar oxudum. Bir daha bəzi qaranlıq mətləblər mənim üçün aydınlaşdı. Zəngəzur qırğınları "Zəngəzur" romanında son dərəcə ətraflı və geniş şəkildə öz əksini tapıb. Müəllif təkcə baş verən qırğınların bədii təsvirini verməklə kifayətlənməyib, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin "haradan start götürdüyünü" ustalıqla qələmə alıb.

"Zəngəzur"un qiymətli cəhətlərindən biri də budur ki, müəllif o bölgədə baş vermiş hadisələrin şahidi olan bir adam kimi məhz öz başına gələnləri oxucuya danışır. Daşnakların alçaq niyyətlərini həyata keçirməyə can atan Andranik, Karo, Nijde kimilərinin mürtəce və qaniçən əməllərini ifşa edib. Kitabı oxuduqca sanki bir tarixi salnamənin vərəqlərini nəzərdən keçirirsən.

Andranik öz qoşunu ilə Zəngəzura daxil olmağa hazırlaşanda ermənilərlə görüşür: "Elindən, obasından ayrı düşmüş ermənilər! Yaşamağa eviniz, əkməyə torpağınız, yeməyə çörəyiniz yoxdur. Siz onları Ərdahanda, Qarsda, Sarıqamışda qoydunuz. Sizi qaçqın edən türklərdən Türkiyədə intiqam ala bilmədinizsə, mən onu Qafqazda, bax bu Zəngəzurda alacağam". Sonra da o, belə bir qanlı plan qurur: "Müsəlman kəndlərinin biri də salamat qalmamalıdır". Bu tarixi fakt da məlumdur ki, Andranikin qoşunları Zəngəzurda azərbaycanlıların yaşadığı 15 min kəndi talan edərək yandırıb. Bu tayqulaq quldurun bircə məqsədi, ideyası olub və bunu da həyasızcasına bəyan edib: "Türkü öldürmək cinayət deyil, qəhrəmanlıqdır". Və yaxud da: "Mən Andranikəm! Axırıncı soldatım qalanı kimi türklərə qarşı vuruşacam".

Əyyub Abbasov yazırdı ki, Andranikin cinayət hərəkətlərinə mane olmayan, əksinə, müsəlman kəndlərinin dağıdılmasında ona haqq qazandıran daşnaklar sadə erməniləri, yəni Andranikə tabe olmayanları "siz erməni deyilsiniz, millət xainisiniz, dəstəmizə qoşulmasanız, türklər sizi qıracaq" -deyə hədələyirdilər.

...Bir erməni evində qonaqlıqdır. Keşiş sağlıq deyir: "O ermənilərin sağlığına içək ki, cəbhədə türklərə qarşı vuruşur. Türklər bizim ata-baba düşmənlərimizdir. Ərdahandan, Vandan, Qarsdan nə qədər erməni qaçqını qaçıb Zəngəzura gəlmişdir". Təbii ki, bir millətin din xadimi belə danışandan sonra adisi də qırmalı, yandırmalı idi.

Yenə romandan: "Tanrı Andranikin külünü göyə sovursun, bizi yurdumuzdan elədi... - deyə şəkili Nəbi dərindən bir ah çəkdi..." Andranikin Zəngəzurda törətdiyi faciələri Əyyub Abbasov gözləri ilə gördüyündən o müsibəti olduğu kimi qələmə almışdı. "1919-cu ilin yazıdır. Malını, pulunu özü ilə aparmağa müvəffəq olmuş dövlətlilər istisna olmaqla, Zəngəzur qaçqınlarının güzəranı getdikcə pisləşirdi. Minlərlə insan səfalət içində idi. Onların əkməyə torpaqları, yeməyə çörəkləri, geyməyə paltarları yox idi. Boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. On aydan artıq idi ki, Zəngəzur qaçqınları fəlakət içində çırpınırdılar. Hamı yandırılmış, viran edilmiş kəndlərinin, yurd-yuvalarının həsrətində idi. Lakin daşnakların hökmranlıq etdikləri bir torpağa  qayıtmaq mümkün deyildi".

Talesizliyə bax ki, tarix təkrar olunub. Demək olar ki, məzmun eynidir, dəyişən formadır. Ötən əsrin əvvəllərində törədilən vəhşiliklər həmin əsrin sonlarında eyni dəhşətlə təkrarlandı. "Zəngəzur" romanını yenidən vərəqləyirəm. Erməni generalı Karo Hamparsumyanın bəyanatından sətirlər: "Bu yaxınlarda qoşunumuz hücuma keçəcək. Sərhədimizə yaxın olan müsəlman kəndlərini götürəcəyik. Planımız belədir ki, tezliklə Qarabağa girək. Vediyə, onun ətrafındakı kəndlərə yaxşı divan tutmuşuq. İndi o kəndlər də erməni qardaşlarımızın əlindədir. Ölən ölüb, sağ qalan müsəlmanlar isə İrana, Naxçıvana qaçıblar. Belə bir danışıq da var ki, İrandakı qoşun Naxçıvana hücum eləsin".

Zəngəzur kəndlərini talan edib, əhalisini fəlakətlərə salan Andraniki hamı tanıyırdı. Ancaq qan tökmək fikrini heç vaxt başından çıxarmayan bu tayqulaq "dığa" müharibə üçün yeni yollar axtarırdı. Bu barədə yenə də "Zəngəzur"da oxuyuruq ki, bolşevik Vahan daşnak Andraniki hədələyir: "Türklər Bakını işğal ediblər, Qarabağa çatıblar, xəbəriniz varmı?! Əgər onlar Zəngəzura girə bilsələr, sizin külünüzü göyə sovuracaqlar". Türklərin gəlişindən vahimələnən Andranik "mənim son yerim Sisiandır" - desə də bu dəfə başının qorxusundan Zəngəzuru tərk etməyə məcbur olmuşdu. Əyyub Abbasov yazırdı: "Andronik ingilislərə pənah gətirmək üçün İrana keçmişdir".

Doğrudur, "Zəngəzur" romanı çapdan çıxdıqdan sonra ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı. Xüsusilə erməni-müsəlman toqquşmasında daşnakların xalqımızın başına gətirdiyi zülmləri görən insanlar müəllifin əsərini məhəbbətlə qarşılamışlar. Qəribədir ki, Bakıda çıxan "Qrakan Adrbecan" ("Ədəbi Azərbaycan") jurnalında (Ermənistanda isə Azərbaycan dilində belə bir ədəbi jurnal nəşr edilmirdi - F.X.) A. Balayan adlı birisi bu əsəri tərifləyərək onu "Xalqlar dostluğu haqqında roman" adlandırmışdı. Amma yazısının bir yerində qeyd etməmişdi ki, müəllif azərbaycanlılara qan udduran, onları minbir zülmlə qətlə yetirən cinayətkar Andranikin vəhşi simasını necə bacarıqla açıb. Halbuki bu əsərdən danışanda tayqulaq "dığa"nın qanlı obrazını görməmək qeyri-mümkün idi və ona görə də Ermənistanda "Zəngəzur" kitabxanalardan yoxa çıxarılmışdı. Bakıda isə əksinə, vazgenlərin, ohanyanların, kaputikyanların, tumanyanların kitablarını böyük məmnuniyyətlə çap edirdilər. Tarix boyu ermənilər bizim unutqanlığımızdan öz məqsədləri üçün fəndgirliklə istifadə ediblər. Doğrudur, ötən əsrin ortalarında Azərbaycan mətbuatında "Zəngəzur" haqqında müsbət məqalələr dərc olunub. Amma nədənsə bir kimsə bu kitabın Ermənistanda yaratdığı əks-səda ilə maraqlanmayıb. Kitabı təhlilə çəkən tənqidçilərimiz də əsasən, iki xalqın dostluğundan, sadə ermənilərin mehribanlığından, sədaqətindən söz açıblar. Əsas mövzunun üstündən sükutla keçiblər. Təbii ki, o dövrün qanun-qaydaları elə idi ki, "Zəngəzur"un sovet boyunduruğundan salamat çıxması üçün müəllif əsərində dostluq, qonşuluq motivlərinə geniş yer verməli idi. Əslində elə müharibəni pisləmək, fitnə-fəsada bais olanları tənqid etmək hər bir yazıçının vəzifəsidir, mənəvi borcudur. Bu mənada Əyyub Abbasov bütün xalqların sülh, əmin-amanlıq şəraitində yaşamasını arzulayırdı. O bilirdi ki, öz millətini qırğına, fəsada, cinayətə təhrik edən birinci növbədə elə öz xalqının düşmənidir. Yazıçı fakt və dəlillərlə, eləcə də öz gözlərilə gördüyü hadisələrin köməyi ilə daşnaqların iç üzünü açaraq, ermənilərin məkrli siyasətlərini sərrast qamçılayaraq, rəzil sifətlərini realist lövhələrlə bütün millətlərə təqdim edib. Dinc əhaliyə divan tutan, qadınların kürəyinə samovar bağlayan, körpələri süngiyə keçirən, göz çıxardan, baş kəsən, ev dağıdan andraniklər doğrudanmı, qəhrəmandır? Erməni xalqı belə rəzilləmi öyünür və fəxr edir? Əyyub Abbasov məşhur romanında, bax bu haqlı sualların cavablarını istəyirdi.

Yenə də romanı vərəqləyək. Orada bir obrazın dilindən səslənən sözlərə fikir verək: "Sözümün canı bundadır ki, gərək Şimal tərəfdən üstümüzə axıb gələn selin qabağını alaq! Bəli, bulanıq selin..." Çox incə siyasətlə qələmə alınan bu sözlərlə yazıçı hansı mətləbləri pıçıldayırdı, indi məlumdur. Təəssüf ki, o bəlanın qarşısı alınmadı. Bunun da hesabına bolşevik bayrağı altında Zəngəzurda talanlar başlandı. Və o talanların da nəticəsində Zəngəzur ermənilərin pəncəsinə keçdi. Kitabda bir haşiyə var: "İndi bizim yerlərdə yazdır, çöl, bayır göyərib, ağaclar yarpaqlayıb, çayın, bulaqların qıraqlarında yarpızlar baş qaldırıb. Eh, görəsən, mənim ev-eşiyim hansı zalıma qismət oldu? Görəsən, qızılgüllərimi qırıb tələf etmədilər ki?! Biz kəndə qayıtsaq, ermənilər hər kəsin evini, torpağını özünə verəcəklərmi?! ...Andranik kökümüzün üstündə od qaladı. Allah baisin evini başına uçursun, axı biz ermənilərə nə eləmişdık? Niyə məxluqu yerindən, yurdundan elədilər?!" Adamın inanmağı gəlmir ki, bu kəlmələr 1913-cü ilin aprel ayında səfalət içində yaşayan bir insanın dilindən qopur. Çünki indi yüzlərlə soydaşımızın ürəyi məhz belə ağrı-acı içində döyünür.

Mərhum tənqidçi Məsud Əlioğlu yazırdı ki, romanda təsvir olunan Zəngəzur coğrafi mövqeyi, ərazi etibarilə Azərbaycanla Ermənistanın birləşdiyi yerdə yerləşir. Bura bir növ dağlar ölkəsidir. Sıldırım qayaları, yaşıl yamacları, zəngin təbii füsunkarlığı ilə fərqlənən bu yerdə yaşayan əhalinin təbiəti də öz gözəlliyi ilə seçilir. Hayıf ki, o gözəl təbiətli insanlar o dilbər guşələri bir daha itirdilər. Bais təkcə ermənilərin rəzilliyi, məkrli siyasəti deyildi. Onların at oynatmağına meydan verən, imkan yaradan səbəblərdən ən əsası bəlkə də bizim unutqanlığımız, həddən artıq humanist, böyük ürək sahibi olmağımız, bir sözlə, ilanı quzu donunda görməyimizdir.

İndi bir qərinədən artıqdır ki, biz doğma yerlərimizə, yurdumuza - Zəngəzura həsrətik. Amma artıq o ümidsizliyə son qoyulub. Dövlətimizin başçısının Dəmir Yumruğunun ətrafında birləşərək Qarabağımızı işğaldan azad edən igidlərimizin qəhrəmanlığı tezliklə bu müjdəni də bizə verəcək ki, Qərbi Zəngəzur da işğaldan qurtuldu.  

 

Flora Xəlilzadə

525-ci qəzet .- 2022.- 8 iyul.- S.8.