Əyalət lövhələri

 

Doğma Göyçay mənə təkcə əsrarəngiz təbiəti, əzəmətli xan çinarları ilə yox, gözəl, istedadlı, yaradıcı insanları ilə də qiymətlidir. 

Bu gün onlardan üçü barədə söz açmaq istəyirəm.

 

BİR XEYİR-DUANIN TARİXİ

 

Səhv etmirəmsə, 1968-ci ilin oktyabr ayı idi və mən artıq 1 aydan çox olardı ki, Göyçay rayon Mədəniyyət evindəki tar dərnəyinə gedib-gəlirdim. Amma öz tarım yox idi, çünki o vaxtlar Şuşadakı musiqi ələtləri fabrikinin istehsal gücü 18 manata satılan tədris tarına olan tələbatı tam  ödəyə bilmirdi, belə tarları bəxtə-bəxt yalnız tanışlıqla Bakıdan 2-3 qat artıq qiymətə tapmaq olardı və bu minvalla mənim tarçı olmaq istəyimin də bəri başdan fatihəsini oxumaq şansı gündəlikdə idi, öz aktuallığını itirməmişdi. Amma atam bir gün hansısa təsərrüfat mağazasından (?), görünür, zay, çıxdaş mal kimi qırağa atılmış qəribə görkəmli bir tarı alıb evə gətirəndə məni əvvəlcə gülmək, ardınca isə az qala ağlamaq tutdu. Çünki mən o vaxtadək (elə indiyədək də!) o cür qəribə görkəmə malik tar görməmişdim - tarın çanağı o qədər yastı və kiçik idi ki, həqiqi tardan çox uşaq oyuncağına bənzəyirdi. Üstəlik, üzünün pərdəsi də cırılmışdı, nə simləri vardı, nə də xərəyi. Xülasə, tar olmayan yerdə "tar" kimi bir şey idi və mən onu əlimə götürüb küçəyə çıxacağımı, şəstlə Mədəniyyət evinə tərəf addımlayacağımı heç cür təsəvvürümə gətirə bilmirdim.

Atam mənim bu pərt vəziyyətimin səbəbini anlasa da, üzə vurmadı, "Tarı Yaqub müəllimə verəcəm, abıra salacaq" -  deyə onu mənim gözümdə layiq olmadığı hörmətə mindirməyə çalışdı və doğrudan da tarı götürüb evdən çıxdı...

Təxminən 1 həftədən sonra "Səhər get, tarı Yaqub müəllimgildən götür" - deyərək təmirdən çıxmış tarı qəbul eləmək məsuliyyətini bütünlüklə mənim üzərimə qoydu və mən də atam gedəndən sonra ürəyim həyəcandan əsə-əsə Yaqub müəllimin evimizdən bir tin aşağıda yerləşən köhnə ata evinin qapısını döyməyə yollandım.

Qapını Yaqub müəllimin özü açdı - o vaxt 21-22 yaşlı gənc, subay bir oğlan idi. Məni çoxdan tanıyırmış kimi içəri dəvət etdi, onun ardınca kiçik bir otağa daxil oldum və təxminən 3-4 dəqiqə sonra Yaqub müəllim qonşu otağa keçib əlində həmin o yöndəmsiz tar geri qayıdanda elə bil məni ildırım vurdu - tarın çanağı elə həminki boyda qalmışdı! (Mən isə nəyə görəsə sadəlövhcəsinə inanmışdım ki, Yaqub müəllim o çanağı böyüdüb məni də, tarı da xəcalətdən xilas edəcək.)

Yaqub müəllim hardansa bir mizrab çıxarıb bu oyuncaq tarı sinəsinə basdı və elə ayaq üstə otaqda gəzə-gəzə başladı bu dilsiz-ağızsız tarın dilini açmağa - bir xalq mahnısı, ardınca hansısa muğamdan bir parça ifa elədi, nəhayət, adını bilmədiyim aşıq havasına keçdi və həmin o oyuncaq tar mənim gözlərimin qabağında doğrudan da başladı yavaş-yavaş hörmətə minməyə, sanbal qazanmağa, hərçənd onun həmin o kiçik çanağı Yaqub müəllimin sinəsində məzəli görünürdü və mən içimdən gəlib boğazıma dirənmiş gülüşü zorla boğurdum.

Əlqərəz, Yaqub müəllim həm barmaqlarının, həm də özünün şirin dili ilə məni bu tarın yaxşılığına, gərəkliyinə inandıra bildi, sonra da onu səliqə ilə qoltuğuma verib yola saldı.

İş elə gətirdi ki, bu əhvalatdan təxminən 8 il sonra mən özüm həmin tar dərnəyinin rəhbəri oldum, Yaqub müəllimin yaratdığı Göyçay rayon xalq çalğı alətləri ansamblında ud, bas, tar çaldım, müxtəlif konsertlərdə, musiqili tədbirlərdə iştirak etdim və Yaqub müəllimi - uşaq musiqi məktəbinin müəllimi, Göyçayın musiqi həyatında böyük zəhməti, çalışmaları olan bu səmimi, istiqanlı insanı yaxından tanıdım və başa düşdüm ki, bu dünyada Yaqub müəllim kimi insanlar nə qədər çox olsa, bir o qədər yaxşıdır!

Yeri gəlmişkən, onun portret cizgiləri barədə bir neçə kəlmə demək istəyirəm.

Yaqub müəllim uşaqla uşaq, böyüklə böyük olmağı bacaran sadə və müdrik bir insandır. Ən qəliz məsələləri sadə, anlaşıqlı, sözün yaxşı mənasında "kəndçi ləhcəsi" ilə sadələşdirməyi, istənilən situasiyanı özünün xoş aurası ilə yumşaltmağı bacarır. Ən başlıcası isə səmimi insandır, yəni olduğu kimi görünür, rol oynamır, insanlarla nünasibətləri hansısa umacağa, təmənnaya görə yox, ürəyinin diktəsi ilə qurur... İstedadlı uşaqları tapıb üzə çıxarmaq, onlara meydan vermək Yaqub müəllimin insanlıq və sənət amalıdır və o, bu missiyanı yerinə yetirməkdən usanmır ki, usanmır...

Hə, yadımdan çıxmışdı - Yaqub müəllim təcrübəli tarzən olmaqdan başqa, həm də istedadlı xanəndə idi - onun xüsusi şövqlə oxuduğu və Göyçayda toy məclislərinin bəzəyinə çevrilmiş "Mirzə  Hüseyn segahı" hələ də yaddaşlarda yaşayır...

Bu gün Göyçayın nə o qaynar musiqi həyatı var, nə də həmin o "Yaqub müəllimin ansamblı". Amma xoşbəxtlikdən Yaqub müəllimimiz - ağsaqqalımız Yaqub Mürsəlovumuz durur! Ona Allahdan cansağlığı arzulayıram!

Həmişə səsiniz gəlsin, Yaqub müəllim. Nə yaxşı ki varsınız!

 

 SEVDİYİM AYDIN MÜƏLLİM

 

Bu günlərdə Göyçaydan ağır xəbər gəldi: Qocaman jurnalist, həssas, incə qəlbli şair və ən başlıcası GÖZƏL İNSAN Aydın Kərimov vəfat edib...

Bu xəbəri eşidəndən Aydın müəllimin Günəş kimi nur saçan işıqlı siması, dupduru, amma bir az da qəmgin baxışları gəlib durdu gözlərimin qabağında, iki ay əvvəl etdiyimiz telefon söhbətini xatırladım və nə gizlədim, özümü saxlaya bilmədim...

Aydın müəllim dillər əzbəri olan "Sevgilimə könül açdım" mahnısının mətninin müəllifi idi. Həmin mahnının bir yerində deyilir:

 

Ürəyində "can-can" dedi,

Bəyənmədi dildə məni.

 

Amma Aydın müəllim ürəkdə də, dildə də hamı tərəfindən bəyənilən nadir adamlardan idi - dilində yalnız ürəyindəkilər olduğuna görə.

O, ömrü boyu belə yaşadı - ləyaqətlə, əsl kişi kimi.

Mən Aydın müəllimin bir vaxtlar mahir tar ifaçısı olması barədə də danışa bilərəm. Amma danışmayacam, çünki bütün bu sadaladıqlarımdan əvvəl Aydın müəllim mənim üçün ilk növbədə gözəl, səmimi bir insan, etibarlı dost kimi qiymətli idi. Aydın müəllim o qədər təbii və gözəl insan idi ki, mən aramızda böyük yaş fərqi olmasına baxmayaraq, heç kimə açmadığım ən gizli sirlərimi belə Aydın müəllimlə bölüşə bilirdim.

Aydın müəllim həm də zarafatcıl, necə deyərlər, baməzə, çətinlikləri, gərgin anları yumorla yumşaltmağı bacaran, öz qəlb ağrılarına belə gülüşlə reaksiya verən müdrik ağsaqqal idi. "Yeni fikir" qəzetinin redaksiyasında birlikdə çalışdığımız 1990-1992-ci illərdə iştirakçısı olduğum bəzi hadisələr, Aydın müəllimin qeyri-adi replikaları indi də gözlərimin qabağında və qulaqlarımdadır. İkisini danışım, siz də feyziyab olun.                

1

1991-ci il idi. Dükanlarda adicə kibritin də qeybə çəkildiyi, ərzaq sarıdan hamının total şəkildə əziyyət çəkdiyi günlərin birində Aydın müəllim redaksiyaya gələn kimi sevinə-sevinə dedi ki, bəs axşam evimizdə yaxşı dolma bişirmişdilər. Onu "təbrik" etdik... Bir az keçdi, Aydın müəllim yenə dolma söhbətinə qayıtdı, özü də elə intonasiyada ki, elə bil əsrin ən mühüm hadisələrindən biri məhz dünən Aydın müəllimgildə baş vermişdi.

Günorta nahara yaxın Aydın müəllim bir də dolma söhbətini ortaya atmaq istəyəndə işçilərdən biri zarafatla dedi:

- Aydın müəllim, dolmanı bişirmisiniz də, yemisiniz də. Tay onun haqqında bu qədər danışıb ağzımızı sulandırmaq nədir?

 

Aydın müəllim əlüstü cavab verdi:

- Axşam dolma yeyənin atasına lənət...

 

- Nə danışırsan, a kişi? Bəs bir qazan dolmanı neylədiniz ki?

- Necə yəni neylədiniz? Bu "Bardaçok" ki, nə qədər hakimiyyətdədir (Aydın müəllim Qorbaçovu lağla belə adlandırırdı), Allah bilir növbəti dəfə bizim evdə dolma bişəcək, ya bişməyəcək. Ona görə də qoydurdum soyuducuya ki, hərdən açıb baxım, görüm dadını, rəngini unutduğumuz dolma necə olur.

2

Aydın müəllimin qəribə bir xüsusiyyəti vardı - ondan yaşını soruşanda həmişə rəqəmi artırır, məsələn, 52 yaşı vardısa, deyirdi ki, 62 yaşım var.

Bir dəfə növbəti belə "yalandan" sonra dözə bilməyib soruşdum:

- Aydın müəllim, bu nə xasiyyətdir belə? Camaat yaşını azaldır ki, desinlər hələ qocalmaylb, amma sən bilə-bilə yaşını artırırsan.

Aydın müəllim gülə-gülə dedi:

- Sən belə şeyin ləzzətini başa düşməzsən. Mən yaşımı ona görə artırıram ki, eşidənlər desinlər ki, maşallah, yaşına görə gör necə cavan qalıb.

 

İSTƏK VARSA...

 

Rəşid Kazımov 1966-cı ildə anadan olub və elə bu şəhərdə də Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. 1992-1994-cü illərdə könüllü kimi Birinci Qarabağ savaşında iştirak edib. Amma onu Göyçayda hamı peşəkar dülgər kimi tanıyır. Öz işinə, peşəsinə məsuliyyətlə yanaşan bu adam son 5-6 ildə digər bir sahədə qazandığı uğurlarla da onu tanıyanların hörmət və rəğbətini qazanıb və Rəşidin yandırma üsulu ilə taxta üzərində açdığı naxışlar tədricən maraqlı mövzulara həsr olunmuş kompozisiyalara, şəkillərə çevrildikcə yaradıcılığının, peşəkarlığının miqyası ilə yanaşı, bu insanların da dairəsi gündən-günə böyüməkdədir. Bəli, Rəşid heç bir ixtisas təhsili almadan, heç bir ustad, müəllim görmədən bu sahədə maraqlı əsərlər yaradan oymaçı rəssam kimi indi təkcə Göyçayda yox, respublikada, hətta onun hüdudlarından kənarda da tanınır.

Rəşidin yaradıcılığında dövlətçilik, hərbi vətənpərvərlik, milli-mənəvi və dini dəyərlər kimi mövzular geniş yer tutur. Onları ətraflı təhlil etmək fikrim yoxdur. Əvvəla ona görə ki, mən bu sahə üzrə mütəxəssis deyiləm. İkincisi, min dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır və aşağıda onun bir işinin reproduksiyasını paylaşmaqla sizin üçün cüzi də olsa belə bir şans yaradıram. Nəhayət, əlavə etmək istəyirəm ki, Rəşid hazırda, yeni mövzularla yanaşı, çox orijinal bir layihə üzərində işləyir və bu layihə reallaşanda onun həm dülgərlik, həm təsviri sənət sahəsindəki səriştəsinin sintezində ərsəyə gələn maraqlı bir işinə şahidlik edəcəyik.

 

Təki sağlıq olsun!

 

Əlisəfdər Hüseynov

525-ci qəzet .- 2022.- 8 iyul.- S.12.