Hər qəlbdə bir cürə təcəlla edən Sevda gözümüzdə sudu...

 

Qoymamışam ölə bu ulu sevda,

Bu günə gətirib sağ çıxarmışam.

Daşıya bilmirdi Sizif bir daşı,

Mən dağın üstünə dağ çıxarmışam...

 

Neynək, itirdilər bu haqqı-sayı,

Qəlbim sınıq-sökük haqdan dolayı...

Dərdini almışam, dünya, havayı,

Köksündən o qədər ah çıxarmışam...

 

Fələk, vecinə mənim savaşım,

Dərdim oyuncaqdı, qatılır başım.

Belə ömrü boyu yuyub göz yaşım,

Gecəni səhərə çıxarmışam...

 

lll

 

Bu acı dünyaya eşqim, həvəsim,

Bu fani dünyada varım, yoxumsan.

Vermir ki... oynayır fələk bizimlə,

Hər kim bu dünyadan nəyi çox umsa...

 

Dadaydı bu acı qəmdən özü ,

Görəydi kədərə yanmaq necə olur...

Tutur gözümüzü... Baxıb görmürük,

Görəndə... baxırıq... Onda gec olur...

 

Qəmin öldürə bilmədi məni,

Gücünü görmədim ayrılığın da!

Dolanır dünyanı sərgərdan canım,

Kədər aşığımdan  dərd topuğumdan...

 

lll

 

Gördün, hamı getdi... qaldıq ikimiz,

Ulu eşq deyilən budu, əzizim.

Hər qəlbdə bir cürə təcəlla edən

Sevda gözümüzdə sudu, əzizim.

 

Bu ürək azıb, karıxıb,

Bir ömür eləcə yoluna baxıb.

Göz yaşım gizlincə içimə axıb

Hər kəsi qəlbimdən yudu, əzizim.

 

Bildinmi, mənmişəm yeganə varın?

Silinmir gözündən qəmin, qubarın...

Bu sirli acının, bu intizarın

Getmir damağından dadı, əzizim?

 

 

Bizim aramızda bir möcüzə var;

zaman, məkan, hadisə var...

Amma bu sevgidə sirli nəsə var,

Qalacaq tarixdə adı, əzizim.

Gördün, hamı getdi...

 

lll

 

Uçur lələk-lələk, sökülür çöp-çöp

Beş-üç quş yuvası xatirələrin.

Qəlbimin qurumuş budaqların

dan

Düşür boş yuvası xatirələrin.

 

 

Sənsən bu acını alnıma yazan,

Yaxşı deyil ki, bacarmayasan...

Bir acı sözünlə gör necə asan

Sınır daş yuvası xatirələrin.

 

Yoxdu bu dolanbac yollardan çıxış,

Soldurdu bağçamı bir ögey baxış...

Eh, qışda qar döydü, payızda yağış,

Uçdu yaş yuvası xatirələrin.

 

lll

 

Səni sevmək günahmış,

Suç üstdə yaxalandım...

Bir dəlil-sübut kimi

Alındı eşqim, andım...

 

İllər uzunu çəkdi

Araşdırma, təhqiqat.

Ən ağır cəza kəsdi

Mənə bu zalım həyat.

 

Qəmin boynumda zəncir,

Mənə məhbəsdir komam.

Eh, o gündən ömürlük

Yaşamağa məhkumam.

 

lll

 

Yenə yaxınlaşır ölüm anlarım,

Yenə şeir yazmaq gəlir eynimə.

O qansız sevdanı şeir havası

Haylayıb gətirir üstüm yenə!

      

Yenə gülümsəyir hicran günəşi

Əriyir gözümün şimal buzları

Yenə başlayır rəssam xəyalım

Rəsmini cızmağa vəfasız yarın...

 

Elə sürtüb yerə dabanlarını

Ərköyün ürəyim hönkürür yenə!

İtirdiyim illər eynimə gəlmir

Bir şeir havası gəlir eynimə...

 

lll

 

tez-tez deyirsən: "Ölürəm daha",

Ağzından yel alsın, sözdü, ölmə!

Sənin ölünü qıymazlar mənə,

Ölü diridən əzizdi, ölmə!

 

Mənim başım çıxmaz küydən-kələkdən,

Ətrini alıram əsən küləkdən...

Adın xatirimdə güldən-çiçəkdən,

Göylərdə mələkdən təmizdi, ölmə!

 

Dilim dönməz deyəm zalımsan, pissən,

Noolsun ki, indi əğyarla dostsan.

İlahi ülfəti min yol da pozsan,

İlahi sevgilər ölməzdi, ölmə!

 

lll

 

Hər axşam ömrümün xəyal ekranın

Beş-üç dəqiqəlik yandırmağım var.

Ömrümün ən şirin dəqiqələrin

Bu sirli ekranda dondurmağım var.

 

Keçir asta-asta, keçir aramla,

Baxışı, duruşu, gülüşü keçir...

Çıxıb xatirəmin dərinliyindən,

O məhzun, o yorğun yerişi keçir.

 

Sonra da yalandan tərsləşməyimiz

Yalançı inciyib-küsmələr keçir.

Sonra da ağlını başından alan

İnsafsız dodağı büzmələr keçir.

 

Onda gözlərimin dolur buludu,

Onda ürəyimdən ağrılar keçir.

Onda yaddaşımdan bir ömür boyu

Cavabın tapmayan sorğular keçir...

 

Ah, onda qaralır bu xəyal ekran,

Çarxına bir qəhər ilişib qalır.

Zorla fırladıram...

                               Yenə dişinə

Bir lövhə, bir xəbər ilişib qalır.

 

Götürüb atımmı bu köhnə çarxı,

Qocaldıqca ona boyum da çatmır.

Hərdən ilişəndə, ciyildəyəndə

Tutub hərləməyə heyim çatmır...

 

O qədər baxıb ki, bu köhnə filmə

Daha gözlərimdə tovuş qalmayıb...

Ürəyə gəl anlat bu həqiqəti -

Onda da o ağıl, o huş qalmayıb.

 

Onun xatirində yüz sənsiz filmi,

Eh, sənsiz yaranmış min lövhəsi var.

Onun xatirində əzizləməyə

Səndən milyon kərə əziz kəsi var.

 

Nəyinə lazımdı kif iyi verən

Cır-cır cırıldayan köhnə filmlər?

Acı dərman kimi udduğun qəhər,

Gözündən süzülən bu mirvarilər...

 

Hər axşam ömrümün xəyal ekranın

Beş-üç dəqiqəlik yandırmağım var.

Ömrümün ən şirin dəqiqələrin

Bu sirli ekranda dondurmağım var...

 

lll 

 

Mən neynirəm... Mənim yolum ayrıdı,

Ürəyimdə amma bir ad çırpınır.

Xəyallara dən səpdiyim yerdəcə

Görrəm, küncdə bir cüt qanad çırpınır.

 

Bir az sığal çəkirəm ki, ovunsun,

Su verirəm gözlərimin camında.

Daşlayıram, huylayıram, incimir,

Uçub getmir ürəyimin damından.

 

Qəfəsini sındırıram yaddaşın,

Xatirələr pərən-pərən tökülür.

Bir görrəm, qəh-qəh çəkib uzaqda

Ağlın diri bir çınqısı hey gülür...

 

Yandırıram ürəyimin yaş yerin,

Bəlkə, tüstü perikdirə... alınmır.

Öldürəcəm! Mən dəyməmiş görürəm,

Göyərçinim, ayağından qan damır...

Eh, neynirəm ki... Mənim yolum ayrıdır...

 

Xatirə Rəhimbəyli

525-ci qəzet  2022.- 8 iyul.- S.15.