Dul qadının tənhalığı
(Əvvəli ötən şənbə
saylarımızda)
Ruhiyyə oğluna
mane olmamaq üçün öz otağına keçdi və
özündən asılı olmayaraq, Həsən barədə
düşünməyə başladı, yadına əvvəlki
qonşularının yeri gəlib-gəlmədi işlətdiyi
"bu xəmir çox su aparacaq" sözləri
düşdü. O öyrənmişdi ki,
yaşının 35-dən keçməsinə baxmayaraq, hələ
də evlənməmişdir. İmkanlı əmisi
öz qızını ona vermək istəsə də, bu
sövdələşmə baş tutmamışdı. Baxmayaraq ki, universiteti yaxşı qiymətlərlə
bitirsə də, bir yerdə 5-6 aydan artıq işləmirmiş
və əmisi onu öz dostunun prezident olduğu həmin bankda
işləməyə düzəldibmiş. Əmi sonra avtomobil qəzasında həlak
olmuşdu. Lakin bankir dostu onun bu qohumunun
yaxşı işçi kimi tanınmasa da, işdən
çıxarmamışdı. Cavan
işçilər ondan olduqca narazı idilər, onun
özünə rəhbərliyin verdiyi
tapşırıqların biri ilə də məşğul
olmur, onları tabeliyində olan işçilərə həvalə
edirdi. O, özündən çox razı idi,
işçilərin ağır zəhmətinə qiymət
verməyi də artıq bir şey hesab edirdi, hətta
onların maaşlarının artırılması ilə də
razılaşmırdı. Hesab edirdi ki, yüksək maaş alan işçi onu saymayacaq, əvvəlki
tək ona itaət etməyəcəkdir. Bankın rəhbər
işçiləri onunla müqayisədə özlərini
nisbətən sadə aparırdılar, işçilərlə
qabaqlaşanda ədəblə salam verir, bəzən
hal-əhval da tuturdular. Həsən isə
işçilərini adı və soyadı ilə deyil,
"oğlan" deyə çağırırdı, bəzilərinə
hətta kobud ləqəblər verirdi.
Bank rəhbərliyinin ən böyük nöqsanı
isə əsas vəzifələrdə Avropada universitet
bitirmişləri yerləşdirməsi idi, elə təsəvvür
edirdilər ki, Qərbin bank sisteminin üstünlüklərinin
hamısını onlar bura gətirib, bankı ən azı
regionda tanınacaq maliyyə-kredit mərkəzinə
çevirəcəklər. Düzdür, onlar
bahalı maşında gəzir, çox dəbdə olan
kostyumlar geyinirdilər və Bakıda təhsil
almışlara yuxarıdan-aşağı baxırdılar.
Əslində isə onların çoxunun faydalı iş əmsalı
olduqca aşağı idi, bəziləri ali
təhsili 8-10 ilə almışdı, Londonda, Edinburqda,
Haydelberqdə, Amsterdamda vaxtlarını veyillənməklə
keçirmişdilər, çünki ehtiyacları yox idi,
ataları onlara dəbdəbəli həyat üçün
lazım olan bütün xərcləri ödəyirdi. Onların çoxunun həmin şəhərlərdə
mənzilləri, maşınları da var idi, müxtəlif bəhanələrlə,
guya işgüzar ezamiyyət adı altında onlar həmin
şəhərlərə gedir, lovğa-lovğa dedikləri
kimi "havalarını dəyişirdilər". Onlar
həm də digər varlı adamların qızları ilə
tanış olur, bu qızların həyat
tərzindəki qəribəliklərə əhəmiyyət
vermədən onlarla ailə qururdular. Çoxunun
arvadı Qərbi tərk edib, Bakıya qayıtmaq istəmirdi.
Onlar müxtəlif bəhanələrlə
orduda xidmətdən də yayınır, hansısa hərbi
hissəyə maddi yardım göstərməklə özlərini
reklam etməyə üstünlük verirdilər.
Bankın ağır, cansıxıcı işini, əsasən,
bu "mühacir uşaqlar" deyil, Bakı universitetlərində
təhsil almış işçilər görürdülər. Fəhlə və
fermer balaları proqramist kimi ad çıxarır, kredit verilməsi
və qaytarılmasının qaralama işinin
hamısını onlar görürdülər. İllər keçirdi, karyera pillələrində
bu qara fəhlələr irəliləyə bilmirdilər,
xarici bakalavr və ya magistr diplomlarını qədim Roma
legionlarının qartal başlı ştandartları kimi
başlarının üstündə gəzdirənlər isə
müsabiqədən kənar qaydada vəzifə nərdivanının
pillələri ilə yuxarıya qalxır, stadionun
cığırında olan kimi iri surətlə
qaçırdılar. İşə qiymət
verilsəydi, onlar ciddi münasibətdən sonra yoxa
çıxardılar. XVII əsrin ingilis
tarixçisi Tomas Fuller demişkən, "Əgər
eşşək səyahətə çıxmışsa, vətənə
heç də at kimi qayıtmır". Ədalətli
münasibət bərqərar olsaydı, onların hansı əlaqələrə
görə isə tutduqları vəzifələr həmin
imkansız ailələrdən çıxmışlara verilərdi
və yüngül inzibati cəza kimi "Qərb
balaları" onların tabeliyinə keçər və
orada işləyə bilmədiklərini daha tez göstərdiklərinə
görə, ümumiyyətlə, bankda işləməkdən
uzaqlaşdırıldılar, çünki onlar bərk
qaçan köhlən ata çevrilə bilməmişdilər.
Əgər bu qayda tətbiq olunsaydı, yəqin,
Həsən də oturduğu kürsünü uzun müddət
ərzində əlində saxlaya bilməzdi.
Ruhiyyənin yeni ailə qurmaq barədəki
düşüncələri
Həsən bağbanlıq etməyi bacarmasa da,
bağın ən dadlı meyvələri ilə
qidalanırdı, vəzifəsi ona bir sıra, ən
başlıcası isə yaxşı pul qazanmaq imtiyazı
vermişdi.
O, kredit verəndə üstünə "şapka"
adlanan özünə çatacaq və sonra, yəqin ki,
yuxarıdakılarla bölünəcək "faizi" də
artırırdı, beləliklə, rəsmi kredit faizinin
üzərinə şəxsi təmənna məbləği
də gəlirdi.
Ruhiyyə çox fikirləşirdi ki, Həsən niyə
onun arxasınca düşür, məqsədi ciddimi xarakter
daşıyır və əgər onların izdivacı
baş versə, buna Hamnet necə baxacaqdır, Hüseynin
dostları və yoldaşları bunu necə qiymətləndirəcəkdir? Sonra
özünü danlamağa başladı ki, mən parovozun
qabağında qaçmaq istəyirəm, bir dəfə
restorana getmək heç də onun mənə elçi
düşməsi, mənimlə evlənmək təklifi demək
deyildir. Həm də birdən-birə öz hisslərinə
də təəccübləndi, bu müəmmalı
oğlan, deyəsən, onun xoşuna gəlmişdir, əvvəlki
iddiaçılara qarşı o, heç vaxt belə hisslər
keçirməmişdi, məsələ qalxan kimi onlara nəzakətlə
"yox" cavabı vermişdi. Bu oğlan isə
elə bil onu ovsunlamışdı. Xalq
dilində deyildiyi kimi, "şeytanını
oğurlamışdı". Necə oldu
ki, mən onun restorana dəvətinə razılıq verdim və
onunla nahar etməklə yanaşı, məni uzun söhbətlərinə
və nəvazişinə qonaq etdi. Onun
ustalığı ondadır ki, özündən
razılığından xoşum gəlmədiyini hiss edib,
mahnını dəyişdi, diringi havasından klassik musiqiyə
keçdi və özünün mənim gözümdəki
portretinə nəzər salıb, xoşagəlməyən
xüsusiyyətlərini qamçılamağa başladı,
sözarası vəzifəsinin onu korladığı səbəbini
də etiraf etdi. Hiss edirdi ki, məni inandıra bilmir,
özünü "kədərli obraz cəngavəri"nə
oxşatdı, bildirdi ki, özünə şərəf
axtarmaq naminə sərgərdan cəngavərə
çevrilmək qərarına gəlib, macəra
axtarışına çıxıb. Don
Kixotdan bircə fərqi ondadır ki, nə atı var, nə də
silahlanıb, heç külək dəyirmanları ilə də
vuruşmaq fikri yoxdur.
Onun özünü Servantesin qəhrəmanına bənzətməsi
Ruhiyyənin xoşuna gəlmişdi və anlamışdı
ki, cəngavərliyini mənə bütünlüklə
açmasa da, öz niyyətlərini ifadə etmək vasitəsi
hesab edir, anlayır ki, məqsədinə çatmaq
üçün lap yarımdəliliyə də əl atmaq
olar.
Ruhiyyə bu allüziyaları, eyhamları yaxşı
başa düşürdü, ona görə də ona xəbərdarlıq
etdi ki, onu heç də Dulsineya obrazında görməsin. Özlüyündə Həsənin
necə adam olduğunu müəyyən edə
bilməməsindən mütəəssir olurdu. Adətən, çərənləməyi sevən
oğlanlar danışdıqları sözlər
üçün məsuliyyət daşımırlar, gələcəkdə
bunları onlara nəinki sübut etmək, heç
xatırlatmaq da mümkün olmur. Həsəni
küt, savadsız da saymaq düzgün olmazdı, lakin onun
biliyi, dünyagörüşü heç də zahiri təsir
bağışlayan imkanlarına uyğun deyildi,
özünü filosof kimi göstərməyə
çalışsa da, söhbətlərində məntiq,
müdriklik hiss olunmurdu. Özündən
razı adamlar quşlara bənzəyirlər, azacıq təhlükə
hiss edəndə quşlar uçub getdiyi kimi, onlar da fərqinə
varmadan fikirlərini asanlıqla dəyişir, həmsöhbətini
borclu çıxartmağa çalışırlar. Həsəni birbaşa onların siyahısına da
daxil etmək, bəlkə də, düzgün olmazdı.
Ruhiyyə bu fikrə gəldiyinə təəccüb etməyə
başladı, anladı ki, bu oğlanın gözə
çarpan qüsurlarından az da olsa hali
olmasına baxmayaraq, heç də ona qarşı laqeyd
deyildir və onunla yenidən görüşmək imkanına
da mənfi münasibət bəsləmir. Hər
halda o, özünə bu dul gəlində müəyyən
maraq yarada bilmişdi. O, Ruhiyyənin xoşuna gəlmək
üçün hər cür dona
girmiş, özünə qara yaxmağı da məqbul
saymışdı ki, bu qadın onun haqqında yaxşı rəyə
yaxınlaşsın. Ruhiyyə onu dağ
keçisinə bənzətmişdi, qayalarda yaşayan bu
heyvanın bir-birindən aralı olan dırnaqları
sıldırım yüksəkliklərdə gəzmək
üçün ən müasir alpinist ayaqqabılarından
da daha sərfəlidir. Həsən də tanış
olduğu qadının təbiətinin çətinliklərinə
dözmək və özünə yol açmaq
üçün bütün imkanlarını səfərbərliyə
alırdı ki, büdrəməsin, onun zənnini
korlamasın, özünü olduğundan da daha yüksək
keyfiyyətli mal kimi satmağı bacarsın. Bunu
edə bilməsə, ovu əlindən çıxacaqdır və
uçub uzaqlaşan quşun yalnız arxasınca baxmaq
qalacaqdır.
Ruhiyyə bilmirdi ki, artıq üç aydan çox bir
müddətdə Həsən onunla maraqlanmağa
başlamış, onun məktəb yaşlı bir oğlu
olduğunu, hətta mənzilindəki yaşayış sahəsinin
nə qədər olduğunu da bilir. O, qəzetdə Ruhiyyə barədə
gedən yazının müəllifi ilə tanış
olmuş, ondan bəzi məlumatları öyrənə
bilmişdi. Qız həm də onu xəbərdar etmişdi
ki, Ruhiyyəyə başqa dul qadınlar kimi baxma, təsəvvür
et ki, o, dik qayanın üstündə
tikilmiş istehkamlanmış qalaya bənzəyir, onu yalın
əllə tutmaq, tələyə salmaq mümkün deyildir. Konstantinopolun divarlarını uçurmaq, şəhəri
işğal etmək üçün Mehmet Fatehin istifadə
etdiyi kimi ağır artilleriyanın köməyi ilə nə
isə etmək olar, başqa cür hansısa bir həmlə
fayda verməyəcəkdir.
O, Ruhiyyəni
xarakterizə edərkən demişdi ki, bu qız hətta mənimlə
də danışanda sayıqlığını itirmir,
özünü elə aparır ki, guya mən onu
qaçırmağa gəlmişəm. Ona
görə də ona elçi düşmək,
"qızıl yun" arxasınca gedən Yasonun
Medeyanın könlünə yol tapması kimi, Ruhiyyəni ələ
keçirmək də həmin arqonavtların
başçısının həm öz əsas məqsədinə
çatması, həm də Kolxida çarının
qızını qaçırmaq kimi birgə xarakterli fərasətə
sahib olmağa bərabərdir. Jurnalist ona
demişdi ki, bu o demək deyildir ki, mən sənə
qorxaqlıq təlqin edirəm, bir şeyi də nəzərə
al ki, o, cavandır, gözəldir, onun əlinə
iddiaçılar heç də az deyildir, sən Odissey
Penelopanı almaq istəyən iddiaçıları
sınağa çəkib, onlara qalib gəlib, məhv
etdiyi kimi, öz rəqiblərini tərksilah etməyi
bacarmalısan. Ruhiyyə özünü mərhum
ərinə sədaqət simvolu kimi göstərməyə
çalışsa da, sən güman etmə ki, o, öz gələcəyi
barədə fikirləşmir, belə gözəl və gənc
qadın ailə qurmasa, ona yaxınlıq etməyə
çalışanlar, hətta buna nail olmasalar da, məğlubiyyətini
danmaq üçün ona böhtan atacaq və belələri
heç də az olmayacaqdır. Onda Ruhiyyə belə
dedi-qodulardan bezəcək, əlacsız qalıb,
qarşısına çıxan birisinə, heç ləyaqətlərinə
də əhəmiyyət vermədən, ərə gedəcəkdir.
Bunu isə, yəqin ki, gözləmək lazımdır,
axı dəyişilən zaman öz hökmlərini
çıxarır və sənin öz niyyətinə
çatmağın, bəlkə də, böyük
şübhə altında ola bilər.
Ona görə də güman etmə ki, vaxt sənin xeyrinə işləyəcəkdir. Axı erkək vəhşi heyvanlar kiçik dişi sürüyə, hərəmxanaya yiyələnmək üçün bir-biri ilə vuruşur, hətta məğlub olanı öldürməkdən də çəkinmirlər. Mən demirəm ki, sən digər iddiaçıları duelə çağır, onlarla bu yolla haqq-hesabı çürüt. İndi dövr başqadır, dueldən heç Fransada və ya Rusiyada da istifadə olunmur. Ən yaxşı yol Ruhiyyənin könlünü ələ almağı bacarmaqdır. Bu sahədəki uğur hər şeyi həll edəcəkdir, sən onun xoşuna gəlmək üçün buqələmun kimi dondan dona girə, məqsədə nail olmaq üçün heyvanlara məxsus mimikriya xüsusiyyətlərinə də əl ata bilərsən. Qələbə hər şeyi bağışlayır, məğlubiyyət isə adamı ağır cəzalandırır. Ən böyük qələbə könül üzərində əldə ediləndir, bunun üçün hansısa bir silahdan istifadə edilməsində götür-qoy etmək, tərəddüdə yol vermək, silahın kəsərinə şübhə ilə yanaşmaq heç vaxt qələbəyə gətirib çıxarmır, hərdən xəyala dalmaq yalnız məğlub olmaq şansından xəbər verir. Bu qız onu, vəzifəsinin çətinliyindən qorxmamaq üçün qədim Roma şairi Onidinin "Art amore" - "Məhəbbət elmi" əsərindən misal dətirdi ki, qadınlar dildə "yox" deyəndə də, ürəyində "hə" deyir. Ona görə də cəsarətli olmaq lazımdır, ilk uğursuzluqdan da ruhdan düşməməlisən.
(Ardı var)
Telman
Orucov
525-ci qəzet .- 2022.- 9 iyul.- S.22.