“XIX əsr Qarabağ şairlərinin şeir antologiyası”ndan

 

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamı ilə 2022-ci il "Şuşa İli" elan edilib. Bununla əlaqədar, Şuşanın - zəngin tarixi keçmişə, ədəbi-mədəni irsə malik bu diyarın XIX əsrdə yaşayıb-yaratmış şairlərinin əsərləri ilə geniş oxucu kütləsini ətraflı tanış etmək niyyətindəyik. Bu məqsədlə həmin dövrün bir sıra ədibləri barədə yığcam bilgiləri əsərlərindən nümunələri, "XIX əsr Qarabağ şairlərinin şeir antologiyasından" rubrikası altında, dəyərli "525-ci qəzet" vasitəsilə diqqətinizə çatdırırıq.

 

Aşıq Pəri

 

Bədii irsinin cüzi bir hissəsi gəlib bizə çatmış Aşıq Pəri XIX əsrin birinci yarısında yaşayıb-yaradıb, müasirləri arasında böyük şöhrət qazanıb. Onun şeirləri hələ sağlığında dillər əzbəri olmuş həmin şeirlər ölümündən bir qədər sonra tərtib edilən təzkirə məcmuələrə salınmışdı. Aşıq Pərinin şeirləri ilk dəfə 1856-cı ildə Mirzə Yusif Qarabağinin nəşr etdirdiyi "Məcmueyi-əşari-Vaqif müasirini-digər" əsərində, daha sonra Adolf Berjenin 1867-ci ildə Leypsiqdə nəşr etdirdiyi "Məcmueyi-əşari-şüərayi-Azərbaycan" kitabında verilib. Adolf Berjenin qeyd etdiyimiz əsərində Pəri haqqında verdiyi məlumata əsaslanaraq onun təxminən 1810-1811-ci illərdə Qarabağın Maralyan kəndində anadan olduğunu söyləyə bilərik. Şairənin 1839-1840-cı illərdə vəfat etdiyi təxmin olunur. Aşıq Pəri xalq şeiri üslubunda yazıb-yaradıb. Şair haqqında dövrün müxtəlif mənbələri, o cümlədən, Firidun bəy Köçərlinin "Azərbaycan ədəbiyyatı" (1978), Əlabbas Muznibin "Aşıq Pəri müasirləri" (1928), Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq şair qadınları" (1991) kitabında məlumat verilib. Buradakı şeir nümunələri həmin əsərlərdən götürülüb.

 

Qoşmalar

 

Murşidi-kamildən dərsimi aldım

Can götürüb bu meydana gəlmişəm.

Murği-səməndərin aşinasıyam,

Od tutuban yana-yana gəlmişəm.

 

Müxtəsər, deyim naşısan, naşı!

Tutubdur yaxanı eşqin ataşı,

Bu təriflər zənənə yaraşı,

Həq bilir ki, mən mərdanə gəlmişəm.

 

Punhanıda bir azarım var mənim,

Gözlər yolda, intizarım var mənim,

O kəlməndən xiridarım var mənim,

Sən sərrafsan, mən kana gəlmişəm.

 

Zənbur olar şanda, belə məkanda,

Çox ariflər manda gənci-pünhanda,

Bülbül-abadanda, bayqu-viranda,

Əndəlibəm, gülüstana gəlmişəm.

 

Pərizadə əl götürməz canından,

Dərsin alıb sahibkamal yanından,

Külli-işin mərifətin kanından

 

Bəzm içində mən fəğana gəlmişəm.

 

Şayistədir, ey murşidi-kamilim,

Dostlar arasında etibar ola.

Şair olan ustadından dərs ala,

Ziddi cinsü rədifdə pərgar ola.

 

Sən ki, bizə namə yazdın ibtida,

Canı dost yolunda eylədim fəda.

Ovsafi-aləmdə yektadır, yekta

Mələk hicranında bərqərar ola.

 

Cəvabi-xəttindən olmuşam xoşhal,

Ərz eyləyim qulluğuna vəsfi-hal,

Şənilə şövkətin olsun bizaval,

Gərək xidmətində xidmətkar ola.

 

Mayiləm hüsnünün o xoş rənginə,

Yetə bilmən təcnisimin dənginə.

Sallam səni mən məhşərin çənginə,

Arif bu yerlərdən xəbərdar ola.

 

Pəri idim eşq içində aşikar,

Aralıqda yaxşı olur səbəbkar

Bu zəng meydanında eylərəm şikar,

Əgər Məhəmməd tək səd həzar ola.

 

lll

 

Katiblərin şahı dəftər içində

Qələm ilə nazik əllər oynaşır.

Fitnəli, fellisən, nazü qəmzəli,

Dəhanında şirin dillər oynaşır.

 

Eşqinin əlindən gedərəm dada,

Dərdim olur gündən günə ziyada,

Şiveyi-rəftarın düşəndə yada

Bağrımın başında millər oynaşır.

 

Dad elərəm, haray naşı əlindən,

Yandı cigər eşq ataşı əlindən,

Mən deyim gözüm yaşı əlindən,

Üzüşür sonalar, göllər oynaşır.

 

Adam var, dolanır məkrin içində,

Adam var, dolanır zikrin içində,

Sənin kamalında, fikrin içində

Əcayıb, qərayıb hallar oynaşır.

 

Pəriyəm, xəlqara olmuşam bacı,

Kimsənin kimsəyə yox ehtiyacı.

 

Bəlxü Buxaranın Hindin xəracı

Zənəxdanda siyah tellər oynaşır.

 

Gəraylılar

 

Zalım Şəcər dad əlindən,

Sən ha nahaq qan eylədin.

Zülmilə könlüm şəhrini

Gör neçə viran eylədin.

 

Saymadın sultanı, xanı,

Eyləyibsən nahaq qanı,

Badam kimi növcavanı,

Yer ilə yeksan eylədin.

 

Necə qıydın gülzarına,

Pünhan keçən iqrarına,

Saldın yollar kənarına,

Dörd yanı al qan eylədin.

 

Pərinin dərdi tüğyandı,

Sakin yer

i Maralyandı.

Gülüm qonçasında yandı,

Bülbüllər əfqan eylədi.

 

lll

 

müddətdir bu qəflətdən

Oyanmırsan, qara baxtım

Çəkdirdiyin əziyyətdən,

Usanmırsan qara baxtım.

 

Atmısan ummanı-qəmə,

Gülünc etmisən aləmə,

Məni dərdə salıb, yenə

Dayanmırsan, qara baxtım.

 

Axıtdın sel tək qanımı,

Üzmüsən cavan canımı,

Almısan adü sanımı,

Utanmırsan, qara baxtım?

 

Yaşayıram zəhmət ilə,

Çətinliklə, zillət ilə.

Sən Pəriylə hörmət ilə,

Dolanmırsan, qara baxtım.

 

lll

 

Məni dilə salan qonşu,

Görüm uzun qara olsun.

Danışıbsan yalan qonşu,

Görüm üzün qara olsun.

 

Ömrün boyu gülməyəsən,

Şad-şirinlik bilməyəsən,

Ac olasan, ölməyəsən

Görüm üzün qara olsun.

 

Yalan deyilsin aduva,

Allah yetməsin daduva,

Lənət olsun ustaduva,

Görüm üzün qara olsun.

 

Evdə qalıb zay olasan,

Qarılara tay olasan,

Əzrayıla pay olasan,

Görüm üzün qara olsun.

 

Kimsə baxmasun sözünə,

Onda vurasan dizinə.

Görən tüpürsün üzünə,

Görüm üzün qara olsun.

 

Sən Pərini etdin dəli,

Pis qonşudan üzdüm əli.

Qənim olsun sənə Əli

Görüm üzün qara olsun.

 

lll

 

Uzaq yoldan gələn yarım,

Yoluna qurban olduğum,

Bircə danış tuti dillim:

Dilinə qurban olduğum.

 

Səni doğubdu mərd ana,

Can sənə qurban mərdana,

Gəl sarıl bəyaz gərdana

Qoluna qurban olduğum.

 

Pəriyəm, gəl xoş danışaq,

Könlünü alım, barışaq,

Dur bəri gəl qucaqlaşaq,

Belinə qurban olduğum.

 

lll

 

durmusan, pirsiz aşıq

Qayıt, mən sənə döndüm.

Al sualım, ver cavabım,

Mikirü nəkirə döndüm.

 

Sən mənim halım bilməzsən

Halı-zar edə bilməzsən.

Zərnigar edə bilməzsən,

Qalibi-Xeybərə döndüm.

 

Pərizadənəm, anaram,

Keçən günlərim sanaram.

Gecə sübhədək yanaram,

Çəkil ki, məşələ döndüm.

 

Raqub KƏRİMOV Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet .- 2022.- 9 iyul.- S.23.