Alim ucalığı, müəllim fədakarlığı

 

PROFESSOR ZEMFİRA ŞAHBAZOVANIN 75 YAŞI TAMAM OLDU

 

Bakı Dövlət Universiteti filologiyanın müxtəlif sahələrinə, o cümlədən, Azərbaycan dilçiliyinə görkəmli simalar bəxş edib və onların güclü potensialı sayəsində ölkəmizdə dilçilik elmi müasir inkişaf səviyyəsinə yüksəlib. BDU-da Azərbaycan dilçiliyinin akademik məktəb kimi formalaşıb inkişaf etdiyini və bu elmi-pedaqoji məktəbin nümayəndəsi olan görkəmli alimlərin dilçiliyimizin təşəkkülü və tərəqqisində böyük rol oynadığını hər zaman fəxrlə qeyd etmək olar.

BDU-da həmin elmi-pedaqoji ənənələri bu gün də uğurla davam etdirən ziyalılar fəaliyyət göstərir ki, onlar həm dilçilik elminin inkişafında, həm də bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər. Belə alim və müəllimlərimizdən biri BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Zemfira Əsgər qızı Şahbazovadır.

Zemfira Şahbazova 1947-ci il iyulun 7-də Göyçay rayonunda anadan olub. 1955-1965-ci illərdə Göyçay rayonu 1 saylı tam orta məktəbdə təhsil alıb. Orta təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunub və 1970-ci ildə buranı "Filoloq. Azərbaycan dili və ədəbiyyatı" ixtisası üzrə bitirib.

Z.Şahbazova 1970-1973-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olub. 1973-cü ildə görkəmli türkoloq, professor Əlövsət Abdullayevin rəhbərliyi ilə "Müasir Azərbaycan dilində ara söz və söz birləşmələri" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Elə həmin vaxtdan - 1973-cü ildən indiyə kimi o, Azərbaycan dilçiliyi kafedrasında müxtəlif vəzifələrdə çalışmaqla həm müəllim, həm də alim kimi Azərbaycan elminin və təhsilinin keşiyində dayanır.

Uzun illər türk dillərində əvəzliklərin öyrənilməsi istiqamətində araşdırmalar aparmış Z.Şahbazova çoxsaylı tədqiqatlarının nəticəsi kimi 2012-ci ildə "Müasir Azərbaycan dilində əvəzliklər" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2015-ci ildə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professor əvəzi, 2018-ci ildə isə həmin kafedranın professoru vəzifəsinə seçilib.

Z.Şahbazova 2008-ci ildən Dövlət İmtahan Mərkəzində (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) "Azərbaycan dili və ədəbiyyatı" fənni üzrə ekspert kimi fəaliyyət göstərir. Bu müddətdə onun ali məktəbə hazırlaşan abituriyentlər, o cümlədən, orta məktəb müəllimləri üçün dərs vəsaitləri, xeyli sayda məqalələri işıq üzü görüb.

Dilçi alim ümumilikdə 11 kitabın, bəzi tədris proqramlarının, 150-dən çox elmi məqalənin müəllifidir. Onun elmi yaradıcılığının ana xəttini Azərbaycan dilinin qrammatik quruluşu təşkil edir. 1985-ci ildə çap olunmuş "Müasir Azərbaycan dilində ara sözlər və söz birləşmələri" adlı əsəri bu istiqamətdə aparılmış tədqiqatlar içərisində öz elmi çəkisi ilə seçilir.

Z.Şahbazova Azərbaycan dilçiliyində daha çox əvəzliyin tədqiqatçısı kimi tanınır. Onun araşdırmaları ilə dilçiliyimizdə əvəzliyin etimologiyası, leksik-semantik xüsusiyyətləri, morfoloji əlamətləri, sintaktik vəzifə və funksiyaları kompleks şəkildə tədqiqata cəlb olunub. Alim "Azərbaycan dilində əvəzliklər" (2007), "Azərbaycan dilində əvəzliyin sintaksisi" (2007), "Azərbaycan dilində əvəzliyin morfologiyası" (2007), "Əvəzliyin qrammatikası" (2008), "Əvəzliyin linqvistik xüsusiyyətləri" (2018) adlı kitablarında türk dillərində əvəzliklərin qrammatik xüsusiyyətləri və dildə kommunikativ rolu, habelə bir nitq hissəsi kimi bu söz qrupunun varlığından ətraflı bəs edib, məsələ ilə bağlı bir çox mübahisəli məqamlara aydınlıq gətirib.

Z.Şahbazovanın tədqiqatlarında əvəzlik bir nitq hissəsi kimi müasir dil materialları əsasında öyrənilib, bu problem Azərbaycan dilçiliyində ilk dəfə monoqrafik şəkildə araşdırılıb. Alim əvəzliyin nitq hissələri arasında yeri və mövqeyini əsaslandırıb, onların növləri və söz tutumunu dəqiqləşdirib, hər bir növünün özünəməxsus leksik-semantik xüsusiyyətlərini izah edib. Onun bu sahədəki mühüm xidmətlərindən biri Azərbaycan dilindəki əvəzlikləri digər türk dillərində işlənən əvəzliklərlə müqayisəli şəkildə tədqiq etməsidir. Müqayisələr, əsasən, özünü əvəzliyin əhatə dairəsinin, sərhədlərinin, onun vəzifə və funksiyalarının çoxtərəfliliyində göstərir. Tədqiqatların elmi yeniliyini şərtləndirən başlıca cəhətlərdən biri sintaktik vahidlərin (ələlxüsus da, mürəkkəb cümlə komponentlərinin) və mətn komponentlərinin əlaqələnməsində əvəzliklərin rolunun araşdırılmasıdır.

Məlum olduğu kimi, Azərbaycan dilinin qorunması və inkişafına yönəlmiş əsas məsələlərdən biri onun düzgün və sistemli tədris olunması, öyrədilməsidir. Qloballaşan dünyada milli dillərin qorunması, onların perspektivlərinin müəyyənləşdirilməsində tədris prosesi mühüm rol oynayır. Dil tədris prosesində təkcə ünsiyyətə xidmət etmir, müxtəlif fənlərin mənimsənilməsi, şagirdlərin formalaşmasında əsas faktor kimi çıxış edir. Bu mənada, Zemfira xanım Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsində, xüsusən orta məktəblərdə Azərbaycan dilinin öyrədilməsi işində də yaxından iştirak edir. O, uzun illər Dövlət İmtahan Mərkəzinin əməkdaşı kimi ali məktəbə hazırlaşan abituriyentlər və orta məktəb müəllimləri üçün "Azərbaycan dili və ədəbiyyatı" fənninə dair dərs vəsaitləri hazırlayıb. Onun "Ədəbiyyat nəzəriyyəsi (test tapşırıqları)" (2009), "Azərbaycan dili (VII sinif üçün test toplusu)" (2010), "Orfoqrafiya və orfoepiya lüğəti" (2012), "Azərbaycan dili (test toplusu)" (2013), həmmüəlliflərlə birgə yazdığı "Azərbaycan dili" (2016) kitabları Azərbaycan dilini öyrənənlər üçün dəyərli mənbədir.

Çoxsaylı əsərlərin müəllifi olan Zemfira Şahbazovanın məqalələri həm respublikamızda, həm də xaricdə çap olunur. Dilçi alim Türkiyə, Rusiya, Bosniya və Hersoqovina, Polşa və digər ölkələrdə təşkil edilmiş beynəlxalq qurultaylarda türkologiyanın müxtəlif problemlərinə həsr olunmuş məruzələrlə çıxış edir. Həmin məqalələrdə türkoloji dilçiliyin müxtəlif problemləri əks olunur: "Cümlə üzvlərinin sintaktik funksiyasını dəyişərək ara sözə çevrilməsi" (1976), "Həmcins üzvlərin bağlanma vasitələri" (1982), "Azərbaycan dilində -ca, -çə formatı haqqında" (1984), "Təkrarların nitqdə rolu" (1985), "Həmcinslik kateqoriyası" (1999), "Həmcins üzvlərində qrammatik əlaqə məsələsi" (2001), "Vurğu qəbul etməyən şəkilçilər" (2003), "B.Vahabzadə dilinin estetikliyi" (2013), "Mürəkkəb sintaktik bütövlərin sərhədlərinin təyin edilməsi haqqında" (2014), "Azərbaycan dilində bəzi əlaqə növləri haqqında" (2015), "Türk dillərində inkorporlaşmanın izləri" (2020), "Türk dillərində qoşa sözlərin işlənmə özəllikləri" (2021), "Azərbaycan və Türkiyə türkcələrində nidaların linqvistik xüusiyyətləri" (2022) və sair.

Zemfira Şahbazova həm də gözəl müəllim - pedaqoqdur. Ömrünün 50 ilini Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə bağlayan bu ziyalı xanım səmərəli pedaqoji fəaliyyəti ilə tələbələrin qəlbinə yol tapmağı bacarmış, çalışdığı kollektivin rəğbətini qazanıb. Azərbaycan dilinin fonetikası, leksikası, morfologiyası və sintaksisi fənlərini tədris edərək öz elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini sıx şəkildə əlaqələndirə bilib. Bizcə, Zemfira xanımın uğurlu elmi yaradıcılıq yolu ilk növbədə onun təcrübəli pedaqoq olması ilə bağlıdır. Çünki elmdə yeni faktları üzə çıxarmaq və problematik məsələlərin həlli yollarından biri fənnin düzgün tədrisidir. Mükəmməl tələbə-müəllim dialoqu isə bir alim üçün elmdə yeni cığır açmağa imkan verən əsas amillərdən biridir. Və Zemfira xanımın uzun illərə dayanan təcrübəsi buna tam şəkildə əmin olmağa əsas verir.   

Zemfira Şahbazova elmi rəhbər kimi universitetdə yüksəkixtisaslı kadrların hazırlanmasında da yaxından iştirak edir, rəhbərliyi ilə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə olunur.

Zemfira Şahbazova həmkarları, xüsusilə də gənclər üçün maraqlı həmsöhbətdir: onun elmi mülahizələri, müəllim kimi tövsiyələri, həyat təcrübələrindən söz açması həmişə müsahiblərinin diqqətini çəkir. Beynəlxalq konfranslarda onunla birlikdə iştirak edən məsləkdaşları yaxşı bilirlər ki, Zemfira xanımla yol yoldaşı olmaq insanı yormur: xatirələri, şən söhbətləri və zarafatları ilə qarşısındakını darıxmağa qoymur və onun yanında zamanın necə gəlib-keçdiyi hiss olunmur.

Bəzən həmkarlarımızla məktəb və universitet illərindən söhbət düşəndə "filankəs mənim müəllimim olub", yaxud "filankəs mənə dərs deyib" cümlələrini işlədirik. Bu ifadələrlə tələbələrinə can yandıran, onlara bilik verən və həyatı öyrədən əsl ziyalıları fərqləndiririk. Bu mənada Zemfira xanım təkcə tələbələrinə müəllim olmayıb, istedadlı, bacarıqlı gənclərə mənəvi ana kimi yanaşıb, ehtiyac olduqca onlardan öz dəstəyini əsirgəməyib. Gənclərlə həmsöhbət olanda həmişə onlara dəyərli tövsiyələr verər, öz həyat təcrübəsindən gətirdiyi örnəklərlə tələbələrini həyatda möhkəm və mübariz olmağa həvəsləndirər.

Zemfira Şahbazova yaşının bu müdrik çağında da elmi-pedaqoji fəaliyyətini yorulmadan davam etdirir. Tələbələr bu təmkinli müəllimin mühazirələrini maraqla dinləyir, gənc müəllim və tədqiqatçılar onun təcrübəsindən bəhrələnirlər. Bu gün də elmi axtarışlarını davam etdirən alim öz tədqiqatları ilə 103 yaşlı Bakı Dövlət Universitetinin elmi-ictimai həyatında yaxından iştirak edir. İnanırıq ki, öz tərcümeyi-halı ilə gənclərə nümunə olan Zemfira xanım çoxillik elmi-pedaqoji təcrübəsi ilə bundan sonra da əzmlə çalışaraq elmimizin və təhsilimizin inkişafına dəyərli töhfələr verəcək.

Zemfira xanımı 75 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ömrünün bu müdrik çağında ona möhkəm cansağlığı, elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Yubileyiniz mübarək, əziz müəllimimiz!

 

Anar FƏRƏCOV BDU-nun Filologiya fakültəsinin dekan müavini,

 

Ramil BAYRAMOV və Pərvin EYVAZOV  BDU-nun "Türkoloji araşdırmalar"  ETL-in elmi işçiləri

 

525-ci qəzet .- 2022.- 9 iyul.- S.20.