Elçin İsgəndərzadənin Günəşə aşiqliyi və Şuşa sevgisi

 

"Şuşada qoyub gəldiyim Günəşin bənzəridir Nurəngiz xanım"... 205 səhifəlik esse-monoqrafiyada məni ən çox təsirləndirən, olduğum yerdən alıb uzaqlara, lap uzaqlara aparan, kirpiklərimi nəmləndirən cümlə idi bu... Elə oradaca dayandım, düşündüm, heç vaxt görmədiyim, şeirlərindən və dostlarının söhbətlərindən tanıdığım o qadını- şeir qadını düşündüm. Onun gözlərindəki günəş işığı gəldi xatirimə. Şəkillərində görmüşdüm.

Bəs Şuşa, bəs Şuşanın Günəşi? Bircə anda boşaldı əl-ayağım. Qəlbimi elə bir çarəsizlik, elə müdhiş hüzün bürüdü ki... Görmədiyim Nurəngizi şəkillərdən tanıyıramsa, görmədiyim Şuşanın görmədiyim Günəşini hardan tanıyacaqdım? Yəqin yenə də bizdən daha şanslı olan böyüklərimizdən. Axı onlar görüblər. Elə biri Elçin İsgəndərzadə... Bu sətirlərdən azca yuxarıda yazıb axı Şuşanı da, onun Günəşini də:

"Şuşanın Günəşi xatirimdə bir başqa qalıb. Saçaqlı, gülümsər, təbəssümünü sübh şəfəqləriylə dodaqlarımıza endirən, könlümüzü isidən, bizi heç vaxt üşüməyə qoymayan. Yayda da çox isti olmasın deyə azacıq soyuyan Günəş. Bizim doğma Günəşimiz bizə görə hər haldan keçirdi, çünki biz onu sevdiyimiz kimi, o da bizi sevirdi. İllər sonra bu qızı görəndə, sanki o Günəşi gördüm, Şuşadakı Günəşi".

2019-cu ilin 8 noyabr tarixində qələmə aldığım (9 noyabrda çap olunmuşdu-Ş.M) bu məqalə professor, şair Elçin İsgəndərzadənin mərhum şair xanım Nurəngiz Günə hər etdiyi "Günəşin elçisi" kitabı haqqındadır. Təsadüfmü, yoxsa rəqəmlərin sehri, taleyin əsrarəngiz sürprizi, bilinməz, amma hüznlə, kövrəkliklə, bir az da həsədlə qələmə aldığım bu sətirlərdən düz bir il sonra məhz həmin tarixdə doğma Günəşimizin ünvanı Şuşamız 28 illik ayrılıqdan sonra düşmən tapdağından azad edilib, özünün əzəli-əbədi sahiblərinə qayıtdı. Və necə müdhiş bir təsadüfdür ki, Elçin İsgəndərzadənin qəlbində qubara dönmüş sözlərini sitat gətirməyimdən cəmi 2.5 il sonra bu gün- sərin bir yay axşamında onun Şuşaya və Şuşanın xilaskarlarına həsr etdiyi yeni kitabı haqqında məqalə yazıram. Bu zamana kimi "içində şəhidlərimizin sayı qədər şəhidlik nisgili gəzdirən, yaşayan" şairin bu nisgili 3000 şəhid-Şuşanın xilaskarı qədər artdı ömrümüzün Vətən müharibəsi mərhələsində. Amma həm də o şəhidlər bizə Şuşamızı, Qarabağımızı geri qaytardı, tariximizin ən şanlı dövrünü yaşamağımıza vəsilə oldu. Demək ki, içimizdə şəhid-şəhid artan nisgil torpaq-torpaq qürura çevrildi.

Hörmətli şairimizin 28 illik həsrətinin sonu olan Şuşadan bu kitabda "Xoşbəxtliyin rəngi" deyə bəhs edilir. Daha doğrusu, kitabın adı bu cürdür. Ancaq içində toplanmış, xüsusən, Şuşaya, Ağdama, Qarabağa həsr olunan şeirləri oxuduqca görürük ki, Elçin müəllim üçün xoşbəxtliyin rəngi elə Şuşanın yamyaşıl Cıdır düzünün, sapsarı günəşinin, Ağdamın mavi səmasının, boz torpağının, Qarabağın azad nəfəsinin rəngidir. Yəni xoşbəxtlik vətən rəngindədir. Axı şair özü beləcə də deyir:

 

Nəğmə də bitir,

şeir də,

yol da...

Hələ arzular da -

bircə sən,

bircə sən

bitmirsən,

Vətən!

 

Vətən bitərmi ki heç?! 30 ilə yaxın düşmən tapdağında qaldı, torpağına ayrı, xalqına ayrı divan tutuldu, başına müsibətlər gətirildi, əlini uzatdı əlini kəsdilər, adını dilinə aldı, dilini qopardılar, gözü arxasıyca qaldı gözünü oydular... Ümidsizliyin dibinə, inamsızlığın kor qaranlığına sürgün etdilər. Bitdimi?! Əsla! Küllərindən yenidən doğuldu. Kəsilən əllərinin yerində daha yeni, daha qüvvətli, daha inadkar əllər çıxdı, dili həqiqəti daha ucadan, daha şövqlə bağırdı, iki gözü milyonlar olub dikildi ədalətin düz gözünün içinə. Nəhayətində, bütün dünyaya anlatdıq ki, hələ heç nə bitməyib, Vətən isə əsla bitməz!

 

Şair demiş:

 

Harda isə gümanlar gümana düşüb getdi,

Çin çıxmayan yuxular dumana düşüb getdi,

Şuşasız zamanımız zamana düşüb getdi,

Şükür, bizi zamanla barışdırana Şükür!

Şükür, bizi Şuşaya qovuşdurana Şükür!

 

Qarabağ, Şuşa təkcə bu sərhədlər içərisində yaşayan yox, dünyanın istənilən nöqtəsində ömür sürən azərbaycanlıların, böyük türk ulusunun dərdi, qanayan yarası, yarımçıq qalmış arzuları idi. 44 günlük Vətən müharibəmiz qələbəylə nəticələnəndə, torpaqlarımız addım-addım, qarış-qarış azad olunanda hamımız çoxillik vətən həsrətimizin bitişinə, yerə əyilən başımızın qalxışına, bükülən qəddimizin dikəlməsinə, tapdanan namusumuzun xilasına sevinirdik. Ancaq etiraf etmək lazımdır ki, Qarabağda doğulub-böyüyən, o torpaqları çox az da olsa xatırlayan yerlilər həm də evlərinin, xatirələrinin qurtuluşuna sevinirdilər. Çünki onlar məcburi şəkildə qoyub gəldikləri evlərinin divarından, hasarından, bağçada öz əlləriylə əkdikləri ağacdan, kol-kosdan, çıxarkən bəndini açdıqları mal-qaradan, getdikləri cığırdan, gəzdikləri taladan, küçələrindən, gecələrindən, günündən, ulduzundan, ayından, istisinə qızınmadıqları yayından nigaran idilər. Çünki onların "yuva" adlı həsrəti vardı. Və bu həsrətlilər öz vüsallarınla 30 ildən sonra qovuşdular. Əlbəttə, soraqladıqları ilk yer, can atdıqları ilk məkan da qoyub gəldikləri evləri oldu. Hələ heç bir qarabağlıdan "Ağdama gedirəm", "Şuşaya gedirəm", "Cəbrayıla gedirəm", "Laçına gedirəm", "Kəlbəcərə gedirəm"- eşitmədim mən. Hamısının bircə sözü oldu: "Evimizə gedirəm". Elə günəşinə aşiq olduğu, dilindən düşməyən Şuşasına gedən Elçin İsgəndərzadə kimi:

 

Ürəyim elə atır,

evimizə gedirəm.

İlahi, nə mutluluq,

bu gün bizə gedirəm.

 

Bu ayrılıq, bu həsrət

Şükür ki, başa çatır.

Evimizə gedirəm,

evimiz Şuşadadır.

 

Nəhayət, o gözlənən gün gəlib çatır. Elçin İsgəndərzadə illərdir qəlbində bir yara kimi böyütdüyü, ən sevincli anında belə gözlərinin dərininə hüzn olub çökən, dilinin əzbərinə, saçlarının bəyazına qarışan Şuşasına, Cıdır düzünə qovuşur. Bu elə bir sevinc, bu elə bir fərəhdir ki, şair aşıb-daşan hisslərinin əlində əsir qalmamaq üçün olanı olduğu kimi pıçıldayır vərəqin köksünə:

 

Bütün tərk edilmiş evlərin sevincini

yaşamaq istəyi var ruhumda, canımda.

Bütün qaranlıq yolları işıqla

doldurmaq həvəsim var,

bütün qırıq yolları

bir-birinə bağlamağım gəlir...

 

Şairin tək sevinci Şuşayla çərçivələnmir, əlbəttə. O, gəncliyinin şahidi, ikinci yuvası, bir dəftər dolusu şeirlərini, 2500 şəxsi kitabını əsir qoyub gəldiyi Ağdamı da elə Şuşa qədər mədh edir poeziyanın diliylə. Onun "Ağdamda ilk şeir", "Ağdam camisində yazılan şeir", "Bir şəhərlik sükut" və sair şeirlərində Ağdama qovuşmağın sevinciylə yerlə-yeksan olunmuş şəhərin kədəri vəhdət təşkil edir. "Və bütün sevdalar unudulur, bildim, Amma ayrılıqlar unudulmur, unudulmur..."-deyən müəllif Vətəndən ayrılmağın ruhunda yaratdığı boşluğu poetik dillə qələmə alır.

"Xoşbəxtliyin rəngi" kitabında təkcə vətənpərvərlik mövzulu şeirlər deyil, müxtəlif səpkili poeziya nümunələri toplanıb. Bu nümunələri oxuduqca görürük ki, müəllifin ruhundakı tək boşluq vətən boşluğu deyilmiş. Atasının yoxluğu da ən az Şuşanın, Ağdamın yoxluğu qədər dərin yara açıb müəllifin qəlbində. Və indi o, atasına müraciətlə: "Səninlə çəkdirdiyim şəkillər İndi məndən xoşbəxtdilər"-deyərək yenə də tək təsəllisinin şəkillər olduğunu bildirir. İndi isə Elçin müəllimdən soruşmaq istərdim atasıyla birgə günləri keçən, o şəkillərin çəkildiyi Şuşanın, Ağdamın azadlığı da təsəlli ola bilirmi yarasına?

Elə bu sualın havasıyla vərəqləri çevirərkən "Ana alqışı, ata məzarı..." şeiri çıxır qarşıma. Sanki müəllif şair fəhmiylə sualımı öncədən duyubmuş kimi bu şeirində deyir: "Ən gözəl şeirdi ana alqışı, Ata məzarı da Vətəndi, qardaş..."

Yox, təkcə Şuşa, Ağdam, atasının məzarı, Azərbaycanın sərhədləri deyil şairin vətəni. Şairin vətəni o taylı-bu taylı Azərbaycandır, bütöv Azərbaycandır. Onun qəlbindəki başqa bir nisgilin də adı Təbrizdir. Elə olmasa, o, bir gözəl sevdanı Təbriz laləsinə bənzədərdimi?!

 

Sənin sevdan könlümdə

Bir Təbriz laləsidi.

Bu sevdanı hifz edən

Gümüş Ay haləsidi.

 

Doğrudur, deyirlər ki, çox gülənin çox dərdi olarmış. Elçin İsgəndərzadə də üzündən gülüş əskik olmayan, sözü-söhbəti məna dolu, hər zaman şən əhval-ruhiyyəli və pozitiv enerjili görməyə alışdığımız ziyalılarımızdan, şairlərimizdəndir. Ancaq şeirlərini vərəqlədikcə onun iç dünyasına bələd olur, ruhunun dərinliyində işıq gəzən qaranlığı kəşf edirsən. Bu kədər, bu hüzün illərin yaşanmışlığı, məhrumiyyətləri, həsrətləridir yurd salıb bir şair qəlbində. Ona görədir ki, müəllifin "Unutqanlıq", "Tale", "Ömür", "Təklik", "Çətinlik", "İntihar", "Qəbrimin divarları", "Yalnızlığa öyrəşmək", "Sevdanın ayrılıq tərəfi", "Heçlik", "Darıxmaq şeiri", "Adsızlıq", "Başqalıq", "Soyuq xatirələr", "Boz darıxmaq", "Siqara kimi...", "Güzgüdəki adam", "Bircə bu ömür", "Ölür", "Kaş ki..." və başqa bu kimi şeirləri oxucuda kədər, nisgil yaradır. Lakin həm də oxucusunu düşünməyə, düşünüb nəticə çıxarmağa çalışır. Nədir həyat?! Kimdir insan?! Biz əslində nə istəyirik?! Şairin bu kimi suallara öz şeirlərində verdiyi yarı-yarımçıq cavablar, bir toxum, rüşeym təsiri bağışlayır. Sanki müəllif bununla oxucusunun beyninə və qəlbinə o toxumu səpir, ondan zamanla nəyin cücərib çıxacağı isə oxucudan-oxucuya, insandan-insana dəyişir.

Ancaq unutmaq lazım deyil ki, yaşanan hər gün ömrümüzün beynimizdəki, yazılan hər şeir də xatirələrimizin varaqdakı izidir. Bizdən sonra da qalan və bizi yaşadan elə bu xatirələr, bu varaqlar olacaq. Məsələn, yüz il sonra bir nəfər Şuşanın azadlığının cari dövr ədəbiyyatındakı əksini görmək istəyəndə qarşısına Elçin İsgəndərzadənin "Xoşbəxtliyin rəngi" kitabı və bu kitabda yer alan bir-birindən dəyərli şeirləri çıxacaq. Hə, bir də o kimsə bu kitabın 267-ci səhifəsinə gəlib çatanda bu misraları görüb əl saxlayacaq, düşünəcək və özündən biixtiyar pıçıldayacaq:

 

Bu ömür xatirədi

kimlərsə oxuyub keçir,

xatirələr yenə də

qərənfil qoxuyub keçir-

sevgilər məktublarda,

xatirələr dəftərdə-

varaqda qalıb, varaqda.

 

Şahanə Müşfiq

 

525-ci qəzet .- 2022.- 9 iyul.- S.18.