Saday Budaqlı nəsri: bədii təhkiyənin dinamik siqləti

 

Saz-söz yurdu Qazaxda doğulan, ömrünü sözə bağlayan Saday Budaqlı Azərbaycan ədəbiyyatının 80-ci illərdə yaradıcılıq yoluna qədəm qoyan nasirlər nəslinin nümayəndəsidir. 1982-ci ildə "Drujba narodov" jurnalının və "Nedelya" həftəlik məcmuəsinin "İlin ən yaxşı hekayəsi" mükafatlarına layiq görülən Saday Budaqlının "Uduş" kitabı 1985-ci ildə "Molodaya qvardiya" nəşriyyatında çap edilib və o, bu kitaba görə Maksim Qorki adına Ümumittifaq Mükafatının laureatı olub. Azərbaycan dilində ilk kitabı isə 1985-ci ildə "Yazıçı" nəşriyyatında işıq üzü görən "Döngə" hekayələr toplusudur. Yazıçının bu kitabına daxil olan "Uduş", "Şübhə", "Pul günü", "Döngə", "Aralı qapı", "Torpaq", "Payız nağılı", "Üzəngi", "İşıq zolağı", "Sükutun səsi", "Qatar" hekayələri müəllifin yaradıcılığının ilkin etapının öyrənilməsi baxımından əhəmiyyətli bədii mənbədir. "Ümid" hekayəsinin qəhrəmanının gündəlik həyatın qayğıları, ailə başçısı kimi düşüncələri fonunda onun daxilindəki yalnız özünə aid və aydın olan duyğular işıqlandırılır. Falçının məsləhəti ilə alınan dörd lotereya bileti qəhrəmanın bozluğa bürünmüş həyatında parlaq bir işıq seli rolunu oynayır. Lakin cari həyatın qayğıları altında insan artıq gələcək, arzu və dilək kimi məfhumları belə unudub. "Ümid" hekayəsindən fərqli olaraq "Aralı qapı" hekayəsinin qəhrəmanları ilğıma çevrilmiş ümidi reallığa çevirməyə nail olublar. Lakin ümidin, arzunun reallaşması xoşbəxtliyə qovuşmağın tam qarantı deyil. Qarşıda daha bir mühüm məqam var: əldə etdiyin diləyi, arzunu hər şeydən, hamıdan qoruya biləcəksənmi? "Aralı qapı" hekayəsində məhz bu məqam vurğulanır, vaxtında sevgisini etiraf edə bilmədiyi üçün itirdiyi qadına onun ailəsi dağıldıqdan sonra qovuşan kişinin duyğuları fonunda insanın seçimi və cəmiyyət qanunları arasındakı ziddiyyət işıqlandırılır. Əsərdə qəhrəmanları adlandırmayan, sadəcə "kişi" və "qadın" kimi təqdim edən Saday Budaqlı bununla mövzunun əbədi ədəbi mövzulardan olduğunu, hər zaman aktual olduğunu vurğulamışdı. "Sükutun səsi" hekayəsində də qadın-kişi tandemini bədii müstəviyə gətirən yazıçı bu dəfə mövzunu fərqli aspektdən, real sevgi və vüsal əhvalatı fonunda müasir notlarla təqdim edir. Bu hekayə sanki "Aralı qapı" hekayəsinin qəhrəmanlarının alternativ gəncliyini, "zamanında öz sevgilərinə sahib çıxsaydılar necə olardı?" sualına cavabı özündə ehtiva edir. Lirik-sentimental siqlətli bu hekayə də "Aralı qapı" hekayəsi ilə eyni ildə qələmə alınsa da, bu iki mətnin təhkiyəsində əsaslı fərqlər mövcuddur. Birinci hekayə 17-25 yaşlı yeni evli gənclərin duyğularını tam ifadə edə bilir və mətnin müəllifinin də məhz o yaşda olduğuna inam yaranır. Eyni ildə yazılan ikinci hekayədə isə nasir qarşımıza oturuşmuş, həyatın sınağından keçmiş insanların duyğularını anladan orta yaşlı bir təhkiyə ustası kimi çıxır. Fikrimizcə, Saday Budaqlının nəsrdə aura yaratmaq qabiliyyəti bu iki hekayənin timsalında öz əksini tam şəkildə tapıb. Yazıçının "Təpəgöz, qarışqa və uşaq" hekayəsində isə nasirin təhkiyəsində yeni məqamlar diqqəti cəlb edir. İlkin mətnlərində klassik realist xəttə sadiq olan Saday Budaqlının bu hekayəsi daha çox neorealist elementlərlə yadda qalır. "Təpəgöz, qarışqa və uşaq" hekayəsinin alt mətnində freydizmdən gələn məqamlar da diqqəti cəlb edir. Yazıçı hekayədə Təpəgöz obrazını mental-mifik-simvolik obraz kimi deyil, təhtəlşüurdan gələn mesaj kimi çatdırmağa nail olur. Bu obraz vasitəsilə ana və övlad anlayışlarının stereotip və arxetipik baxımdan açmaq ideyasının reallaşdığını əminliklə qeyd edə bilərik.

Hekayə yaradıcılığında öz dəsti-xətti ilə seçilən Saday Budaqlı povest və roman janrında da özünəməxsus mətnlər yarada bilib. "Şəbəkə" povestində həm şüur seli texnikasından, həm də klassik mətn manerasından istifadə edilib. Povestin adı insan talelərinin kəsişməsindən yaranan, şəbəkəyə bənzəyən həyat hadisələri ilə bağlıdır. Əsərin mərkəzində müəllifin şərti olaraq qoca adlandırdığı şəxsin kirayə verdiyi otağın timsalında bu otaqda qalan insanların və onların yaxınlarının həyat yolu işıqlandırılır. Qocanın kirayə otağında qalan kişi və qadın özlərinin ailədən kənar ikinci həyatlarını onun gözü qarşısında yaşayırlar. Maraqlıdır ki, qoca onların ailələri ilə birgə yaşadıqları həyatlarına da şahidlik edib. Fikrimizcə, Sadaq Budaqlının bu povesti onun mətnində hipertekstuallığın bir nümunəsidir. Yazıçının "Aralı qapı" hekayəsində işıqlandırdığı mövzu "Şəbəkə" povestində daha geniş planda işlənilib. Əsər hekayədə bir fraqment kimi verilən hadisələr boyu müxtəlif şəxslərin baxış bucağından, fərqli rakurslardan işıqlandırılır, qəhrəmanların bu günü dünənin fonunda təqdim edilir. Saday Budaqlının povestdə fərqli, bəzən də təzadlı məqamları şüur seli şəklində reallaşdırması mətnin çoxsəsliyini təmin edir.

"Fevral" povesti ömrünün son illərini qardaşı ilə ata evində keçirən kişinin xatirələri, düşüncələri fonunda bir ailənin taleyinə həsr edilib. Əslində, bu ailənin özü həmin illəri, həmin həyat situasiyalarını keçən minlərlə ailənin kiçik modeli, simvoludur. Bu əsərdə də müəllif şüur seli priyomundan istifadə edərək canlı, inandırıcı mətn yaratmağa nail olmuşdu. Baş qəhrəmanın duyğuları, ömrünün nəticəsi olaraq səslənən qənaətləri müəllifin həyat təcrübəsi ilə birləşərək fəlsəfi siqlətli traktat effektinə malik mətn yaradır. Povestin qəhrəmanının kiçik qardaşı ilə münasibətləri onun daxili aləminin, dünyagörüşünün və həyat amalının açılmasında mühüm rol oynayır. Otuz il əvvəl evdən baş götürüb gedən kiçik qardaşının illər sonra gəlib onunla böyük qardaşı, müharibədə həlak olmuş Vəlinin adına tikilmiş evdə yaşaması, qəfil xəstələnməsi qəhrəmanın katarsis duyğuları yaşamasına səbəb olur. Həyatı boyu yaxşı adam olmağa çalışan ortancıl qardaş anlayır ki, hər zaman kiminsə təqdiredici sözləri, cəmiyyətin rəğbəti üçün yaşayıb. Anasını uşaq vaxtı itirdiyindən daim sevilmək, sevimli olmaq ehtiyacı onun bütün həyatına təsir edib.

"Zədə" romanında əsas insident əsərin qəhrəmanı Mədətin qardaşı Süleyman üçün nişanlısı Tutunun dayısına minnətçi düşməsidir. Məhz bu insidentin fonunda qəhrəmanın öz-özünü sorğulaması başlayır. Hamının üzüyola bildiyi "yaxşı oğlan" Mədət əslində daxilində sərt, qürurlu bir adam yaşadır. Qürurunu sındırıb nişanlısının dayısından xahiş etməsi onu mənən əzir,  sındırır. Yaşamı boyunca özü ola bilməməsi, başqalarına uyğun, rahat yola gələn adam olması onun daxilində özünə qarşı bir qeyz, qəzəb, etiraz hissi yaradır. Bu qeyzin obyekti də məhz Mədətin dünyaya proyeksiya etdiyi persona arxetipi ilə bağlıdır. Persona insanın şüurlu şəkildə istifadə etdiyi sosial maskadır. Persona sosial adaptasiya olunmuş insanın kütləyə nümayiş etdirdiyi roludur. Persona eyni zamanda qoruyucu örtük funksiyasını da yerinə yetirir. Şəxsiyyət, persona örtüyü altın daxili aləmini, mübhəm duyğularını cəmiyyətdən qoruyur. Cəmiyyət persona arxetipi vasitəsilə insanın fəaliyyətinə nəzarət edir, onu cəmiyyət qanunlarına tabe fərdə çevirir. Fərd cəmiyyətin təzyiqi altında onun müəyyənləşdirdiyi maskanı taxaraq həyat səhnəsində ona verilmiş rolu oynamalı olur. Mədətin daxilindəki obraz ona rahatlıq vermir, cəmiyyətə tanıtdığı Mədət ilə əsl Mədət arasındakı disharmoniya obrazın dinamikliyini və təlatümlü yaşamını təmin edir. Mədətin daxilindəki yadlıq hissi də bununla bağlıdır. İki ildən çox yaşadığı məkana uyğunlaşa, onu özününküləşdirə, bu məkana özündən nəsə qata bilmir. Mədət bu evdən asmadığı ailə şəkillərindən də qaçır. Onun keçmişi və bu günü arasındakı uçurum gələcəyə doğru getməsinə mane olur. Dayısı ilə bağlı xatırladığı Amerikadakı çimərlik əhvalatı məhz daxildə həbs olunmuş duyğuların, əsl kimliyin meydana çıxması ilə bağlıdır. Cəmiyyətin qadağaları insanı ancaq bir həddə qədər idarə edə bilər. Başqa mühitə, cəmiyyətə keçid zamanı həmin qadağalar zəifləyir, öz yerini başqa tələblərə verir. Bəlkə də insanın ömrü boyu səfərə, köçə can atması bununla bağlıdır. Yeni məkan, yeni cəmiyyət qadağan olunmuşlardan qurtulmağın simvolu kimi maraqlı və cəzbedicidir. Öz təhkiyəsi ilə oxucunu cəlb edən, şüur seli texnikasına əsaslanan "Zədə" romanı Saday Budaqlı nəsrinin qanunauyğun nəticəsi kimi meydana çıxıb. Yaradıcılığında kiçik mətnlərdən meta mətnlərə doğru inkişaf yolu keçən nasirin nəsr təhkiyəsi mətndən-mətnə təkmilləşərək daha dinamik və səlis formata çatıb.

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Elnarə QARAGÖZOVA

 

525-ci qəzet .- 2022.- 9 iyul.- S.19.