Böyük maarifçinin parlaq fəaliyyəti
arxiv sənədlərində
Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan, həyat və yaradıcılığı ilə xalqının mədəni və elmi fikir intibahı tarixində silinməz izlər qoyan görkəmli mütəfəkkirlərdən biri, tanınmış pedaqoq, təbiətşünas alim Həsən bəy Zərdabinin bu ilin 28 iyununda 185 illiyi tamam oldu.
Həsən
bəy Zərdabi xalqımızın elə böyük şəxsiyyətlərindəndir
ki, onu təkcə yubiley dönəmində və doğum,
anım günlərində deyil, ilin istənilən vaxtı
xatırlamaq, xalqımız üçün
gördüyü unudulmaz xidmətlərini yad etmək gərəyimiz
və borcumuzdur. O, xalqın taleyində xüsusi
rolu olan ictimai xadim, böyük maarifçi və publisist, Azərbaycan
dilində ilk qəzetin ("Əkinçi"), milli mətbuatın
yaradıcısı, on ilə yaxın isə Bakı şəhər
Dumasının üzvü (deputatı) olub. Haqqında onlarla
kitablar, yüzlərlə məqalələr
yazıldığı üçün məlum həqiqətlərdən
geniş bəhs etmək istəmirəm. Araşdırmalar
zamanı Azərbaycan Respublikası Dövlət Tarix Arxivində
XIX əsrin sonları - XX əsrin əvvəllərinə
dair qarşıma çıxan sənədlərdə bu
böyük insanın vətəndaşlıq mövqeyini,
torpağına, xalqına olan sevgisindən irəli gələn
fədakarlığını gördükdə heyrətlənməmək
mümkün deyil.
Həyata keçirdiyi mütərəqqi işlərdən danışarkən qeyd edilməlidir ki, 1873-cü ildə Azərbaycan teatrının yaradılmasında onun da xidməti vardır. Həsən bəyin rəhbərliyi və fəal iştirakı ilə məhz həmin il Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyaları tamaşaya qoyulmuşdu. 1901-ci ilin sentyabrında isə, o, Zeynalabdin Tağıyevin istəyi ilə qızlar məktəbinin rəhbərliyinə gətirilir. Azərbaycan tarixində bir ilk olan qız məktəbinin açılması Tağıyevlə yanaşı Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanımın da böyük zəhmətləri hesabına baş vermişdi. Belə ki, qızların təhsilə cəlb edilməsi onun çoxdankı arzusu idi. Hələ 1896-cı ilin yanvarında Bakı qubernatoruna ərizə yazıb qızlar üçün birsinifli üçillik kurs təhsilli məktəb açmaq arzusunu ifadə etmişdi (f.45, siy.2, sax.vah.257). Lakin Göyçay qəza polisinin və Bakı jandarm idarəsinin barəsində verdiyi mənfi rəylərin səbəbindən arzusunun həyata keçməsinə imkan verilməmişdi.
Xüsusilə onun Bakı şəhər Dumasındakı gərgin fəaliyyəti bu gün də aktuallığını itirmir, öyrənilmək baxımından çox təqdirəlayiqdir. Həsən bəy Dumanın demək olar ki, bütün iclaslarında iştirak edir, əyintilərə qarşı həmişə çəkinmədən narazılığını bildirirdi. Özü heç bir iclası qaçırmayıb, praktik olaraq iclaslarda iştirak etməyənlərin üzv seçilməsinə etiraz edirdi. İradını bildirirdi ki, niyə iclasın gündəliyi ciddi hazırlaşmaq üçün bir neçə gün əvvəldən yox, iclas başlayanda elan edilir. Şəhər başçısı və idarə işçilərinin maaşlarının artırılmasına razılaşmırdı, gimnaziyada pulsuz təhsil alan şagirdlərin sayının azaldılması isə onu qəzəbləndirirdi. Şəhərdəki natəmizliklə heç cürə barışa bilmirdi. Tələb edirdi ki, kasıbları müalicə etmək üçün şəhərə büdcədən maaş alan həkimlər lazımdır və bu həkimlər həm də, mütləq xarici dilləri bilməlidirlər.
Müzakirələr zamanı dövlət vəsaitlərinin oğurluğuna və israfçılığına qarşı mübarizə aparır, belə qərarların qəbul olunmaması üçün ciddi müqavimət göstərirdi. İndiki dillə desək korrupsiyaya bulaşmış rus məmurlarını Dumada özbaşınalıqda günahlandırmaq hər üzvdə olmayan cəsarət, vicdan, qətiyyət tələb edirdi.
Dövlət
Tarix Arxivinin "Bakı şəhər idarəsi"
fondunda Həsən bəyin şəhər Dumasına məmurları
ifşa edən sorğularına dair üç saxlama vahidi
qorunur. Onlardan biri
belə adlanır: "Küçələrin döşənməsinə
nəzarət xidmətində Terentyevin sui-istifadəsi
haqqında qlasnı Məlikovun ərizəsi səbəbi ilə
təhqiqatın aparılması haqqında yazışma"
(f.389, siy.3, sax.vah.2303)
Ərizə 18 aprel 1901-ci ildə Dumaya təqdim edilib. Ərizə ilə bağlı il
yarım təhqiqat aparılıb. Saxlama vahidinin 29-30-cu səhifəsində
şəhər icraiyyə üzvü Smolenskinin məruzəsindən
öyrənirik ki, qlasnı Məlikov Terentyevi küçələrin,
körpülərin salınması və təmiri işlərində
büdcədən sui-istifadədə, əlavə yeyintidə
günahlandırır. Lakin Smolenski uzun-uzadı məruzəsində
müxtəlif işçilərdən aldığı rəylərlə
"nala-mıxa" vurur, ərizədəki iradları
malalamağa çalışır, təhqiqatı nəticəsi
olmayan sonluğa
çıxarır.
Həsən
bəyin bir gün sonra 19 aprel 1901-ci ildə verdiyi daha iki ərizə
də hakimiyyət məmurları tərəfindən eyni
münasibətlə üzləşir. "Şəhər
bağçılıq xidməti üzrə A.Vasilyevin
sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi
ilə təhqiqata dair yazışma" (f.389, siy.3, sax.vah.2304) adlanan saxlama vahidinin 41-60-cı səhifələrində
A.Vasilyev şəhər idarəsinə yazdığı
izahatında şəhər bağlarının
salınması, saxlanması xərclərində səlahiyyət
həddindən artıq heç nə etmədiyinə "and-aman" edir.
Həsən bəyin üçüncü ərizəsi - "Mazut toplanmasının müdiri K.Vasilyevin sui-istifadəsi haqqında qlasnı Məlikovun ərizəsi ilə təhqiqat haqqında yazışma" (f.389, siy.3, sax.vah.2305) adlı məsələyə dair araşdırma əvvəlkilərdən daha çox, iki ilə yaxın vaxt aparmışdı. Nəhayət, saxlama vahidinin 197-200-cü səhifələrində yazılmış sorğuya dair yaradılan komissiyanın qərarından aydın olur ki, guya, mazutun toplanılması və satışı işində cinayət, sui-istifadə halı yoxdur və qlasnı Məlikovun şikayəti əsassızdır.
Zaman
keçdikcə ərizələrinə verilən
başdansovdu cavablar, bürokratiya, fəaliyyətsizlik Həsən bəyi davamlı
mübarizə aparmaqdan usandırdı və onda belə
üsul-idarə ilə çarpışmağın heç
bir nəticə verməyəcəyi qənaətini
yaratdı. Ona görə də sonrakı fəaliyyətində Zərdabi
nicat yolunu yalnız maariflənmədə, millətin
kütləvi savadlanmasında gördü.
Onun
ilk dəfə ana dilimizdə nəşr etməyə
çalışdığı "Əkinçi" qəzetinin
nəşrinə icazə üçün Bakı qubernatoru və
Qafqaz təhsil idarəsi ilə 1873-cü ilin may
ayındakı yazışmalarında (f.309, siy.1, sax.vah.584) da
eyni mübariz ruh hiss edilir. İki ildən çox çəkən
müxtəlif icazələrdən, uzun əzab-əziyyətlərdən
sonra, nəhayət 1875-ci ilin 22 iyulunda qəzet
çap olundu.
Əslində bizə gəlib çatan bu ərizələr ilə Həsən bəy o dövrdəki rus məmurluğunun riyakar, soyğunçu mahiyyətini açıqlamış, bu yöndə tarix və gələcək nəsillərə təkzibedilməz dəlillər bəxş etmişdi. Necə deputat olmaq lazımdır, xalqı necə təmsil etmək olar? Bu suallara dahi ziyalımız Zərdabi Bakı Dumasındakı yadda qalan fəaliyyəti ilə müasir zəmanəmiz üçün də örnək olası, layiqli nümunə yaradıb.
Vəfatından
doqquz ay sonra "Saray müşaviri Həsən bəy Məlikovun
dul qadını Hənifə xanım Məlikovanın
Bakı xəzinədarlıq palatasına borcların silinməsi
haqqında ərizəsi" (f.43, siy.2, sax.vah. 341) sənədi
onun dövlət xidmətində həyatı boyu rüşvətsiz,
halal məvacibi ilə yaşamasının, ömrünü
xalq üçün sərf etməsinin danılmaz
sübutudur.
Bakı
şəhər Duması vəfatından az sonra xatirəsini
yaşatmaq üçün 2-ci rus-tatar məktəbinə Həsən
bəy Məlikovun adının verilməsi və kasıb
müsəlman şagirdlərinə Həsən bəy təqaüdü
ayrılması haqqında qərar qəbul etmişdi (f.389,
siy.6, sax.vah.2).
Haqqında
bəhs etdiyimiz bu və ya digər sənədlərlə
yaxından tanış olmaq istəyənlər milliarxiv.gov.az
saytının layihələr bölümündə "Dahi
ziyalımız Həsən bəy Zərdabi" virtual sənəd
sərgisində onların elektron surətlərinə baxa bilərlər.
Həsən
bəy Zərdabi möhtəşəm həyat fəaliyyəti
ilə xalqın qəlbində özünə əbədi
ehtiram qazanıb. Hər il - 22 iyul
Milli Mətbuat günündə qəzetçiliyin banisi kimi
yad edilir. Vaxtilə məhkəmə katibi işlədiyi
Qubada adı qəsəbəyə verilib, Bakıda, Zərdabda,
Qubada heykəlləri qoyulub. Zərdabda mədəniyyət parkı, məktəb lisey və
Milli ElmlərAkademiyasının Təbiət Tarixi Muzeyi onun adını
daşıyır.
525-ci qəzet .- 2022.- 9 iyul.- S.14.