"Gerçək tamaşaçı auditoriyası fikir rəngarəngliyi istəyir”

 

“BU OLMAYANDA TAMAŞAÇI ÖZ EHTİYACINI BAŞQA YERDƏ QARŞILAMAĞA MEYİLLƏNİR"

 

Son zamanlar Azərbaycan teleməkanında baş verən neqativ hallar ümumilikdə cəmiyyətin haqlı narazılığına səbəb olub. İctimai rəydə ciddi təsir yükünə malik sosial şəbəkələrdə telekanallarımızdakı özbaşınalıq və etik prinsiplərin pozulması ilə bağlı yazılan tənqidlər və müzakirələr zaman-zaman geniş miqyas alıb. Lakin hələ də efirdə müşahidə olunan qayda pozuntularının, neqativ halların aradan qaldırılması istiqamətində əməli addımlar atılmır. Narazılıqlar isə böyüyərək sosial "boom" səviyyəsinə keçid almağa çox yaxındır. Ümumiyyətlə, Azərbaycan teleməkanında nələr baş verir? Həqiqətənmi proqramlar izləyicinin tələbi əsasında formalaşır, yaxud tamaşaçıların görmək istədiyi proqramlar bunlardır?  Bəs, belə bir vəziyyətdə olan Azərbaycan teleməkanının xilası mümkündürmü?

Bu məsələləri media hüquqları üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli ilə müzakirə etdik.

"Bizim telekanallar Azərbaycan auditoriyasını itirib"

- Ələsgər bəy, bir tamaşaçı kimi Azərbaycan telekanallarına baxırsınızmı və razısınızmı?

- Mən bir tamaşaçıdan daha çox ekspert kimi telekanalları qiymətləndirmək üçün onlara nəzər salıram. Davamlı şəkildə televiziyaya baxıram desəm, yalan olar. Amma ümumi şəkildə sistemli monitorinqlər apara bilirəm. Ümumiləşdirilmiş qənaətim isə belədir: təəssüf ki, telekanalların ümumi vəziyyəti Azərbaycan cəmiyyəti üçün çox ciddi şəkildə adekvat deyil. Yəni bəzən bizdə belə bəhanə uydururlar ki, guya tələb budur. Dolayısıyla o efir aşağıdan yuxarı formalaşan tələbə görə şəkillənir. Əslində isə elə deyil, tələb tamam başqadır, yəni bu istiqamətdə daha peşəkar, informativ, aktual, prüalist tələb var. Televiziyalar isə bu tələblərə cavab vermir. Bu baxımdan bizim telekanallar ilk növbədə Azərbaycan auditoriyasını itirib. Bizim tamaşaçıların "prime time" reytinqinə baxanda görürük ki, yerli telekanallar o sıralamada aşağı yerlərə düşüb, nəinki türk, yaxud rus telekanalları. Adicə bir real məqamı deyim: biz bilirik ki, Bakı kimi böyük şəhərdə televiziyalar yerüstü qurğularla yox, daha çox kabellər, internet üzərindən ötürülür. Bu kateqoriyada Azərbaycan televiziyalarını, ümumiyyətlə, izləyən yoxdur. Faktiki olaraq çox az təbəqə izləyir, onlar da adətən, rəsmi funksiya daşıdığı üçün rəsmi xəbərləri dinləmək məcburiyyətindədir ki, çıxarılan qərarlardan xəbərdar olsunlar. Yerli telekanalları kəndlərdə də az izləyirlər, çünki orada da peyk antenaları var və tamaşaçı daha çox türk telekanallarına yönəlib. Əgər Bakı istisna olsa, türk telekanallarına baxılma üstünlüyü regionlardadır. Xüsusən seriallara və hər gün müxtəlif kanallarda yayımlanan siyasi debatlara baxırlar. Mən regionlara təlimlərə gedərkən müxtəlif insanlarla təmasda oluram. Burada diqqətimi çəkən məqam o olur ki, onlar Türkiyənin gündəmini daha yaxşı izləyirlər. Bizim tamaşaçılar orada hansı siyasi partiya nə dedi, proseslər necə cərəyan edir, seçkilər necə olacaq və s. haqda məlumatlıdırlar. Yəni insanlar yaşadığı yerdən yüz kilometrlərlə uzaq şəhərlərin problemlərini bir-bir saya bilirlərsə, demək, gündəmləri ora ilə bağlıdır. Azərbaycana gələndə isə sanki mövcud reallıqla qeyri-ixtiyari barışıblar, yerli telekanallar standart televiziya ehtiyaclarını qarşılamaq üçün deyil. Yəni cəmiyyət bunu qəbul etdiyi üçün ortada ciddi bir tələb də yoxdur.

Məsələn, Azərbaycan televiziyalarının xəbərləmə siyasəti bərbad vəziyyətdədir. Yalnız rəsmi xəbər düzümündən başqa heç nə yoxdur. Təsəvvür edin, nə qədər aktual xəbər olsa da, siz onu xəbər lentində bəlkə, sonuncu yerdə taparsınız. Hansı ki normal televiziyaçılıqda gündəm xəbər birinci olmalıdır. Amma düzülüş ənənəvi olaraq, Əli Həsənovun vaxtında necə idisə, indi də elədir. Dəyişən bir şey yoxdur. Telekanallarda təsisçi başqadır, maliyyəçi başqadır, ancaq düzülüşlər hamısında eynidir. Bu, həm də sistemin eyni mərkəzdən idarə olunması mənasına gəlir.

"Yerli teleməkanda Azərbaycan auditoriyasının ehtiyacları qarşılanmır"

- Nə zamansa telekanallarımızda xəbər düzümü qənaətbəxş idi?

- Ümumiyyətlə, Azərbaycanda ilkin müstəqillik dövründə yaranan Sara, Space, ANS telekanallarının ilkin dönəmlərində mümkün qədər bu qaydadan çıxan və aktuallığı önə çəkən kanallar və xəbər departamentləri var idi. Amma son 10-15 ildə hansısa televiziyanın bundan kənara çıxa bildiyini deyə bilmərəm. Hətta 2007-ci il ANS TV bağlanıb yenidən açılandan sonra o da bu standarta uydu. Bundan başqa Azərbaycanda ən ciddi gözləntinin biri 2005-ci il İctimai TV yarananda idi. Çünki kanal həm ayrıca qanunla yaradılmışdı, həm də İctimai televiziyanın fəlsəfəsi dünyada, xüsusilə Avropada cəmiyyətin maraqlarını təmin etməkdir deyə, gözləntilər böyük idi. Yəni konkret olaraq bir qrupun, bir siyasi tərəfin marağı deyil, bütünlükdə cəmiyyətin marağı idi. Əgər diqqətlə baxsaq, 2005-2010-cu illərdə İctimai TV-də buna cəhdləri gördük. Doğrudur, o çərçivə də standart deyildi, ancaq İsmayıl Ömərov ən azından fərqli televiziya yaratmağa çalışırdı. Amma çox qısa müddətdə məlum oldu ki, bu, mümkün deyil. Sonrakı mərhələdə Cəmil Quliyevin, indiki mərhələdə isə Balakişi Qasımovun rəhbərlik etdiyi İctimai TV faktiki olaraq hətta AzTV-dən də geri qalır.

AzTV-də isə Arif Alışanovun dövrü ilə bu günü müqayisə etsək, görərik ki, aktual məsələlərin müzakirəsi, nəzarətli olsa da, var. Məsələn, Nailə xanımın verilişinə fərqli düşüncələrdə olan fərdlər dəvət olunur və s. Bu, bütünlüklə real prüalist müzakirəyə imkan verməsə də, fərqli, alternativ fikirlərə müəyyən pəncərənin var olması deməkdir. İctimai TV-də isə heç bu da yoxdur, orada hələ də qara siyahılar, efirə çağırılması qadağan olan müstəqil ekspertlər var. Özəl kanallar isə daha çox reklam və sponsor gəlirləri qayğısının altında özlərini itiriblər. Ümumiyyətlə, telekanalların informasiya siyasəti çox səthidir və daha çox gündəmi popilist, şou-biznes, "şokedici" məsələlərlə məşğul etməkdir. Ona görə, yekun olaraq deyim ki, yerli teleməkanda Azərbaycan auditoriyasının ehtiyacları qarşılanmır.

"Telekanalın efirdən kimisə qovmaq sərbəstliyi ola bilməz"

- Bu gün telekanallarda etik prinsiplərə nə dərəcədə əməl edilir?

- Burada ciddi, bir az da obyektiv problem budur ki, Azərbaycanda ümumiyyətlə, etik prinsiplər deyəndə 2000-ci illərə qədər hər qurumun özünə uyğun bir etik standartları var idi. Amma 2003-cü ildə Mətbuat Şurası yaradıldı, xüsusən çap mediası və onlayn media jurnalistləri birləşdilər, bir az da ictimai sektor, millət vəkilləri prosesə dəstək verdilər. Mətbuat Şurasının özünün etik davranış qaydaları formalaşdı. Ancaq bu qaydalar televiziya jurnalistikasına aid olmadı. Faktiki olaraq bu gün televiziya jurnalistikası üçün əllə tutulası bircə etik qayda nümunəsini görə bilməzsiniz. Hətta nə televiziyaların özlərinin saytına etik kodeksləri var, nə də, deyək ki, ofislərinə getsək, orada həmin kodeksi divardan asılmış görə bilərik və ümumiyyətlə, belə bir sənədin mövcudluğuna da şübhə var. Ən azından qurumun öncəlikləri baxımından onların hansısa ictimai standartları da mövcud deyil. Və bunlar praktikada da özünü göstərir: efirə uyğun davranmayan aparıcılar yenə də orada çalışırlar, heç birinin əmək müqaviləsinə xitam veilmir. Bu bir daha onu göstərir ki, telekanallarda belə bir qayda yoxdur.

Televiziyaların digər bir problemi də odur ki, teleradio sahəsi spesifik sahəsidir, yəni ümumi jurnalistikadan fərqli olaraq teleradio jurnalistikasının bir öhdəliyi də var, bu da lisenziyadan doğan öhdəlikdir. Televiziya və radio onlayn və çap mediası kimi sıradan bir adamın istədiyi zaman təsis edib veriliş və proqramlar yayımlaya biləcəyi sahə deyil. Bunun üçün xüsusi icazə sistemi var. Bu, ona görə zəruridir ki, burada məhdud resursu olan milli tezlikdən istifadə olunur. Yəni hər yerindən duran televiziya aça bilməz, bunun üçün hökmən bir standart, kadr potensialı, avadanlıq, bina olmalıdır. Bu aspektdən baxanda teleradio jurnalistikası sadəcə etik yox, həm də hüquqi öhdəliklər daşıyan sahədir. Bu hüquqi öhdəliklərə özününəzarət yox, dövlət nəzarəti var. Amma bütün bunlara baxmayaraq, Azərbaycan telejurnalistikasının etik problemlərini bu günə qədər cəmiyyət hər gün desə də, hətta qəzəblə gündəmə gətirsə də, buna yönəlik nə normal hüquqi addım, nə də özünütənzimləmə mexanizmi görürük. Bu baxımdan Teleradio Şurası rəsmisinin açıqladığı kimi, "Özləri bilərlər, kimi istəsələr, dəvət edərlər" prinsipi əslində telekanallar üçün hakim anlayışdır. Necə yəni kimi istəsə, dəvət edər? Birincisi, televiziyanın öhdəliyi var ki, cəmiyyət üçün faydalı, aktual, örnək olan nümunələri efirə çıxarsın, başqalarının hüquq və azadlıqlarına toxunmasın, ona müdaxilə etməsin və təhqirə yol verməsin. Bunlar standartlardır və kanallar bu çərçivədə istədiyi şəxsi qonaq çağıra bilər. Efirdən kimisə qovmaq sərbəstliyi də ola bilməz. Əgər qonaq qanunu pozur, tamaşaçısına hörmətsizlik edir, etikadan çıxırsa, o zaman yayımı dayandırıb həmin şəxsə demək olar ki, buranı tərk et.

"Cəmiyyəti özü ilə bağlı informasiyanı öz telekanallarından almadığı zaman milli təhlükəsizlik problemi yaranır".

- Efirdə yaşanan neqativ hallar hüquqi baxımdan necə tənzimlənir?

- Jurnalistikada ən önəmli məqam odur ki, onun qiymətləndiricisi auditoriyasıdır, cəmiyyətdir. Belə olan halda, bu toplum qarşısında iki öhdəlik ortaya çıxır - biri etik, o biri hüquqi öhdəlik. Etika jurnalistin öz peşəsinə sədaqətidir. Yəni jurnalist rüşvət almayacaq, tərəf tutmayacaq, balansı qoruyacaq, obyektiv, tərəfsiz, operativ olacaq, məsələdə ictimai əhəmiyyəti öndə tutacaq və s. Hüquqi standart isə zövqlə bağlı deyil. Jurnalistin başqasının hüquqlarına, mənafelərinə zərər verməmək, cəmiyyətdə ayrı-seçkilik yaradacaq çağırışlara, terrora təşviq etməmək və digər bu tipli öhdəlikləri var. Hüquqi cəhətə gəlincə, fərd atdığı yanlış addıma görə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquq bunu öz-özünə tənzimləmir. Əgər bunu edən jurnalistdirsə, o, fərdi məsuliyyət daşıyır, hər hansı X kanalının əməkdaşıdırsa, onunla birgə kanal da məsuliyyət daşıyır. Bu ortaq məsuliyyət həm inzibati, həm də mülki qaydada olan məsuliyyətdir. İnzibati məsuliyyət dedikdə, tutalım lisenziya şərtləri pozulub deyə, efiri dayandırmaq cəzası verilə bilər, mülki məsuliyyətə görə isə vurulan zərərə uyğun kompensasiya ödəməli olar. Bunlar da televiziyanın məsuliyyətidir. Bir addım yuxarı baxsaq, lisenziyanı verən qurum - Audiovizual Şura da məsuliyyət daşıyan 3-cü tərəfdir. Şura nəzarət etməlidir ki, yayımçı qanunun tələblərinə uyğun davransın. Əgər bu pozulubsa, Şura addım atmaldır - xəbərdarlıq, cərimələmə, lisenziyasının müəyyən müddətə, yaxud birdəfəlik fəaliyyətinə xitam vermə və s. Bəs, bütün bunlar olmadıqda nə baş verir? Tamaşaçı telekanallara arxasını çevirir, əvəzində gedib, hətta söyüş söysə də, hansısa bir Yutub kanalına baxır. Bu zaman isə Azərbaycan cəmiyyətində ən önəmli problem olan informasiya təhlükəsizliyi və milli təhlükəsizlik problemləri doğmağa başlayır. Bizim televiziyalar bilərəkdən, ya bilməyərəkdən Azərbaycanın informasiya təhlükəsizliyinə zərər vurmaq yolundadır. Azərbaycan cəmiyyəti özü ilə bağlı informasiyanı öz telekanallarından almadığı zaman milli təhlükəsizlik problemi yaranır. Biz addım-addım buna doğru gedirik. Bizim cəmiyyət informasiya cəhərdən xaricdən asılı qalıb, onlara daha çox güvənir. Bu da zaman-zaman həmin o cəmiyyəti rahat şəkildə monupulasiya etmək imkanı yaradır.

- Sizcə, Audiovizual Şura narazılıq doğuran məsələlərdə öhdəliyini yerinə yetirə bilirmi?

- Audiovizual Şuranın sələfi olan qurum yarandığı gündən öz funksiyasını lazımi səviyyədə icra edə bilməyib. Bunun səbəblərindən birincisi odur ki, hüquqi qanunvericilik bazası yetərli deyil. Bu tipli qurumların təməl fəlsəfəsi budur ki, onlar dövlət yox, hökumət qurumlarıdır. Sual oluna bilər ki, fərq nədir? Dövlət daha geniş anlayışdır və burada fərqli qurumların, siyasi düşüncələrin təmsilçiliyi anlayışı var. Hökumət isə sadəcə bir siyasi düşüncənin təmsilçisidir. Bizdə bunu hökumət qurur və hər zaman "Hökumətin dediyi doğrudur" düşüncəsilə hərəkət edən, müstəqilliyi ciddi olmayan bir qurum halına gəlir. Təbii ki, bu, obyektiv imkansızlıqdır. Bunun üstünə bir də üzvlərin yetərsizliyi, onların məsələyə peşəkar yanaşma qabiliyyətinin, media sahəsində uzunmüddətli təcrübələrinin olmaması da əlavə edilir. Bütün bunlar toplanır və nəticədə Audiovizual Şura hər hansı bir məsələdə qərar qəbulu üçün hansısa məmurdan rəy gözləyir. Misal üçün, efirdə təzəlikcə bir hadisə baş verib, cəmiyyət bir həftədən çoxdur ki, obyektiv və hüquqa uyğun addım gözləyir. Ancaq bu qurum sadəcə bir sözçü vasitəsilə telefonu cavablamaqla işini bitmiş hesab edir. Əlbəttə ki, bu onun öz funksiyasını yerinə yetirə bilməməsini sübut edir. Əgər cəmiyyət narahatdırsa, məsələni həll edəcək addım atılmalıdır. Bu tendensiya illərdir ki, belə davam edir, sadəcə son hadisə partlayış nöqtəsi idi.

"İnformasiya texnologiyaları toplumu informasiyasız vakkumda saxlamağa imkan vermir"

 - Ələsgər bəy, efirimizdə ciddi simalar və faydalılıq əmsalı olan proqramlar niyə yox dərəcəsindədir?

- Ona görə yoxdur ki, bu sahə üzrə rəqabətli lisenziyalaşma yoxdur. Yəni lisenziya alan şəxslər imtiyazlı şəxslərdir. Deyək ki, siyasi, ideoloji, oliqarxik imtiyazlıdır və s. Bunlar isə obyktiv seçim deyil. Dolayısıyla, rəqabət olmadığı üçün onların itirilməsi, yaxud qazanılmaması qorxusu da yoxdur. Çünki necə davranır-davransın, kimsə ona bir şey deyə bilməz, ya da belə deyək, onun sabah lisenziya ala bilməmək tərəddüdü yoxdur. Çünki rəqabət mühiti yoxdur ki, bu ala bilməsə, başqası alsın. Birinci səbəb buradadır və biz lisenziyalaşma işinə yenidən baxmalıyıq.

İndi isə keçək peşəkarların və peşəkar proqramların yoxluğu məsələsinə. Peşəkarlar və peşəkar proqramlar ona görə yoxdur ki, əsl peşəkarlar həmişə tərəfli yox, obyektiv danışarlar. Əgər verilişin məqsədi sadəcə təbliğatdırsa, deməli, bu, media deyil. Bizim telekanalların böyük hissəsi öz işini təkcə təbliğat üzərində qurur. Yəni sadəcə yaxşını görməlisən, pisi görə bilməzsən. Belə olan halda, peşəkar ekspert gəlib özünü orada gülünc vəziyyətdə qoymaq istəmir. Məsələn, mənim bir ekspert kimi bir şərtim olur - ancaq canlı proqramlara qoşuluram, çünki canlı yayımda montaj mümkün deyil və mən tərəfli təqdim olunmayacam. Bilirəm ki, məni 5-10 adam izləyirsə, bilir ki, düzünü deyəcəyəm. Yəni peşəkarlar bu aspektdən efirlərdə daha az görünürlər. Digər tərəfdən, bu proqramı hazırlayanların bəlli bir siyahısı olur və bilirlər ki, məsələn, bir adam hər şeydən bir az danışacaqsa, o, təhlükəlidir və s. Belə olanda isə cəmiyyət gözləntisini ala bilmir. Belə deyək, hər gün eşitdiyi şeyi təkrar eşitmək cəmiyyət üçün yenilik deyil. Hətta yaxşı şeyləri belə. Gerçək tamaşaçı auditoriyası rəngarənglik istəyir, həm də fikir rəngarəngliyi. Bu olmayanda isə tamaşaçı öz ehtiyacını başqa yerdə qarşılamağa meyillənir. Bu çox önəmli məsələdir. Günümüzün informasiya texnologiyaları bir toplumu bütünlüklə informasiyasız vakkumda saxlamağa imkan vermir. Cəmiyyət özü o informasiyanı alacaq. Amma bunlar cəmiyyəti dövlət üçün təhlükəli hala da gətirə bilər. Bu gün on adamdan biri deyir ki, yerli kanallara baxır, digər 9-u ya ümumiyyətlə, televiziya izləmir, ya da xarici kanallara baxır.

"Günümüzün insanı media savadlılığı problemi yaşayır"

- Danılmaz faktdır ki, bu gün sosial şəbəkələr həm xəbərçilik baxımından kütləvi informasiya vasitələrini qabaqlayır, həm də ictimai rəyə önəmli təsir göstərə bilir. Necə etmək olar ki, media bu resursların imkanlarından tam yararlana bilsin?

- Bu sadəcə bizim medianı narahat edən məsələ deyil, artıq bir neçə ildir ki, bu məsələ ciddi şəkildə bütün dünyada çox tanınmış jurnallara və qəzetlərə də təsir edir. Onlar ya sosial aləmə transformasiya olunur, ya da yayımını tamamilə dayandırır. Rəqabətə dayanıqlı olmaq üçün mövcud imkanları düşünərək addım atılmalıdır. Bilirik ki, qəzetlər xəbər vermək funksiyası sürətə davam gətirmədiyinə görə uduzur. Demək alternativ kimi onlayn mühitə transformasiya olunmaq, insanların daha çox istifadə etdiyi mobil tətbiqlərə keçid etmək lazımdır. Geriyə dönə bilmərik, çünki proses irəli gedir. Peşəkarlığımızı qorusaq, xəbərləmə siyasətimizi və hadisələrə özümüzün baxış bucağımızdan daha yaradıcı baxmağı saxlasaq, rəqabətə davam gətirə bilərik. Günümüzün insanı ciddi şəkildə media savadlılığı probemi yaşayır. Media savadlılığı dediyimiz məqam budur ki, biz qarşımıza çıxan hər informasiyaya inanmamalıyıq, hökmən onun etibarlılığına əmin olmalı, avtomatik  olaraq hər xəbərə inanıb onu doğru xəbər kimi tirajlamamalıyıq. Bu qayda əvvəl jurnalistlər üçün keçərli idisə, indi hamı üçün keçərlidir. Media savadlılığı inkişaf etməlidir. Biz cəmiyyətə aydın şəkildə ciddi mesajlar verməliyik ki, bütün informasiyalar doğru deyil, dezinformasiyalar, saxta və uydurma xəbərlər daha çoxdur.

"Medianın yeganə üstün silahı  etika və peşə standartıdır"

- Cəmiyyətimizdə TikTok ən çox narazılıq doğuran tətbiqdir. Hətta zaman-zaman onun bağlanmasının vacibliyi haqda fikirlər də dolaşır. Sizcə, bu fikir doğrudurmu?

- Mən innovativ proseslərə açıq olmanın zəruriliyini düşünən adamlardanam. İstənilən yenilikdə neqativ elementləri olur, amma məsələyə təkcə bu neqativlər üzərindən yanaşmaq doğru deyil. Feysbuk ən sürətli inkişaf edən və 2 milyarddan çox insanı birləşdirən tətbiq olsa da, TikTok onu keçə bilib.  O, Feysbukun qazandığını iki dəfə tez qazandı. Bu aspektdən baxanda TikTok daha sürətli, daha innovativ tətbiqdir. Mən sosial platformalarda zərərli-xeyirli ayrı-seçkiliyinə qarşıyam, kontent üzərindən danışılmalıdır. Bütün sosial platformaların üzərinə yaxşı, yaxud pis kontent qoymaq olar, amma bunun günahı tətbiqlərdə deyil.

- Şərait var, internet resursları var, informasiya əlçatanlığı var, ancaq media orqanlarının nüfuzu yoxdur. Məsələ tək bir media subyektindən getmir, ümumi götürdükdə nə etməliyik ki, medianın nüfuzu artsın?

- Medianın yeganə üstün silahı etika və peşə standartıdır. Media bunu qoruyaraq hər zaman güvənilirliyini və auditoriyasını saxlayacaq. Əgər hansısa media o çərçivədən çıxıb geri addım atdısa, yaxud sarı mediaya yönəldisə, o zaman dayanıqlı ola bilməz. Hətta bu BBC olsa belə. Zaman-zaman müşahidə edirəm, bəzi xarici mənbələrin Azərbaycan xidmətləri qurşaqdan aşağı yayımlara keçiblər ki, auditoriya qazansınlar. Bu, tam mənasızdır. Bunu ancaq gerçək auditoriyanı itirmək bahasına əldə etmək mümkündür ki, bu da heç vaxt daimi, qalıcı ola bilməz.

 

Afaq RZA

525-ci qəzet 2022.- 9 iyul.- S.10-11.