Bir axar su tək Yaşamaq...
Tanrım,
gözəldi çarmıxda
İsa tək
bir an yaşamaq.
Bir axar su
tək səndən də
Heç nə ummadan yaşamaq.
Özümü xəyal qırıqlığına
uğramış, utanmış, günahkar kimi hiss eləyirəm. Bu hissin mənə
anlatdığını bütöv bir ömür anlada bilməz.
Günlərin bir günü anladım ki, əgər
sonuclara, nəticələrə bağlı deyilsənsə,
həyatda heç bir şey qorxuducu deyil. Yəni
heç kimdən heç nə istəməyəcəksən.
Bir də, yaşamaq sənin üçün
mübarizəyə deyil, həyat tərzinə çevriləcək.
Və onda acı çəkməyin Tanrıya gedən tək
yol olduğunu söyləyən adamlara güləcəksən...
I
AZADLIQ
Kimik biz?
İnsanı əzabdan qurtarmağa yox,
günahdan təmizlənməyə çağıran, minlərlə
vəd verib heç birini yerinə yetirməyən bir gücə
tapınan axmaqlar sürüsü.
Əzabdan qurtarmağın yüzlərcə yolu ola-ola
günahdan "təmizlənmək" yolunu tutmaq
axmaqlıq deyil bəs nədir?!
Bəlkə də heç bunları yazmayacaqdım. Çünki
İsa İncildə deyir ki, heç kimi mühakimə etməyin.
Nə cür mühakimə etmisinizsə, elə
onunla da mühakimə olunacaqsınız.
Mən kimisə, nəyisə mühakimə etmək
fikrindən uzağam. Çünki suçladığın şey bir
gün səni ittiham eləyəcək, mühakimə elədiyin
bir adam da bir gün özün olacaqsan.
Mən həmişə yazmaq istəmədiklərimi
yazdım.
Çünki yazdıqlarımı mən yazmadım ki!
Birdi bir
kimsə bilməsin,
Ad günü Adəmlə İblisin.
Mən
bilirəm ki, hər kəsin,
İblislə ortaq bir yanı var.
Dərdimə
bax, gülür ahı,
Gir könlümə çör allahı.
Hamının
tək bir allahı,
Hər kəsin öz şeytanı var.
Bəli, hamının bir allahı olsa da, hər kəsin
öz şeytanı var. Hamı öz şeytanı ilə təkbaşına
savaşır.
Mən həmişə düşünmüşəm
ki, yaltaqlıq qorxunun doğurduğu sindromdur. Yəni qorxan kişi
yaltaq, yaltaq kişi, əclaf və riyakar olur. Ancaq
bu yaxınlarda anladım ki, yaltaqlıq üçün bu tam
və mükəmməl tərif deyil.
Yəni bir kişidən qorxmadan da kiməsə
yaltaqlanmaq olar.
Təki paxıllıq, həsəd ucundan başqasının
həyati məsələsinə çevrilmiş bir iş
pozulsun. Bu cür yaltaqlığın
adını ifadə eləmək üçün Azərbaycan
dilində söz tapmadım. Ya dilimiz zəngin
deyil, ya da biz hələ yaltaqlığın
anatomiyasını sonacan öyrənməmişik.
Düşündüm ki, nə yaxşı, mən bu
adamların içində:
Yoxam, mən
burda yoxam,
Özüm deyiləm yəni.
İçimdəki
bir külək,
Alıb aparıb məni.
Həyatı heç bir gözlənti, heç bir
şey gözləmədən yaşamaq, heç bir sona və
nəticəyə ehtiyac duymadan yaşamaq. İnsanın
ən böyük azadlığı budur, məncə.
Anlaşılmadı deyəsən, bir az
da aydınladım - sevmək yox, sevginin özü olmaq. Yəni malik olduğun sevgi ilə nəsə əldə
eləmək yox, bu sevgi ilə nəsə vermək. Daha
doğrusu:
Sevdim,
sevib canı atdım,
Başımdan
sevdanı atdım,
Öldüm,
ölümdən qayıtdım,
Ölüm
məni tanımadı
Ölümün tanımadığı sevgidi
azadlıq.
II
FƏRQ
İnanclı adamlar, dindarlar, şeytan olmaq istəyən
adama, "mən Tanrı olmaq istəyirəm" deyən
adama hirslənib qızdıqları qədər qızmazlar.
Nədən? Axı şeytan olmaq Tanrı olmaqdan daha
pisdir. Biz yaranışdan günahkar
doğulduğumuzu bizə söyləyən dinləri də
bu cür yaratdıq. Biz bizə
doğuluşdan günahkar olduğumuzu anladan dinlərə nə
cür tapındıq? Doğuluşdan bizi
günahkar adlandıran bir düşüncəni nə
cür sevə-sevə qəbul eləməyimiz, onu söyləyəni
göy üzünə qaldırıb, tabuya çevirməyimiz,
qarşısında ikiqat əyilməyimizin bir adı var -
abdallıq. Dahi Ü.Hacıbəyovun "O olmasın,
bu olsun" əsərindəki Məşədi İbadın
günündəyik biz: "Məni təhqir eləməyin
azmış kimi, hələ mənə əl
də verirsən?"
Anlada bildimmi görəsən? Mən
anlatdım, ancaq heç kim anlamaq istəməyəcək.
Günlərin bir günü uzun illər dostluq elədiyim
bir yəhudi məndən soruşdu ki, sizinlə bizim (musəvi
ilə müsəlmanın) aramızdakı əsaslı fərqin
nə olduğunu bilirsənmi? Özü də cavab verdi:
- Biz başı, siz yaşı (çox) olanlara hörmət
eləyirsiniz. Sonra qayıtdı ki, başın yaşa dəxli
yoxdu...
III
HEYVANLARA
HEYRANLIQ DUYĞUSU
Mən insanın böyüklüyünə həmişə
inandım. İnandım və sevdim. Ancaq
günlərin bir günü bu inam da, bu sevgi də bitdi.
... Bir qurd ovunun yarısını yeyib, doyduqdan sonra
qalan yarısını buraxıb getdi. Heyrətləndim.
Sonralar öyrəndim ki, bütün heyvanlar doyduqdan
sonra, əziyyətlə ovladığı ovu buraxıb gedir.
Bəs adamlar?
Adamları
buraxıb heyvanları sevməyim, heyranlığım bu
üzdəndi:
Əgər
bu ruh təmizdisə,
Bu bədəndə ölümü nə?
Öldür
məni, eh, onsuz da,
Hamı qaçır ölümünə.
Və hərdən mənə elə gəlir ki, bu
adamların əlindən qaçıb getməyə bir yer
var - ayaqlarım, açmağa bir qapı var - üzüm
yox.
Mən Allaha dərdə, aha bürünmüş zaman
adlı yol bilirdim. Yazıq yola! Vaxt öldü.
Vaxt
öldüsə, gələcək heç gəlməyəcək:
Yeddi rəng
bir rəngdi daha,
Səslər
də yek rəngdi daha,
Hamı tənha,
təkdi daha,
Gələcək heç gəlməyəcək.
IV
ÜMİDSİZ MAHNILAR
Gəzdiyim yerlərin ən kədərlisi, unudulmazı
Afrikadı. Neçə gündür CAR da bir kənddə zənci
qadınların xorla oxuduğu kədərli mahnının səsi
qulaqlarımdadı. İndi uzaqlarda qalan o
kədərli mahnının səsi oldürür məni.
O
ayaqyalın, çılpaq uşaqları unuda bilmirəm. Mən elə bilirəm, dünyada ən kədərli
nəğmələr onların oxuduğu nəğmələrdi.
Çünki o nəğmələrdə ümid adına heç nə yoxuydu. Və mənə
elə gəldi ki, bütün dünya, hətta allah belə onları unudub. Lap
bizi unudan kimi.
V
GÖSTƏRİR BAKI
Şeytanın Allah olmaq istəyi varmı görəsən?
Bu sual uzun illərdir məni
düşündürdü.
Birdən-birə
televiziya kanallarının ekranlarından "ana-bacı",
"var-yox" söyüşünü eşidəndə
şeytanın allah olmaq istəyinin
olması qənaətinə gəldim. Onun cənnətdə
allaha olan ilk ehtirazının sonda buna gətirib
çıxaracağını bütün mələklər
bilirdi. Ancaq açıb
ağartmadılar.
Televiziya
ekranlarından xalqın mavi bildiyi müğənniciklərin,
7 dəfə ərə, 77 dəfə "nəyəsə"
gedən qarımış artistlərin xalqa ailə-məişət
zəminində dərs keçməsi şeytanın allah
olmaq istəyinə oxşayır. Bunları ora kim
buraxır görəsən:
İlahi,
sən mənə bir az səbr ver,
Hisslərin əlindən qopar çək məni.
Yoxsa ki,
tezliklə dəlisov ürək,
Bir qəfil ölümə çəkəcək məni.
Televiziya və mətbuat bu gün dünyanı şəkilləndirən
ən böyük güc mərkəzidi, məncə.
Qloballaşan dünyada yeni dünya düzəni
hazırlamağa çalışan sözdə azadlıq
aşiqi olan Avropa və Amerika (təbii Rusiya da) ordusuz və
döyüşsüz dövlətləri və xalqları fəth
eləməkdə.
Azərbaycanın televiziya proqramlarına baxdığınızda
bir yalan dənizində üzdüyünüzü görəcəksiniz. Ruhunuz,
dünyagörüşünüz, həyatınız belə
televiziyanın və medianın təhdidi altındadır.
Oxuduqlarımız yalan, izlədiklərimiz
yalan. Televiziyalar gözlərimizə baxa-baxa yalan
söyləyib əslində var olmayan "yaxşı" və
"pis" şeylər yaradır, yaratdıqları ilə
beynimizi və ruhumuzu təmizləməyə
çalışırlar.
Ən böyük dərd odur ki, adət-ənənələrimiz,
milli dəyərlərimiz köhnəlik adı ilə
unutdurulmağa çalışılır. Əgər adət-ənənə
köhnəlmiş dəyərdisə, bəs onda min illik gələnəklərindən
bircə addım da sapmamış, dünya nəhənginə
çevrilmiş Yaponiyanı neyləyək, ipəyi kəşf
elədiyi gündən bu günə adət-ənənəsindən
vaz keçməyən, dünyanı geyindirib-keçindirən,
bəsləyən Çinə nə ad verək.
Milli dəyərlərimizi
köhnəlik əlaməti sayıb gözdən salmağa
hesablanmış televiziya verilişləri və mətbuat
Amerika kəşfiyyat idarəsinin ünlü isimlərindən
olan Çozef Naunun dediyi kimi, yüngül güclə - yəni
silah işlənmədən xalqları və ölkələri
işğal eləməyə hesablanmış bir üsuldur.
Hələ
bu bir yana, araşdırmalara görə,
il boyu gündə bir saat seriallara, izdivac proqramlarına
baxanların mühakimə yürütmə qabiliyyətinin
sıfıra bərabər olduğunu hələ də
bilmirik. Mən təhlükənin haradan gəldiyini
bildiyim üçün istəyirəm deyəm ki, Avropa dəyərləri
deyilən bir dəyər yoxdu. Bəşəri dəyərlər
var. O, Şərqdə də ola bilər,
Qərbdə də.
Oxunan falabaxanların, kitab açıb tale
oxuyunların, verilişlərdə həyasız-həyasız
elm adamlarını təhqir eləyib cin qovanların hər
gün ekrandan bizləri - "pişiyin quyruğuna konserv
qutusu bağlayanların", ölü dirildənlərin nəvələrini
bu gün də nə cür
dolayıb-oynatdıqlarının fərqində deyilik. Hələ əxlaqsız,
arsız və pozğun "artist" və "müğənnilərin"
xalqa əxlaq dərsi oxumağını demirəm. O qədər
cahil və nadan olmaq lazımdır ki, oturub bu verilişlərə
baxasan.
Atanın qızını və gəlinini,
qardaşın bacısını zorlamasını, oğulun
atasını, qardaşın qardaşı qətlə yetirməsini
toy-düyün xəbəri kimi televiziya ekranlarından
tamaşaçılara çatdıran diktorların
cılız səsinin nəyə hesablandığını
bu xalq bilməlidir. Əsl məqsəd bu tükürpədici
hadisələri adiləşdirmək, cəmiyyəti bu hadisələrə
adi hal kimi baxmağa hazırlamaqdı. Millətə
bundan böyük xəyanət nə ola
bilər ki?!
Televiziyaların və mətbuatın bizi hara və nəyə
sürüklədiyinin fərqində deyilik. Biz onu da
unutmamalıyıq ki, bugünkü Avropanın mənəvi,
etnik əxlaqi dəyərləri İsanın İncildəki
əxlaqi dəyərləri deyil.
Sür
köşürü, ey ruhum sür,
Hamı
hesabla ah çəkib,
Hamı
hesabla hönkürür,..
Sevməyə dəli qalmadı.
VI
QİYAMƏT
Qiyamət çox yaxındı və Allahın
başı qiyaməti hazırlamağa
qarışdığından bəndələrini unutdu.
Allah
ayılıb baxdı ki,
Yetişib
qiyamət vaxtı ki;
Allahın
vaxtı yoxdu ki,
Bəndəsin xoşbəxt eləsin.
Biz bu
dünyaya kim olduğumuzu xatırlamaq
üçün gəldik.
20.04.2015
P.S. Daha məni
ovutmur,
Din, iman və sairə.
Kim
qapısın açar ki,
Bir allahsız şairə?!
P.P.S. Yadıma düşən bir şeyi də ərəb
təəssübkeşlərinə deməkdən vaz
keçə bilmirəm. Peyk vasitəsi ilə yayılıb, əxlaqsızlıq
təbliğ edən kanalların 100-də 99-u ərəb
kanallarıdır.
Rüstəm Behrudi
525-ci qəzet .-
2022.- 9 iyul.- S.16.