Təpəbaşı Yer
üzündən silinmək təhlükəsinin bir
addımlığında
MUSA QASIMLI: "AZƏRBAYCAN XALQININ TARİXİ
İRSİ UNESKO-nun GÖZÜ
QARŞISINDA DAĞIDILIR"
Ermənistan
beynəlxalq hüququn norma və prinsiplərinə
zidd olaraq Azərbaycan xalqına məxsus olan maddi və mədəni
irsin məhv edilməsi siyasətini bu gün də davam
etdirir. Azərbaycanın şanlı zəfəri
ilə başa çatan 44 günlük Vətən müharibəsindən
sonra bütün dünya azad edilmiş ərazilərimizdə
tarixi, dini-mədəni abidələrimizin tamamilə
dağıdıldığının, təhqir edildiyinin
şahidi oldu. 30 illik işğal
dövründə ermənilərin törətdiyi vandalizm
aktı həmin əraziləri ziyarət edən beynəlxalq
nümayəndə heyətlərini, diplomatik korpusların təmsilçilərini,
xarici KİV nümayəndələrini heyrətləndirdi.
Təəssüf ki, illərlə Azərbaycanın
beynəlxalq tribunalardan səsləndirdiyi faktlara aidiyyatı
qurumlar göz yumdular. Nəticədə isə
təkcə Azərbaycana üçün deyil, bəşəriyyət
üçün müstəsna dəyəri olan abidələr
məhv edildi.
Beynəlxalq qurumların susqunluğu, Ermənistanın
cəzasızlığı Azərbaycana qarşı mədəni
soyqırımın daha da genişlənməsinə səbəb
oldu. Bu
soyqırım hazırda Ermənistan ərazisində azərbaycanlılara
məxsus sonuncu maddi-mədəni irs
nümunələrinin dağıdılması, yer
üzündən silinməsi ilə davam etdirilir.
Ermənistanda
zaman-zaman azərbaycanlılar etnik təmizləməyə məruz
qalıb, soydaşlarımıza qarşı kütləvi qətl və
qırğınlar törədilib. Bu vandalizm aktı xalqımıza məxsus minlərlə
tarixi-mədəni abidələrin, yaşayış məskənlərinin
məhv edilməsi, özününküləşdirilməsi
ilə paralel aparılıb. Azərbaycan xalqının İrəvan
şəhərində mövcud olmuş İrəvan
qalası, Xan sarayı, Abbas Mirzə məscidi, Zal xan məscidi,
Dəmirbulaq məscidi, Sərtip xan məscidi, Hacı Novruzəli
bəy məscidi, Hacı Cəfər məscidi, Qantar
(bazarı) karvansarası, Hacı bəyim hamamı, Hacı
Əli hamamı, Axund Şeyxülislam hamamı və bu kimi
bir çox digər dini və tarixi abidələri məhv
edilib. Hazırda İrəvanda mövcud olan iki məscidi -
Hacı İmamverdi məscidi və Göy məscidi isə
Ermənistan fars məscidi adlandıraraq
taleyin hökmünə buraxıb. Bu gün XVII
əsrə aid olan Hacı İmamverdi məscidi tamamilə yox
olmaq üzrədir.
Paytaxt
İrəvan şəhərində Azərbaycan xalqına məxsus
sonuncu maddi-mədəni irs nümunələri
də məhv edilmək üzrədir. Onlardan
biri də Təpəbaşı məhəlləsidir. Bu ərazi Azərbaycan mədəniyyəti, o
cümlədən, bəşər mədəniyyəti
üçün son dərəcə önəmli əhəmiyyət
kəsb edir. Əgər təcili tədbirlər görülməsə,
Təpəbaşı da erməni vandalizminin qurbanına
çevriləcək. 2006-cı ildə Ermənistanda təsdiq
edilən İrəvan şəhərinin baş planında fars memarlığı kimi təqdim olunan azərbaycanlılara
məxsus memarlıq nümunələrinin yerləşdiyi
altı ərazi göstərilib. 2006-cı ildə
həmin ərazilərin ümumi ölçüsü 29
hektar idi. Onlardan bu gün yalnız Təpəbaşı
hissəsi (16 hektar) qalmaqdadır. Cəmi 16 il ərzində Ermənistanda Azərbaycan
xalqına məxsus memarlıq üslubunda tarixi şəhər
sayıla biləcək 13 hektar sahə tamamilə məhv edilərək
yerində müxtəlif infrastrukturlar inşa olunub. XIX əsrin I yarısında Təpəbaşı
hissəsində yerləşən küçə və məhəllələrin
adları Azərbaycan adları idi. Məsələn, Dərəkənd,
Axund, Xan bağları, eləcə də Əsəd bəy,
Adalyar, Təpəbaşı, İmarət və Daşlı
küçələrini sadalamaq olar. Hazırda Ermənistan
milli arxivində saxlanılan kameral təsvirlər həmin
küçə və məhəllələrin 190 il öncə
inventarlaşdırılmasını və etnik tərkibini
göstərən sübutlardır.
Bir neçə gün əvvəl Azərbaycan ictimaiyyəti
bununla bağlı UNESCO-ya müraciət ünvanlayıb. Müraciəti
imzalayan 102 nəfər tanınmış elm və ictimaiyyət
xadimi UNESCO-nu xalqımızın zəngin tarixi-mədəni
irsinin ermənilər tərəfindən məhv edilməsinin
qarşısının alınması üçün zəruri
addımlar atmağa çağırıb. Müraciətdə
vurğulanıb ki, vaxtilə azərbaycanlılardan ibarət
olan bu məhəllənin etnik tərkibi tarixin üç mərhələsində
(1918-1920-ci, 1948-1953-ci, 1988-ci il illər)
süni şəkildə dəyişdirilib və bu gün ermənilərdən
ibarət monoetnik məhəlləyə çevrilib. Burada yaşayan insanlar özlərini yerli irəvanlı
adlandırsalar da, onların çox kiçik bir qismi daha
öncədən bu ərazidə yaşadığına dair
sübutlar gətirə bilir. Lakin burada
yaşayanların böyük hissəsi 1920-ci illərdə hələ
İrəvan adlandırılan şəhərə qonşu
dövlətlərdən köçürülən ermənilərdən
ibarətdir. Həm Ermənistan, həm də Azərbaycan
arxivlərində bunu sübut edən minlərlə sənəd
saxlanılmaqdadır. Ermənistan dövləti
Təpəbaşıda yerləşən Hacı İmamverdi
(Təpəbaşı) məscidinin tarixini
saxtalaşdıraraq fars məscidi kimi dövlət
qeydiyyatına alsa da, abidənin qorunması ilə
bağlı heç bir tədbir görülmür və onun
uçulub dağılmasına şərait
yaradılır".
Qeyd olunub ki, uzun illərdir ki, şəhərin Təpəbaşı
hissəsinin taleyi ilə bağlı erməni ictimaiyyəti
ilə Ermənistan dövləti arasında müzakirələr
getməkdədir. Lakin bütün bu müzakirələrdə
Azərbaycan xalqının maddi-mədəni irsi məhvə
məhkum edilir.
2022-ci il 4 fevral tarixində Azərbaycan, Fransa, Ermənistan
liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin
videoformatda görüşünün nəticəsi olaraq həm
də UNESCO-nun Ermənistana və Azərbaycana
missiyalarının həyata keçirilməsi
planlaşdırılıb. Azərbaycan cəmiyyəti
uzun zamandır bu xəbəri gözləyirdi.
"Biz UNESCO-ya müraciət edərək xahiş
edirik ki, səfər zamanı öz üzərinə öhdəlik
götürən Ermənistanın paytaxtı İrəvanda
yerləşən tarixi Təpəbaşı məhəlləsi
də missiyanın gedəcəyi ünvanlardan biri olsun. Ümid edirik
ki, UNESCO-nun missiyasının fəaliyyətinə Ermənistanda
maneə törədilməyəcəkdir. Bu səbəbdən hələ də Azərbaycan
xalqının İrəvan şəhərində tamamilə
Yer üzündən silinməmiş yeganə memarlıq
kompleksində Ermənistanın və Azərbaycanın səlahiyyətli
idarələri ilə əməkdaşlıq edərək
tarix və mədəniyyət abidələrinin
hazırkı vəziyyətini qeydə almağa və gələcək
monitorinqi, onun nəticələrinin dərcini təmin etməyə
təcili ehtiyac var".
Müraciəti
ünvanlayanlardan biri millət vəkili, AMEA-nın müxbir
üzvü, professor Musa Qasımlı "525"ə deyib
ki, Ermənistan adlandırılan tarixi Azərbaycan
torpaqlarında minilliklər boyu yaşamış azərbaycanlılar
zaman-zaman buradan vəhşicəsinə qovulub, milli-mənəvi
irsimiz, tarixi-memarlıq abidələrimiz
məhv edilib və bu gün də bu barbar fəaliyyət
davam etdirilir. Həmin siyasətin nəticəsində
Ermənistan azərbaycanlıların artıq
yaşamadığı monoetnik ərazidir.
M.Qasımlı əlavə edib ki, Ermənistan hakimiyyəti
indi tarixi keçmişi, olan-qalan izləri silməklə məşğuldur. Belə fəaliyyətdə
başlıca məqsəd ərazinin tarixi, etnomədəni mənsubiyyətini
itirmək və Ermənistanı erməniləşdirməkdir.
Məhvetmənin
mərhələləri və üsulları barədə
danışan deputat söyləyib ki, bu məhvetmə prosesi
bir neçə mərhələdə baş verib və
müxtəlif üsullarla həyata keçirilib: "İlk
mərhələ ermənilərin çar Rusiyası tərəfindən
azərbaycanlılara məxsus torpaqlara
köçürülüb yerəşdirilməsindən
1918-ci ilədək davam edib. Bu mərhələdə
dövlətləri olmadığı üçün erməni
terror-siyasi təşkilatları qarışıq zamanlarda azərbaycanlılara
məxsus tarixi abidələri, məscidləri, mədrəsələri
dağıdıblar, yandırıblar. İkinci
mərhələ 1918-1920-ci illəri əhatə edir. Bu mərhələdə tarixi Azərbaycan
torpağında Daşnak Ermənistanı yaradılandan sonra
tarix və mədəniyyət abidələrinin
dağıdılması dövlət siyasətinə
çevrilib. Yerli əhali olan azərbaycanlılar
zorakılıqla yaşayış yerlərindən qovulub,
sonra tarixi abidələri, qəbiristanlıqları, dini inanc
yerləri dağıdılıb. Üçüncü
mərhələ 1920-1991-ci illəri əhatə edir. Bu mərhələdə Ermənistanda hakimiyyətə
gələn bolşeviklər daşnak siyasətini davam
etdiriblər. Ermənistan SSR-də azərbaycanlılara
məxsus tarix və mədəniyyət abidələrinin məhvi
bir neçə üsulla həyata keçirilib: həmin tarix
və mədəniyyət abidələrinin bərpasından
ötrü Ermənistan SSR-in dövlət büdcəsindən
vəsaitlər ayrılamayıb və baxımsızlıqdan
dağılıb; xarici ölkələrdən ermənilərin
gətirilərək yerləşdirilməsindən
ötrü azərbaycanlılar deportasiya ediliblər. Gəlmə ermənilər gəldikləri ərazilərdə
onlara məxsus olmayan tarix və mədəniyyət abidələrini
dağıdıblar. Azərbaycanlılar məxsus
yaşayış yerlərinin adları Ermənistan SSR Ali
Soveti Rəyasət Heyətinin qərarları ilə dəyişdirilib. Dördüncü mərhələ
1991-ci ildən sonradır. Bu mərhələdə
Ermənistan Respublikası həm daşnak Ermənistanının,
həm də Ermənistan SSR-in barbar siyasətini davam etdirib.
Həmin siyasət bir neçə üsulla həyata
keçirilib. Onlardan biri siyasi məqsədlər naminə
Göy məscidin fars məscidi kimi təqdim
edilməsidir. Amma məlumdur ki, İslam dinində
məscid ümmətindir və etnik mənsubiyyətlə
müəyyənləşdirilmir. Məscidi
Azərbaycan hökmdarları tikdirib. İkincisi,
Ermənistan hakimiyyəti yeni tikinti işlərinin
aparılması adı altında azərbaycanlıların əsasını
qoyduğu İrəvanın tarixi hissəsini, o cümlədən,
onların yaşadıqları Təpəbaşıdakı
tarix və memarlıq abidələrini dağıdır.
Görülən işlərin yeni şəhərsalma
ilə heç bir əlaqəsi yoxdur. Yuxarıda
qeyd edildiyi kimi, başlıca məqsəd ərazinin azərbaycanlılara
məxsus olduğunu göstərən tarixi, etnomədəni izlərini
itirib süni surətdə erməniləşdirməkdir".
M.Qasımlı
əlavə edib ki, belə bir sual yaranır: "Ermənistanda
azərbaycanlılara məxsus olan tarix və mədəniyyət
abidələrinin məhv edilməsi təkcə Azərbaycanı
deyil, bütün mədəni dünyanı narahat etməlidirmi?
Cavab aydındır: bəli! Çünki Ermənistan
hakimiyyətinin törətdikləri siyasi və hüquqi məsuliyyət
yaradır. Beynəlxalq konvensiyaları
pozan Ermənistanın siyasəti tarixi-memarlıq irsə
qarşı vəhşiliyin nümunəsi olduğundan siyasi
və hüquqi qiymətini də almalıdır. Ancaq gerçək vəziyyət necədir?
Gerçəklik odur ki, dünya mədəniyyəti yaradan Azərbaycan
xalqının tarixi irsi UNESKO-nun gözü
qarşısında dağıdılır. UNESKO
isə susur, qulaqları kar, dili lal, gözləri kordur. Təşkilatın belə davranışını
Ermənistanın 30 ilə yaxın işğal altında
saxladığı ərazilərimizdə
dağıdılmış abidələrimizə münasibətdə
artıq görmüşük. Deməli,
UNESKO kimsəyə dərs vermək üçün mənəvi
haqqını itirib. Əslində ermənilərin
dağıtdığı abidələrə biganə
qaldıqca bu təşkilat da özünü mədəni
dünyanın gözündə dağıdır və qəbirə
qoyur".
Pərvanə
SULTANOVA
525-ci qəzet .- 2022.- 9 iyul.- S.6.