Ömər Faiq Nemanzadə və
"Molla Nəsrəddin" jurnalı
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru
Azərbaycan xalqının ictimai və
milli şüurunun oyanması və formalaşmasında
müstəsna xidmətləri olan görkəmli publisist,
yazıçı, müəllim, naşir, tənqidçi və
dövlət xadimi Ömər Faiq Nemanzadə türk
dünyasının azadlığı, milli və mədəni
dirçəlişi, xoşbəxt gələcəyi
uğrunda cəsarət və əzmkarlıqla mübarizə
aparmış qüdrətli ziyalılarımızdan biri kimi
tarixə düşüb. Ədib dövrünün tanınmış
söz sahibi, böyük hörmət və nüfuza,
geniş dünyagörüşə, dərin biliyə,
bütöv xarakterə malik şəxsiyyəti kimi
bütün yaradıcılığı boyu milli təəssübkeşlik,
yüksək vətənpərvərlik hissilə
yazıb-yaradaraq, istiqlal ideyalarına söykənən əsərləri
ilə öz həmvətənlərini birliyə, həmrəyliyə
səsləyib.
Ö.F.Nemanzadə
böyük realist yazıçımız Cəlil Məmmədquluzadə
ilə hələ "Şərqi-Rus" qəzetində
birgə fəaliyyət göstərərkən tanış
olmuş, bu ünsiyyət sonralar səmimi dostluğa və
"Molla Nəsrəddin" satirik jurnalının nəşrinə
gətirib çıxarmışdı.
Məhəmməd ağa Şahtaxtlı "Şərqi-Rus"
qəzeti ətrafında "Molla Nəsrəddin"in gələ-cək
ədiblərini, şair və mühərrirlərini
toplamışdı. C.Məmmədquluzadə, M.Ə.Sabir,
Ö.F.Nemanzadə, M.S.Ordubadi, Ə.Qəmküsar, Ə.Nəzmi
və başqalarından ibarət olan bu yaradıcı heyət
sonralar "Molla Nəsrəddin"in əsas hərəkətverici
qüvvəsinə çevrildi. Lakin
"Şərqi-Rus" qəzetinin nəşri uzun sürmədi,
sonda nəşriyyatın satılması ilə nəticələndi.
Bu zaman "Şərqi-Rus"da
çalışan gələcək mollanəsrəddinçilərdən
Ö.F.Nemanzadə mətbəəni almaq üçün C.Məmmədquluzadəyə
müraciət edir. Ancaq hər ikisi bilir
ki, lazım olan məbləği tapmaq olduqca çətindir.
Ö.F.Nemanzadə xatirələrində
göstərir ki, C.Məmmədquluzadə "Molla Nəsrəddin"in
nəşri üçün vəsait tapmadıqda, ümidsizliyə
qapıldığı bir vaxtda Məşədi Ələsgər
Bağırov ona maddi dəstək verir. Əlbəttə,
həm mətbəənin alınmasında, həm də
"Molla Nəsrəddin" jurnalının nəşrində
Ö.F.Nemanzadə C.Məmmədquluzadəyə böyük
köməklik göstərir. Beləcə,
M.Şahtaxtlının mətbəəsi alınaraq ona
"Qeyrət" adı verilir. Mətbəənin
ilk müdiri C.Məmmədquluzadə, ilk çap olunan əsəri
isə Ö.F.Nemanzadənin "Nəşri-asarə dəvət"
("Əsərlərin nəşrinə dəvət") əsəri
olur. Bu əsər Azərbaycan mətbəə
və mətbuat tarixi haqqında ilk belə kitab kimi
mühüm əhəmiyyət kəsb edir.
"Qeyrət" mətbəəsi öz fəaliyyətini
genişləndirdikdən sonra Ö.F.Nemanzadə C.Məmmədquluzadə
ilə birlikdə yeni bir jurnal nəşr etməyi
qarşısına məqsəd qoyur. C.Məmmədquluzadə
"Xatiratım"da Ömər Faiqlə
tanışlığını, dostluğunu yada salaraq
yazır: "Yoldaşım Faiq Nemanzadəni mən birinci dəfə
"Şərqi-Rus" qəzeti idarəsində
gördüm və burada da onunla üns tutdum... Bu
qəzetin idarəsində mən elə bir yoldaşa rast gəldim
ki, onun varlığı ilə, onun yoldaşlığı
ilə "Molla Nəsrəddin" məcmuəsini bina etdim.
Daha doğrusu, onunla bərabər, onunla birlikdə
"Molla Nəsrəddin" məcmuəsini bina etdik".
Nəhayət, 1906-cı ilin 7 aprelində "Molla Nəsrəddin"
jurnalının nəşrə başlaması ilə onlar
öz məqsədlərinə nail ola
bildilər. Jurnalın rəsmi redaktoru C.Məmmədquluzadə,
məsul katibi isə Ömər Faiq idi. Cəsarətlə
deyə bilərik ki, mətbuat və ədəbiyyat tariximizə
"mollanəsrəddinçilər" adı ilə daxil
olan böyük bir ədəbi cərəyanın ideya
yükünün əsas aparıcı qüvvəsinin biri
C.Məmmədquluzadə idisə, digəri də
Ö.F.Nemanzadə idi. Jurnalın texniki
problemlərindən tutmuş, ideoloji mübarizəsində,
mövzu və janr rəngarəngliyində,
karikaturalarının seçilməsində, xəbər və
elanların yerləşdirilməsində, eləcə də
digər məsələlərdə C.Məmmədquluzadənin
fikir ortağı məhz Ömər Faiq olub.
Jurnalın nəşri Ömər Faiq Nemanzadənin
publisistik fəaliyyətinin genişlənməsinə daha
münbit şərait yaradır. O, digər mətbuat orqanlarında
ciddi yazılarını dərc etdiyi halda, "Molla Nəsrəddin"
jurnalında satirik və yumoristik üslubda qələmə
aldığı yazılarını çap etdirir. Ədib jurnalda fəaliyyət göstərdiyi
dövrdə "Molla Nəsrəddin"in aparıcı
qüvvələrindən birinə çevrilir.
"Qeyrət" mətbəəsinin və "Molla Nəsrəddin"
jurnalının yaradıcılarından olan Ö.F.Nemanzadə
həm də qeyri-rəsmi ikinci redaktor vəzifəsini icra
edib. Ö.F.Nemanzadə Türkiyədə təhsil
aldığına görə Mətbuat Komitəsi "Molla Nəsrəddin"
jurnalının redaktorluğunun icrasına icazə verməmişdi.
Buna görə də C.Məmmədquluzadə
Qarabağa gedərkən redaktorluq müvəqqəti olaraq Məmmədəli
Sidqiyə həvalə olunmuşdu. Amma Cəlil Məmmədquluzadə
1911-ci ildə Qarabağdan Tiflisə, M.Sidqiyə göndərdiyi
məktubda yazırdı: "Bunu sənə qabaqlar da istəyirdim
yazam ki, Faiq əfəndi bundan sonra orada sahibi-ixtiyardır, hər
barədə: xərclər və pullar barəsində, habelə
jurnalın məzmunu barəsində. Ondan sonra sənsən".
"Molla Nəsrəddin"
jurnalı ilə bağlılığı Ö.F.Nemanzadənin
publisistik fəaliyyətinin məhsuldar bir dövrünü təşkil
edir və o, Mirzə Cəlilin ən yaxın dostuna və məsləkdaşına
çevrilir. Ö.F.Nemanzadənin
yazdığından bəlli olur ki, jurnalın mütləq
"şəkilli olmasına" diqqət yetirilməlidir.
Çünki xalq öz düşmənlərinin
"canlı surətdə, gülməli şəkildə"
məsxərəyə qoyulduğunu görəndə sevinəcək,
"Molla Nəsrəddin"in simasında öz himayəçisini
görəcəkdir. Bu, özünü
doğrultdu. Ö.F.Nemanzadənin xatirəsində deyilir:
"Jurnala olan rəğbət ancaq və ancaq geniş
kütlə tərəfindən idi. Bəylərdən,
dövlətlilərdən, ruhanilərdən ətək-ətək
söyüş, lənət və hədə
kağızları alırdıq. Jurnala
yuxarıdakı təbəqədən lənət, nifrət
yağır, əməkçi deyilən aşağı təbəqədən
isə hörmət qalxırdı. Birinin
incidiyi, qəmləndiyi nisbətdə o birinin sevincini
artırırdı. Göstərilən rəğbət
inqilabın için-için qaynadığını, onun
yaxında köpürüb daşacağını xəbər
verən bir muştuluq yerində idi".
"Molla Nəsrəddin" jurnalının birinci
nömrəsini Mirzə Cəlil Ömər Faiqlə birlikdə
hazırlamış, şəkillərin mövzularını
da özləri vermiş, teleqraf xəbərlərini,
tapmacaları da bütün çətinliklərə
qatlaşaraq müştərək tərtib etmişdilər. "Molla Nəsrəddin"
jurnalı 1907-ci ildə müvəqqəti bağlanarkən
Ö.F.Nemanzadə cəsarətlə yazırdı:
"Biçarələr elə güman edirlər ki,
"Molla Nəsrəddin" bağlanmaqla onların eyibləri
örtüləcək. Dəxi bilmirlər ki,
aləm sürətlə dəyişilməkdədir. Bu
az maarifimizlə olsa da, içimizdə bir
çox Molla Nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin
batar, sabah Molla Xeyrəddin çıxar... Bu gün "Molla
Nəsrəddin" bağlandı, amma "Molla Nəsrəddin"i
meydana gətirən fikirlər bağlanılmayacaq... "Molla Nəsrəddin"in gedəcəyi yol
birdir ki, o da hər şeydən artıq öz
qüsuratımıza, öz üstümüzdəki ləkələrə,
tərəqqiyə mane olan öz cahilanə adətlərimizə
acı-acı gülüb millətin səadətinə
çalışmaqdır. Binaleyh heç
bir təhdid, danosbazlıq, bağlanmaqlıq "Molla Nəsrəddin"in
bu əzm və məsləkinə mane olmayacaqdır".
Ö.F.Nemanzadə kəskin və cəsarətli
çı-xışlarına, prinsipial mövqeyinə
görə təqiblərə məruz qalmış, dəfələrlə
evində axtarışlar aparılaraq yazıları
müsadirə edilmişdi. 1907-ci ildə həbs
edilərək Metex qalasında saxlanılmış, xalqın
tələbi ilə məhbəsdən azad olunmuşdu. Böyük mollanəsrəddinçi şair Mirzə
Ələkbər Sabir isə ona "Soldumu ruzgarın, ey
Faiqi-Nemanpəsər" misrası ilə başlayan şeir
həsr etmiş, şairin dərin təəssüf hissi və
ürək ağrısı ilə yazdığı bu
şeir jurnalın 1907-ci ilin 39-cu sayında dərc
edilmişdi.
"Molla
Nəsrəddin"in 1907-ci il 37-ci
sa-yında Ö.F.Nemanzadənin O.Şmerlinq tərəfindən
çəkilmiş ağzı qıfıllı, ayaqları
qandallı və əlləri arxasında olan təsviri
verilmişdi. Onun əhatəsində çar
inzibati idarə orqanlarının şeytan xislətli məmurları
zurna çalır, cahillər isə Ö.F.Nemanzadənin bu
halını görərək sevinirlər. Şəklin
altında Ö.F.Nemanzadəyə ironiya ilə
yanaşanların dilindən bu nəzm parçası verilir:
Noldu balam
ədaların,
Böyüklərə
cəfaların,
O ucalan sədaların
Sən deyən oldu, biz deyən?!
1906-1917-ci
illərdə Tiflis senzor komitəsində müsəlman mətbuatı
üzrə baş senzor işləmiş Mirzə Şərif
Mirzəyev 1919-cu ildə yazırdı: "Ömər Faiqi
1906-1910-cu illərdə daha yaxın tanıdım. Şərq
dilləri üzrə senzor kimi xidməti vəzifəmlə əlaqədar
olaraq onun leqal və qeyri-leqal bütün yazılarını
oxumalı olurdum... O, şüurlu şəkildə həyatını
riskə qoymuşdu, deyirdi: "Ya ölmək, ya da son məqsədə
çatmaq".
Rzaqulu Nəcəfov
Ömər Faiq Nemanzadənin "Molla Nəsrəddin"dəki
fəaliyyətini jurnalın ilk beş ili
ilə əlaqələndirir, yəni 1911-ci ilə kimi. Ömər Faiq isə həmin xatirənin kənarında
"1911" rəqəmini təshih edərək
"1912" yazmışdı.
"Molla Nəsrəddin" jurnalı nəşrə
başladığı dövrdən Ö.F.Nemanzadə onun səhifələrində
maraqlı və orijinal publisist yazıları, felyetonları
ilə çıxış edib. Dövri-mətbuatda "Molla Nəsrəddin",
"Dərdmənd", "Dəli", "Mozalan",
"Cəhrəçi xala", "Çoban",
"Heyrani", "Məşrutəçi",
"Lağlağı", "Ümidvar",
"Ümid" və sair imzalarla çıxış edən
Ö.F.Nemanzadə təkcə "Molla Nəsrəddin"
jurnalında deyil, öz maraqlı yazılarını
"Şərqi-Rus", "Tərcüman",
"İrşad", "Həyat", "Açıq
söz", "Tərəqqi" və sair ədəbi məcmuələrdə
də çap etdirib. Onun bu mətbuat orqanlarında çap
etdirdiyi "Dəryadan qətrə", "Ağacı qurd
içindən yeyər", "Müəllimlərimiz nə
üçün Bakıya qaçırlar", "Diləklərimiz"
və başqa məqalələri yüksək vətənpərvərliklə,
vətəndaşlıq yanğısıyla, cəsarətlə
yazılmış siyasi kəsərli orijinal üslublu dəyərli
publisistik əsərlərdir.
Xalq
şairi Bəxtiyar Vahabzadə Ö.F.Nemanzadənin ilk dəfə
işıq üzü görən "Seçilmiş əsərləri"ni oxuduqdan sonra yazırdı: "Sətirlər
arasında vətən və xalq üçün, onun taleyi
üçün alışıb yanan bir ürək
gördüm. Bu ürək Mirzə Cəlillərin, Sabirlərin,
Hadilərin ürəyi ilə bir vurur... Ömər
Faiq öz vətən sevgisindən doğulmuş bir
mücahiddir, bir qəhrəmandır. Buna
görə də bu sevgi onu zəmanəsinin fövqünə
qaldırmış, ucaldığı məhəbbət zirvəsindən
mühitinə baxıb hər şeyi boyasız, olduğu kimi
görmüş, onun öz ölçüsünə gəlməyən
eybəcərlikləri inkar etmiş, gözəllik naminə
qələm çalmışdır".
Şübhəsiz ki, jurnala qarşı yersiz hücumlar
mollanəsrəddinçiləri eyni ideya ətrafında daha
sıx birləşdirirdi. Öz maraqlı felyetonları ilə
"Molla Nəsrəddin"də çıxış edən
Üzeyir bəy Hacıbəyli yazırdı: "Bir-iki nəfər
Məmmədquluzadələrin, Nemanzadələrin
ölümü ilə elə bilirsiniz ki, "Molla Nəsrəddin"i
öldürəcəksiniz. Hərgah xalqımızın bu
mücahid fədakarlarının qətlinə əl
qalxıza bilən bir dəni və əclaf tapılsa da, bunu
biləsiniz ki, onların, xudanəkərdə, ölməkləri
ilə yaratdıqları fədakarlıq, ali
fikirlər ölməz. Bunu biləsiniz ki,
"Molla Nəsrəddin"i öldürmək mümkün
olsa da, mollanəsrəddinçiliyi öldürmək
olmaz". Üzeyir bəy Hacıbəylinin
bu mənalı və ibrətamiz sözləri təkcə
özünün deyil, bütövlükdə dövrün
qabaqcıl fikir adamlarının, mütərəqqi
ziyalılarının fikirlərinin məcmusu kimi
böyük əhəmiyyət kəsb edir. Professor
Firudin Hüseynov milli təəssübkeşlik hissilə
yazıb-yaradan mollanəsrəddinçi ədibə yüksək
dəyər verərək yazır: "Cəlil Məmmədquluzadə
başda olmaqla, bir çox realist söz sənətkarları
Ömər Faiq Nemanzadəni minnətdarlıqla yad edir, onun nəcib
əməllərini dəyərləndirir, xatirəsini uca
tuturlar. Bunun sirri Ömər Faiqin bütöv şəxsiyyətində,
iti və kəsərli qələmində, ideya düşmənlərinə
qarşı amansızlığında, vətəndaşlıq
qeyrəti və cəsarətində, dəyişməz dost və
məslək sahibi olmasında, dərin ictimai-siyasi məzmunlu
publisistik əsərlərindədir".
(Ardı var)
Gülbəniz BABAYEVA
525-ci qəzet .- 2022.- 14 iyul.- S.12.