Orada atalı-analı xatirələrim
qalıb...
Gəncəni ilk dəfə
90-cı illərin ortalarında gördüm. Elə görən gündən necə
bağlandımsa, bu günədək Gəncəyə ruhumun
şəhəri deyirəm. Etiraf edim ki, müsahib seçərkən,
Gəncədən olduğunu eşidəndə hisslərimi
cilovlaya bilmirəm. Bir yazar, qələm əhli kimi onun yaradıcılığına
bələdəm. Düzü, söhbətləşmək
istəyi də keçib fikrimdən. Lakin nədənsə,
necə deyərlər, bərkindən
yapışmamışam deyə, bu vaxta qədər
uzanıb. Bu ayın əvvəlində sosial
şəbəkələrdə Gəncə Dövlət
Filarmoniyasında onun təntənəli yaradıcılıq
gecəsindən görüntülərini görəndə,
düşündüm ki, artıq söhbətləşməyin
vaxtıdı, zaman özü bunu tələb edir. Əlaqə yaratmaq çox da çətinlik
yaratmadı. Elə ilk kəlmədən anladım ki,
ziyalılığın tam mərkəzinə
düşmüşəm. Məqsədimi bildirdim, diqqətlə
dinlədi və qəzetimizi daima izlədiyini, bəyəndiyini
söyləyib məmnuniyyətlə müsahibəyə
razılıq verdi. Çox istərdim ki,
onunla üzbəüz söhbətləşim, lakin
aradakı məsafə az olan
vaxtımıza əngəl oldu.Yaxşı ki, uzağı
yaxın edən sosial şəbəkələr var və
harayımıza gəlib əlimizdən tutdu. Və beləcə
bu günümüzün müsahibi
yazıçı-publisist, dramaturq, ictimai xadim, Əməkdar
jurnalist Nüşabə Əsəd Məmmədlidi.
- Narahat dünyamız haqda fikirləriniz
söhbətimizə giriş olsun...
- Təbii
ki, bu cür mürəkkəb və bir qədər
mübahisəli zəmanədə həm siyasi, həm mənəvi
baxımdan yaşamaq olduqca çətindi. Amma mən
bütün çətinliklərə tab gətirirəm və
yaratmağa təkan axtarıram. Bu, ən
kiçik hadisələrdə belə, təzahür edir.
Doğmalarımla ünsiyyətdə qalmağa
və məişətin fövqündə dayanmağa
çalışıram.
- Haqqınızda ətraflı məlumat
toplamaq istəmədim. Hər şeyi öz dilinizdən eşitməyin zövqü
tamam başqadı. Elə isə başlayaq.
- Bu haqda
kifayət qədər məlumat olsa da, indi ki, özümdən
eşitmək istəyirsiz, o halda başlayaq. Qədim
Gəncədə maarifpərvər bir ailədə anadan
olmuşam. Təhsilimi rus dilində almışam, ola bilsin ki, bu, dövrlə ayaqlaşmağa
görə olub. 1964-cü ildə 1 saylı məktəbi
bitirsəm də, bir il sonra ali məktəbə
qəbul oldum, çünki artıq jurnalist olmaq istəyimdə
qərarlı idim. Lakin həmin ildə
Jurnalistika fakültəsinin rus bölməsi yox idi.
Növbəti il o zaman yeganə universitet
olan indiki BDU-nun Jurnalistika fakültəsinə daxil olub 1972-ci
ildə ali təhsilimi başa vurdum. Elə həmin vaxtdan Gəncədə
nəşr olunan "Kirovabadskiy raboçiy" (indiki
"Novosti Qəndji") qəzetində düz 25 il çalışdım. Səkkiz
illik fasilədən sonra doğma ana dilimdə müstəqil
həftəlik "Gəncəbasar" qəzetini təsis
edib baş redaktoru oldum. On illik fəaliyyəti
dövründə ölkəmizin qərb regionunda çox məşhur
və oxunaqlı bir qəzet olaraq tanındı. Və
paralel olaraq ədəbi yaradıcılığım davam
edirdi...
- Bu haqda danışmağa hələ
var. Böyüdüyünüz mühitə səyahət edək...
- Olduqca
sadə, lakin mənəviyyatca zəngin bir ailədə
böyümüşəm. Dörd qardaş,
üç bacı olmuşuq. Hazırda o
ailədən bacım və mən qalmışıq. Biz bolluq içində yaşamasaq da, bunu heç
zaman nə arzulamışıq, nə də hiss etmişik.
Ata babam Ələkbər Kərdəlayi Məhəmməd
oğlu Gəncə üsyanının
iştirakçısı olub və on iki güllə
yarası ilə şəhid olub. Ondan sonra 13
yaşlı atam Əsəd Məmmədli "xalq
düşməni"nin oğlu
damğası ilə yaşayıb, iş tapmaqda çətinlik
çəkib. Oxuduğu ikiillik hüquq məktəbini
başa vurmağı da ona imkan verməyiblər. Böyük Vətən Müharibəsi
başlayanda müharibəyə gedib və oradan şikəst
qayıdıb. Bu dəfə də əlində əsa
ilə gəzən bir əlilə heç kəs iş vermək
istəməyib. Sonda atamın yaxın dostu onu
yanına apararaq ortaq kimi işləyiblər. Yalnız Xruşovun rəhbərliyi dövründə
atam Mənzil-İstismar Kontorunda işə başlayıb.
Bütün bu çətinliklərə rəğmən
atam maarifpərvərliyi, mənəvi
ziyalılığı ilə bizə həmişə
nümunə olub. Evimizdə çox zəngin
kitabxanamız vardı. Azərbaycan klassiklərindən
və yazıçılarından tutmuş, dünya ədəbiyyatının
istənilən nümunəsini bu kitabxanada tapmaq olardı.
Hələ musiqi vallarını demirəm.
İstər dövrün bəstəkar
mahnıları, istər muğam və klassik bəstələr,
opera və simfonik musiqi yazılan vallar olsun, onları dinləyib
sonra müzakirə etmək ailəmizdə bir adət
halını almışdı. Və belə
mühitdə böyüyən bizlər üçün əsl
varidat elə bu idi. Anam Firuzə xanım
çox erkən yaşında valideynlərini itirib.
Seyid nəvəsi
olan anam hərbçi
qardaşının himayəsində böyüyüb. İsmayıl dayım Hərbi Komissarlıqda
çalışdığından bacımı və
kiçik qardaşlarını təyin olunan rayonlara
özü ilə aparırdı. Tez-tez məkan dəyişirdi deyə,
anam təhsil ala bilməyib. Mənəviyyatı
çox yüksək olan valideynlərimlə həmişə
fəxr etmişəm. Dayıoğlu
bibiqızı olan ata-anam özləri kimi
övladlarını da saf, dürüst və təmiz adla ərsəyə
çatdırıb. Mən həmişə Gəncənin
həyatında böyük xidmətləri olan,
atasızlığı mənə hiss etdirməyən,
özümə müəllim bildiyim qardaşım
Mürşüd Məmmədlinin ziyalılıq məktəbi
ilə fəxr etmişəm.
- Nüşabə Əsədin qələmlə
dostluğundan danışaq...
-
Dördüncü sinifdə oxuyanda mənə ata əvəzi
olan qardaşım Mürşüd Məmmədli artıq tələbə
idi və tətilə gəlmişdi. Qonşularımızın
əksəriyyəti rus idi. Pəncərənin
qarşısında durmuşdum. Birdən
Paşa xala soruşdu ki, Mürşüd, hansı ixtisas
üzrə oxuyursan? Qardaşım cavabında dedi ki, ədəbiyyat
və tarix müəllimi olacam. Paşa xala təəccübünü
gizlətməyib dedi: - Eh, mən elə bildim jurnalist olacaqsan.
Jurnalist sözü çox xoşuma gəldi və
qardaşımdan soruşdum ki, jurnalistika nədi? O da
öz növbəsində bu sahənin nə olduğunu xırdalıqlarına
qədər mənə başa saldı. Qardaşımın
söylədiklərindən yadımda qalan o oldu ki, jurnalist
bütün dünyanı gəzir, müxtəlif peşə
sahibləri, ictimai-siyasi xadimlər, sənət adamları ilə
görüşüb müsahibələr alır. Təsadüf
elə gətirdi ki, ertəsi gün məktəbdə sərbəst
mövzuda inşa yazı işimiz oldu, adı belə idi - Gələcəkdə
kim olacaqsan? Mən də
jurnalist olacağımı və qardaşımdan eşitdiklərimi
yazdım. Amma heç bir səhfim olmasa
da, yazıdan "kafi" qiymət aldım. Müəllimə
etirazımı bildirəndə, dedi ki, xəttin çox
pisdi. Evə gələndə qardaşım pərt
vəziyyətdə olduğumu görüb səbəbini
soruşdu. Məni dinləyəndən sonra dedi ki,
heç vaxt yüksək qiymət dalınca qaçıb əlaçı
olmağa çalışma,, yetər ki,
biliyin olsun. Onun sözündən sonra əsl məktəbli
həyatı yaşamağa başladım. Dərsdən də qaçırdım, dəcəllik
də edirdim, "iki" də alırdım. Amma evimizdəki mühit, daima etdiyim mütaliə mənə
ən böyük məktəb oldu.
- Amma bununla belə jurnalistin qələmi
ədəbi mühitə tərəf yol aldı...
- Əsla jurnalistikadan uzaqlaşmamışam. Yaradıcılığımın
iki qolu var - jurnalistika və yazıçılıq. Bunların biri digərini qətiyyən kölgədə
qoymayıb, çünki cərəyan edən hadisələrə
heç vaxt biganə qala bilmərəm. Son
illər baş verənlərə aid həm publisist
yazılarım, həm də yazıçı kimi əsərlərim
var. Jurnalistika da, nasirlik də mənim qoşa
qanadımdı, biri olmasa, mən yaşaya bilmərəm.
- Bir az da
yazıçı-dramaturq Nüşabə Əsəd
danışsın.
-
Yalnız o danışsın? Başqalarına
söz verməyək?
- Məsələn...
- Tərcüməçi,
ictimai fəal?
- Hamısı danışsın...
- Mən
elə bir mühitdə böyüdüm ki, orda yaza bilməyən
belə, əlinə mütləq qələm alardı. Bir dəfə
palçıqlı yolla dağa qalxarkən, artıq iz
salınmış bir cığırla yürümək istəyəndə,
qardaşım Mürşüd əlimdən tutub məni
saxladı və dedi ki, çalış həyatda da,
işində də öz saldığın cığırla
gedəsən, öz başlanğıcın olsun. Və bu sözdən o qədər təsirləndim
ki, örnək kimi gördüyüm yazarların belə,
cığırından yan keçdim. Öz
izim üçün çalışdım, səy göstərdim,
yazdım, pozdum, yenidən yazdım və sonunda imzamı
rahatlıqla oxucuya təqdim etdim. Artıq
yeddi pyesim var. Əhməd Cavad haqqında olan sonuncu pyesimi təzə
tamamlamışam. "Payız tanqosu"
və altı pyesim "Bəyaz çiçəklərin rəqsi"
adı altında kitablarım Londonda ingilis dilində çap
olunub. 20 Yanvar faciəsinə həsr olunan
"Vida nəğməsi" kitabım polyak dilinə tərcümə
edilib və Varşava Dövlət Universitetində təqdimatı
keçirilib. Roman və hekayələrdən ibarət "Cavad
xan" adlı kitabım Ankarada işıq üzü
görüb. Sovet dönəmində nəşr edilən
"Yarpaq tökümü", "Unutmaq istəyirəm",
"İlğım", "Sonuncu mahnı"
kitablarıma müxtəlif illərdə yazılan hekayə, povest, roman və pyeslərim
daxil edilib. Gürcü ədəbiyyatından tərcümələrim
də var. Bir azərbaycanlı olaraq vətənimdə
baş verən hadisələrə biganə qala bilməmişəm.
90-cı illərin əvvəlində
yaratdığım "Tomris" Analar Cəmiyyəti ilə
bacardığım qədər xalqımın, millətimin
yanında olmağa şalışmışam.
-
Yaradıcılığınızın ana xəttini
xüsusi vurğulayaq...
- Bu
sualı gözləyirdim. Cavad xan mənim
yaradıcılığımın fövqündə
dayanır, çünki bu şəxsiyyət ailəmizin kultu
olub. Atamın ulu babası Əsəd Mirzə
Cavad xanın dəftərxanasında çalışıb.
Nəslimin
nümayəndələri bu tarixi həm
yaşayıb, həm də iştirakçısı olub. Onun haqqında çox söhbətlər
eşitmişəm. Və bir yazar kimi mən
bu tarixdən yan ötə bilməzdim. Qeyri-təvazökarlıq
kimi səslənməsin, ilk olaraq bu şəxsiyyət
haqqında yazdığım üçün çox xoşbəxtəm.
"Cavad xan" dramından savayı onun haqqında
"Yaşıl otlar cücərir" hekayəsi və
"Cavad xan" adlı kitabım da var. İlk dəfə əsər
1991-ci ildə tamaşaya qoyulub və 31 ildən sonra Gəncə
Dövlət Dram Teatrı bu əsərə yenidən
müraciət etdi. Hər iki quruluş təqdirəlayiqdi
və bir müəllif kimi xeyli məmnunam.
- Yarım əsrdən çox
yürüdüyünüz zaman kəsiyindən geri
boylanaq...
- Mən
böyüdüyüm mühitdən, yetişdiyim ailəmdən
o qədər razıyam ki, bunu Allahın bir lütfü hesab
etmişəm hər zaman. Amma heç demə
bu, son deyilmiş. Tale yolumu daha işıqlı,
ziyalı bir ocağa rast gətirdi - respublikanın Xalq artistləri
Əşrəf Yusifzadə və Rəmziyyə Veysəlovanın
ocağına. Rəmziyyə xanım mənim ev
işləri ilə çox məşğul olmağıma
qarşı gəlirdi, o, mənada ki,
yaradıcılığımla məşğul olum. Bununla belə, mən heç zaman ailəmi işimdən
sonra görməmişəm. Bu günədək ailə
mənim üçün ən ali məqamdadı.
Həyatda əgər seçim
qarşısında qalmış olardımsa, mən birmənalı
olaraq, ailəmi seçərdim. Tanrı
bizə iki gözəl övlad bəxş edib. Mən xoşbəxt anayam ki, valideynlərimdən
aldığım mənəvi dəyərləri həm
oğluma, həm qızıma ötürə bilmişəm.
Lakin etiraf edirəm ki, qızım Jurnalistika
fakültəsinə daxil olmaq istəyəndə, mən qəti
olaraq buna qarşı çıxdım. Çünki
kiçik istisnalar olmaqla bugünkü jurnalistikadan çox
narazıyam. Kim olursansa ol, gərək
yerində olasan. Çox
acınacaqlıdı ki, bu gün jurnalistikadan uzaq olanların
sayı kifayət qədərdi və mən
qızımın belə jurnalistikada olmağını istəmədim.
Amma buna baxmayaraq, yolumu davam edən nəvəm
var - Kamran Yusifzadə, "Ədəbiyyat" qəzetində
tez-tez çap olunur. Mən
övladlarımı heç bir qadağa qoymadan
böyütmüşəm, küçəyə də
buraxmışam, üst-başları çirkli,
palçıq içində gələndə
danlamamışam - bir sözlə uşaq həyatını
yaşamağa imkan vermişəm. Və nə
yaxşı ki, bunu etmişəm. Bu
gün babasının adını daşıyan oğlum
Əşrəf Yusifzadə hüquq-mahafizə orqanlarında,
qızım Aysel Yusifzadə isə insan haqları üzrə
beynəlxalq eksperti kimi işlərini ləyaqətlə yerinə
yetirirlər. Amma hara fırlansam da, uzaq illərdə
qalan yeddi uşaqlı Məmmədlilər ailəsini hələ
də gözüm gəzir, çünki orada
atalı-analı xatirələrim qalıb.
Tamilla M-zadə
525-ci qəzet .- 2022.- 14 iyul.- S.13.