Söz haqqında söz

 esse

 

Bədii sözün təsir gücü, sözə münasibət XİX əsrdən üzü bu yana aktual bir mövzu  kimi qələm əhlini daim narahat edən məsələlərdən olub. Bu barədə çox deyilib, çox yazılıb... Məncə, sözün ilk düşməni elə sözün özü, onun yerli-yersiz çeynənilməsi çeynənilərək saqqız kimi uzanmasıdır. Çünki sözün  daxili-mistik cərəyanı, cazibə qüvvəsi var, o tez-tez, təkrar-təkrar işlənəndə öz daxili enerjisini, təsir gücünü, doğruluğunu son nəticədə əzəli mənasını itirir.

Mənə belə gəlir ki, bütün hallarda sözə qoyulan tabu sözün xeyrinə işləyir. Belə hallarda söz öz cəlb etmə təsirini gündən - günə  gücləndirir.

Düşünürəm ki, söz meydanının həddindən artıq genişlənməsi, ağına-bozuna baxmadan hamının bu meydanda at oynatması sözü ucuzlaşdırıb gözdən saldı, onu mənasızlaşdıraraq,  mistik təsir gücünü sıfıra endirdi.

Zənnimcə, yaxın keçmişdə kommunizm ideyasının gözdən düşməsinin əsas səbəbi  məhz onun yerli-yersiz hallanması, haqqında hamı tərəfindən cild-cild kitabların yazılması oldu. Bu söz, bu ideya işlənə-işlənə köhnəldi, adamların dilinə yağır sala-sala üzüldü nimdaş rus çəkmələri kimi çölə atıldı.

Yenə təkrar edirəm, təzadlı olsa da, zənnimcə, sözün düşməni sözçülük sözün cilovunun qırılmasıdır. Kiməsə elə gələ bilər ki, mən senzura, qadağa  tərəfdarıyam. Əsla.

Sözün nüfuzunu qoruyub-saxlayan senzor qələm əhlinin özü olmalıdır, sözün aqibəti hamıdan çox onu maraqlandırmalıdır. Söz o zaman dəyərli olur ki, yazar ümumməqbul münasibətlər müstəvisinin fövqündədir yaradıcılığını insanın daxili aləminin açılışına həsr eləyir. Buna isə, daimi bir vicdan senzurası lazımdır. Amma həmin senzura əsərin yazıçının ideoloji sağlamlığından daha çox sözün urvatına, bədii səviyyəsinə nəzarət etməlidir. Başqa sözlə desək, senzura  yolundan saparaq söz aləminə düşən istedadsızların yolunu kəsməli, onları öz qabiliyyətlərinə uyğun sahəyə yönəltməli, ədəbi istedadı olanların üzünə isə qapıları taybatay açmalıdır. Heç şübhəsiz, belə bir senzor rolunu sağlam mübariz ədəbi tənqid oynaya bilər.

Əgər belə bir senzura olsa, əminəm  ki, minlərlə "ədəbiyyat mədəniyyət xadimi"nin qarşısına  sədd çəkərdi, yəni onları  ayıldaraq əsassız meyldən, aldadıcı həvəsdən  uzaqlaşdırıb haqq yoluna  yönəldərdi. Haqq yolu isə hər bir insan üçün Allahın onun öhdəsinə verdiyi vəzifədir. Həmin vəzifə ilk nəzərdə  çox cüzi görünsə belə, o, insanın özünü aldadaraq boynuna aldığı ən böyük vəzifədən qat-qat böyükdür.

İnsan ehtiyatlı və son dərəcə diqqətli olmalıdır ki, öz əsl vəzifəsini, onun boynuna düşən işi tapa bilsin, onu başqaları ilə qarışıq salıb göz qamaşdırıcı vəzifələrə uymasın. Bu işdə ona vicdan senzurası yardımçı ola bilər. Əgər belə bir senzura olsaydı, məmləkətimizdə bir bu qədər makulaturaya məhkum kitablar: "filan yazıçının dünyasından",  "filan şairin  aləmindən" bəhs edən boşboğazlıqlar olmazdı.

Yeri gəlmişkən onu da qeyd edim ki, sözə hörmətsizlik edən həmin yazıçı-publisist-tərcümeyi-halçılar bir növ öz tərif  obyektlərinə sataşır və onları əsl söz qədri bilən oxucuların gözündən salırlar.

Ədəbi-bədii sözə belə münasibət olanda, ələlxüsus da bu münasibət ənənəvi xarakter kəsb edəndə söz, ona qarşı göstərilən hörmətsizliyin, ifratçılığın və özbaşınalığın əsirinə çevrilir. Söz o zaman təsirli olar ki, həmin əsarətdən qurtarsın.

 

İmir Məmmədli

525-ci qəzet .- 2022.- 14 iyul.- S.11.