Bayat döyüşləri

 

Tədqiqatçı-jurnalist, yazıçı Vasif Quliyev bu yaxınlarda Qarabağ xanlığının qurucusunun həyatından bəhs edən "Pənahəli xan Cavanşir" adlı sənədli-tarixi romanını tamamlayıb. Romanın "Bayat döyüşləri" fəslini oxuculara təqdim edirik.

 

(Əvvəli ötən sayımızda)

 

Qarabağ döyüşçüləri azadlığın göylərə qaldırılan müzəffər bayrağı altında toplaşıb, zəfər yürüşünə düzüldülər. Pənahəli xan şəxsi mühafizəçilərinin müşayiəti ilə çadırından çıxdı. Onun əynində qızıl pulcuqlu çahar-ayna vardı, üstündən təpəsi kürəşəkilli "Gülləbatmaz" adlanan halqalı tor köynək geyinmişdi. Əlində isə hər bir sərkərdənin hakimiyyətinin rəmzi olan və naxışlarının zənginliyi ilə göz oxşayan təbərzin tutmuşdu. Nağıllarda deyildiyi kimi, altdan geyinib üstdən, üstdən geyinib altdan qıfıllanmışdı. Zalımın balası elə bil Zal oğlu Rüstəm idi ki, durmuşdu qabağında.

Pənahəli xan əzəmətli xan yerişi ilə qoşununun qarşısına gəlib, əsgərlərinin döyüş ruhunu qaldırmaq, onları cəsarətləndirmək üçün alovlu nitq söylədi:

- Əziz həmvətənlərim, sevgili qardaşlarım, müqəddəs dindaşlarım, Qarabağ torpağının ərənləri, nər, igid oğulları! Bu gün tariximizin ən mürəkkəb, ən çətin, ən məsuliyyətli dövrüdür. Doğma vətənimizin düşdüyü bu ağır və çıxılmaz vəziyyət hamımıza gün kimi aydındır. Torpaqlarımızın bütövlüyünə qəsd olunub. Neçə vaxtdır ki, bu əzab-əziyyəti, şübhəsiz, yaxşı başa düşür, bu ağrını öz içinizdə çəkirsiniz, göz yaşlarınızı içərinizə axıdırsınız, çünki vətən adlı bir ananız əldən gedib, düşmən əsirliyindədir. Biz qarabağlıların milli qüruru, milli mənliyi tapdalanıb, milli heysiyyəti alçaldılıb, müqəddəs dinimizin-məzhəbimizin üstünə kölgə salınıb, tarixi dəyərlərimizə, mənəviyyatımıza böyük zərbə vurulub. Qan tökmüşük, can qoymuşuq, neçə-neçə igid itirmişik. Bunları mən çox gözəl anlayıram.

Ötən Bayat döyüşündə hər bir qarabağlı, hər bir vətən övladı öz müqəddəs borcunu kişi kimi, namusla, qeyrətlə yerinə yetirdi, paytaxtımızın müdafiəsi üçün əlindən gələni əsirgəmədi. O dəhşətli, eyni zamanda bizim üçün şərəfli günlərdə həyatlarını vətən yolunda, torpaq uğrunda qurban vermiş bütün yurdsevər, vətənpərvər oğullarımızın, illər boyu Qarabağın şöhrətini, müstəqilliyini qorumaq yolunda özlərini fəda etmiş qəhrəmanlarımızın əziz xatirələri önündə baş əyirəm. Müqəddəs Qarabağ torpağımızı və ərazi bütövlüyümüzü igidliklə müdafiə eləyən oğullarımızın qəhrəmanlığını hörmətlə yada salıram, bundan qürur duyuram!

Qoynunda yaşadığımız və indi uğrunda vuruşduğumuz bu ana torpaq hamımızın namusumuz, qeyrətimizdir. Əgər biz bu torpağı əldən versək, onu geri ala bilməsək, deməli, öz namusumuzu, qeyrətimizi itirmişik. Əgər Allah eləməmiş, belə bir hadisə olsa, onda ömrümüzün sonuna qədər dost-düşmən yanında başıaşağı gəzəcək, heç kəsin gözünün içinə dik baxa bilməyəcəyik və əgər bizim taleyimizə yazılan bu məsələnin həllini gələcək nəsillərin üzərinə atsaq, onlar bizi tarix boyu lənətlə xatırlayacaqlar. Bundansa bizə Allahın bir ucuz ölümü yaxşıdır. İndi bizim iti qılınclarımız Əli övladları üçün yox, yadelli düşmənlərimiz üçün çalınmalıdır!

İstəkli yurddaşlarım! İndi tarixi bir dövrdə yaşayırıq və böyük bir imtahan qarşısındayıq. Gəlin biz hamımız birlikdə var qüvvəmizlə çalışıb, başımızın üstündəki Tanrıya söykənən milli birliyimizi yenidən bərpa eləyək, yenidən quraq, namusumuzu, şərəfimizi qoruyaq. Bir-birimizə şər qüvvələrin diqtə elədiyi kin-küdurəti və intiqam hisslərini bir yana ataq, hər cür pis əməli, fitnə-fəsadı özümüzdən kənarlaşdıraq. Mən dan yerinin zülmət qaranlıq içərisində ağarmaq üzrə olduğunu, yeni bir günün doğacağını da və bu günün qızmar şüaları altında keçirdiyimiz acı təcrübələrdən güc, qüvvət alıb, hamımız əl-ələ verərək xanlığımızın paytaxtını düşmənlərimizdən geri alacağımızı da bilirəm. Biz məqsədimizə çatacaq, doğma Qarabağımızın özünə layiq olduğu yeri tutduğunu sübut edərək onu nüfuzlu bir ölkəyə çevirəcəyik. - Pənahəli xan bir qədər ara verdikdən sonra sözünə davam elədi: - İndi bütün Qarabağ torpağı bizdən kömək gözləyir, imdad diləyir. Biz cahad qoşunu toplayıb, son və qəti döyüşə gedirik, düşməni müqəddəs qalamızdan vurub-çıxarmağa gedirik. Hər birimiz hansı nöqtədə vuruşsaq, orda da son nəfəsimizə qədər möhkəm dayanmalıyıq. Əgər sağ qalsaq, bu, Allahın bizə mərhəməti, din yolunda ölsək, bu da Böyük Yaradanın lütfkarlığı sayəsində olacaq...

Pənahəli xan əsgərləri qarşısında çıxışını başa vurandan sonra ona paltar gətirdilər. O, paltarı geyinib, fürsətdən istifadə edərək bir neçə nəsihətvari söz də söylədi:

- Əgər mən bu döyüşdə ölərəmsə, bu, mənim kəfənimdir. Mən Qarabağın taleyini hər şeyə qadir olan o bir Allaha tapşırıram və bu torpağın üstündə  yaşayanlara əmanət eləyirəm. Qoy uca Tanrı Qarabağı və qarabağlıları hər cür şərdən, böhtandan, xatadan-bəladan qorusun! Di, haydı, igidlərim, düşmən üstünə!..

Vətən xilaskarının bu kəlamlarında nə qədər ləyaqət, nə qədər təmkin, nə qədər öyüd-nəsihət vardı. Pənahəli xan bu sözlərlə torpağına, elinə-obasına olan məhəbbəti, Qarabağa təmənnasız xidməti barədə aləmə car çəkmirdi. Bu məhəbbəti, bu sevgini sadəcə olaraq ancaq onun sözlərindən duymaq olardı. Onu da hiss eləmək olardı ki, bu döyüş taxt-tac uğrunda yox, vətən, torpaq, namus uğrundadır.

Öz sevimli rəhbərlərinin - yolgöstərənlərinin bu alovlu sözlərini, vətənpərvər nitqini diqqətlə dinləyən qarabağlı döyüşçülərin üzlərində mərdlik, cəsarət, şücaət əlamətləri duyulur, şəxsi ləyaqət hissləri artırdı. Pənahəli xana baxıb, ölümə getməyi xoşbəxtlik sayan bu əsgərlərin hər biri özünü onun yolunda, vətən yolunda fəda etməyə hazır idi. Belə rəhbərin, belə bir sərkərdənin arxasınca kim ölümə getməzdi ki?!

...Cilovdar Pənahəli xanın xal-xal, boy-buxunlu, gen sağrılı, qəşəng yalmanlı və quyruqlu döyüş atını tövlədən çıxarıb, bir az aralıda əmrə müntəzir dayanmış iki mehtərə verdi. Üzəri qızıl saplarla işlənmiş çəhrayı məxmər çullu, başında qızıl düyməli gümüş qantarğası olan kəhər ayğır səhər günəşinin al şəfəqləri altında xüsusilə gözəl və əzəmətli görünür, bəzəkli bir gəlin kimi par-par parıldayırdı. Dayandığı yerdə min bir oyun çıxaran atın qızmış qara gözləri alışıb-yanır, sanki çoxdan səfərə çıxmadığından hirsli-hirsli cilovunu gəmirərək yerində oynaqlayırdı. O, gah qulaqlarını şeşəldib kişnəyə-kişnəyə şahə qalxır, cilovundan yapışan mehtərlərin ayaqlarını yerdən üzərək əllərindən dartınıb-qopmaq, gah da irəli atılaraq sağrısını sıxıb, onları qapmaq istəyirdi. Təcrübəli mehtərlər isə quduzcasına dartınan qızğın ayğırı tumarlayaraq sakitləşdirməyə çalışırdılar. Elə bil köhlən ayğır da döyüşə tələsirdi...

Pənahəli xan atını özünün ən yaxın, ən sadiq, ən vəfalı dostlarından hesab eləyir, "sağ əli" sayırdı. Çünki qızğın döyüşlərdə bu coşqun kəhər ayğır dəfələrlə onu dardan qurtarmış, sahibinin düşmən əlinə keçməsinə imkan verməmişdi... Pənahəli xan mənalı-mənalı baxan "döyüş yoldaşı"na yanaşdı, onun başını sığallayaraq cilovunu qüvvətli əllərinə alıb, yüngül sıçrayışla ərəbi yəhərin üstünə sıçradı.

Qarabağlılar vaxt itirmədən atlarına süvar olub, hərbi səfərə yola düşdülər. Qəflətən dağlarda əks-səda verən gurultulu alqışlar qopdu. Hamı Pənahəli xana, onun döyüşçülərinə sanki xeyir-dua verərək bir ağızdan qışqırıb deyirdi:

- Yaşasın Qarabağ! Yaşasın bizim böyük atamız, bizim xilaskarımız Pənahəli xan!

Düşməni çaş-baş salmaq üçün hərbi manevr eləyən Pənahəli xan qoşununu Bayat qalasına Qarqar sahili boyunca yox, birbaşa Arazbar istiqamətində apardı. Sifariş göndərdiyi oymaq başçıları öz atlı dəstələri ilə Araz çayının sol sahilində - Mil düzündə onunla birləşdilər.

Xanlığın lap ucqarlarından bir qatar kimi uzanan və dəstə-dəstə tökülüb-gələn yüzlərlə könüllü atlarını səyirdib, özlərini toplanış məntəqəsinə vaxtında çatdırdılar. Onlar on, yüz, min nəfərlik qeyri-nizami dəstələr halında birləşərək yaxınlıqda alaçıqlarını qurdular. Qarabağlı vətənpərvərlər kimisi ağ, kimisi qonur, kimisi kürən, kimisi səmənd atın belində, əyinlərində zirehli geyim, başlarında dəmir dəbilqə, bellərində qılınc, əllərində kiçik dəyirmi qalxan, dizlərində polad zireh, çiyinlərində silah, demək olar ki, döyüşə hazır vəziyyətdə gəlmişdilər. Hər birinin əlində də ucu neştər kimi itilənmiş nazik nizə yırğalanırdı. Atlarını da elə çullamışdılar ki, yalnız quyruqları və qulaqları görsənirdi. Bu süvarilər, əsasən, aran yerlərdəki cavanşirlərin adlı-sanlı ailələrinə mənsub gənclərdən təşkil olunmuşdu. Onların arasında Qarabağın bütün tayfalarının nümayəndələri də vardı. Kəbirlilər, otuzikilər və bayatlar çoxluq təşkil edirdi. Gələnlərin içərisində kəndli paltarında olan, ancaq nizə və balta ilə silahlanmış piyadalar da az deyildi.

Döyüşqabağı toplant

... Pənahəli xan Araz çayının sol sahili boyunca uzanan düzənlikdə düşərgə saldı, azacıq dikdir bir yerdə səfər çadırı qurdurdu. Yağış yağarkən içəri sel, su dolmasın deyə, ətrafında xəndək qazdırdı. Dörd bir yandakı alaçıqlarda seçmə Cavanşir igidlərindən ibarət yüz nəfərlik şəxsi mühafizə dəstəsini yerləşdirdi. Ətrafda atlar üçün yer düzəltdirdi.

Pənahəli xan hücum planlarını müzakirə etmək məqsədilə burda ilk məşvərət toplantısını keçirdi...

Yığıncaq başlanmazdan əvvəl düşərgədə gurultu, uğultu, bağırtı, qışqırıq səsləri hər yana yayılmışdı. Ağız deyəni qulaq eşitmirdi. Döyüşçülər o yan-bu yana qaçır, bir-birlərini tələsdirirdilər. Alaçıqları söküb-yığan kim, keçələri büküb-qatlayan kim, çətənləri yerindən tərpədən kim... Tunc qazanlar, dəmir sacayağılar, mis boşqablar... çuvallara doldurulub, atlara yüklənirdi. Əsgərlər tələm-tələsik azuqə ehtiyatını - ət, un və yarma kisələrini daşıyır, dəri xurcunları yük atlarının bellərinə aşırıb bağlayır, qoyunların və keçilərin buynuzlarından tutaraq çəkə-çəkə aparırdılar. Quru otla yüklənmiş araba karvanlarının ardı-arası isə kəsilmirdi. Hərə öz işində, yır-yığışında idi.

Toplantıda əvvəlki Bayat döyüşünün nəticələri göstərildi, əldə edilən uğurlar, buraxılan səhvlər açıqlandı, qarşıdakı döyüşə hazırlıq məsələsi müzakirəyə çıxarıldı. Həm də qeyd olundu ki, ötən döyüşdə Pənahəli xan məcburiyyət qarşısında qalaraq daha çox müdafiə taktikasına üstünlük vermişdi, çünki sayca qat-qat və kifayət qədər döyüş təcrübəsi olan Hacı Çələbi xana lazımi qədər itki vermədən qalib gəlmək mümkün deyildi. Ona görə də o, taktika seçərkən heç də səhv eləməmiş, ordusunu bada vermədən geri çəkilmişdi. Bu taktikanın da düzgün və yerli-yerində olduğunu zaman özü təsdiqləmişdi. İndi isə döyüşün axarını və gedişatını düzgün qiymətləndirməklə, döyüşçülərin hərbi və fiziki keyfiyyətləri, onların igidlik və şücaətləri ilə düşmənə qalib gəlmək olardı.

Açıq çöldə vuruşmaq üçün nə qədər canlı qüvvə və silah-sursat lazım olduğunu yaxşı bilən Pənahəli xan qarşıdakı döyüşlərə hazırlaşmağa başladı. Baş sərkərdə döyüş qüvvələrini Nadir şah ordusu nümunəsində qurdu, qoşununu nizami şəkildə düzdü. Döyüş ərəfəsində Qarabağ ordusunun tərkibi belə idi: Pənahəli xanın özünün ən yaxşı, seçmə döyüşçülərdən təşkil olunmuş ayrıca mühafizə dəstəsi, sağ, sol və orta cinah, ön cərgədə tüfəng, nizə və qılıncla silahlanmış piyadalar, topçular, ox atanlar dəstəsi, yol-nəqliyyat xidməti, ehtiyatda olan çoxsaylı süvari dəstələri... Süvarilər dəstəsinin sağ cinahına Qara Murtuza bəy, sol cinahına Səhliyəli ağa, orta cinahına Behbudəli bəy, piyada qoşunlara İsmayılxan ağa başçı təyin edildilər. Onların hər biri müharibənin sərt məktəbini keçmiş, at belində cəngi həyat sürərək neçə-neçə ağır döyüşdən üzüağ çıxmış, qəhrəmanlıq və şücaət göstərmiş təcrübəli döyüşçü idi.

Pənahəli xan bu sərkərdələri yenidən təlimatlandırdı, əməliyyat planlarını həyata keçirmək üçün xüsusi tapşırıqlar verdi, döyüşün əsaslı şəkildə təşkil edilməsinə, qüvvələrinin yerləşdirilməsinə, ehtiyac olduqda mövqelərinin gücləndirilməsinə çox ciddi diqqət yetirdi. Onun ağılla seçdiyi fərdi taktika çox böyük sürətlə həyata keçirəcəyi əməliyyatının uğuruna yol açdı.

Pənahəli xan öz tünd qırmızı çadırından çıxdı. Mehtərlər xanın atını dərhal onun qarşısına çəkdilər. Pənahəli xan kəhər ayğırın üstünə sıçrayıb, üç cərgə düzülmüş doqquz nəfər süvari mühafizəçinin müşayiəti ilə çaparaq ucsuz-bucaqsız meşə kimi görünən qoşununun toplaşdığı meydana gəldi.

Süvarilər, piyadalar, topçular, kiçik dəstə başçıları döyüş geyimlərində baş sərkərdənin qarşısında düzüldülər. Onların öz bacarıqlarını ustalıqla və mahiranə nümayiş etdirmələri Pənahəli xanı çox sevindirdi. O, əsgərlərinin döyüş hazırlığı səviyyəsindən məmnun qaldı, qüvvəsinə  inamı o qədər artdı ki, ürəyində yer eləmiş "ölüm" kəlməsini "olum"la əvəz elədi, məğlub olmaq fikrini birdəfəlik özündən uzaqlaşdırdı. Əsgərlərində hücumqabağı qələbəyə bir daha inam oyatmaq üçün onların qarşısında ruhlandırıcı çıxış eləyib, rəşadət, şücaət göstərməyə, qəhrəmanlığa çağırdı:

- Ey mənim sədaqətli silahdaşlarım! Ey mənim cəsarətli, hünərvər igidlərim! Qarabağ torpağını bəzəyən cəsur qartallarım! Bilirsiniz ki, lənətə gəlmiş düşmənlərimiz bizim torpağımıza xaincəsinə əl uzatmışlar, kafir qonşularımızla birləşib, üstümüzə gəlmişlər, paytaxtımızı zəbt etmişlər.  İndi bizim qarşımızda duran ən ümdə vəzifə onları Qarabağ torpağından vurub-çıxarmaq, Bayat qalamızı azad etməkdir. Bu da sizin rəşadətinizdən, sizin qeyrət və namusunuzdan asılıdır. Tələsməliyik, hamımız bir yerdə, bir iradə ilə, bir ürəklə bu təxirəsalınmaz məsələni həll etməliyik, doğma yurdumuzu qorumaq üçün sinəmizi sipər etməliyik. Torpağımıza soxulan mənfur və həyasız düşmənlərimizi geri oturtmalıyıq. Elə bu gündən də yubanmadan döyüşlərə başlamalıyıq.

Ey mənim dəliqanlı igidlərim, dəliqanlı qoçaqlarım! Sizə məlum olsun ki, mən döyüşləri çox qısa bir müddətdə qələbə ilə başa çatdırmaq niyyətindəyəm. Bunun üçünsə bizə uzaqbaşı ay yarım-iki ay vaxt lazımdır. O bir Allahın köməyi ilə bu müqəddəs vəzifəni sizinlə bərabər şərəflə yerinə yetirəcəyəm! Yaradan yar olsa, qələbə şərbətini də yaxınlarda birlikdə içəcəyik!

Pənahəli xan sözünə azacıq ara verdi, sonra üzünü qoşun başçılarına tutaraq onların qarşısında qəti bir tələb qoydu:

- Biz ya kişi kimi döyüşüb, düşmənin başını birdəfəlik əzməliyik, ya da məğlub olub, arvad paltarı geyməliyik! Mənim qoçaq, igid əsgərlərim! Nə qədər çətinliyə düşsəniz də, düşmənin qabağından qaçmayın, mövqelərinizi tərk eləməyin, çünki bu, onun cəsarətini artıra bilər. Ölüm badəsini də sizdən qabaq içməyə hazıram. Hətta mənim özümün və mühafizəçilərimin məhvolma xəbərini eşitsəniz belə, qətiyyən geri çəkilməyin, son damla qanınıza qədər vuruşun. Onda sizin də, mənim də, Vətənin də başı aşağı olmaz!

Böyük ehtiram və həyəcanla Pənahəli xanı dinləyən döyüşçülərin sıralarından səslər eşidildi:

Biri: - Sizin tayınız-bərabəriniz yoxdur, ey böyük xan! Siz qarabağlıların döyünən ürəyi, vuran nəbzisiniz! - dedi.

O biri: - Sizin ağzınızdan dürr tökülür, sözləriniz çaxmaq daşı kimi möhkəmdir, qiymətli almaz kimi şəfəq saçır! - söylədi.

Digəri: - Siz bizim zəfər yolumuzu parlaq ulduz kimi işıqlandırırsınız!.. - deyə onu tərifləyib, göylərə qaldırdı.

... Pənahəli xan öz sərkərdələrini və döyüşçülərini düşmən üzərinə hücuma, qaynar döyüşə, qələbəyə səfərbər elədi və onları bu əzmkarlıq üstündə köklədi.

İndi də döyüşçülərin duaları eşidilməyə başladı. Onlar qarmaqarışıq səslə dua oxuyub, Yaradandan lütfkar olmağı, qarşıdakı ağır, yorucu, qanlı yürüşü qarabağlılar üçün uğurlu etməsini diləyir və Pənahəli xanı ucadan alqışlayırdılar:

- Qoy göylər Pənahəli xanı özü yaman gözdən, fəlakətdən, bəladan qorusun!

- Allah, özün onu hifz elə! Şöhrətli, zəfərli ol, ey böyük hökmdar!

- Qarabağın rəhbəri, cəngavər, müdrik başçı, səni min yaşa, var ol, sağ ol! Qoy Allahın mərhəməti və nəzəri həmişə sənin üstündə olsun!

İkinci Bayat döyüşü

Hacı Çələbi xan yaxşı bilirdi ki, Pənahəli xan Bayatdakı məğlubiyyətinin qisasını heç vaxt yerdə qoymayacaq, paytaxtını geri qaytarmaq üçün gec-tez onun üzərinə hücum edəcək. Ona görə də o, əlavə qüvvələr gətirərək mövqeyini daha da möhkəmləndirmiş, bir sıra cavab tədbirləri hazırlamışdı. Şəki kəşfiyyatı xəbər gətirmişdi ki, Pənahəli xan çox böyük qüvvə toplayıb, saysız-hesabsız qoşunla Araz kənarındadır və irimiqyaslı hücuma hazırlaşır. Hacı Çələbi xan fikirləşdi ki, Bayatda qalıb, burda döyüşsə, qarabağlılar qalanı uzun müddət mühasirədə saxlayıb, onu iqtisadi cəhətdən gücdən sala bilərlər və o da qaçılmaz məğlubiyyətdən yaxa qurtara bilməz. Müharibənin taleyinin yalnız qaladan bayırda, açıq döyüşdə həll olunacağını anlayan Hacı Çələbi xan ona görə də taktikasına əl gəzdirməli oldu. Çünki bəd ayaqda geri çəkilmək lazım gəlsə, heç olmasa, cəbhənin şimal xətti açıq olsun. Bu səbəbdən də Şəki qoşunları Bayatı tərk eləyib, qaladan kənarda mövqe tutdular.

... Pənahəli xan ölüm-dirim məsələsini həll eləyən bu döyüşdə əsas silahlardan biri olan sürətli hücum taktikasına üstünlük verdi. Döyüşə başlamaq üçünsə artıq hər şey hazır idi. Atlar yemləndi, silahlar yoxlanıldı, şeypurlar çalındı, təbillər gurladı. Kərənayların gur səsi hücuma işarə edirdi. Musiqi səsləri kəsilən kimi Pənahəli xan dəqiqliklə düşündüyü ildırımsürətli səhər həmləsinə işarə verib, əlindəki qamçı ilə şimal tərəfi göstərdi. Qarabağ döyüşçülərinin başları üstündə dalğalanan zəfər nişanəli, qələbə soraqlı bayraqlar Bayat qalasına sarı yönəldi. Pənahəli xandan xüsusi tapşırıqlar alan dəmir intizamlı döyüş dəstələri qızmar günəş altında geniş bir sahə boyu yollarla və cığırlarla hərəkətə başladılar. Dəstənin qabağında oynağan kəhərin belində bir qəhrəman, arxasınca isə hər biri on adama bərabər Qarabağ əsgərləri gedirdi. Bu yürüşdə yeni bir güc, yeni bir qüvvə hiss olunurdu, bir təntənə, bir əzəmət duyulurdu. Axı gör, bu igidləri döyüşə kim aparırdı, qələbəyə hansı sərkərdə səsləyirdi?!

Dərya kimi kükrəyib-coşan Qarabağ qoşunları Bayat qalasının ətrafını bürüdü. Pənahəli xan düşmən mövqelərinə hücum əmri verdi. Minlərlə atlı və piyada addımlarının qaldırdığı toz dumanı qara bulud kimi göyün üzünü tutdu. Süvarilərin çapma-qovmasından elə bir tozanaq qalxdı ki, hər iki tərəfin əsgərləri bu toz-torpaq içərisində görünməz oldu.

Döyüşü piyadalar başladılar və onların hücumunu süvarilər davam etdirdilər. Hər iki tərəf silaha əl ataraq bir-birinə yaxınlaşıb üz-üzə gəldi və döyüş başlandı. Yüzlərlə ildırımsürətli qılınc qınından birdən çıxdı. Qarabağ döyüşçüləri "ura" sədaları altında qılınclarını siyirib, qalxanlarını başlarına qaldırdılar, qartal kimi düşmən üzərinə şığıyaraq qulaqbatırıcı nərə ilə döyüşə atıldılar.

Pənahəli xanın piyada qoşunlarının hücumunu Hacı Çələbi xanın süvariləri qarşıladılar. Artıq döyüşlərdə bərkiyib, ustalıqlarının ən yüksək zirvəsinə çatan və dövrün əsas hərbi qüvvələrindən biri olan oxatanlar dəstəsinin sərrast zərbələri düşmən atlılarının səfini pozdu, tüfəngçilərin atəşləri tüstü-dumanı göyə qaldırdı. Piyadalar tüfəng atəşlərinin ardınca düşmən mövqelərinin üzərinə həmlə elədilər. Mövqelər bir-birinə o qədər yaxın idi ki, ağır əlbəyaxa döyüşlər başlandı. Döyüşlər getdikcə şiddətlənir və amansız olurdu. Hər iki tərəf bir-birini çəyirtkə kimi qırırdı. Nizə, toppuz, mizraq, dəbilqə, güllə səsləri bir-birinə qarışmışdı.

Pənahəli xan qəflətən gözlənilməz manevrə əl atdı, bütün qüvvəsini düşmənin mərkəz cinahına yönəldərək çox böyük sürətlə ona ağır zərbə vurdu. Hacı Çələbi xan nə qədər səy göstərdisə, bu əsas cinahını xilas eləyə bilmədi, üstəlik, onun sol cinahı da sıradan çıxdı. Qarabağlıların aramsız və şiddətli zərbələrindən xoflanan birləşmiş qoşunlar bütün qüvvələri ilə müdafiə olunmağa çalışsalar da, rəqiblərinin hər bir həmləsindən sonra yenidən böyük itkilərlə üzləşirdilər. Yalnız düşmənin sağ cinahı dəhşətli hücuma tab gətirərək müqavimət göstərirdi. Lakin bu genişmiqyaslı hücumun qarşısında öz zəifliyini və rəqibinin gücünü hiss eləyən Hacı Çələbi xan döyüşü udmaq imkanı olmadığını və Pənahəli xana qalib gələ bilməyəcəyini artıq gözəl başa düşürdü. Böyük tələfat verən və sıraları xeyli seyrələn şəkililər qızğın döyüşdən yorulub, əldən düşdülər, uduzduqlarını hiss eləyib, pozulmuş sıralarını nizama salmaq üçün sarsılmış və başıpozuq halda yavaş-yavaş geri - şimala çəkilməyə başladılar.

Toplar dilə gəlir

Döyüşlərin ən gərgin və həyəcanlı anları yaşanırdı. Hər iki tərəf çoxlu sayda itki verməsinə baxmayaraq, hücumlarını davam etdirir, hər biri də qalibiyyət bayrağının öz başı üzərində dalğalanmasını görmək istəyirdi. Hacı Çələbi xan bir ucdan şimaldan gələn hərbi və maddi yardım hesabına güclənir, verdiyi itkilərin yerini dolduraraq döyüşə yeni-yeni dəstələr göndərirdi. Növbəti hərbi kömək gələndən sonra o özünü cəmləşdirib, qəfil və güclü həmlə ilə qarabağlıların sağ cinahını yararaq onları cənub istiqamətində - Araz çayına doğru sıxışdırmağa başladı. Vəziyyət Hacı Çələbi xanın xeyrinə dəyişmək üzrəydi. Bu hücumun qarşısını almaq üçün ümidini yalnız artilleriyaya bağlayan Pənahəli xan topları işə salmağın vaxtı çatdığını qoşun başçılarına bəyan elədi. Çünki o, mahir bir sərkərdə kimi döyüşün nəticəsinin artilleriyanın gücündən asılı olduğunu çox gözəl bilirdi. Ona görə də yubanmadan atını zənburəkçilər dəstəsinin mövqe tutduğu yerə səyirtdi.

Bekarçılıqdan bir-birinə qısılaraq böyrü üstə uzanıb, fısıldaya-fısıldaya ara vermədən kövşək vuran boz rəngli, qalın tüklü, qoşa hörgüclü dəvələr solğun dodaqlarından köpüklənən ağız sularını tozlu torpağa axıdırdılar. Səs-küyü eşidən Allahın bu dilsiz-ağızsız heyvanları sanki döyüşə qatılacaqlarını duyub, tüklü başlarını qaldıraraq parıldayan qabarıq, iri gözlərini zənburəkçilərə zilləmişdilər və onlardan əmr gözləyirdilər.

Düşmən kəşfiyyatçıları Pənahəli xanın topçularını görməmişdilər. Toplar elə gizlədilmiş, üstü elə örtülmüşdü ki, uzaqdan gözə dəymirdilər. Hacı Çələbi xan isə qarabağlıların artilleriyası olduğunu heç ağlına belə, gətirmirdi.

Eyni vaxtda müəyyən bir hədəfi vurmaq üçün topların hamısı bir yerə cəmləşdirildi və müəyyən hazırlıq işləri görüləndən sonra döyüş meydanına çıxarıldı. Zənburəkçilər dəstəsinin başçısı atəş əmri verdi və sürətlə irəliləyən Şəki qoşunlarının mərkəzinə məhvedici zərbələr endirildi. İsfahandan gətirilmiş topçular çox cəld və məharətlə vuruşurdular. Bir top boşalan kimi lüləsini soyutmaq üçün əvvəlcə sirkə ilə isladılmış sümbəylə onun içini təmizləyir. sonra böyük sürətlə doldururdular. Ona görə də düşmən əsgərləri çevik Qarabağ topçularının sərrast atəşindən yayına bilmirdilər.

Hacı Çələbi xan da artilleriyasını döyüşə daxil elədi. Lakin artıq gec idi, çünki təşəbbüs qarabağlılar tərəfində olduğundan və atəşi birinci olaraq onlar başladığından bunun şəkililərə heç bir faydası olmadı.

Qarabağ zənburəkçilərinin ağır tor zərbələri düşmən qoşunlarının sıralarını parçalayıb seyrəldir, nizamlarını pozub, səflərini dağıdırdı. Növbəti atəş zamanı sərkərdələrinin birinin və bayraqdarının top mərmisindən həlak olması birləşmiş qoşunların döyüşçüləri arasında güclü vahimə, qorxu hissi, içərilərində bir təlaş, çaşqınlıq yaratdı. Dörd saata qədər davam eləyən dağıdıcı top atəşlərindən sonra düşmən geri oturduldu, pərakəndə bir tərzdə, məyus və ümidsiz bir halda mövqelərini tərk eləyib, geri çəkilməkdən başqa çarə görmədi.

Pənahəli xan yaxın adamları və mühafizə dəstəsi ilə döyüşlər gedən əraziyə gəldi və hündür bir qum təpəsinin üstündə dayandı. Burdan baxanda qarşıdakı ucsuz-bucaqsız geniş düzənlik aydın görünürdü. O, aşağıda cərəyan eləyən hadisələri diqqətlə izləyir, çaparlara tez-tez göstəriş və əmrlər verir, lazımi anda döyüş meydanına əlavə qüvvələr göndərir, vaxtlı-vaxtında zəruri tədbirlər görürdü. İndiyədək Pənahəli xan böyük itkilər versə də, "öldü var, döndü yox" prinsipi ilə hücumlarını davam etdirir, düşmənə ölümcül zərbələr vururdu.

 

(Ardı var)

Vasif Quliyev

525-ci qəzet .- 2022.- 15 iyul.- S.14-15.