Ömər Faiq Nemanzadə və
"Molla Nəsrəddin" jurnalı
(Əvvəli
ötən sayımızda)
Ömər
Faiq keçdiyi çətin, mürəkkəb, keşməkeşli,
şərəfli ömür yolunu və mübarizələrlə
dolu yaradıcılıq prosesini özünün məşhur
"Xatirələrim" əsərində geniş şəkildə
əks etdirib. Bu dəyərli avtobioqrafik yazıda ədib
öz yaradıcılığını, "Molla Nəsrəddin"
jurnalı ilə bağlı qaragüruhçu qüvvələrə
qarşı mübarizəsini, Cəlil Məmmədquluzadə
ilə sıx dostluq əlaqələrini real faktlar əsasında
qələmə alıb.
Məlumdur ki, erməni daşnakları zaman-zaman torpaq
iddiaları ilə qanlı savaşlara yol açmış,
xalqımızı rus şovinizminin əli ilə
soyqırıma məruz qoymuşlar. "Molla Nəsrəddin"
jurnalının bir əsr öncə öz səhifələrində
çap etdirdiyi bu mövzulu yazılar gələcək nəsillərə
ötürülmüş ciddi xəbərdarlıq idi.
Ömər Faiq Nemanzadə "Millətpərəstlik
zamanıdır" adlı məqaləsində
yazırdı: "Ey ürəyində bir zərrə mərhəməti
olanlar, ey insana dost və millətpərəst görünənlər!
Məmləkətimizin, camaatımızın
bir payı aclıqdan həlak olur. Bunların
bu ciyərsiz həlakı isə bizi daha dəhşətli,
daha təhlükəli həlakətə sürür. Əgər Zəngəzura, Qarabağa vaxtında
kömək edə bilməsək, o əhəmiyyətli yerlər
əlimizdən çıxarsa, yaxşı biliniz ki, cümləmiz
qeyrət və namussuzluqla yad olunmaqdan savayı, bütün məmləkətlərimiz,
bütün həyatımız əbədi təhlükələrə
düçar olacaqdırlar".
Cəmiyyətin bütün sahələrində milli
oyanışa, tərəqqi və inkişafa
çağırış Ömər Faiq Nemanzadə
publisistikasının əsas leytmotivini təşkil edir. Onun "Məzlum
ən böyük zalımdır" məqaləsində
müəllif insanların zülmə, istibdada, köləliyə,
istismara, təhqirlərə dözməsini, susmasını tənqid
obyektinə çevirir, həmvətənlərini öz
hüquq və azadlıqlarını müdafiə etməyə,
vətənin taleyinə biganə qalmamağa səsləyirdi.
Ömər Faiq Nemanzadə türk xalqlarının gələcəyi
üçün dərindən narahatlıq keçirən əsl
vətənpərvər ziyalı idi. O, türk dünyasının bir
ziyalısı kimi mənsub olduğu xalqın taleyini
düşünürdü. Öz həmvətənlərini
dünyanın azad, demokratik düşüncəli, yüksək
elmə, maarifə və mədəniyyətə mənsub
xalqları sırasında görmək istəyirdi. Buna
görə də böyük ədib bu yüksək məfkurəli
fikirlərini, arzu və istəklərini özünün
"Milli məsələlərimizin vaxtımı?"
adlı məqaləsində bəyan edərək
yazırdı: "Rusiyada 25-30 milyon türk var, bunların
ictimai-siyasi idealları olması da təbiidir. Burasını
danmaq deyil, sükutla keçmək belə həm milləti,
həm də hökuməti aldatmaqdır... Biz Rusiya türklərinin
özümüzə görə ictimai-siyasi arzularımız
var. Bu arzuları böyük və qəbul olunmayacaq bir
şey sanmayınız! Biz artıq bir zad istəmiriz.
İstədiyimiz budur ki, bizə də
insanlıq hüququ verilsin. Biz də
Rusiyanın hüquqlu təbəəsi cərgəsinə
keçəlim. Ögey övlad yerində
tutulmuyalım. Hökumətin ümumi qanunundan din və
millət seçkiliyi olmasın, xüsusiyyəti-milliyəmizə
etina edilsin... Vaxtdır ki, özümüzü
tanıyalım. Vaxtdır ki, həqqi-ədalətsizliyin
üzündən millətimiz "varlığının təhlükəyə
düşməkdə olduğunu" qanalım".
Ədib hər şeydən öncə mətbuatın tərəqqisinin
mühüm şərtini onun milli dilə söykənməsində,
ana dilinin təbliği və ziyalılar tərəfindən
bu istiqamətdə mühüm addım atılmasında
görürdü. Ö.F.Nemanzadə bütün
ömrü boyu türk dilinin təmizliyi və
saflığı uğrunda mübarizə aparıb. O,
millətin və xalqın tərəqqisində dilin önəmli
bir məsələ olduğunu həmişə diqqət mərkəzində
saxlayır, ziyalılarımıza səslənərək
xalqın anlayacağı bir dildə yazmağın vacibliyini
ön plana çəkirdi. Ədibin dil məsələsinə
olduqca həssas və milli təəssübkeşliklə
yanaşması bütövlükdə həm də "Molla
Nəsrəddin" jurnalının ana dili ilə
bağlı əsas ideoloji mübarizəsini özündə
əks etdirirdi.
"Müstəqil
dil və ədəbiyyatı olmayan bir millətin siyasi
istiqlalı da sağlam ola bilməz" -
deyən Ö.F.Nemanzadənin yaradıcılığında
ana dilinin qorunması, onun varlığının əbədiliyi
prioritet mövzulardandır. O, doğma dilə olan sonsuz
sevgisini "Eşq və məhəbbət" adlı məqaləsində
yana-yana izhar edərək yazırdı: "Mən
inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin tək
nişanıdır, millət sevgisinin birinci əlamətidir.
Dilini sevməyənin ürəyində millətpərvərlik
duyğusu aramaq istiotdan bal dadı gözləməyə
oxşar. Milli dilində danışmaq istəməyənin
millətpərvərlikdən dəm vurması
yalançılığın təzə modasından özgə
bir şey ola bilməz. Mənə deyirlər
ki, öz dili, öz ədəbiyyatı olmayan millət öz
varlığından danışmağa utanmalıdır... Bir rum ilə erməninin türkcədən özgə
dil ilə danışdıqlarını görməzsiniz.
Halbuki bizim bəzi ağalar dilimizin çətinliyini
bəhanə edib evdə arvad-uşaq ilə də özgə
dil ilə danışmaq xəyalında bulunurlar. Tiflisdə
beş ziyalı bir araya gələndə
görməzsiniz ki, öz dili ilə danışsın... Nə edim ki, bizi millət məhəbbətindən
geri qoyan səbəblərin biri də dilimizdir. Daha
doğrusu, dilsizliyimizdir... Bu gün bu
yazılarımla ancaq qısaca yada salmaq istəyirəm ki,
millətimizi sevmək üçün ən irəli dilimizi
sevməliyik. Həm də elə eşq və məhəbbətlə
sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin".
"Molla Nəsrəddin" jurnalının əsas
mövzularından olan qadın azadlığı problemi
Ömər Faiq Nemanzadənin yaradıcılığında
xüsusi yer tuturdu. Onun jurnalın 1907-ci ilin 19-cu sayında "Dərdmənd"
imzası ilə dərc etdirdiyi "Xortdana məktub"
felyetonu geriliyə, cəhalətə, köhnə adət-ənənələrə,
qadın heysiyyətinin tapdanmasının tənqidinə həsr
olunmuş maraqlı və düşündürücü
publisistik nümunələrdəndir. Ədibin
"Bir neçə günlüyə" adlı felyetonunda
da qadın azadlığı problemi aktual bir məsələ
kimi davam etdirilir. Ömər Faiq Nemanzadə
şəriət qanunlarını düzgün anlamayan, onu
kobudcasına pozub saxtakarlığa yol verən
yalançı vaizləri, "saqqalı qırmızı, beyni
sarı" mollaları tənqid hədəfinə
çevirirdi. O, mənəvi-əxlaqi dəyərlərə
yabançı münasibət bəsləyən
fırıldaqçıları ifşa edərək
yazırdı: "Biz Molla Nəsrəddinik. Bizim
peşəmiz ilan-qurbağaya sataşmaqdır, biz dərd
edirik ki, nə səbəb bizim millətimiz insaniyyətdən,
mərifətdən, namus və qeyrətdən, dindən və
şəriətdən bu dərəcə kənara
düşüblər".
Ömər
Faiq Nemanzadənin publisistikasında, eləcə də
"Molla Nəsrəddin"in üslubuna xas olan,
dövrün müxtəlif problemlərini özündə əks
etdirən, çoxsaylı məsələləri ehtiva edən
məqalə və felyetonlarında orijinal ifadə tərzi, bədii,
yumoristik və sarkastik forma və struktur özəllikləri
bütün incəlikləri ilə diqqəti cəlb edir. Onun publisistikasında Çar Rusiyasının
xalqlar arasında ayrı-seçkilik salması, milli
qırğın törətməsi kimi mənfi halların
ifşasına həsr etdiyi yazılar da önəmli yer tutur.
Bəzən C.Məmmədquluzadə Ömər
Faiqin kəskin xarakterli yazılarının ciddi senzura təpkisinə
məruz qalacağını və jurnalın bağlanmaq təhlükəsi
ilə yenidən üzləşəcəyini göz
önünə alaraq, mətnlərdə nisbətən dəyişikliklər
etməsini, mövqeyini yumşaltmasını məsləhət
görürdü. Məhz bu səbəbdən
"İt it ilə boğuşar, hökumətin işi rast
gələr" satirik məsəlinə düzəliş edərək
jurnalda "At at ilə boğuşar, hökumətin işi
rast gələr" şəklində dərc etmişlər.
Və yaxud "Bu nə sirdir ki, erməni-müsəlman
vuruşması düşən kimi hökumət əsgərləri
erməni və müsəlmanlara ucuz qiymətə silah
satırlar" fikrindəki siyasi motivi dəyişərək
bu şəkildə ifadə etmişlər: "Bu nə
sirdir ki, erməni-müsəlman vuruşması düşən
kimi hökumət əsgərləri elə şiddətli
azara mübtəla olurdular ki, təbiblər onların
çölə çıxmasını rəva
görmürdülər".
Səhhətində yaranan problemlə bağlı Ömər Faiq Nemanzadə 1912-ci ildən 1915-ci ilə qədər mətbuatda çıxış etmir. Nəhayət, mətbuat aləminə qayıdanda bu zaman artıq dünyada böyük dövlətlərin iştirakı ilə Birinci Dünya müharibəsi gedirdi. Bəşəriyyəti qan gölündə boğduran bu savaşda milyonlarla insan qətlə yetirilmiş, dünya məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Dünyada gedən bu mürəkkəb proseslərə bir vətəndaş yanğısıyla münasibət bildirən Ömər Faiq Nemanzadə haqqında "İqbal" qəzeti 1915- ci ilin 19 yanvar tarixli sayında belə bir məlumat vermişdi: "Bir çox zamandan bəri, mətəəssüf, mətbuat səhifələrindən uzaq düşmək məcburiyyətində qalan ötgün qələm arkadaşlarımızdan möhtərəm Ömər Faiq əfəndi arkadaşımız hərbzədə müsəlmanların düçar olduqları fəlakət qarşısında artıq susamamış, aşağıdakı mütəəssər məqalə ilə bərabər, 25 manat ianə göndərmişdir ki, açdığımız dəftərə qeyd edəlim". "İqbal" qəzeti 20 Yanvar tarixli "Ömər Faiq əfəndi" adlı məqalədə ədibin "İrşad", "Tərəqqi", "Şərqi-Rus" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi maraqlı və dəyərli məqalələrindən söhbət açır. Ö.F.Nemanzadənin bu sahədəki xidmətləri təqdir edilir və "Molla Nəsrəddin" jurnalındakı fəaliyyətinə xüsusi yer verilir.
Bütün
həyatı boyu xalqının taleyini düşünən
Ömər Faiq Nemanzadə narahat bir ziyalı ömrü
yaşayıb. 1918-ci ildə Azərbaycanda
Xalq Cümhuriyyəti qurulanda Ö.F.Nemanzadə doğma yurdu
Ahısqada türklərin azadlıq mübarizəsinin
önündə getmiş və üç dəfə həbs
edilmişdi. 1918-ci il fevralın 18-də gürcü
menşevik parlamentinin iclası Ö.F.Nemanzadə məsələsini
müzakirə edərək həbsdən azad etməyə məcbur
olmuşdu. Ö.F.Nemanzadə Bakıya gəlmiş və Azərbaycan
Xalq Cümhuriyyətinin polis idarəsində nəzarətçi
müfəttiş vəzifəsində
çalışmışdı.
Ö.F.Nemanzadə
ömrünün son illərini xa-tirələr üzərində
işləmiş və XIX əsrin səksəninci illərindən
başlayaraq 1906-cı ilə qədər olan dövrü
tamamlaya bilmişdi. Təəssüf ki,
xatirələrini başa çatdırmaq ona nəsib
olmayıb. 1937-ci ilin 16 iyulunda ata yurdu Axalsıxda
(Gürcüstan) dincələrkən rayon prokuroru
Odabaşyanın sərəncamı ilə həbs olunub və
üç aydan sonra, oktyabrın 10-da Gürcüstan SSR Xalq
Daxili İşlər Komissarlığının nəzdindəki
"Üçlüyün" qərarı ilə güllələnib.
Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl
Müşfiq və Azərbaycanın minlərlə
ziyalısı kimi, Ömər Faiq Nemanzadə də
repressiyanın günahsız qurbanına çevrilib. 1958-ci
ildə ona bəraət verilib, böyük ədibin onsuz da qəlblərdə
yaşayan zəngin ədəbi irsi yenidən xalqımıza
qaytarılıb.
Türk
xalqlarının ictimai-siyasi və ədəbi-mədəni həyatında,
azadlıq, istiqlal, milli oyanış və tərəqqisində
müstəsna rol oynayan, çoxşaxəli
yaradıcılığı ilə Azərbaycanda mətbuat və
ədəbiyyatın inkişafına böyük töhfələr
verən, "Molla Nəsrəddin" ədəbi məktəbinin
yaradıcılarından və fəal üzvlərindən
biri kimi xalqımıza təmənnasız xidmət göstərən
Ömər Faiq Nemanzadə bütöv şəxsiyyəti və
təkrarsız yaradıcılığı ilə ədəbiyyat
və mətbuatımızın zirvəsində əbədi
yaşayacaq.
Gülbəniz BABAYEVA
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika
şöbəsinin aparıcı elmi işçisi, filologiya
üzrə fəlsəfə doktoru
525-ci qəzet 2022.- 15 iyul.- S.11.