Sədaqət simvolu

 

Mərhum dövlət xadimi Musa Məmmədovun 90 illiyinə

 

Musa Məmmədov (doğum tarixi 15 iyul 1932, Qəbələ, vəfat tarixi 12 mart, Bakı, 2019,) haqqında danışmaq o qədər asandır ki,... Çünki bu insanı yaxşı tanıyırdıq gördüyü işlər o qədər çox idi, o qədər gözəl işlər var idi ki, onun haqqında kitab da yazmaq , kino da çəkmək olar.

Mən Musa müəllimi 70-ci illərdən tanıyırdım. O dövrdə Musa müəllim respublikada artıq gənc mütəxəssis kimi rəhbər işlərdə çalışırdı. O zaman respublikada kənd təsərrüfatı ilə bağlı zona müşavirələri təşkil edilərdi. Həmin müşavirələri Mərkəzi Komitənin katibləri, Nazirlər Sovetinin sədr müavinləri keçirərdi. belə tədbirlərdə Musa müəllim həmişə rəhbər işçilərin yanında olurdu. Müşavirələrdə müəyyən işlərin qiymətləndirilməsi, işin yaxşı ya pis olması, nöqsanların aradan qaldırılması yolları ilə bağlı rəhbərlər həmişə Musa müəllimə müraciət edir, onunla məsləhətləşirdilər. Yəni, mən bunların şahidi olmuşam. Sonralar isə mən respublikanın müəyyən rayonlarında rəhbər vəzifələrdə çalışanda bizim görüşlərimiz daha çox olurdu.

Ulu öndər Heydər Əliyev o vaxtlar müxtəlif məsələlərlə bağlı kənd zona müşavirələri çağırardı. Bitkiçilik sahəsi ilə bağlı çağırılan bütün müşavirələrdə, istər pambıqçılıq olsun, istər üzümçülük ya digər sahə olsun, Musa müəllim hər zaman rəhbərliyin yanında olardı. Ulu öndər Musa müəllimi bir mütəxəssis kimi eşidərdi. Musa müəllimə böyük inam var idi.

Musa müəllim Respublika Kimya Birliyinin sədri vəzifəsində çalışdığı dövrdə özünün yaxşı işlərilə diqqət çəkmişdi. O zaman Ulu öndər bu sahəyə çox diqqət yetirirdi respublikanın ayrı-ayrı bölgələrində kimya birlikləri, yəni böyük bazalar yaranırdı. Bütün bunlar kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasında vacib şərtlərdən idi. Deyərdim kənd təsərrüfatının önəmli sahələrindən biri idi ki, burda torpaqların gübrələnməsi, torpaqlarda zərərvericilərə qarşı mübarizənin aparılması, bitkiçilik məhsullarının istehsalı üçün əsas şərt olan sağlam məhsul yetişdirilməsi xüsusilə pambıqçılıq sahəsində zərərvericilərə qarşı mübarizənin aparılması, pambığın qorunması s. vacib məsələlər idi bunları Musa müəllim hər zaman diqqətdə saxlayır, bir mütəxəssis kimi, bir rəhbər kimi öz köməyini əsirgəmirdi.

Sonrakı illərdə Musa müəllim Aqrar Kompleksin rəhbəri, Baş nazirin müavini vəzifəsinədək yüksəldi respublikada kənd təsərrüfatı işçilərinin daha da təkmilləşdirilməsində çox böyük işlər gördü.

Onu da bildirim ki, ən çətin vaxtlarda Musa müəllim Azərbaycan hökuməti tərəfindən Qarabağa təhkim olunmuşdu. Orda çalışırdı. Qarabağın mənfur düşməndən azad olunması Musa müəllimin ən böyük arzularından biri idi. Artıq Musa müəllimin bu arzusu gerçəkləşib. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin gərgin siyasi-diplomatik fəaliyyəti rəhbərliyi nəticəsində şanlı ordumuzun Vətən müharibəsindəki 44 günlük möhtəşəm Qələbəsi ilə Qarabağımız azad olundu. Bu zəfərlə Musa müəllimin timsalında Qarabağ həsrətilə dünyasını dəyişən insanların ruhu şad oldu. Musa Salamoviç ruhun şad olsun.

Musa müəllim çox zəhmətkeş bir adam idi, yorulmaq bilməzdi. Sahəyə gələndə sahənin bu başından o biri başınadək piyada gəzib oradakı  bütün məsələlərə diqqət yetirərdi. Yəni, əkinçiliyi, torpağı çox yaxşı bilirdi. Yerlərdə olan kənd qabaqcıllarını, kənddə işləyən insanları, briqadirləri, hətta manqa başçılarını da yaxşı tanıyırdı hər kəsin qədər məhsul götürdüyünü, qədər məhsul verdiyini əzbər bilərdi.

Musa müəllimlə bizim həm münasibətimiz, həm şəxsi dostluq əlaqələrimiz vardı. Bir-birimizə hörmətimiz böyük idi. Ona görə mən işlə bağlı müəyyən məsələlərdə Musa müəllimdən məsləhətlər alırdım.

Musa müəllim çox zəhmətkeş adam idi. İsti, soyuq-çovğun bilmədən, hər zaman öz işinin başında idi. Sübh tezdən oyanıb sahələrə çıxır, axşam hava qaralana qədər çöldə olardı, camaata öz məsləhətlərini verərdi. Hətta sadə zəhmət adamları ilə saatlarla söhbət edərdi, onlara öz məsləhətlərini verərdi.

Musa müəllimin çox maraqlı həyat tərzi var idi. O, işinə, dövlətinə, xalqına çox bağlı insan idi. Hərdən yanında olanda görürdük ki, evdən kimsə ona zəng edir, ancaq onun üçün hər şeydən vacib işi idi. Yaxınlarına da həmişə belə deyirdi.

Musa müəllimin bir qovluğu var idi. Qovluğun içərisində Azərbaycanın bütün göstəriciləri var idi. Meşə birliyinin rəisi işləyən zaman biz onunla eyni binada, eyni mərtəbədə çalışırdıq. Hökumət Evində daha sıx əlaqələrimiz olub. Evə gedəndə o qovluğunu da götürər, səhər gələndə yenidən özü ilə gətirərdi. Axşam saat 9-da 10-da işdən çıxırdı. Bir dəfə dedim bu qovluğu niyə evə aparırsan, səhər onsuz da gələcəksən. Deyirdi birdən gecə lazım olsa, durub baxaram. Qovluğun içərisində Azərbaycanın bütün bölgələrində ayrı-ayrı bitki növlərinin məhsuldarlığı, məhsul istehsalı ilə bağlı rəqəmlər, göstəricilər var idi. Bu da təbii ki, məsuliyyətdən doğan məsələ idi. Demək olar ki, Musa müəllim başında dünyasını dəyişib.

Musa müəllimin həyatında müəyyən çətinlikləri olub. Övlad itkisi yaşayıb. Buna baxmayaraq nəvələrinin yaxşı gələcəyi üçün həmişə çalışıb onlar üçün hər cür şərait yaradıb.

Musa müəllimin yoldaşlıqda, dostluqda da çox sədaqətli idi, çox böyük insanlığı var idi. Musa müəllimin gözəl ailəsi var idi. Savadlı, yüksək mədəniyyətə sahib həyat yoldaşı, çox gözəl, ağıllı qızı da hər zaman ona dayaq idi. Onunla birlikdə çətinliklərə dözür, həyatlarını dövlət işinə həsr edirdilər.

Musa müəllimin Azərbaycanda kənd təsərrüfatının inkişafında çox böyük rolu olub. Böyük mütəxəssis kimi, böyük rəhbər kimi Ulu öndər Heydər Əliyev siyasətinin həyata keçirilməsində çox böyük xidmətləri olub. Gənclər həmişə onun məsləhətlərinə ehtiyac duyub, ondan hər zaman bəhrələnib.

Yenə qeyd edirəm, onun haqqında çox yazmaq, danışmaq olar. Ancaq hər kəsə müəyyən bir vaxt ayrılıb ki, ondan istifadə edərək öz xatirələrimizi bölüşürük.

 

Allah ruhunu şad eləsin!

 

Əhməd ƏHMƏDZADƏ

 

525-ci qəzet 2022.- 15 iyul.- S.10.