Qızım və Şuşa...

 

 

Qızım!

 

Bu, mənim sənə ilk "qızım" deyə müraciətimdir. Əminəm ki, yaxın zamanda sən aramıza qatılandan sonra bu, mənim dilimin əzbər sözünə çevriləcək. Bir kəlməyə sığdırılmış bu sonsuz səadəti mənə rəva gördüyünüz üçün öncə Allahıma, sonra isə sənə təşəkkür edirəm!

Mənim balam! Bunu sənə elə bir zamanda yazıram ki, indi bizim yaşadığımız, bir azdan sənin fərdinə çevriləcəyin cəmiyyətdə hər şey bir-birinə qarışıb. Əslində, çox şey gözəldir, həm çox şey gözəl deyil. Necə başa salım? İndi sən bunları anlamaq üçün lap çox balacasan, amma mən yenə deyim ki, bu dünyada insanın ən böyük dostu da, ən əzəli düşməni elə insan özüdür. Buna hazırlıqlı ol.

Gözəl qızım, xəbərin olsun ki, xalqımız cəmi iki il öncəyə qədər böyük bir dərdlə-Vətən dərdiylə sınanırdı. Azərbaycanımızın ən gözəl guşələrindən biri olan Qarabağ mənfur qonşularımızın tapdağı altında idi. Yəni özlərinin olmayana zorla sahib çıxmışdılar. Biz 30 il dözdük, səbr elədik, qan tökülməsin, analar ağlar, balalar yetim qalmasın, günahsız canlar qurban getməsin deyə bu problemi sülh yoluyla, danışıqlarla həll etməyə çalışdıq. Amma çifayda. Olmadı ki, olmadı. Qonşularımız danışığa gəlmək istəmədi, torpaqlarımızdan da çıxmadı. Hələ bu azmış ki, atəşkəs rejimində olduğu dövlətə vaxtaşırı atəş açdı. Atəşkəs rejimində bir müharibədən daha artıq şəhid verdik. nəhayət, səbrimiz daşdı. Bu ədalətsiz gedişə "dur!" demək zamanı yetişdi. Məğrur xalqımız bir göz qırpımında ayağa qalxdı 3-4 il ərzində itirdiyimiz torpaqları cəmi 44 günlük müharibəylə geri aldı. Düşməni qovub çıxartdı yurd-yuvamızdan.

Əlbəttə, müharibə varsa, qurban da var. Biz bu 44 gündə 3 minə yaxın şəhid verdik. O şəhidlər arasında sənin atanın yaxın qohumlarından, sənin soyadını daşıyacağın Bayramovlardan da var. Sənin anan isə bir jurnalist, yazıçı kimi əlindən gələn tək şeylə-yazmaqla bu qələbəmizə öz töhfəsini verməyə çalışdı. Əzəli torpaqlarımızı bizə geri qaytaran şəhidlərimizə vəfa borcumuz kimi onlar haqqında məqalələr, esselər, müsahibələr hazırlayıb, qəhrəmanlarımızı böyük ictimaiyyətə tanıtmaqla məşğul oldu. Sən aramıza qatılandan, həyatı az-çox dərk etməyə başlayandan sonra sənə ilk oxudacağım da məhz bu məqalələr olacaq, söz verirəm! Çünki bu qəhrəman igidlərimizi sən sənin kimi gələcək nəsillər yaxından tanımalı, sevməli, qürur duymalıdır.

Bu silsilə məqalələrin, bu fəaliyyətin nəticəsidir ki, anan azad Qarabağa ilk ayaq basan, oralardan ilk reportajlar hazırlayan jurnalist-yazıçılardan oldu. Ağdam, Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa... Hər birinin müharibədən sonrakı acınacaqlı hallarına ilk şahid olanlardan biri kimi gördüklərimi həm böyük ürək ağrısı, həm də sonsuz qürurla vərəqə köçürdüm. Hər biri "525-ci qəzet"in arxivində məhz səninçün, sizinçün qalmaqdadır.

Əziz balam, sənə bu sətirləri yazdığım anlarda Şuşada növbəti möhtəşəm tədbir keçirilməkdədir - "Vaqif Poeziya Günləri". Bir ədəbiyyatçı kimi bu gün mən orda iştirak edə bilməsəm də, yenə sevincliqürurluyam. Çünki düz bir il öncə, "Vaqif Poeziya Günləri"nin qələbədən sonrakı ilk tədbirində, Vaqif Məqbərəsinin bərpadan sonrakı açılışında mən-sənin anan da iştirak edirdi. Özüçox az sayda iştirakçı gəncdən biri kimi. Xəyallarımızın Şuşasına bu səyahət bu günə kimi qəlbimin ən kövrək, ən titrək yerində özünün təptəzə duyğularıyla qalmaqdadır. Orda keçirdiyimiz üç möhtəşəm günü üç hissəli silsilə məqaləmdə yazmışam. Özü də elə yazmışam ki, sən - mənim gözəl balam gələndə hələ oralara getməmiş sözlərimin qanadında aparacağam səni Şuşamıza.

Bu il isə sənin gəlişinə hazırlaşdığımız üçün gedə bilmədiyimdən Şuşamızdan üzr istəmək məcburiyyətindəyəm. O qədər qəribədir ki, yüzlərlə, minlərlə ananın balasını qurban verdiyi Şuşayla görüşü balana görə qurban vermək. O qədər həzindir ki, Şuşa sevgisini, Şuşa həsrətini bala qayğısına dəyişmək. Amma içimdə təsəllim də hazırdır, əlbəttə. Mən Şuşanı sadəcə bu dəfəlik, sənin sağlamlığın xətrinə qurban verdim, qızım. İnşallah, sən aramıza qatılandan sonra azadfiravan Şuşamıza bu dəfə yalnız deyil, atan və səninlə bərabər gedəcəyəm. Buna inanıram. Buna əminəm! Şuşaya və sənə söz verirəm!

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet .- 2022.- 15 iyul.- S.13.