Şam ağacına sarmaşıb

"Aşdım-daşdım" budağı...

Saçlarımı qayçılayıb

Torpağına tökmüşəm...

... "illər aşıb, aylar aşıb,

xatirənlə qucaqlaşıb"

gətirərmi bu yanvarda

vüsalı şam ağacı?

 

"...sarı rəngdi həsrəti..."

Nənəm oxşayardı şamı...

İndi şamın həsrəti ,

Nənəmin laylası da

Çox köhnə xatirədi...

 

Aldanıb sarı rəngin möhtəşəmliyinə

Gözlərimin kökünü

Sən yaşayan şəhərin

Xəritəsinə bükmüşəm...

...çox köhnə xəritədi...

 

Ölməyən ümidlərə may ağısı

 

Sənə mesaj yazıram,

Yazıb-yazıb silirəm...

Seçdiyim hər hərflə

Yeni cığır açıram,

O cığıra daş düzüb

Tez qaçıb gizlənirəm...

...ağlım yoxdu, bilirəm...

 

Gün siləndə buludun

Üzündəki tozları

Əllərimi xatırla...

Qarı nənə "söz qoşub

"Deyikli" ümidindən

Küsdürəndə qızları

Şeirimi xatırla...

 

bir gün...

Bir ləçəkdə

Rast gələrsən qurumuş

Kəpənək qanadına...

Adım düşər yadına...

...Sevirdim səni, ümid,

Ümidin inadına...

 

Telefonum naxış-naxış

Körpə şəkilləriylə...

Dualarımda qarğış:

"Ümidin ölsün, ümid...

Ölsün öz əllərində..."

 

Heç səni belə sevən,

Belə söyən oldumu?

Adınla gün başlayan,

"Balam"...-deyən oldumu?

...ölümsüzsən, bilirəm....

Heç sonda da ölmürsən...

 

...sənə mesaj yazıram...

Yazıb-yazıb silirəm...

Bağışlama, ümidim...

Zaval ver ümidimə...

...ağlım yoxdu, bilirəm...

 

lll

 

Bu gecə bonzay çiçəyi,

Dan üzü solub gedəcək...

...qocalıram...

Əlimdədi cavanlığım-

-şəkillərin ən göyçəyi...

Bir az baxıb ağlayaram,

Xatırlayıb gülərəm

 

O şəkil çəkilən günü...

...bir ...

Bir başım üçün

MRT çəkilən günü...

...bu gecə yaman gecədi...

Bu gecə məni üzəcək...

 

Ağrımı ağrıkəsici

Ümidimi ay kəsəcək...

Dar gələcək ürəyimə

Geyindiyim təsəllilər:

Bu gecə bonzay çiçəyi,

Dan üzü solub gedəcək...

 

lll

 

Bu şəhərin əyninə dar gəlir darıxmağım;

Həsrət pəhriz tanımır...

Ürəyimi çox üzür sənsiz günə baxmağım,

Bir ağrılar üzür gözümün giləsində,

Sonra gəlib demə ki: "Dərdim dəniz tanımır..."

 

Getdin ha...

O günün günortası yadında?

Bir ovuc qəm yığmışdın çiynindəki çantaya...

Sonra mesaj yazmışdın

"Nəsə yadımdan çıxıb?"...

Utanmışdım yazmağa, indi deyim, indi bil,

Bir ovuc dən unutdun saçlarımın ucunda...

 

lll

 

Ən gözəl sevgi şeiri

Uzaqlara yazılar...

Sevgilərin şairi

Dərddən ölməz,  üzülər...

 

Yamyaşıl sevgilərin

İntihar nağılları

"Qara sevda" adlanar...

Sapsarı həsrətləri

Qoynunda yol görünər,

" atlar" qanadlanar...

 

muraddı, addı,

"Göy alma"  butalar...

Güldürmədi, ağlatdı-

Arzumun eyvanında

Qalan "Qızıl alma"lar...

 

İndi hansı nağılı

Danışım ki, mən sənə

Bu gecə rahat yatasan?

Bəlkə bir laylay deyim,

Əzib suya qatım səni

Ağrılarıma batasan?

 

Üzü döndü şah oğlunun

Gəlib açmadı saçımı

Ağrıların ətəyindən...

O div unutdu məni...

Alıb qoymadı canımı

"Əcəl" adlı şüşəsinə...

 

 

Sən unutdun...

Sən ...

Unutdun ki, yazdığın

Hər mesajın sonunda üç nöqtəyəm...

təkəm...

Bu təkliyin əlində

Sənə şeir yazıram...

 

Yazıram ki:

Ən gözəl sevgi şeiri

Uzaqlara yazılar...

Sevgilərin şairi

Dərddən ölməz, üzülər...

 

lll

 

Şair xəyalında üzən gəmiyçün

Səssiz okeana dönər gecələr...

Qağayı həsrəti şeir oxuyar...

Uzaqdan görünər yarasa gözü...

Mayak ümidiylə bayraq toxuyar

Buludu kəm olan göyün altında

Bir qıpçaq qızı...

Sonra o bayrağı alar əlinə

Atılar xəyalən eşq döyüşünə

Bir qıpçaq igidi...

Unudar bülbülün nakamlığını,

Ömrünü qanadar gül tikanları...

...şair xəyalının tənha gəmisi

Ağlar həsrətinə qağayıların...

Bir pəncərə təklənər yaşadığım çardaqda;

Bayatı çəkərəm, ağı deyərəm,

Yapışıb küləyin ayaqlarından

Atılar gecəyə söylədiklərim...

Xəyali gəmidə qıpçaq igidi

Eşqə əsir düşər...

Əyilib pıçıldar qıpçaq qızına:

-tək gözlü piratdı, eşqdən oxuyur...

...şair xəyalının tənha gəmisi

Gecə-okeanda təkdi...

qorxur...

 

Şəfa VƏLİ

 

525-ci qəzet .- 2022.- 15 iyul.- S.13.